Məhkəmə qərarları › İş №2(103)-6413/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6413/2022

16.09.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6413/2022 16.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(009)- 79/2022 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı evin A və B tikililərində cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş tikililərin cavbadehlərin vəsaiti hesabına sökülməsi və ümumi istifadədə olan yaşayış və qeyri-yaşayış sahələrinin cavabdehlər tərəfindən əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-79/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı evin həyətyanı torpaq sahəsi ilə yanaşı sahədə “A” və “B” tikililərindən kənarda inşa edilmiş 2 mərtəbəli yaşayış evi və habelə “B” tikilisində 1-ci mərtəbədən 2-ci mərtəbəyə keçid sahəsi, eləcə də “B” tikilisinin üstündə inşa edilmiş 2-ci mərtəbənin sökülməsi, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı evin həyətyanı torpaq sahəsi ilə yanaşı sahədə “A” və “B” tikililərindən kənarda inşa edilmiş 2 mərtəbəli yaşayış evinin və habelə “B” tikilisində 1-ci mərtəbədən 2-ci mərtəbəyə keçid sahəsinin, eləcə də “B” tikilisinin üstündə inşa edilmiş 2-ci mərtəbənin sökülməsi vəzifəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulması, iddia ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 AZN məbləğində pul vəsaitinin cavabdehlərdən tutulub iddiaçıya verilməsi və iş üzrə Az. Res. ƏN. MEM tərəfindən keçirilmiş xx.xx.2022-ci il tarixli 07/4748 №-li məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: VÖEN **********; X1, kod:210005; müxbir hesab:AZ41NABZ********************; S.F.İ.F.T. Bik CTREAZ22) köçürülməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(009)-79/2022 nömrəli qərardadı ilə qanunla müəyyən edilmiş qaydada (elektron formada) verilmədiyindən geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh2 şikayət vermişdir. Şikayət belə əsaslandırılmışdır ki, Cavabdeh2 elektron məhkəmə sistemində elektron kabineti olmadığından apellyasiya şikayəti kağız daşıyıcı vəsitəsi ilə məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(009)-79/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən və iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 16 iyul 2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 09 iyul tarixli 363-VİQD nömrəli Qanunu 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci bəndində qeyd olunmuşdur ki, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Həmçinin Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Apellyasiya şikayətinin forması isə “MPM-ə əlavə 2”-də göstərilmişdir. Bundan başqa Azərbaycan Respublikasının MPM-nin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi qüvvəyə minmiş Azərbaycan Respublikasının MPM-in son dəyişikliyinə əsasən apellyasiya şikayətlərinin də verilməsi məhz “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməsi nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 79/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti 22 iyun 2022-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur və həmin kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə verilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq apellyasiya şikayətini geri qaytarmışdır. Həmin qərardaddan cavabdeh tərəfindən verilmiş şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qərardadın ləğvi üçün əsas təşkil etmir. Belə ki, apellyasiya şikayətinin verilməsi yuxarıda istinad edilənlərə əsasən mütləq qaydada elektron kabinet vasitəsi ilə verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, hazırda mübahisələndirlən qərardaddan verilmiş şikayət elektron kaibet vasitəsi ilə məhz Cavabdeh2 nümayəndəsi eyni zamanda vəkili tərəfindən verilmişdir ki, belə olan halda şikayətdə - Cavabdeh2 elektron kabinetinin olmamasına istinad edilməsi əsassız olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(009)-79/2022 nömrəli qərardadından dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar