Məhkəmə qərarları › İş №2(103)-6404/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6404/2021

02.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6404/2021 02.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablamış borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(003)-202/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC tərəfindən əsassız olaraq hesablanmış 6775,94 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri ünvan 1 ünvan üzrə "xxxx" ASC-nin **********0044A saylı kodu ilə abonentidir. Həmin ünvanda ona məxsus sayğac oğurlanmışdır. Avqust ayının 2-də həmin ünvana yeni sayğac quraşdırmışlar. Köhnə sayğacda borcu olmamışdır. Bu barədə qəbzləri var. 17 avqust 2020-ci il tarixdə yaşadığı ünvana təzə sayğac quraşdırılmış və ona bildirmişlər ki, guya 6775,94 manat borcu vardır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(003)-202/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" ASC tərəfindən İddiaçı məxsus **********0044A saylı abonent koduna hesablanmış 6775,94 manat məbləğində borcun silinməsi, "xxxx" ASC-dən 30 manat alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən "xxxx" ASC-nin nümayəndəsi apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətə görə, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan MH seriyalı 093583 nömrəli 23 iyul 1997-ci il qeydiyyat tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Mərdəkan qəsəbəsi sahə 3/772 ünvanındakı yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan 06.08.2020-ci il tarixli 187273 nömrəli aktda qeyd edilmişdir ki, istehlakçı İddiaçı **********0044A nömrəli abonent kodu ilə istifadəsində olan sayğac yerində yoxdur. Xətt birbaşa şəbəkəyə qoşulub. Akt tərtib edilən zaman abonent iştirak etməmişdir. İş materiallarında olan 10 avqust 2020-ci il tarixli 019196 nömrəli aktın surətindən görünür ki, iddiaçının **********0044A nömrəli abonent kodu ilə istifadəsində olan sayğac yerində yoxdur. Xətt birbaşa şəbəkəyə qoşulub. Akt tərtib edilən zaman abonent iştirak etməmişdir. İş materiallarında olan cinayət işinin başlanmasınnı rədd edilməsi haqqında 27 avqust 2020-ci il tarixli qərardan görünür ki, iddiaçı 07.08.2020-ci il tarixdə qeydiyyatda olduğu Bakı şəhəri Mərdəkan qəsəbəsi sahə 3/772 ünvanında elektrikin olmadığını görmüş və bayır tərəfdə quraşdırılmış sayğaca baxmağa getmişdir. Lakin o, sayğacın yerində olmadığını görmüş, ilk öncə sayğacın elektrik işçiləri tərəfindən aparıldığını və yeni sayğacın quraşdırılacağını düşünmüşdür. Həmin müddətdə evdə olmayacağı üçün aidiyyəti orqanlara məlumat verməmişdir. Lakin 17.08.2020-ci il tarixdə yenidən evə qayıdan zaman sayğacın olmadığını görmüş və 102 xidmətinə məlumat vermişdir. İş materiallarında olan ünvan 3 ünvana cavabdeh təşkilatı tərəfindən verilmiş **********0044A saylı kod üzrə bildirişdən görünür ki, iddiaçının 6775,94 manat qalıq borcu vardır. İş materiallarında olan 14.08.2020-ci il tarixli "xxxx" ASC-nin akt komissiyasının rəyində qeyd edilmişdir ki, qüsur olaraq sayğac yerində yoxdur. Qüsur nəticəsində (7,26kvt x(0,7) x 24 saat x 524 gün)-801 kvt/s=63110 kvt/s hesabat aparılmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı ünvanda istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun mövcudluğunu, olduğu təqdirdə isə bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yaranması, tələb edilən borcun hansı səbəbdən yarandığına dair məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin, işin hallarından da müəyyən edilmişdir ki, sayğac evin çöl divarında quraşdırılmışdır ki, belə olan vəziyyətdə də abonent sayğacın çıxarılmasına və ya onda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi, “Elektrik enerjisindən istifadə qaydaları”nın tələbinə görə elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Lakin hazırki iş üzrə tərtib edilmiş 06.08.2020ci il tarixli aktdan görünür ki, aktın tərtib edilməsində hal şahidlərinin iştirakı təmin edilməmiş, akt yalnız cavabdeh təşkilatın əməkdaşları tərəfindən imzalanmış, hal şahidləri və abonent tərəfindən imzalanmamışdır. Bu isə həmin aktın mötəbərliyini şübhə altına alır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi akt tərtib olunarkən qanunvericiliyin tələblərinə riayət olunmaması və istehlakçının hüquqlarının pozulması barədə düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 398 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-202/2021 saylı iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar