Məhkəmə qərarları › İş №2(103)-6411/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6411/2022

06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6411/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-nə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: sığorta hadisəsi, sığorta ödənişinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi X4 iştirakı ilə İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-nə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. “Chrysler 300 C” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X9r və onun mülki məsuliyyəti "xxxx" ASC tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək sığortalanmışdır.

2. 05 aprel 2019-cu tarixdə “Chrysler 300C" markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X13 yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində İddiaçı oğlu İlkin Şahbazi vəfat etmişdir.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə, X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci və 263-1.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 5 (beş) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur.

4. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” xx.xx.2019-cu il tarixli arayışda göstərilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 528-də piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı “Chrysler 300 C” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X14 olmuşdur və avtomobilin sahibi X9r.

5. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda göstərilmişdir ki, “Chrysler 300 C" markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi törətməsi barədə məlumat və sənədlər araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, 05 aprel 2019-cu tarixində “Chrysler 300C" markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobili X3 xəbəri olmadan, həmçinin etibarnaməsi və ya digər qanuni əsas olmadan qaçıraraq yol-nəqliyyat hadisəsi törətmişdir. “İcbari Sığortalar haqqında" Qanunun 13.1-ci bəndinə görə sığorta hadisəsi icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Qanunun 13.2-ci bəndinə əsasən, bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Yuxarıda qeyd edilənlərə əsasən nəzərinizə çatdırırıq ki, bu iş üzrə “Atəşgah Sığorta” şirkətində sığortalanmış avtomobil üzrə sığortalının mülki məsuliyyəti yaranmadığından sizə sığorta ödənişinin verilməsi mümkün hesab edilmir”.

6. İddiaçı Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinə ünvanladığı ərizəsində göstərmişdir ki, 05 aprel 2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş oğlunun dəfn xərcləri və digər zəruri ödənişlər təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur.

a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. İddiaçı "xxxx" ASC-nə (şirkət) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şirkətdən 5000 manat sığorta ödənişinin və 70 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, “Chrysler 300 C” markalı **- DC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X14 Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində hərəkət edərkən “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozub yolun sağ kənarında dayanmış oğlu X7 vururaq ona ağır bədən xəsarətləri yetirmiş, aldığı xəsarələr nəticəsində oğlu xəstəxanada vəfat etmişdir. Aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, “Chrysler 300 C” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X9r, o, həmin gün avtomobili idarə etməsi üçün tanışı X11 vermişdir. “Chrysler 300 C” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə müvafiq olaraq "xxxx"xxxx"xxxx" ilə Samir Vəliyev arasında bağlanmış icbari sığorta müqaviləsindən müəyyən olunur ki, avtonəqliyyat hadisəsi sığorta risklərinə aid edilmişdir, yəni cavabdeh "xxxx" üzərinə öhdəlik götürmüşdür ki, sığorta obyekti olan avtomobilin istismarı zamanı baş vermiş avtoqəza nəticəsində üçüncü şəxslərə vurulan maddi ziyanı görə qanunla müəyyən edilmiş məbləğdə sığorta haqqı ödəyəcəkdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməkdən imtina etmiş və imtinanın səbəbini belə əsaslandırmışdır ki, zərərçəkmiş şəxs Yasamal RPİ-nə ünvanladığı 05 aprel 2019-cu il tarixli ərizəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş X6 dəfn və digər xərclərinin təqsirləndirilən şəxs tərəfindən ödənildiyini bildirmişdir. İmtinanın əsasları tamamilə qanunsuzdur, təqsirləndirlən şəxs tərəfindən dəfn xərclərinin ödənilibödənilməməsi sığorta şirkətini müqavilə öhdəliklərini icra etməkdən azad etmir, cavabdeh icbari müqavilə üzrə müəyyən edilmiş sığorta məbləğini ödəməlidir, amma ödədiyi məbləği sonradan subroqasiya qaydasında təqsirkar şəxsdən geri tələb etmək hüququna malikdir. İmtinanın əsaslarının tam siyahısı “İcbari Sığorta haqqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsində göstərilmiş və cavabdehin imtina məktubunda göstərdiyi əsaslar üzrə sığorta məbləğinin ödənilməsindən imtina etmək qanunda nəzərdə tutulmamışdır. Qanunla ona ödənilməli olan 5000 manat məbləğində sığorta ödənişi "xxxx"nin əməkdaşı X16 tərəfindən vəzifədən sui-istifadə yolu ilə mənimsənilmiş, bu əməlinə görə Paşa Hüseynov cinayət məsuliyyyətinə cəlb edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalandırılmışdır.

9. "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsinə etiraz təqdim etmiş, etiraz ərizəsini belə əsaslandırmışdır ki, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Cavabdeh Sığorta Şirkətində sığortalanmış X2 olan “Chrysler” markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobil, sahibinin xəbəri olmadan X14 tərəfindən qaçırılmış və 05 aprel 2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində piyada X1 ağır zərər vuraraq zərərçəkənin ölümünə səbəb olmuşdur. Hadisə ilə bağlı araşdırma aparılmış və sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı müəyyən edilmədiyi üçün sığorta ödənişinin verilməsindən imtina edilmiş, İddiaçı bu barədə 07 avqust 2019-cu il tarixili məktubla məlumat verilmişdir. Qanunvericiliyin müddəalarından məlum olur ki, mülki məsuliyyətin icbari sığortası üzrə hadisənin sığorta hadisəsi hesab edilməsi üçün ilk növbədə avtomobilin sığorta olunan tərəfindən istismar edilməsi və mülki məsuliyyətin yaranması şərtdir. Baş verən hadisə üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan, cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan, eləcə də Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2019cu il tarixli hökmündən sığortalı və ya sığorta olunanın təqsirinin olması sübut edilmir. Sığortalının hüquqa zidd hərəkəti olmadığından mülki məsuliyyəti və sığortaçı tərəfindən zərərçəkənin hüquqi varislərinə sığorta ödənişi verilməsi öhdəliyi yaranmır. Nəzərə alınmalıdır ki, sığortalının və ya sığorta olunanın təqsiri olmadan hər hansı şəxsə ödənişin verilməsi son nəticədə sığortalının mənafeyinin pozulması və onunla bağlı malus əmsalının tətbiqi ilə nəticələnə bilər. Bu isə gələcəkdə vətəndaşın haqlı şikayəti ilə nəticələnəcəkdir. Bundan əlavə, zərərçəkənin varisinə ödənişin verilməsini istisna edən digər hallar da mövcuddur. Belə ki, rəsmi sənədlərdən görünür ki, iş üzrə mülki iddia verilməmiş, aparılan istintaq araşdırmaları və məhkəmə prosesi zamanı zərərçəkənin hüquqi varisi məhkəməyə müraciət edərək zərərvurana qarşı şikayətinin və hər hansı tələbinin olmadığını göstərmiş, bu fakt məhkəmə hökmü ilə təsdiq edilmişdir. İddiaçı Bakı şəhəri, Yasamal rayon Baş Polis İdarəsinə ünvanladığı notarial qaydada təsdiq olunmuş ərizəsində 05 aprel 2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş oğlunun dəfn xərcləri və digər zəruri ödənişlərin təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarına və ərizəçinin ərizəsinə əsasən dəfn xərcləri və digər zəruri ödənişlər təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyi üçün iddiaçının cavabdehə qarşı tələb hüququ yoxdur.

10. İddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatında göstərmişdir ki, 2019-cu ilin aprel ayında övladı X12 rəhmətə getmiş, bir neçə ay sonra özünə gələrək iyun ayında şirkətə müraciət ünvanlamış, tələb edilən sənədləri sənədləri toplayaraq şirkətə təqdim etmişdir. Ona kart təqdim olunmuş, 5-10 gün ərzində pulun köçürüləcəyini bildirmişlər. Həmin müddətdən sonra kartı yoxladıqda pulun köçürülmədiyini görüb yenidən şirkətə müraciət etmiş, bu zaman isə imtina edildiyi bildirilmişdir. Bundan sonra onu müxtəlif orqanlara yönəltmişlər, yazdığı məktublara 2-3 ay aralıqlarla cavab verilmişdir. Bu səbəbdən cavabdehin təklif etdiyi 1000 manatla razı deyil. Hadisəni törətmiş şəxsin atası yas mərasimində ona 500 manat pul vermişdir.

11. Şirkətin nümayəndələri birinci instansiya məhkəməsində verdikləri izahatlarda göstərmişlər ki, hadisəni sığorta hadisəsi hesab etməsələr də, mövcud vəziyyəti nəzərə alaraq iddiaçıya 5000 manatın 20%-ni təklif edirlər. İddiaçı həmin məbləği qəbul etmədiyi təqdirdə, etiraz ərizəsində göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər.

12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.

13. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, 05 aprel 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş oğlunun dəfn xərcləri və digər zəruri ödənişlər təqsirləndirilən şəxs tərəfindən iddiaçıya tam ödənilsə belə, dəfn xərcləri sığorta ödənişi məbləğinə daxil edilmədiyindən, Cavabdeh Sığorta Şirkəti ASC-dən 5000 (beş min) manat sığorta ödənişi tutularaq İddiaçı ödənilməlidir.

14. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 883.1-ci, 922.1-ci, 926-cı, “İcbari sığortalar haqqında” Qanunun 19.9-cu və 21-ci maddələrinə istinad etmişdir.

15. Həmin qətnamədən "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddiaya etirazın məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün qiymət vermədiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini irəli sürmüşdür.

b) Apelyasiya baxışı zamanı keçirilən məhikəmə iclası və verilən izahatlar

16. "xxxx" ASC-nin məhkəmə iclasında iştirak edən nümayəndəsi Nərminə Hüseynzadə birinci instansiya məhkəməsində şirkətin nümayəndələrinin verdikləri izahatlarla (§ 9, 11) eyni məzmunda izahat verərək apellyasiya şikayətini müdafiə etmiş, eyni zamanda 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Tural Rəsulovun ərizəsini təqdim edərək bildirmişdir ki, yol-nəqliyyat hadisəsinin törənməsinə görə məhkum olunmuş şəxsin atası tərəfindən iddiaçıya 14 200 manat ödənilmişdir və həmin vəsaitin dəfn xərcləri olduğu sübuta yetirilmədiyindən iddia tələbi həm də bu səbəblə təmin edilməməlildir.

17. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verməklə (§ 8, 10) şikayətin əsassız olduğunu, universitetdə təhsil alan 19 yaşlı oğlunun ölümündə təqsirli bilinən şəxsin sadəcə əsl təqsirlar olan avtomobil sahibinin əvəzinə məhkəməyə verildiyini bildiyindən ona köməklik etmək üçün müvafiq ərizəni (§ 6) yazdığını, onun atası tərəfindən yas mərasimi zamanı sadəcə 500 manat verildiyini, sığorta şirkətinin ödəniş etməkdən əsassız imtina etdiyini bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

20. Maddə 904.1. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.

21. Maddə 904.2. Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir.

22. Maddə 922. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.

23. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

24. Maddə 927.1. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.

25. Maddə 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər.

26. Maddə 933.3. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda bu Məcəllənin 933.1.2-ci maddəsində nəzərdə tutulmuş sənəd tələb edilmir. Sağlamlığa zərər dəyməsi faktının mövcud olduğu hallar istisna olmaqla, könüllü sığorta müqaviləsi üzrə sığorta hadisəsi nəticəsində dəymiş zərərin həcmi bu məqsədlə müvafiq sığorta qaydalarında müəyyən edilmiş həddən az olduqda, həmçinin sığorta hadisəsinin baş vermə səbəbləri və təfərrüatlarının təhrif edilməsi barədə sığortaçıda hər hansı əsaslandırılmış şübhə olmadıqda, sığorta ödənişinin həyata keçirilməsi üçün bu Məcəllənin 933.1.2-ci maddəsində nəzərdə tutulmuş sənəd tələb edilməyə bilər.

27. Maddə 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.

28. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu

29. Maddə 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır.

30. Maddə 13.4. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur.

31. Maddə 19.9. Üçüncü şəxsin ölümü halında sığortalının və ya sığorta olunanın ödədiyi dəfn xərcləri sığorta ödənişi məbləğinə daxil edilmir.

32. Maddə 21.1. Bu Qanunda müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına aid olan hallar istisna edilməklə, sığorta ödənişindən imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı icbari sığorta müqavilələri üzrə aşağıdakı hallarda da sığorta ödənişi verilmir: 21.1.1. hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə bağlı olduqda; 21.1.2. sığorta tələbi üçüncü şəxsin pul, qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar, sənət əsərləri, o cümlədən rəsm əsərləri, qravüralar, heykəllər, həmçinin modellər, plan və eskizlər, ixtira patentləri, sənədlər, kitablar və yazılar şəklində olan əmlakına dəymiş zərərlə bağlı olduqda; 21.1.3. sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda; 21.1.4. sığorta tələbi sığortalının və ya sığorta olunanın cərimə, dəbbə pulu, peniya ödəməsi üzrə əmlak mənafeləri ilə bağlı olduqda; 21.1.5. bu Qanunun 36.3-cü maddəsində nəzərdə tutulmuş hallarda.

33. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

34. Maddə 27.1. İcbari Sığorta Bürosu (“Büro”) zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə aşağıdakı funksiyaların həyata keçirilməsi məqsədilə bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxslərin ittifaqı kimi təsis edilən və fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır.

35. Maddə 32.1. Əmlaka və sağlamlığa dəyən zərərə görə bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi aşağıdakı hallarda mümkün olmadıqda, Büro tərəfindən kompensasiya ödənişi verilir: 32.1.2. üçüncü şəxsin sağlamlığına naməlum və yaxud oğurlanmış avtonəqliyyat vasitəsilə zərər vurulduqda.

36. Maddə 50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

37. Maddə 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.

38. Maddə 52.2. Avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur.

39. Maddə 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar.

40. Maddə 53.2. Avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir.

41. Maddə 53.3. Avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir.

42. Maddə 53.4. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir.

43. Maddə 54. Bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş istisna nəzərə alınmaqla, müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar.

44. Maddə 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat.

45. Maddə 58.3-1. Sığorta hadisəsi hesab edilə bilən yol nəqliyyat hadisəsi nəticəsində avtonəqliyyat vasitəsinin sürücüsü, sərnişini və ya piyada ölərsə, həmin avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətini sığortalamış sığortaçı səlahiyyətli dövlət orqanının bu faktı təsdiqləyən arayışını və ölüm haqqında müvafiq şəhadətnamənin surətini aldığı tarixdən 2 iş günü müddətində ölən şəxsin ailə üzvlərinə sığorta məbləğinin 20 faizi həcmində kompensasiya ödəyir. Sığorta hadisəsinin baş verməsində avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin yaranması faktı müəyyən edilərsə, sığorta ödənişinin qalan məbləği də bu Qanunda müəyyən edilmiş qaydada ödənilir. Sığorta hadisəsinin baş verməsində avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin yaranması faktı müəyyən edilmədiyi halda isə, piyadanın vurulması halı istisna olmaqla, ödənilmiş kompensasiya həcmində zərərvurana və ya onun mülki məsuliyyətini sığortalamış sığortaçıya qarşı subroqasiya hüququ yaranır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

46. Maddə 177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

47. Maddə 185.1. Avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

56. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

57. Kollegiya izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, "xxxx" ASC, “Chrysler 300 C” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyətinin şirkət tərəfindən sığortalanmış olduğunu, 05 aprel 2019-cu tarixdə həmin avtomobili idarə edən X10 yol-nəqliyyat hadisəsi törətdiyini və hadisə nəticəsində iddiaçının oğlu İlkin Şahbazinin vəfat etdiyini mübahisələndirmir; şirkət sığorta ödənişinin ödənilməməli olması ilə bağlı 2 arqument irəli sürməkdədir: 1) mülki məsuliyyətin icbari sığortası üzrə hadisənin sığorta hadisəsi hesab edilməsi üçün avtomobilin sığorta olunan tərəfindən istismar edilməsi və mülki məsuliyyətin yaranması şərtdir – iddiaçının oğlunun ölümü ilə nəticələnən hadisədə isə sığortalı və ya sığorta olunanın təqsirinin olması sübut edilmir, çünkü avtomobil onun sahibliyindən talama məqsədi olmadan qaçırılmaqla çıxarılmışdır; 2) dəfn xərcləri və digər zəruri ödənişlərin təqsirləndirilən şəxs tərəfindən iddiaçıya tam ödənildiyindən, onun şirkətə qarşı tələb hüququ yoxdur.

59. Kollegiya aşağıda göstərilənlərə əsaslanaraq cavabdeh şirkətin irəli sürdüyü hər iki arqumenti əsassız hesab edir.

60. Sığorta ödənişinin verilməsindən imtinanın “İcbari Sığortalar Haqqında” Qanunun 21.1-ci maddəsində (§ 32) sadalanan əsasları arasında əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi göstərilməmişdir və həmin normanın adı çəkilən Qanunun 25.1-ci (§ 33), habelə 58.3-1-ci maddələri (§ 45) ilə birgə təhlili o qənaətə gəlməyə imkan verir ki, əgər avtomobil belə bir şəxs tərəfindən idarə olunarkən üçüncü şəxslərə zərər dəymişdirsə, bu halda icbari sığorta ödənişi həyata keçirilməli və sığortaçı subroqasiya hüququndan istifadə etməlidir. Qanunun müvafiq müddəalarının mənasına görə, avtomobilin onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, yalnız subroqasiya hüququnun kimə qarşı yaranması baxımından əhəmiyyət kəsb edir.

61. Həmçinin qeyd olunmalıdır ki, avtomobilin talama məqsədi olmadan qaçırılması onun oğurlanması demək deyildir (§ 46, 47) və bu səbəblə də müvafiq sığorta ödənişinin İcbari Sığorta Bürosu tərəfindən ödənilməli olması ilə bağlı qanunvericilik müddəasının (§ 35) tətbiqi istisna edilir. Nəzərə alınmalıdır ki, İcbari Sığorta Bürosunun yaradılmasındakı məqsəd sığorta ödənişinin sığorta şirkətləri tərəfindən ödənilməsinin mümkün olmadığının qanunvericiliklə müəyyənləşdirilmiş hallarında, həmin ödənişin Büro tərəfindən ödənilməsi, beləliklə də zərərçəkənin əmlakına vəya sağlamlığına dəyən zərərin kompensasiya olunmasıdır (§ 34).

62. Kollegiyanın qənaətinə görə, “Chrysler 300 C” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil talama məqsədi olmadan qaçırıldığı, yəni oğurlanmadığı üçün, sığorta qanunvericiliyinin məqsədləri baxımından həmin avtomobilin sahibinin mülki məsuliyyəti hər bir halda yaranır (§ 37, 42) – lakin avtomobilin qaçırılmış olması ona qarşı subroqasiya tələbi yönəldiləcəyi zaman əhəmiyyət kəsb edə bilər (§ 28).

63. Dəfn xərcləri və digər zəruri ödənişlərin təqsirləndirilən şəxs tərəfindən iddiaçıya tam ödənilməsi səbəbilə, onun şirkətə qarşı tələb hüququnun olmaması arqumenti ilə bağlı isə kollegiya geniş əsaslandırma aparılmasına zərurət görmür; belə ki, qanunvericilik sığortalının və ya sığorta olunanın ödədiyi dəfn xərclərinin sığorta ödənişi məbləğinə daxil edilmədiyini müəyyənləşdirmişdir (§ 31).

64. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1095/2022 saylı iş üzrə 14 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh Sığorta Şirkəti ASC-nə aid olunsun. Qətnamədən Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar