Məhkəmə qərarları › İş №2(103)-6406/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6406/2023

14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6406/2023 14.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı mülki iş üzrə (Açar sözlər: sığorta ödənişinin ödənilməsi və gecikdirməyə görə dəbbə pulunun tutulması tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi və gecikdirməyə görə dəbbə pulunun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(006)-2215/2023 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2022-ci il tarixli, KSK********** saylı Sığorta Şəhadətnaməsinə əsasən sığortalı İddiaçı məxsus “Hyundai Sonata” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil 499.70 manat müqabilində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində xx.xx.2023-cü il tarixinədək sığortalanmışdır. Həmin sığorta şəhadətnaməsinə əsasən 100 manat şərtsiz azadolma məbləği nəzərdə tutulmuşdur.

2. xx.xx.2022-ci il tarixli, KSK********** saylı Sığorta Şəhadətnaməsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə 249.85 manat, xx.xx.2022-ci il tarixdə 249.85 manat ödəməli idi.

3. xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qəbzlərə əsasən İddiaçı həmin tarixlərdə müvafiq olaraq 225 manat, 250 manat və 225 manat məbləğində ödənişlər etmişdir.

4. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2023-cü il tarixli bildirişinə əsasən xx.xx.2022-ci il tarixli, KSK********** saylı Sığorta Şəhadətnaməsi üzrə sığorta haqqı qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi üçün xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi üzrə sığorta ödənişinin verilməsindən imtina edilmişdir.

5. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2023-cü il tarixli arayışına əsasən həmin X12 adlı işçi çalışmamışdır.

6. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin həmin bankda mövcud AZ14HAJCNCRAZN**********3001 saylı hesabı üzrə KSK********** saylı sığorta müqaviləsi ilə bağlı heç bir ödəniş olmamışdır.

7. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin həmin bankda mövcud AZ87İBAZ**********6360690202 saylı hesabı üzrə KSK********** saylı sığorta müqaviləsi ilə bağlı heç bir ödəniş olmamışdır.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, sığorta ödənişi olaraq 1.307 manat pulun, gecikidirilmiş günlər üzrə hesablanmış 103,25 manat dəbbə pulunun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq, 34,11 manat pulun, cəmi 1.444,36 manat pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sığorta agenti Vasif Vahabov adlı şəxs ona məxsus “Hyundai Sonata” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin kasko sığortası üzrə sığorta haqqının 499,70 manat olacağını, lakin ona 450 manat ödəməyini, kasko müqavilədən ona sığorta agenti üçün nəzərdə tutulan faizin qaytarılacağını və həmin faizdən ona 49,7 manat endirim olunacağını, yekun olaraq 450 manat ödənişin 2 hissəli olaraq ödənilməsini bildirmişdir. X7 arasında bağlanacaq müqavilənin surətini atmış, o, da müqavilə şərtləri ilə razılaşdıqdan sonra, Vasifin sözünə görə onun "xxxx" ASC-də olan kartına 450 manat sığorta ödənişinin ilk hissəsi olaraq 225 manat ödənişi köçürmüş, bundan sonra Vasif Vahabovun vasitəsilə Şirkətlə xx.xx.2022-ci il tarixdə kasko müqaviləsi bağlamışdır. Vasif Vahabov kasko müqaviləsinin imzalanmış formasını ona təqdim etmiş, o, da surətini götürdükdən sonra həmin kasko müqaviləsini imzalayıb, ona qaytarmışdır. Şirkətlə aralarında bağlanmış kasko müqaviləsinin ödənişi və ya qüvvəyə minməsi barədə ona hər hansı bildiriş gəlmədiyi üçün Şirkətin qaynar xətti olan (012) *** ** ** nömrəsi ilə əlaqə saxlayaraq, avtomobilinin nömrəsini qaynar xəttdə danışan xanıma bildirib, aralarında kasko müqaviləsinin bağlanıb-bağlanmaması barədə soruşduqda, ona həmin avtomobillə bağlı tam olaraq kasko müqaviləsinin bağlandığı bildirilmiş, o, da kasko müqaviləsinin rəsmiləşdirilməsindən əmin olmuşdur. xx.xx.2022-ci il tarxdə Vasif Vahabov kasko müqaviləsinin 2-ci hissəsi olan 225 manat ödənişin vaxtı çatdığını bildirmiş, o, da Vasif Vahabovun sözünə görə həmin tarixdə kasko müqaviləsinin 2-ci hissəsi olan 225 manat ödənişi Vasif Vahabovun "xxxx" ASC-də olan birinci ödənişi etdiyi kartına köçürmüşdür. Bir müddət keçdikdən sonra yenidən Şirkətin qaynar xətti olan (012) *** ** ** nömrəsi ilə əlaqə saxlayaraq avtomobilinin nömrəsini qaynar xəttdə danışan xanıma bildirib, aralarında bağlanmış kasko müqaviləsinin qüvvədə olub-olmadığını soruşmuş, qaynar xəttdə zənginə cavab verən xanım kasko müqaviləsinin qüvvədə olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə həmin avtomobil ilə ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil arasında sığorta hadisəsi baş vermiş və baş vermiş hadisə onun təqsiri ucbatından olmuşdur. Bu səbəbdən hadisə barədə müvafiq olaraq Daxili İşlər Nazirliyinin qaynar xəttinə, icbari sığorta müqaviləsini yazmış olan sığorta şirkətinə və kasko müqaviləsinin qüvvədə olduğu Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə bu barədə məlumat vermişdir. Qəza baş verən gün Şirkətin qaynar xətti olan (012) *** ** ** nömrəsi ilə əlaqə saxlayan zaman telefonda əlaqə saxlayan "bəy operator" hər iki avtomobilin məlumatlarını götürmüş, daha sonra yenidən həmin nömrə ilə əlaqə saxlayan zaman digər "bəy operator" kasko müqaviləsinin Şirkətdə qüvvədə olduğunu təsdiqləmiş və əməkdaşın yaxınlaşacağını bildirmiş, daha sonra əməkdaş yaxınlaşmış, zəruri bütün sənədləşmələr aparılmışdır. Avtomobilin qiymətləndirilməsi Şirkətin müəyyən etdiyi servisdə olmuş və yekun olaraq qiymətləndirmə üzrə 1.407 manat dəyər müəyyən edilmişdir. 1.407 manat sığorta dəyərinin 100 manat hissəsi franşizaya düşdüyü üçün ona ayrılmış Şirkətin rəsmi əməkdaşı olan Rüstəm adlı şəxs onu şirkətə dəvət edərək bütün sənədləri imzalatmış və onun 1.307 manat ödənişin bank hesabına köçürüləcəyini bildirmişdir. Bir müddət sonra Rüstəm bəylə watsapp vasitəsilə mütəmadi əlaqə saxlayan zaman ona sığorta üçün ödənilən məbləğin 2-ci hissəsinin qəbzini tapa bilmədiyini bildirmiş, eyni zamanda həmin kasko müqaviləsinin Qaradağ filialı tərəfindən yazıldığını, həmin filialın bağlandığını, qəbzin ola bilsin ki, bu səbəbdən şirkət tərəfindən tapıla bilmədiyini bildirmişdir. Bir neçə gün keçdikdən sonra qəbzi tapa bilmədikləri üçün, şirkət onu ittiham edərək, kasko müqaviləsi üzrə yalnız birinci ödənişin onlar tərəfindən qəbul olunduğunu, digər ödənişin isə onlara ödənmədiyini bildirib, bu səbəbdən sığorta ödənişindən imtina ediləcəyini qeyd etmişlər. O, isə sığorta ödənişi əgər olmayıbsa necə son günədək onun kasko müqaviləsinin qüvvədə olduğunu şirkətin onun hadisəsi üzrə təyin olunmuş icraçısından soruşduğu zaman icraçı Rüstəm bəy suallarına cavab verməkdə çətinlik çəkmiş və onu idarəyə müraciət etməsini tövsiyə etmişdir. Bir müddət sonra şirkəti məhkəməyə verəcəyini və imtina məktubunun ona təqdim edilməsi barədə şirkətin elektron ünvanına müraciət ünvanlamışdır. Müraciət ünvanladıqdan sonra Rüstəm bəy onunla əlaqə saxlayaraq hazırda onun məsələsinin şirkətin rəhbərliyinin nəzarətində olduğunu, sığorta ödənişindən imtinanın isə təxirə salındığını, onun şirkətə yaxınlaşaraq dinləniləcəyini və məsələnin həll olunmasına çalışacaqlarını bildirmişlər. Şirkətin 3 nəfər əməkdaşı ilə birlikdə onunla iclas keçirmiş, lakin iclas zamanı şirkətin ödənişdən yayınmaq üçün ondan sübut toplamaq istədiyini, onu ittiham edərək ümumiyyətlə kasko müqaviləsinin qüvvədə olub-olmadığının sual altında olduğunu, hətta birinci ödənişinin belə onlar tərəfindən qəbul olunmadığına dair fikirlər irəli sürmüşlər. O, şirkətin əsl niyyətlərinin onun məsələsinin həll etmək olmadığını görərək şirkətdən imtina məktubunun ona təqdim olunmasını xahiş etmişdir. Onlar isə məsələnin həlli yolunda müzakirə edəcəklərini və ona bu barədə məlumat veriləcəyini bildirmişlər. Bundan sonra 3-4 dəfə yenidən eyni müraciətlər şirkətə ünvanladıqdan sonra Rüstəm bəylə əlaqə saxlamış, Rüstəm bəy şirkət tərəfindən xx.xx.2023-cü il tarixdən əvvəl imtina məktubunun göndərildiyini bildirməsinə baxmayaraq onun imtina məktubu hələ də ona göndərilməmişdir. Müqavilə üzrə idarə etmə hüququ verilmiş X13 Şirkətin baş ofisinə yaxınlaşaraq ərizə ilə müraciət edib, sığorta müqaviləsinin surətinin ona təqdim edilməsini xahiş etmiş, şirkət isə sığorta müqaviləsinin imzasız formasını rəsmi olaraq Əli Rəhimliyə təqdim etmiş, Əli Rəhimli müqavilənin niyə görə imzasız formada təqdim edildiyini soruşduğu zaman, həmin müqavilənin elektron müqavilə olduğunu və sistemə elə vurulduğunu bildirmişlər. Lakin, o, şirkətin əməkdaşları ilə görüşən zaman şirkətin nümayəndələrindən biri müqavilənin imzasız formada olmasını əsas gətirmiş, o, isə əgər müqavilə imzasızdırsa, şirkətin əməkdaşı niyə həmin müqaviləni ona rəsmi ərizə üzrə təqdim etdiyini və kasko müqaviləsinin necə qüvvəyə minməsi barədə soruşduqda şirkətin əməkdaşları həmin suallara da cavab verməkdə çətinlik çəkmişdir. Göründüyü kimi o, vicdanlı şəkildə vaxtı-vaxtında Şirkətin qanunsuz agent üzrə işlədiyi Vasif adlı şəxsə pulu ödəmiş, hər iki ödəniş eyni karta getmiş və şirkət tərəfindən kasko müqaviləsinin qüvvədə olması bildirilmiş, sonuncu gününədək kasko müqaviləsinin ödənişi barədə hər hansı yazılı və şifahi müraciət verilməmiş, kasko müqaviləsi qüvvədə olduğu müddətdə müqaviləyə hər hansı səbəbdən xitam verilməmiş, sığorta hadisəsi kasko müqaviləsinin qüvvədə olduğu tarixdə baş vermiş və sığorta müqaviləsi sığorta hadisəsindən təxminən 9 gün sonra müddət bitdikdən sonra qüvvədən düşmüşdür. Hazırda kasko üzrə sığorta müqaviləsinin, xx.xx.2023-cü il tarixli sığorta hadisəsi üzrə şirkətə X18 tərəfindən göndərilən sənədlərin ona təqdim edilməsini, eyni zamanda məhkəməyə müraciət etməsi üçün imtina məktubunun ona təqdim edilməsinə köməklik göstərilməsi barədə müvafiq məktublar ünvanlamışdır. Lakin, şirkət həmin məktublara da cavab vermir. Şirkətin qanunsuz olaraq sığorta agenti kimi işlədiyi Vasif Vahabov qeyd olunan sığorta ödənişlərini vaxtı vaxtında şirkətə ödədiyini bildirir, lakin şirkət isə sığorta ödənişinin 2-ci hissəsinin ödənilmədiyini qeyd edir. xx.xx.2023-cü il tarixdə sənədləri təqdim etməsinə baxmayaraq, xx.xx.2023-cü il tarixədək sığorta ödənişi edilməli olduğu halda xx.xx.2023-cü il tarixdən bügünkü tarixədək hələdə sığorta ödənişi edilməmişdir. Sığorta ödənişi olaraq 1.307 manat, sığorta ödənişinin edilməli olduğu sonuncu gün olaraq xx.xx.2023-cü il tarixdən iddia ərizəsinin təqdim edildiyi xx.xx.2023-cü il tarixədək - 79 günə uyğun olaraq hesablanmış 103,25 manat (1307 x 0,1%=1.307, 1,307 x 79 = 103,25 manat) dəbbə pulu və dövlət rüsumu olaraq ödənilmiş 34,11 manat pul cavabdehdən tutularaq ona ödənilməlidir.

10. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, iddiaçı ilə “X2 Tam Sığortası” üzrə xx.xx.2022-ci il tarixli, KSK********** saylı sığorta şəhadətnaməsi (müqaviləsi) imzalanmış və onun mülkiyyətində (sahibliyində) olan “Hyundai Sonata minik" markalı, ** CC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunuraq, “kasko” növü üzrə sığorta təminatı almışdır. xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus “Hyundai Sonata minik” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı və “Mercedes-Benz E320” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin iştirakı ilə Bakı şəhəri, Badamdar qəsəbəsində yolnəqliyyat hadisəsi baş vermişdir. ‘‘Hyundai Sonata minik" markalı, ** CC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “X2 Tam Sığortası" üzrə sığortalandığından sığorta predmetinə Şirkətin səlahiyyətli nümayəndəsi tərəfindən baxış keçirilmiş və sığorta predmetinə dəymiş zərər 1.405 məbləğində müəyyən edilmişdir. İddiaçının nəqliyyat vasitəsi kasko növü üzrə şirkət tərəfindən sığortalandığından sığorta hadisəsi tərəfindən araşdırılmış və məlum olmuşdur ki, sığortalı tərəfindən sığorta haqqı sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə ödənilməmişdir. Sığortaçının sığorta ödənişindən imtina edilməsinin hüquqi əsasları müəyyən edilmiş və qeyd ədilən maddənin 1.9-cu bəndi ilə “sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqabilində nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsinin ödənilməməsi sığorta ödənişinin həyata keçirilmədikdə” müddəası sığorta ödənişindən imtina əsası kimi öz əksini tapmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli, Q-20 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən X2 tam sığortası üzrə sığorta qaydaları”nın 9.2.2-ci bəndinə əsasən sığorta haqqını sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə və miqdarda ödəmək sığortalının vəzifəsidir. Hazırki işin faktiki hallarından məlum olur ki, sığortalı sığorta şəhadətnaməsinə əsasən sığorta haqqının ödənilməsi qrafiki üzrə müəyyən olunmuş 2-ci sığorta haqqını isə şirkətin müvafiq bank hesabına ödəməmişdir. Bundan başqa iddiaçı sığorta şəhadətnaməsinə əsasən sığorta haqqının ödənilməsi qrafiki üzrə müəyyən olunmuş 2-ci sığorta haqqı hissəsini Şirkətin müvafiq bank hesabına deyil, məhz Vasif Vahabov adlı şəxsin hesabına ödədiyini etiraf etmişdir. Ümumiyyətlə iddia ərizəsində qeyd edilən vətəndaş X11 arasında sığorta müqavilərinin bağlanması və bununla əlaqədar sövdələşmələrin aparılması ilə bağlı sığorta agentinin vasitəçilik xidmətindən istifadə ilə bağlı tapşırıq müqaviləsi bağlanmamış, həmin şəxslə Şirkət arasında əmək müqaviləsi mövcud olmamışdır. "xxxx" ASC-nin adının olduğu (kartlar) ödənişlə bağlı qəbzlər Şirkətə məxsus deyildir. İddiaçı tərəfindən cavabdehin hesabına sığorta şəhadətnaməsinə əsasən sığorta haqqının ödənilməsi qrafiki üzrə müəyyən olunmuş 2-ci sığorta haqqınının (249.70 azn) ödənilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir.

11. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən sığorta ödənişi olaraq 1.307 manat pulun, gecikdirilmiş günlər üzrə hesablanmış 247,02 manat dəbbə pulunun, cəmi 1.554,02 manat məbləğində pulun və ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 35,55 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 2215/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 1.057,30 manat sığorta ödənişinin, 81.41 manat dəbbə pulunun və ödənilmiş dövlət rüsumunun 31,38 manat hissəsinin alınaraq İddiaçı ödənilməsi, dövlət rüsumunun qalan 4,17 manat hissəsinin idddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim X14).

13. Birinci instansiya məhkəməsi mübahisəyə hüquqi qiymət verərək qeyd etmişdir ki, tərəflər arasında bağlanmış sığorta müqaviləsi nə iddiaçı, nədə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən sığorta haqqının bir qisminin (250 manat) ödənilməsinin, eyni zamanda xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus “Hyundai Sonata minik” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sığorta predmetinə dəymiş zərərin 1.307 manat olmasının cavabdeh tərəfindən etiraf edilməsi, həmin hissədə iddiaçını sübutetmə yükündən azad etmişdir. Məhkəmə iddiaçının sığorta haqqının ikinci hissəsinin ödənilməsi dəlillərinə münasibətdə qeyd etmişdir ki, həmin dəlillər mötəbər sübutlara əsaslanmamış, işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Odur ki, məhkəmə sığorta haqqının qalan 249.70 manat hissəsinin cavabdehə ödənilməməsini nəzərə alaraq, hesab etmişdir ki, şərti azadolma məbləği (100 manat) çıxılmaqla sığorta hadisəsi üzrə sığorta məbləğinə görə 1.057.30 manat (1307- 249.7=1057.30) sığorta ödənişi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “gecikdirilmiş günlər üzrə hesablanmış 247,02 manat dəbbə pulu” hissəsinə münasibətdə qeyd etmişdir ki, sığorta ödənişi sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödənilmədiyindən, sığorta ödənişinin ödənilməli olduğu müddətin sonuncu günündən (xx.xx.2023-cü il tarixdən) iddiaçının məhkəməyə müraciət etdiyi tarixədək (xx.xx.2023-cü il) cavabdehdən ümumilikdə 02 ay 17 gün (77 gün) üçün gecikdirilmiş sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində - 81,41 (1057.3x0.1%=1.0573; 1.0573x77=81,41) manat dəbbə pulu tutulmalıdır. Məhkəmə dövlət rüsumuna münasibətdə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə cavabdehdən iddiaçının xeyrinə 31,38 manatın tutulması, qalan məbləğin iddiaçının özünə aid edilməsi qənaətinə gəlmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 883.1-ci, 888.2-ci, 903.5-ci, 906-cı, 919-cu, 920-ci, 934-cü, 935-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 14.2-ci, 77.1-ci, 107-ci, 119.1-ci, 191.3-cü, 217.4-cü, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 17,45 manat məbləğində dövlət rüsumunun iddiaçıdan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəaliyyəti göstərən fiziki, yaxud hüquqi şəxs olan sığorta agenti həmin fəaliyyət ilə məşğul olmaq üçün Mərkəzi Bankdan müvafiq lisenziya almalıdır. Mərkəzi Bankın “Fiziki şəxs olan sığorta agentlərinin xx.xx.2023-cü il tarixinə olan reyestr məlumatları”na əsasən həmin siyahıda Vasif Vahabov adlı şəxsə rast gəlinmir. Sığorta agenti belə olmayan vətəndaş X11 arasında sığorta müqavilələrinin bağlanması və bununla əlaqədar sövdələşmələrin aparılması ilə bağlı sığorta agentinin vasitəçilik xidmətlərindən istifadə ilə bağlı tapşırıq müqaviləsi bağlanmamış, həmin şəxslə Şirkət arasında əmək müqaviləsi mövcud olmamışdır. Həmçinin, iddiaçı da sığorta şəhadətnaməsinə əsasən sığorta haqqının ödənilməsi qrafiki üzrə müəyyən olunmuş 2-ci sığorta haqqı hissəsini Şirkətin müvafiq bank hesabına deyil, məhz Vasif Vahabov adlı şəxsin hesabına ödədiyini etiraf etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli arayışdan X12 adlı işçinin çalışmadığı görünür. Beləlikə, həmin şəxlə şirkətin heç bir əlaqəsi olmadığından sığorta haqqının tam şəkildə ödənildiyini və Şirkətin ödənişi etmək öhdəliyinin olduğunu iddia etməyə heç bir əsas yoxdur. AR MM-ə əsasən sığortalı sığorta haqqını icbari sığorta qanunlarında və ya sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyindən xx.xx.2023-cü il tarixli sığorta hadisəsi baş verdiyi zaman İddiaçı ilə Şirkət arasında sığorta müqaviləsi qüvvədə olmamışdır. Bu barədə Şirkət tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdə qeyd edilmişdir ki, onunla Şirkət arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KSK********** saylı “X2 Tam Sığortası” üzrə sığorta haqqı qanunla müəyyən edilmiş müddətdə ödənilmədiyindən sığorta ödənişinin həyata keçirilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Məhkəmə isə ziddiyyətli mövqe nümayiş etdirərək qətnamədə qeyd etmişdir ki, sığorta şirkəti müqavilənin xitam edilməsi barədə qarşı tərəfə iradə ifadəsini bildirməmişdir. Bundan əlavə Mülki Məcəllənin 920.1-ci maddəsinə əsasən Şirkət tərəfindən İddiaçı sığorta müqaviləsinə xitam verilməsi üçün əsas olan şərait yarandığından Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildiyi barədə şifahi şəkildə xəbardarlıq edilmişdir. Məhkəmənin düzgün hüquqi qiymət vermədiyi digər bir məsələ isə dəbbə pulunun hesablanmasıdır. Məhkəmə dəbbə pulunun hesablanmasına münasibətdə sənədlərin təqdim olunma tarixi ilə bağlı tam araşdırma aparmadan ümumi sığorta ödənişi məbləğindən sadəcə ikinci sığorta haqqı hissəsinin çıxaraq xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (02 ay 17 gün) 77 gecikdirilmiş gün üçün 81.41 (1057.3x0.1%=1.0573; 1.0573x77=81.41) manat dəbbə pulu ödənilməli olduğunu hesablamışdır. Halbuki “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış” Şirkətə xx.xx.2023-cü il daxil olmuşdur. Bunlara əsasən, dəbbə pulu xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 4 gün üçün 5 manat məbləğində hesablanmalı idi.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclaslarında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndələri apellyasiya şikayətinin və iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdilər.

19. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən o məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 903.4-cü maddəsinə əsasən müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir; 903.6-cü maddəsinə əsasən hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir; 906.1-ci madəsinə əsasən icbari sığorta qanunlarında və ya könüllü sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və icbari sığorta qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır; 906.2-ci maddəsinə əsasən bu Məcəllənin 919.1.1–919.1.8-ci maddələrində nəzərdə tutulmuş hər hansı hal baş verdikdə, həmin halın baş verdiyi andan, bu Məcəllənin 919.1.9-cu maddəsində nəzərdə tutulmuş halda isə bu Məcəllənin 920.2-ci maddəsi ilə müəyyən edilmiş müvafiq müddətin sonuncu gününün bitməsi anından sığorta müqaviləsi üzrə sığorta təminatı başa çatmış hesab edilir; 920.1-ci maddəsinə əsasən bu Məcəllənin 919-cu maddəsində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas olan şərait yarandıqda bu Məcəllənin 920.2-ci maddəsi nəzərə alınmaqla müqaviləyə xitam verilməsində maraqlı olan tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir; 920.2-ci maddəsinə əsasən sığorta müqaviləsinə bu Məcəllənin 919.1.9-cu maddəsinə uyğun olaraq sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən çox müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir; 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir; 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir; 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir; 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir; 929-cu maddəsinə əsasən sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir; 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir; 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir; 935.1.6-ci maddəsinə əsasən bu sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsinin ödənilməmiş olması sığorta ödənişinin verilməsindən imtina edilməsi əsaslarından biridir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

24. Hazırda apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası cavabdeh tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ödənilməli sığorta ödənişinin, sığorta ödənişinin gecikdirilməsinə görə ödənilməli dəbbə pulunun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun məbləği hissəsində dəyişdirilməlidir.

26. Məhkəmə kollegiyası yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər müddəalarına istinadən ilk növbədə qeyd edir ki, sığorta müqaviləsinin bağlanması formalarından birə də sığortalının sığorta qaydaları ilə tanış olması və onun şərtləri ilə razılaşmasını yazılı qaydada təsdiq etməsi əsası ilə sığortaçı tərəfindən sığortalıya sığorta şəhadətnaməsinin verilməsidir. Sığorta qanunvericiliyinin tələbinə əsasən sığorta müqaviləsinə xitam verilməsi üçün hər hansı əsas olduqda bu barədə bir tərəf digər tərəfi ən azı 30 gün əvvəl tələbini əsaslandırdığı bildirişlə yazılı qaydada xəbərdar etməlidir.

27. Hazırki mülki iş üzrə tərəflər arasında mübahisə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə sığorta ödənişinin verilməməsi ilə bağlıdır. Belə ki, iddiaçı sığorta şirkəti tərəfindən heç bir hüquqi əsas olmadan avtomobilə dəymiş zərərə görə sığorta ödənişi verilmədiyini əsas gətirərək avtomobilə dəymiş zərərin və sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsini tələb edir. Cavabdeh isə sığortalı tərəfindən hissə-hissə ödənilməsi nəzərdə tutulmuş sığorta haqqının sığorta müqaviləsi ilə müəyyən edilmiş müddət ərzində ödənilmədiyi üçün tərəflər arasında bağlanılmış sığorta müqaviləsinin qüvvədə olmadığına əsaslanaraq baş vermiş sığorta hadisə üzrə sığorta ödənişindən imtina etmişdir.

28. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, KSK********** saylı Sığorta müqaviləsinin qüvvədə olub-olmamasından qaynaqlandığından, ilk öncə həmin məsələ aydınlaşdırılmalı, bundan sonra iddiaçının tələb etdiyi sığorta ödənişinin və sığorta ödənişinin gecikdirməsi əsası ilə dəbbə pulunun ödənilməsi məsələsinə hüquq qiymət verilməlidir.

29. Bu istiqamətdə, cavabdeh aralarında bağlanmış müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən müəyyən edilmiş sığorta haqqının 2-ci hissəsinin sığortalı tərəfindən ödənilmədiyini və bu səbəbdən sığorta müqaviləsinin qüvvədən düşdüyünü bildirir. İddiaçı isə sığorta haqqının 2-ci hissəsini də, məhz 1-ci hissəni ödədiyi hesab məlumatları üzrə, yəni özünü sığorta agenti kimi təqdim edən Vasif Vahabovun hesabına ödədiyinə əsaslanır.

30. Məsələ ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin hansı əsasla vaxtından əvvəl xitam olunmasından asılı olmayaraq bununla bağlı təşəbbüs göstərən tərəf hər bir halda qarşı tərəfi bu barədə ən azı 30 gün əvvəl yazılı qaydada xəbərdar etməli idi. Hazırki halda cavabdeh tərəf sığorta müqaviləsinin vaxtından əvvəl xitam olunduğunu bildirsə də, müqaviləyə xitam verilməsi üzrə qanunvericiliyin tələblərinə riayət edilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Əksinə, cavabdeh tərəf özü də apellyasiya şikayətində qeyd etmişdir ki, sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı sığortalı şifahi qaydada məlumatlandırılmışdır (halbuki, bu hal da öz təsdiqini tapmır). Bu da onu göstərir ki, sığortaçı tərəfindən sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı tələblərə riayət olunmadığından xx.xx.2022-ci il tarixli, KSK********** saylı Sığorta müqaviləsinin sığorta hadisəsinin baş verdiyi zaman qüvvədə olmaması ilə bağlı apellyasiya şikayətinin dəlillərinin heç bir hüquqi əsası yoxdur.

31. Məhkəmə kollegiyası iddiaçının sığorta haqqını ödədiyi Vasif Vahabovun ümumiyyətlə sığorta agenti fəaliyyəti ilə məşğul olması üçün lisenziyasının olmaması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, hazırki dəlil sığorta haqqının ikinci hissəsinin sığorta şirkətinə ödənilmədiyini və nəticədə sığorta müqaviləsinin də bu əsasla qüvvədə olmadığını sübut etmə funksiyası daşıyır. Artıq sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi ilə bağlı məsələyə hüquqi qiymət verilərək bununla bağlı hüquqi əsasın mövcud olmadığı müəyyən edildiyindən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin bu dəlili də öz hüquqi əhəmiyyətini itirmişdir. Bu baxımdan ona münasibət bildirilməsinə hər hansı zərurət qalmamışdır.

32. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, sığorta şirkəti sırf bu əsasla baş vermiş sığorta hadisəsi üzrə sığorta ödənişinin verilməsindən imtina edilməsində səhvə yol vermişdir və birinci instansiya məhkəməsi haqlı olaraq sığorta şirkəti tərəfindən sığorta hadisəsi üzrə sığorta ödənişindən imtina edilməsini qanunsuz hesab etmişdir.

33. Məhkəmə kollegiyası tələb edilən sığorta ödənişinin və sığorta ödənişinin gecikdirilməsi ilə bağlı ödənilməli dəbbə pulunun məbləğinə münasibətdə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsinin sığorta hadisəsi olub-olmaması, o cümlədən sığortalı avtomobilə dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı tərəflər arasında heç bir mübahisə yoxdur.

34. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, sığorta şirkəti iddia ərizəsinə etirazda və apellyasiya şikayətində sığorta müqaviləsi üzrə müəyyənləşdirilmiş sığorta haqqının birinci hissəsinin ödənilməsini qəbul edir və bu halı mübahisələndirmir. Cavabdeh sığorta haqqının ikinci hissəsinin sığortalı tərəfindən ödənilməsi faktını qəbul etmir, iddiaçı isə bu faktı təsdiq edəcək heç bir mötəbər sübut məhkəməyə təqdim edə bilmir. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən sığorta şirkətinin bank hesabları üzrə sığorta müqaviləsi üzrə hər hansı ödənişin daxil olub-olmaması barədə məlumatın əldə edilməsi ilə bağlı cavabdehin bank hesabının olduğu banklara sorğu verilmiş, həmin sorğuya cavab olaraq tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KSK********** saylı Sığorta müqaviləsi üzrə heç bir ödənişin daxil olmadığı bildirilmişdir.

35. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı “Hyundai Sonata” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilə görə hesablanmış 1.407 manat zərər məbləğindən 100 manat şərtsiz azadolma məbləği və sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş sığorta haqqının birinci hissəsi 249,85 manat çıxılmaqla sığortaçıdan 1.057,15 manat sığorta ödənişi tutulmalıdır.

36. Məhkəmə kollegiyası sığorta ödənişinin gecikdirilməsinə görə ödənilməli dəbbə pulunun məbləğinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən sığortaçı sığorta hadisəsi ilə bağlı qanunvericilikdə göstərilmiş sonuncu sənədin daxil olduğu vaxtdan etibarən 7 iş günü ərzində sığorta ödənişi verməli və ya sığorta ödənişinin verilməsindən imtina etməlidir.

37. Cavabdeh apellyasiya şikayətində sonuncu sənədin xx.xx.2023-cü il tarixdə daxil olduğunu bildirir. İş materiallarında olan bildirişə əsasən sığorta hadisəsi üzrə sığorta ödənişindən imtinanın xx.xx.2023-cü il tarixdə edildiyi görünür. Lakin iddiaçı iddia ərizəsində sığorta ödənişindən imtinanın iddianın qaldırıldığı gün də (xx.xx.2023-cü il) ona verilmədiyinə istinad edir, cavabdeh də bir növ apellyasiya şikayətində iddiaçının bu arqumentini dəstəkləyir. Belə ki, cavabdeh özü də apellyasiya şikayətində qanunvericiliyin tələbləri baxımından dəbbə pulunun xx.xx.2023-cü il tarixədək hesablanmalı olduğunu qeyd edir.

38. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, sonuncu sənəd xx.xx.2023-cü il tarixdə daxil olduğundan, sığorta ödənişinin ödənilməsindən imtina barədə bildiriş xx.xx.2023-cü il tarixli olduğundan, iddia ərizəsi isə məhkəməyə xx.xx.2023-cü il tarixdə verildiyindən dəbbə pulu məhz xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 10 gün üçün hesablanmalı və cavabdehdən iddiaçının xeyrinə (1.057,15 x 0,1% / 100% = 1,06 x 10 gün = 10,60) 10,60 manat məbləğində dəbbə pulu tutulmalıdır.

39. Məhkəmə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna münasibətdə isə qeyd edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə cavabdehdən iddiaçının xeyrinə 30,67 manat tutulmalı, dövlət rüsumunun qalan 3,44 manat hissəsi iddiaçının özünə aid edilməlidir.

40. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulan sığorta ödənişinin, dəbbə pulunun və dövlət rüsumunun məbləği hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 1.057,15 manat məbləğində sığorta ödənişi, sığorta ödənişinin gecikdirilməsinə görə hesablanmış 10,60 manat məbləğində dəbbə pulu və ödənilmiş dövlət rüsumunun 30,67 manat hissəsinin əvəzi tutulmalı, dövlət rüsumunun qalan 3,44 manat hissəsi iddiaçının özünə aid edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: . Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-2215/2023 saylı qətnaməsi cavabdehdən tutulan sığorta ödənişinin, dəbbə pulunun və dövlət rüsumunun məbləği hissəsində dəyişdirilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 1.057,15 (bir min əlli yeddi manat, on beş qəpik) manat məbləğində sığorta ödənişi, sığorta ödənişinin gecikdirilməsinə görə hesablanmış 10,60 (on manat, altmış qəpik) manat məbləğində dəbbə pulu və ödənilmiş dövlət rüsumunun 30,67 (otuz manat, altmış yeddi qəpik) hissəsinin əvəzi İddiaçı xeyrinə tutulsun. Dövlət rüsumunun qalan 3,44 (üç manat, qırx dörd qəpik) manat hissəsi İddiaçı özünə aid edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar