Məhkəmə qərarları › İş №2(103)-6400/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6400/2021

10.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6400/2021 10.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-672/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “cərimənin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Azərişıq ASC tərəfindən ona hesablanmış 10.104.75 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus Mərdəkan qəsəbəsi, baglar massivində olan bag evində olan elektrik saygaçını (Abunə kodu **********80000) 14.11.2020-ci il tarixdə iştirakı olmadan dəyişdirmişlər (AKT NDM № 020153, 14.11.2020ci il tarixli), çıxan saygacda möhürlər şübhə yaratdığı ücün №1309613 saylı 14.11.2020 tarixli protokolla laboratoriyaya göndərilmiş və saygac qurğularına və uçota nəzarət idarəsi tərəfindən 16.11.2020-ci ildə 200193 saylı protokol birtərəfli tərtib edilmişdir. Protokolda sayğacın 467402 saylı sarı alt qapaq və 149045 saylı qırmızı dövlət möhürləri pozularaq daxili sxemin “A” fazasına uzaqdan idarə etmək məqsədi ilə xüsusi qurğu (girkon) vasitəsi ilə müdaxilə olunması qeyd edilib. Nəticədə, ona 10.104,75 manat cərimə kəsilmiş və 21.11.2020-ci ildən işıqlar kəsilmişdir. Bu işlə əlaqədar 23.11.2020-ci ildə Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin nümayəndələri ilə görüşmüş, onlara təqdim etdiyi bütün dəlil və sübutları qəbul etmədilər, məbləğin hesablanma qaydasını da təqdim etmədilər və işığın verilməsi məbləğ ödənildikdən sonra bərpa olunacağını bildirdilər. Sayğac quraşdırma və uçota nəzarət idarəsində olmuş və onlar da ona sökülmüş sayğacı, idarənin ümumi kameralarından birinin həmin otaqda quraşdırılmış səsli video görüntülərini göstəriblər ki, bu da uzaqdan çəkilmiş görüntülər idi və aydın heçnə görünmürdü. Sonda birtərəfli tərtib olunmuş 200193 saylı, 16.11.2020-ci il tarixli protokolu təqdim etmişlər. Bu görüşlərin bir nəticəsinin olmadığına gorə məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Enerji təchizatçısı tərəfindən istehlakçının hüquqları pozulmuş: elektrik sayğacı sökülüb yenisi ilə əvəz edildikdə sökülmüş sayğacda ödənilməmiş enerji qalığının çıxarılmasında və onun sayğaca şübhəli yanaşmasında istehlakçı iştirak etməmiş və məlumatlandırılmamışdır; 200193 saylı, 16 noyabr 2020-ci il tarixli protokolun tərtib edilməsində istehlakçı iştirak etməmişdir və məlumatlandırılmamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-672/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsi ilə, iddia ərizısinin təmin edilməsi, "xxxx" ASC tərəfindən İddiaçı əsassız hesablanmış 10.104.75 (on min yüz dörd manat yetmiş beş qəpik) manat borcun silinməsi, "xxxx" ASC-dən 30 (otuz) manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X1 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-672/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsini əsassız hesab edir. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi, təqdim edilmiş sənədlərdə göstərilənlərin təhrif edilməsi "xxxx" ASC-nin qanuni mənafeyinin pozulmasına səbəb olan sözügedən qətnamənin qəbul edilməsi ilə müşayət olunmuşdur. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Apelyasiya şikayətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-672/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı cavabdeh "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi Fuad Qasımzadə tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-672/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Fuad Qasımzadə apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qalaraq, qətnamənin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının yaşadığı ünvanda istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsi, qanun pozuntusunun mövcud olduğu təqdirdə isə bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır və gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 77.1, 77.2-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13 və 17-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Fuad Qasımzadə qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kоllegiyası İddiaçı izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə tоplanmış sübutlara оbyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Fuad Qasımzadənin apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-672/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, NDM № 020153 saylı, 14 noyabr 2020-ci il tarixli aktın surətindən görünür ki, həmin tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonent kodu **********80000 olan İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, baglar massivi ünvanda yerləşən bağ evinin elektrik sayğacına elektrik enerjisindən istifadə qaydalarına uyğun olaraq baxış keçirilmiş və elektrik sayğacının dövlət möhüründə müdaxilə izləri göründüyü qeyd edilmişdir. İş materiallarında olan, “Sayğacların və cərəyan transformatorlarının yoxlanması” barədə 16 noyabr 2020-ci il tarixli, № 200103 saylı Protokolun surətindən görünür ki, abonent kodu **********80000 olan İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, baglar massivi ünvanda yerləşən bağ evinə quraşdırılmış 37091577 saylı elektrik sayğacı laboratoriya yoxlamasından keçirilmiş və aşağıdakı qüsur aşkar edilmişdir: “sayğacın 467402 saylı sarı alt qapaq və 149045 saylı qırmızı dövlət möhürləri pozularaq daxili sxemin “A” fazasına uzaqdan idarə etmək məqsədi ilə xüsusi qurğu (girkon) vasitəsi ilə müdaxilə olunub”. İş materiallarında olan, "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 30.11.2020-ci il tarixli məktubdan görünür ki, **********80000 saylı kod üzrə bağ evin elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, 14.11.2020-ci il tarixdə Satışa Nəzarət İdarəsinin nümayəndələri tərəfindən NDM 020153 saylı akt tərtib edilmiş və itirilmiş enerjinin bərbası məqsədilə 10.059.06 manat dəyərində əlavə sərfiyyat hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən, dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinin tələbinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinin tələbinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Həmin Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1.-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Güc, elektrik enerjisi çatışmazlığı və qəza vəziyyətilə əlaqədar enerjitəchizatı müəssisəsi istehlakçıya məhdudiyyət və ya birbaşa açılma qrafiklərini tətbiq etmək hüququna malikdir. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən, enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerjiötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin qərarın 8.2.-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.7.-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi hesablaşma dövründə aldığı elektrik enerjisinin haqqını, dövlət elektroenergetika müəssisəsinə onlar arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində ödəməlidir. Hər hansı bir səbəbdən, o cümlədən hesabında vəsait olmadığından, enerjitəchizatı müəssisəsi təqdim edilmiş elektrik enerjisinə görə ödəniş sənədi üzrə ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində dövlət elektroenergetika müəssisəsinin hesabına köçürmədikdə, hər bir gün üçün ödəniş aparılan günədək ödəmə sənədindəki məbləğin 0,01 faizi miqdarında dəbbə (penya) verilməlidir. Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, enerjitəchizatı müəssisəsi bu barədə dövlət elektroenergetika müəssisəsinə yazılı məlumat verməlidir. Enerjitəchizatı müəssisəsi yazılı məlumat verdikdən sonra dövlət elektroenergetika müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı və lazım gələrsə sayğacı yoxlamalı, bu yoxlamanın nəticələri haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında enerjitəchizatı müəssisəsinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə təyin olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, dövlət elektroenergetika müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərtilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) Məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) Məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerji təchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin Qaydaların 8.33-cü bəndinə görə isə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh "xxxx" ASC iddiaçının yaşadığı ünvanda quraşdırılmış elektrik sayğacına istehlakçının hər hansı bir müdaxilə etməsini və ya hansısa qanun pozuntusunun törədilməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız və qanunsuz tələb irəli sürmüşdür. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Fuad Qasımzadə apelyasiya şikayətində iddiaçının yaşadığı ünvanda quraşdırılmış elektrik sayğacına istehlakçının müdaxilə etməsini göstərsə də, bu barədə təşkilat tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Həmçinin cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Fuad Qasımzadə apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin mənasına görə tələblərinin əsası kimi istinad etdiyi halları tərəf özü sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Fuad Qasımzadənin apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-672/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Fuad Qasımzadənin apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-672/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar