Məhkəmə qərarları › İş №2(103)-6403/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6403/2023

29.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6403/2023 29.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskindən ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-249/2023 nömrəli, 01 sentyabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər İbrahimova Elmira Fərzəli qızına və Cavabdeh1 qarşı "etibarnamənin etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı İbrahimova Elmira Fərzəli qızına 15 saylı Notariat Kontorunda vermiş olduğu xx.xx.2014-cü il tarixli etibarnamənin həmin dövr üçün etibarsız hesab edilməsi, (halhazırda ləğv etdirmişdir), həmin etibarnamə əsasında İbrahimova Elmira Fərzəli qızı ilə İbrahimov Müseyib Məmmədağa oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və bağışlanma müqaviləsi əsasında DƏDRX tərəfindən İbrahimov Müseyib Məmmədağa oğluna verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı İbrahimova Elmira Fərzəli qızına 15 saylı Notariat Kontorunda vermiş olduğu xx.xx.2014-cü il tarixli etibarnamənin həmin dövr üçün etibarsız hesab edilməsi, (hal-hazırda ləğv etdirmişdir), həmin etibarnamə əsasında İbrahimova Elmira Fərzəli qızı ilə İbrahimov Müseyib Məmmədağa oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi və bağışlanma müqaviləsi əsasında DƏDRX tərəfindən İbrahimov Müseyib Məmmədağa oğluna verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-249/2023 nömrəli, 03 may 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 249/2023 saylı, 03 may 2023-cü il tarixli qətnaməsindən qanunla müəyyən edilmiş şikayət vermə müddətinin buraxılmasının səbəbini üzrlü hesab edərək buraxılmış müddətin bərpa edilməsini və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-249/2023 nömrəli, 01 sentyabr 2023- cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-249/2023 saylı, 03 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermək üçün müəyyən olunmuş buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir. Qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-249/2023 nömrəli, 14 sentyabr 2023- cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericilikdə şikayətin forması konkret olaraq tənzimlənməsə də, qətnamədən verilmiş apellyasiya şikayəti üçün nəzərdə tutulmuş forma məhz qərardaddan verilmiş şikayətlərə də şamil olunmalıdır. Belə ki, Əlavə 2-də göstərilən forma dedikdə apellyasiya şikayəti verən şəxs, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, işin halları, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər və s. göstərilməsi və həmin məlumatların Əlavə 2-də göstərilən formadakı kimi cədvəlin içərisində verilməsi başa düşülür. Göründüyü kimi, İddiaçı tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilməmişdir. Kollegiya həmçinin qeyd edir ki, İddiaçı şikayətində işin hallarını sadalayaraq bir neçə maddi və prosessual hüquq normasına istinad etsə də, həmin normaların pozulmasını ümumi ifadələrlə qeyd etmiş, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin və ya pozulmasının nədən ibarət olmasını əsaslandırmamışdır. Eyni zamada şikayətinin şikayət verən şəxsin tələbi hissəsi qeyri müəyyən olmuşdur. Belə ki, apellyator “qərardadın ləğv edilməsini” xahiş etsə də, ərizənin təmin edilibedilməməsinə münasibətdə tələbini dəqiq ifadə etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: - şikayətin verildiyi məhkəmənin adı və ünvanı; - şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; - barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; - şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; - şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; - şikayətə əlavə edilən sənədlərin siyahısı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1 maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğun formada verilməmiş, birinci instansiya məhkəməsi isə şikayətin bu Məcəllənin tələblərinə uyğun verilib-verilməməsini yoxlamadan mahiyyəti üzrə baxaraq qiymət vermiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-249/2023 nömrəli, 01 sentyabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilməli, şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 366, 400 və 402,-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-249/2023 nömrəli, 01 sentyabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması qeyrimümkün hesab edilsin. Şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar