Məhkəmə qərarları › İş №2(103)-6399/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6399/2022

07.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6399/2022 07.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadıyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 iyun 2022-ci il tarixli qətnamədən cavabdeh Birliyin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) İddia barədə məlumat

1. İddiaçı, cavabdehə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələr ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 1.144,8 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, N.Məmmədov küçəsində yerləşən 4 saylı fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Ev cavabdeh Birlik tərəfindən təbii qazla təmin olunur və bununla bağlı həmin ünvanda, yəni küçədə ******* nömrəli qaz sayğacı quraşdırılmışdır (abonent kodu: **********3000). 2019-cu il aprel ayında Birliyin əməkdaşları tərəfindən həmin qaz sayğacı çıxarılmış və əvəzində yenisi quraşdırılmışdır. Birliyin əməkdaşları bununla əlaqədar olaraq “Sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib etmişlər. Daha sonra iddiaçının abonent hesabına əlavə sərfiyyat kimi 1.144,8 manat məbləğində borc hesablanmışdır. Bunun səbəbləri ilə maraqlandıqda Birliyin əməkdaşları iddiaçıya bildirmişlər ki, əvvəlki sayğacın üzərində olan qoruyucu plombların rəngində fərq var və bu səbəbdən ona əlavə borc hesablanmışdır. İddiaçı hesab edir ki, Birliyin ondan qeyd edilən borcun ödənilməsini tələb etməsi əsassızdır. Çünki o, qaz sayğacına müdaxilə etməmişdir. b) Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Birliyin əməkdaşları tərtib etdikləri xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd etmişlər ki, iddiaçıya məxsus evə aid qaz sayğacının hesablama mexanizminin qoruyucu plastmas örtüyünün üzərinə vurulmuş plombların rəngi hesablama mexanizminin qoruyucu plastmas örtüyün rəngindən cüzi fərqlənir. Birliyin əməkdaşları bu halı sayğaca müdaxilə kimi qiymətləndirmişlər. Həmin akt əsasında itirilmiş qaz sərfiyyatı (əlavə sərfiyyat) olaraq iddiaçıya 1.144,8 manat məbləğində borc hesablanmışdır. Lakin nəzərə alınmalıdır ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Hazırkı halda da görünür ki, qaz sayğacı istehlakçı olan iddiaçıya məxsus olan evdə deyil, küçədə quraşdırılmışdır, belə olan halda həmin qaz sayğacının işlək vəziyyətdə olmasına cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh Birlik daşıyır. Belə olan halda “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci və 9-cu bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 4.8 və 4.9-cu bəndlərinə əsasən iddia əsaslı hesab edilməli və iddiaçıya əlavə sərfiyyat kimi hesablanmış 1.144,8 manat məbləğində borc silinməlidir. c) Apellyasiya şikayəti barədə məlumat

5. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus yaşayış sahəsinə aid qaz xəttinə və qaz sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, iddiaçı sayğacdan kənar çəkilmiş qaz xəttindən istifadə edir. Birliyin əməkdaşları bu barədə müvafiq akt tərtib etmiş və sayğacdan kənar olan qaz xəttinin fotoşəkillərini çəkərək fotoşəkilləri akta əlavə etmişlər. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçıya aid olan qaz sayğacı tam saz və işlək vəziyyətdə olmuşdur. Lakin işə baxmış Rayon Məhkəməsi bu halları nəzərə almamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, əsassız və sübuta yetməyən iddianı təmin etmişdir. d) İş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı barə məlumat

7. Cavabdeh Birliyin nümayəndəsi və iddiaçı işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) İşdə olan sənədlər barədə məlumat

8. İşdə olan sənədlərdən görünür ki, iddiaçı, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, N.Məmmədov küçəsində yerləşən 4 saylı fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Evin sahibi – iddiaçının atası X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ev cavabdeh Birlik tərəfindən təbii qazla təmin olunur və bununla bağlı həmin ünvanda, yəni küçədə qaz sayğacı quraşdırılmışdır (abonent kodu: **********3000). Birliyin əməkdaşları xx.xx.2019-cu il tarixdə akt tərtib edərək həmin sayğacı çıxarmış və yenisi ilə əvəz edərək, əvvəlki sayğacı, yoxlanılması üçün, laboratoriyaya göndərmişlər.

9. Cavabdeh tərəfindən tərtib edilmiş “Qaz sayğaclarının yoxlanılması barədə” 29/1710-01186-2 saylı aktdan görünür ki, iddiaçıya məxsus evə aid qaz sayğacının hesablama mexanizminin qoruyucu plastmas örtüyünün üzərinə vurulmuş plombların rəngi hesablama mexanizminin qoruyucu plastmas örtüyün rəngindən cüzi fərqlənir.

10. Bakı Regional Qazın Satışı Departamenti “Təbii qazın dəyərinin hesablanması komissiyası” tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan” görünür ki, (yuxarıda qeyd edilmiş) “Qaz sayğaclarının yoxlanılması barədə” 29/1710-01186-2 saylı aktda göstərilənlərə əsasən iddiaçıya 11.448 kub.metr itirilmiş qaza (əlavə sərfiyyat) görə 1.144,8 manat məbləğində borc hesablanmışdır f) Mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

11. Göstərilənləri, xüsusən də iddiaçıya aid ünvana quraşdırılmış qaz sayğacının evdə deyil, küçədə quraşdırıldığını nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

12. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (bənd 8.). Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir (bənd 9.).

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” tləblərinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (bənd 4.2.). Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (bənd 4.5.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fıziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (bənd 4.7.). Fıziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (bənd 4.8.). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (bənd 4.9.).

14. Qeyd olunan maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, fiziki şəxs olan istehlakçıların (hazırki halda iddiaçının) qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh Birlik daşıyır. Buna görə də Məhkəmə hesab edir ki, qaz sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Müdaxilənin iddiaçı tərəfindən edilməsini təsdiq edən hər hansı sübut cavabdeh Birlik tərəfindən məhkəmələrə təqdim edilməmişdir.

15. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Başqa sözlə, yuxarıda qeyd edilən həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın – Birliyin üzərinə düşür, lakin o, öz mövqeyini sübuta yetirə bilmir.

16. Bununla da, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi göstərilənlərə əsaslanaraq iddianın təmin edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.

17. Yuxarıda artıq qeyd edildiyi kimi, cavabdeh Birliyin qətnamədən verdiyi apellyasiya şikayətində qeyd edilir ki, iddiaçıya məxsus yaşayış sahəsinə aid qaz xəttinə və qaz sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, iddiaçı sayğacdan kənar çəkilmiş qaz xəttindən istifadə edir. Birliyin əməkdaşları bu barədə müvafiq akt tərtib etmiş və sayğacdan kənar olan qaz xəttinin fotoşəkillərini çəkərək fotoşəkilləri akta əlavə etmişlər. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçıya aid olan qaz sayğacı tam saz və işlək vəziyyətdə olmuşdur. Lakin işə baxmış Rayon Məhkəməsi bu halları nəzərə almamışdır.

18. Apellyasiya şikayəti ilə bağlı Məhkəmə bildirir ki, şikayətin dəlilləri əsassızdır. Çünki işin hallarından göründüyü kimi, hazırki mülki mübahisənin yaranmasına səbəb, iddiaçıya məxsus yaşayış sahəsində sayğacdan kənar çəkilmiş qaz xəttindən istifadə etməsi deyil, həmin ünvanda quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qoruyucu plastmas örtüyünün üzərinə vurulmuş plombların rəngi hesablama mexanizminin qoruyucu plastmas örtüyün rəngindən cüzi fərqlənməsi olmuşdur ki, bu hal cavabdeh Birliyin özünün tərtib etdiyi və yuxarıda qeyd edilən rəsmi sənədlərdən də aşkar surətdə müəyyən edilir. g) Apellyasiya instansiyası məhkəməsinin nəticəsi

19. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Cavabdeh Birliyin apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

20. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

21. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Birlik tərəfindən ödənilmiş dövlət rüsumu MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

23. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

24. Odur ki göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 iyun 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar