Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6410/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1421/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona əsassız hesablanmış 961.5 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Ə.İsazadə küçəsi, döngə 1, ev 15-də ailə üzvləri ilə birlikdə yaşayır. Bakı şəhəri, Qala Qəsəbəsi, Südçülük Sovxozunda ona məxsus evin qazla təmin olunması üçün 10.10.2018-ci il tarixdə qaz sayğacı quraşdırılmış və istifadəyə verilmişdir. Bu barədə ******* saylı akt tərtib edilmişdir. 10.12.2018-ci il tarixdə sayğacı dəyişərək başqa sayğac quraçdırılmış, o, həmin evdə yaşamadığına görə bundan xəbəri olmamış və o, həmin aktla sonradan tanış ola bilmişdir. 19.12.2018-ci il tarixli akta əsasən yoxlama nəticəsində qaz sayğacı yararsız hesab olunmuşdur. 28.12.2018-ci ildə, 31.01.2019-cu il tarixdə akt tərtib edilərək bildirilmişdir ki, sayğacın çıxış plastmas borusu deşikdir və buna görə də ona 961.5 manat cərimə hesablanmışdır. Həmin cərimə düzgün deyil. Sayğacın çıxış plastmas borusunun deşik olması onun təqsiri deyil. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1421/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən Cavabdeh İB-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyi və maddi hüquq normalarının tələblərini pozduğu arqumentləri ilə əsaslandırmışdır. Şikayətə görə, İddiaçı istifadəsində olan qaz sayğacı yenisi ilə əvəz edilmiş, çıxarılmış sayğac dövlət yoxlamasına göndərilmiş, laboratoriya rəyinə görə sayğacın istismara yararsız oğduğu müəyyən edilmiş, sayğaca müdaxilə olunduğu üçün 961,5 manat dəymiş ziyan hesablanaraq iddiaçıdan tələb olunmuşdur. Lakin birinci instansiya məhkəməsi bunların heç birinə hüquqi qiymət verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı səbəbləri barədə məlumat vermədən məhkəməyə gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı yaşadığı ünvanda **********00950 abonent kodla qeydiyyata alınmış sayğaca 961.5 manat borc hesablanmışdır. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28.12.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının yaşadığı ünvanda yerləşdirilmiş sayğacın Cavabdeh İB-nin 29/1710-02651-60 saylı rəyinə əsasən sayğacın çıxış plastmas borusunda deşik aşkar olunmuş və dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Cavabdeh təşkilat mübahisələndirmir ki, iddiaçının yaşadığı evin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır; belə olan halda isə, həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilmiş olduğu və onun təqsirliliyi sübuta yetirilməmişdir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kollegiyanın qənaətinə görə Cavabdeh İB iddiaçının evindən kənarda quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən və buna görə də, aktın tərtib edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1421/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6410/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6410/2021
30.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver