Məhkəmə qərarları › İş №2(103)-6412/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6412/2021

12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6412/2021 12.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allaverdi oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit X5 Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı "müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli, 2(003)- 104/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış 04 dekabr 2018-ci il tarixli, 2018/00441-01 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 İddiaçı BOKT ASC-nin xeyrinə 05.12.2019-cu il tarixə yaranmış 26929.17 manat məbləğində qalıq, ona hesablanmış 4236.35 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4620.00 manat məbləğində dəbbə pulu, cəmi 35785.52 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində olan 0.0286 ha torpaq sahəsinə və üzərində yerləşən 193.1 kv.m. sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına yaranmış 26929.17 manat məbləğində qalıq, ona hesablanmış 4236.35 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4620 manat məbləğində dəbbə pulu, cəmi 35785.52 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra cavabdehlərin ən geci bir ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış 04 dekabr 2018-ci tarixli 2018/00441-01 №li Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 30.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində olan 0.0286 ha torpaq sahəsini və üzərində yerləşən 193.1 kv.m ümumi sahəsindən ibarət fərdi yaşayış evini (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ: Seriya RX 0729361, Reyestr № **********26-10301, Qeydiyyat № **********, tarix 19.08.2015) ipoteka predmeti kimi Finoko» BOKT ASC təqdim etmiş və bu barədə 04 dekabr 2018-ci il tarixli, 2018/00441-01 İP saylı İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi 07.12.2018-ci il tarixdə qeydə alınmış və müvafiq Çıxarış verilmişdir (Seriya RX 1439663). Cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. Bunlara baxmayaraq, BOKT cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Bu səbəbdən BOKT tərəfindən cavabdehlərə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə, “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. İddiaçı birinci instansiya məhkəməsində işə baxılarkən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 04 dekabr 2018-ci il tarixli, 2018/00441-01 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 İddiaçı BOKT ASC-nin xeyrinə 05.12.2019-cu il tarixə yaranmış 26929.17 manat məbləğində qalıq, ona hesablanmış 16884.83 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 18480 manat məbləğində dəbbə pulu, cəmi 62294.00 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində olan 0.0286 ha torpaq sahəsinə və üzərində yerləşən 193.1 kv.m. sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına yaranmış 26929.17 manat məbləğində qalıq, ona hesablanmış 16884.83 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 18480 manat məbləğində dəbbə pulu, cəmi 62294 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra cavabdehlərin ən geci bir ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli, 2(003)-104/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edlmiş, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, Cavabdeh2 26929.17 manat əsas borc, 16884.83 manat faiz borcu, 500 manat cərimə, cəmi 44314.00 manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 15 (on beş) manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsində olan 0.0286 ha torpaq sahəsi və üzərində yerləşən 193.1 kv.m. ümumi sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin evin 115.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 44314.00 (qırx dörd min üç yüz on dörd) manat məbləğində borc və dövlət rüsumuna görə 15 (on beş) manat məbləğində pul vəsaiti ödənilməsi qət edilmiş, qalan hissədə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli, 2(003)-104/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilkin iddia ərizəsində göstərilən dəbbə pulunu çıxmaq şərtilə yerdə qalan məbləğlə tam razıdır. Cavabdeh iddia tələbinin artırılması və dəqiqləşdirilməsinə dair ərizə ilə tanış olmaq üçün şifahi vəsatət verərək məhkəməyə müraciət etsə də, hakim məhkəmə vaxtının uzandığını bəhanə edərək ona şərait yaratmamışdır. Eyni zamanda həmin iş üzrə qarşılıqlı iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etsə də, hakim həmin ərizəni qəbul etməmiş və geri qaytarmışdır. Həmin ərizənin qəbul edilməməsi ilə o, faktiki olaraq, işin nəticəsinə birbaşa təsiri olan halı sübut etmək imkanından və sübut təqdim etmək kimi qanuni hüququndan məhrum edilmişdir. Bununla da, birinci instansiya məhkəməsi maddi hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini tam deyil, yalnız faiz borcu və cərimənin təmin edilmiş hissəsində mübahisələndirdiyindən, qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən məhz həmin hissələrdə yoxlanılır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi-vəkili X3 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsinı məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsinı məhkəmə kollegiyasından xahiş etmişdir İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər İş materiallarından olan İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında 04 dekabr 2018-ci il tarixli, 2018/00441-01 №-li istehlak krediti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən sonuncuya mənzil təmiri məqsədilə illik 36% hesabı ilə 36 ay müddətinə 30000.00 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh1 ilə bağlanmış 04 dekabr 2018-ci il tarixli ipoteka müqaviləsinin surətindən və işdə olan sənədlərdən görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış 04 dekabr 2018-ci il tarixli, 2018/00441-01 №-li istehlak krediti müqaviləsi ilə öhdəliklərin icrasına təminat olaraq mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsində olan 0.0286 ha torpaq sahəsi və üzərində yerləşən 193.1 kv.m. ümumi sahəsindən ibarət fərdi yaşayış evi İddiaçı BOKT ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 06.12.2019-cu il tarixli borc haqqında arayışdan görünür ki, Cavabdeh2 04.12.2018-ci il tarixli İstehlak Krediti müqaviləsi üzrə 05.12.2019-cu il tarixə olan əsas borcu 26.929,17 manat, faiz borcu 4236,35 manat, dəbbə pulu 4.620,00 manat olmaqla, cəmi borcu 35.785,52 manat təşkil etmişdir. İş materiallarında olan 11.03.2021-ci il tarixli borc haqqında arayışdan görünür ki, Cavabdeh2 04.12.2018-ci il tarixli İstehlak Krediti müqaviləsi üzrə 11.03.2021-ci il tarixə olan əsas borcu 26.929,17 manat, faiz borcu 16884,83 manat, dəbbə pulu 18.480,00 manat olmaqla, cəmi borcu 62.294,00 manat təşkil etmişdir. İş materiallarında olan Hesabdan Çıxarışdan görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış 04.12.2018-ci il tarixli İstehlak Krediti müqaviləsi üzrə sonuncu tərəfindən cəmi 8900 manat ödəniş edilmiş, həmin məbləğdən 3070,83 manatı əsas borcdan, 5829 manatı isə faiz borcundan silinmişdir. Borc üzrə sonuncu dəfə ödəniş 20.08.2019-cu il tarixdə edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasındakı müqavilə 04.12.2018-ci ildə 36 ay müddətinə bağlanılmaqla, 04.12.2021-ci il tarixədək qüvvədə olmuş, iddiaçı ilk dəfə 2019-cu il tarixdə məhkəməyə müraciət edərkən faiz borcunu 05.12.2019-cu il tarixədək hesablayaraq, məhz həmin məbləği cavabdehdən tələb etmişdir. İş üzrə məhkəmə baxışının gedişində iddiaçı MPM-nin 53-cü maddəsinə istinad etməklə iddia tələbinin həcmini artıraraq, bu dəfə 11.03.2021-ci il tarixədək olan borc məbləğinin ödənilməsini cavabdehdən tələb etmişdir. Qeyd edilənlərlə bağlı məhkəmə kollegiyası izah edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin müddəti 04.12.2021-ci il tarixdə bitdiyi üçün işə məhkəmədə baxıldığı müddətdə müqavilənin şərtləri qüvvədə olmuş və hazırkı iddianın verilməsi cavabdehi müqavilə üzrə öhdəliklərinin icrasından azad etməmişdir. Lakin cavabdeh tərəfindən 1-ci və 2-ci maliyyə arayışlarının tərtib edildiyi müddət ərzində heç bir ödəniş aparılmadığından, onun kreditor qarşısında olan faiz və dəbbə pulu üzrə borcunun məbləği artmışdır. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə, artırılmış həcmdə irəli sürülmüş iddia tələbi əsaslı olmuşdur və birinci instansiya məhkəməsi faiz borcu üzrə iddianı tam təmin etməkdə haqlı olmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin dəbbə pulunun tutulması ilə bağlı hissədə qismən təmin edilməsini də əsaslı sayır və hesab edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş 500 manat dəbbə pulu işin faktiki hallarına uyğun olmaqla, tərəflərin mənafeləri və müəyyən edilmiş əsas və faiz borclarının məbləğinə mütənasib olmuşdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilir ki, MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli, 2(003)-104/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar