Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6408/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə (Açar sözlər: sığorta ödənişinin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2303/2023 nömrəli 18 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 31 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hərbi biletə əsasən X8 DİN-nin xx.xx.2014-cü il tarixli, 766 nömrəli əmri ilə ehtiyata buraxılmış, xx.xx.2014-cü il tarixli, N nömrəli əmr ilə hərbi hissənin siyahısından çıxarılmışdır.
2. X11 tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli göndərişə görə X6 xx.xx.2014-cü il tarixində Abşeron RSHXÇŞ-nə getməyi təklif edilmişdir. Göndərişin yerinə çatma tarixi xx.xx.2014-cü il göstərilmişdir.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” ETT Birliyi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixıli, 155 saylı arayışa əsasən X7 meyiti həqiqətən xx.xx.2014-cü il tarixdə Sumqayıt şəhər “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya” şöbəsində məhkəmə tibbi müayinədən keçirilib.
4. 15.11.2014-cü il tarixli, AZ-İ 716665 saylı ölüm haqqında şəhadətnaməyə görə X8 xx.xx.2014-cü il tarixində Sumqayıt şəhərində vəfat etmişdir. Ölümün səbəbi: daxili qanitirmə
5. Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X6 aid xx.xx.2014-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. R.Quliyev öldüyü xx.xx.2014-cü il tarixədək subay olmuşdur.
6. 06.08.2023-cü il tarixində Bakı şəhəri 43 saylı Notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş **********865 saylı ərizəyə əsasən X9 X1 ölümü ilə əlaqədar Dövlət Sığorta Kommersiya Şirkətindən ona çatası sığorta kompensasiya pulunun əri İddiaçı tərəfindən alınmasına etiraz etmədiyini, razı olduğunu bildirmişdir.
7. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, təqdim olunmuş sənədlər nəzərdən keçirilmiş, məlum olmuşdur ki, mərhum X8 müddətli həqiqi xidmət dövrünü başa vurmuş və həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Mərhumun ölümü xidməti vəzifələrinin icrası ilə olmadığı və həqiqi hərbi xidmət dövründə baş vermədiyinə görə baş vermiş hadisə sığorta hadisəsi hesab edilmir və sığorta təminatına daxil edilmir. Bu səbəbdən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3 maddəsinə və mülki məcəllənin 935.1.8 maddəsinə əsasən X4 ölümü ilə əlaqədar mərhumun varislərinə sığorta ödənişinin verilməsi qeyri-mümkündür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, hərbi xidmət zamanı vəfat edən X4 varisi kimi 11.000 (on bir min) manat məbləğində sığorta pulunun ona ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixə qədər mərhum oğlu X8 Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. O, N saylı hərbi hissə komandirinin imzaladığı xx.xx.2014-cü il tarixli, 85N saylı göndərişə əsasən hərbi hissədən evə buraxılmış və həmin gün, yəni xx.xx.2014-cü il tarixdə, saat 21:00 radələrində hərbi xidmətini başa vurub evə qayıdarkən yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. X1 ölümü ilə əlaqədar sığorta kompensasiya ödənişi üçün Dövlət Sığorta Kommersiya şirkətinə ünvanladığı müraciətinə imtina verilmiş və səbəbi həqiqi xidmətdən ehtiyata buraxıldıqdan sonra baş vermiş nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi göstərilmişdir. Lakin oğlunun ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi saat 21:00-da baş vermişdir. Məlum olduğu kimi təqvim günü gecə saat 24:00-da yekunlaşır.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 avqust 2023-cü il tarixli 2(006)-2303/2023 nömrəli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 11000 manat sığorta ödənişinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
11. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iş materiallarında olan hərbi biletə əsasən X8 müddətli həqiqi xidmət dövrünü başa vurmuş, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və N nömrəli əmr ilə xx.xx.2014-cü il tarixində hərbi hissənin siyahısından çıxarılmışdır (gün amma bitməmişdir). Həmin gün, yəni xx.xx.2014-cü il tarixində X2 21:00-da yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Bu halda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 37.2-ci maddəsinə əsasən X8 həmin vaxt hərbi qulluqçu statusunda olmuşdur. Bu da “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununa əsasən sığorta hadisəsi sayılır və sığorta almaq hüququ yaradır. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir.
12. Məhkəmə gəldiyi nəticəni “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa, Cinayət Prosessual Məcəllənin 202.3, Cinayət Məcəlləsinin 333, Mülki Prosessual Məcəllənin 129, 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətində göstərilmişdir ki, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. X8 iddia edilən sığorta hadisəsi baş verərkən DİN-in xx.xx.2014-cü il tarixli 766 nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı üçün sığorta olunan statusu daşımamışdır. Buna görə də iddiaçının sığorta ödənişi almaq hüququ istisna olunur. X8 xx.xx.2014-cü il tarixədək hərbi xidmət keçmişdir, son gün xx.xx.2014-cü il olmaqla, saat 23:59-dan sonra hərbi qulluqçu statusu daşımadığı üçün məhkəmə tərəfindən sığorta hadisəsi kimi qəbul olunan hadisə şəxsin hərbi xidmət dövrünə təsadüf etmir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu
18. Maddə 2.0.2. Hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir.
19. Maddə 2.0.3. Ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir.
20. Maddə 2.0.9. Hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar.
21. Maddə 37.2. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır.
22. Maddə 40.1. Müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar.
23. Maddə 40.2. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qanunun 41.0.3-cü, 41.0.5-ci, 41.0.8-ci, 42.0.2-ci və 42.0.3-cü maddələrində, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları isə həmçinin bu Qanunun 41.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılırlar.
24. Maddə 41.0.1. Xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla) ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar.
25. Maddə 43.1. Həqiqi hərbi xidmətdən buraxılmış hərbi qulluqçular (bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla), habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş vətəndaşlar (xəstəliyə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilənlər istisna olmaqla) ehtiyata keçirilirlər.
26. Maddə 43.2. Ehtiyatda xidmətin başlanğıcı hərbi qulluqçunun adının hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması anından hesablanır.
“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu
27. Maddə 4. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir.
28. Maddə 5. Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə - 100 faiz.
“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu
29. Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir.
38. Yuxarıda sadalanan qanunvericilik normalarından müəyyən edilir ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar.
39. Hərbi qulluqçu hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı andan ehtiyata buraxılmış hesab edilir, yəni həmin andan artıq hərbi qulluqçu statusunda olmur.
40. Baxılan iş üzrə iddiaçının mərhum oğlu X8 DİN-nin 16.09.204-cü il tarixli, 766 nömrəli əmri ilə ehtiyata buraxılmış, xx.xx.2014-cü il tarixli, N nömrəli əmr ilə hərbi hissənin siyahısından çıxarılmışdır.
41. Sadalananlardan da göründüyü kimi xx.xx.2014-cü il tarixli əmrlə hərbi hissənin siyahısından çıxarıldığı andan ehtiyata buraxılmış və həmin andan hərbi qulluqcu statusunda olmamışdır.
42. Qanunvericiliyin tələbinə əsasən də sığorta olunan həqiqi hərbi xidmətdə olduğu zaman həlak olduqda, öldükdə sığorta ödənişi verilir.
43. İddiaçının mərhum oğlu hadisə baş verən zaman həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, artıq hərbi qulluqçu statusunda olmamışdır.
44. Belə olan halda iddiaçının mərhum oğlunun xx.xx.2014-cü il tarixdə günün gecə 24:00-a qədər hərbi qulluqçu statusunda olmasına istinad edərək, oğlunun ölümü ilə bağlı sığorta ödənişi tələb etməsi əsassız olmuşdur.
45. Birinci insansiya məhkəməsi isə X4 xx.xx.2014-cü il tarixində hərbi hissənin siyahısından çıxarılsa da, günün bitməməsi əsası ilə hadisənin sığorta hadisəsi hesab edilməsi və iddiaçının hazırda sığorta almaq hüququ olması barədə gəldiyi nəticə əsassız və qanunsuz olmuşdur.
46. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, qətnamə ləğv edilməklə iddia tələbi rədd edilməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2303/2023 nömrəli iş üzrə 18 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.