Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-642/2022 14.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadıyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 iyun 2021-ci il tarixli qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil və Cavabdeh2 nümayəndəsi (qardaşı) X2 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, atası X1 məxsus olmuş və Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsində yerləşən 20 saylı fərdi yaşayış evinin sökülməsi üçün Cavabdeh1 MMC-yə təhvil verilmiş evin əvəzi olaraq Mübariz Perarinin ölümündən sonra MMC tərəfindən mərhumun ikinci arvadı olan Cavabdeh2 ödənilmiş 76.000 manat pul məbləğinin yarısının, yəni 38.000 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının valideynləri boşandıqdan sonra iddiaçının atası Mübariz Perarin iş üzrə Cavabdeh2lə nikaha daxil olmuşdur. İddia ərizəsində qeyd edilən ev Mübariz Perarinə məxsus olmuşdur. Mübariz Perarin 29.10.2019-cu il tarixdə vəfat etmişdir. Bundan sonra, iddiaçı, mirasın qəbul edilməsi ilə bağlı Bakı Şəhəri 21 saylı Notariat Ofisinə müraciət etmişdir. Notarius tərəfindən iddiaçı verilmiş məlumatlardan iddiaçıya məlum olmuşdur ki, Cavabdeh2 mərhuma məxsus yaşayış sahəsini sökülməsi və yerində çoxmərtəbəli binanın inşa edilməsi məqsədi ilə, həmin ərazidə tikinti işləri aparar MMC-yə təhvil vermiş və bunu əvəzində MMC-dən 76.000 manat məbləğində kompensasiya almışdır. İddiaçı bildirir ki, o da, mərhum atasının birinci növbə vərəsəsi olduğu üçün həmin kompensasiya məbləğinin yarısı, yəni 38.000 manat ona ödənilməli idi. Bu məqsəd ilə iddiaçı iş üzrə cavabdehlərə dəfələrlə müraciət etsə də, cavabdehlər həmin məbləği iddiaçıya ödəməmişlər. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 16.06.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, 38.000 manat məbləğində pulun Cavabdeh2 alınaraq iddiaçıya ödənilməsini, iddianın cavabdeh MMC-yə aid hissəsinin isə təmin edilməməsini qət etmişdir. Cavabdeh2 həmin qətnamədən Baki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən və M.Perarin ölümündən sonra miras qalmış yaşayış sahəsi M.Perarin ilə Cavabdeh2 birgə nikahları dövründə əldə edilmişdir. Belə olan halda Cavabdeh2 2/3 hissədə, iddiaçının isə 1/3 hissədə vərəsəlik hüquqları var. Belə olan halda MMC tərəfindən Cavabdeh2 ödənilməli olan 76.000 manat məbləğində kompensasiyanın 50.666,66 manat hissəsi Cavabdeh2, qalan 25.333,33 manatı hissəsi isə iddiaçıya aid ola bilərdi. Lakin Cavabdeh2 MMC-dən pul almamışdır. Belə ki, onun tərəfindən Cavabdeh3 adla şəxsə etibarnamə verilmişdir ki, o, həmin məbləği MMC-dən alsın. Cavabdeh3 həmin etibarnamə əsasında pulu almış və Cavabdeh2 verməmişdir. Cavabdeh2 bununla bağlı prokurorluğa şikayət etmiş və Cavabdeh3 prokurorluqda verdiyi izahatında pulu Cavabdeh2 vermədiyi etiraf etmiş və söz vermişdir ki, 20.000 manatı iddiaçıya verəcək. Bundan bir müddət sonra Cavabdeh3 ölmüşdür. Göründüyü kimi, hazırki iddiaya cavab verməli şəxs Cavabdeh2 deyil. İddia tələbi Cavabdeh3 vərəsələrinə qarşı yönəlməlidir. Bundan başqa, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə Cavabdeh2 lazımi qaydada məlumat verməmiş, bununla da onun hüquqlarını pozmuşdur. Cavabdeh2 nümayəndəsi (qardaşı) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin dəlillərinə uyğun izahat verdi. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. Cavabdeh MMC-nin nümayəndəsi X5 apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək bildirdi ki, mərhum M.Perarinə məxsus yaşayış sahəsinin yerləşdiyi ərazi çoxmərtəbəli, çoxmənzilli binanın inşa edilməsi məqsədi ilə MMC-yə ayrılmışdır. Cavabdeh2 onlara müraciət edərək həmin yaşayış sahəsini sökülməsi məqsədi ilə MMCyə təhvil vermək istədiyini bildirmişdir. Bununla əlaqədar olaraq, MMC tərəfindən Bakı Şəhəri 21 saylı Notariat Ofisinə sorğu verilmiş və Notariat Ofisi sorğuya əsasən verdiyi cavab məktubunda bildirmişdir ki, mərhum M.Perarinin vərəsəsi (arvadı) Cavabdeh2dir. Həmin məktubda başqa vərəsələr barədə heç bir məlumat qeyd edilməmişdir. Yalnız bundan sonra MMC ilə Cavabdeh2 arasında müqavilə bağlanmış, yaşayış sahəsi Cavabdeh2 tərəfindən MMC-yə təhvil verilmişdir. Bundan sonra isə Cavabdeh2 nümayəndəsi olan Cavabdeh3 MMC-yə müraciət edərək, Cavabdeh2 tərəfindən ona verilmiş etibarnaməni təqdim etmiş və 76.000 manat məbləğində pul kompensasiyasının ona ödənilməsini xahiş etmişdir. MMC, etibarnaməni və notariusun cavab məktubunu nəzərə alaraq 76.000 manat məbləğində pulu Cavabdeh3 təhvil vermişdir. Bu məsələlərin üstündən xeyli vaxt keçdikdən sonra MMC-yə məlum olmuşdur ki, Cavabdeh3 ilə Cavabdeh2 arasında pulun verilməməsi ilə bağlı mübahisə yaranmış, mərhum M.Perarin Cavabdeh2 ilə nikaha daxil olmamışdan əvvəl başqa qadınla nikahda olub və həmin nikahdan M.Perarinin bir övladı var. MMC hesab edir ki, Rayon Məhkəməsi iddianı MMCyə münasibətdə rədd etməkdə haqlı olmuşdur. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən, yəni yalnız Cavabdeh2yə münasibətdə təmin edilsə, cavabdeh MMC-yə münasibətdə rədd edilsə də, iddiaçı iddia tələbinin MMC-yə münasibətdə təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. Cavabdeh2 apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddianın tam rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan aydın olur ki, o, qətnamənin MMCyə aid hissəsini mübahisələndirmir. Odur ki, bunu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-cı maddəsinin tələbini nəzərə alan Məhkəmə, qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən 09.11.1988-ci il tarixdə verilmiş XİV-ЖГ seriyalı, 302483 nömrəli “Doğum haqqında şəhadətnamədən” görünür ki, X3 hazırki iş üzrə iddiaçının atasıdır. İş üzrə tərəflərin bildirdiklərindən məlum olur ki, iddiaçının valideynləri boşandıqdan sonra iddiaçının atası Mübariz Perarin iş üzrə Cavabdeh2 ilə nikaha daxil olmuşdur. Yuxarıda qeyd edilən yaşayış sahəsi özbaşına tikili olmaqla Mübariz Perarinin sahibliyində olmuşdur. Mübariz Perarin 29.10.2019-cu il tarixdə ölmüşdür. Həmin özbaşına tikilinin yerləşdiyi ərazidə cavabdeh MMC tərəfindən çoxmərtəbəli, çoxmənzilli binanın inşa edilməsi nəzərdə tutulmuşdur. Mübariz Perarinin ölümündən sonra Cavabdeh2 MMC-yə müraciət edərək həmin özbaşına tikilini sökülməsi məqsədi ilə MMC-yə təhvil verilmək istədiyini bildirmişdir. MMC, Mübariz Perarinin ölməsini nəzərə alaraq mərhumun vərəsələrinin dairəsini müəyyənləşdirmək məqsədi ilə Bakı Şəhəri 21 saylı Notariat Ofisinə sorğu vermişdir. ünvan 1 ünvanlanmış 29.06.2020-ci il tarixli, 551 saylı cavab məktubundan görünür ki, 29.10.2019-cu il tarixdə ölmüş Mübariz Perarin vərəsəsi (arvadı) Cavabdeh2dir. MMC ilə Cavabdeh2 arasında sadə yazılı formada bağlanmış 27.07.2020-ci il tarixli, 08 saylı “Söküntüyə düşən daşınmaz əmlakın əvəzinin kompensasiya edilməsi barədə” müqavilədən görünür ki, Cavabdeh2 mərhum əri Mübariz Perarinə məxsus olan və yuxarıda qeyd edilən tikilini sökülməsi məqsədi ilə MMC-yə təhvil verir. Bunun əvəzində isə, MMC, Cavabdeh2 76.000 manat məbləğində kompensasiya ödəməlidir. İş üzrə tərəflərin bildirdiklərinə əsasən müəyyən edilir ki, həmin tikili Cavabdeh2 tərəfindən MMC-yə təhvil verilmişdir. MMC tərəfindən iddiaçının vəkilinə ünvanlanmış 15.01.2021-ci il tarixli, c.i.-08/21 saylı məktubdan görünür ki, mərhum Mübariz Perarinə məxsus olmuş tikilinin kompensasiyası – 76.000 manat pulun mərhumun vərəsəsi kimi tanınmış arvadı Cavabdeh2 baş etibarnamə əsasında nümayəndəsi olan Cavabdeh3 vərəsənin adından təqdim etdiyi ərizəyə əsasən 29.07.2020-ci il tarixdə vərəsənin adına açılmış bank hesabına köçürülmüşdür. Bakı Şəhəri Xəzər Rayon Prokurorluğu tərəfindən C-501/20 saylı material üzrə 16.12.2020-ci il tarixdə qəbul edilmiş və apellyasiya şikayətinə əlavə edilmiş “material üzrə cinayət təqibinin hissəvi rədd edilməsi və materialın aidiyyatı üzrə göndərilməsi barədə” qərardan görünür ki, MMC ilə Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən ödənilməli olan 76.000 manat məbləğində kompensasiya Cavabdeh2 verdiyi geniş səlahiyyətli etibarnamə əsasında çıxış edən Cavabdeh3 ödənilmişdir. Həmin qərardan həmçinin görünür ki, Cavabdeh3 prokurorluğa verdiyi izahatında bildirmişdir ki, 76.000 manatdan 40.000 manatı Cavabdeh2 qardaşına, 16.000 manatı isə maklerə vermişdir. Cavabdeh2 ilə gəldikləri razılığa əsasən qalan 20.000 manatı mərhum Mübariz Perarinin birinci nikahından olan qızına (iddiaçıya) verməli idi, lakin həmin məbləği özünün ehtiyaclarına xərcləmişdir. Bakı Şəhəri Xəzər Rayon Qeydiyyat şöbəsi tərəfindən 23.02.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 166749 saylı “Ölüm haqqında şəhadətnamədən” görünür ki, Cavabdeh3 12.02.2021-ci il tarixdə ölmüşdür. İddiaçı tərəfindən yazılmış və Bakı Şəhəri 21 saylı Notariat Ofisi tərəfindən 8İ-3261 reyestr nömrəsi ilə qeyd alınmış ərizədən görünür ki, iddiaçı, notariusdan xahiş etmişdir ki, 29.10.2019-cu il tarixdə ölmüş atasından miras qalmış əmlaklar üzrə qanunla müəyyən edilmiş qaydada bölgü aparılsın. Atasının yol nəqliyyat hadisəsi nəticəsində ölməsi səbəbindən standart sığorta şirkəti tərəfindən verilən 5.000 manat sığorta ödənişindən 1/2 hissəsinin – 2.500 manat məbləğində pulun ona verilməsinə razıdır. Cavabdeh MMC ilə atası arasında bağlanmış 176-20B/19 saylı müqaviləyə əsasən ödənilən 2.800 manat kompensasiyadan heç bir pay tələb etmirəm. Bu payın bölgüsünü mübahisələndirməyəcək. İddiaçı tərəfindən yazılmış və 21 saylı Notariat Ofisi tərəfindən 8İ-3261 reyestr nömrəsi ilə qeyd alınmış ərizədən görünür ki, iddiaçı, notariusdan xahiş etmişdir ki, atasının ölümündən sonra miras qalmış bütün daşınar və daşınmaz əmlakdan ona payın verilməsi ilə bağlı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilsin. 21 saylı Notariat Ofisi tərəfindən Rayon Məhkəməsinə ünvanlanmış 665 saylı, 29.04.2021-ci il tarixli cavab məktubundan görünür ki, 29.10.2019-cu il tarixdə ölmüş Mübariz Perarin vərəsələri övladı olan iddiaçı və arvadı olan Cavabdeh2dir. Beləliklə də işdə olan sənədlərdən və tərəflərin məhkəmələrə verdikləri məlumatlardan işin mübahisəsiz halları kimi müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsində yerləşən 20 saylı tikili özbaşına tikili olmaqla Mübariz Perarinin sahibliyində olmuşdur. İş üzrə iddiaçı, Mübariz Perarinin birinci nikahından doğulmuş övladıdır. Bu nikah pozulduqdan sonra Mübariz Perarin iş üzrə Cavabdeh2 ilə nikaha daxil olmuşdur. Mübariz Perarin 29.10.2019-cu il tarixdə ölmüşdür. Həmin özbaşına tikilinin yerləşdiyi ərazidə cavabdeh MMC tərəfindən çoxmərtəbəli, çoxmənzilli binanın inşa edilməsi nəzərdə tutulmuşdur. Mübariz Perarinin ölümündən sonra Cavabdeh2 MMC-yə müraciət edərək həmin özbaşına tikilini sökülməsi məqsədi ilə MMC-yə təhvil vermək istədiyini bildirmişdir. MMC, Mübariz Perarinin ölməsini nəzərə alaraq mərhumun vərəsələrinin dairəsini müəyyənləşdirmək məqsədi ilə ünvan 2 ünvanlanmış cavab məktubunda qeyd edilmişdir ki, mərhumun bir vərəsəsi var - arvadı Cavabdeh2dir. Bunları nəzərə almış MMC, notariusun cavabına əsasən mərhumun yeganə vərəsəsi hesab etdiyi Cavabdeh2 ilə 27.07.2020-ci il tarixdə “Söküntüyə düşən daşınmaz əmlakın əvəzinin kompensasiya edilməsi barədə” müqavilə bağlayaraq tikilini sonuncudan təhvil almış və bir müddətdən sonra, sonuncunun adından geniş səlahiyyətli etibarnamə əsasında çıxış edən, nümayəndə Cavabdeh3 kompensasiyanın məbləğini təşkil edən 76.000 manatı ödəmişdir. Bundan sonra isə MMC-yə məlum olmuşdur ki, mərhum Mübariz Perarinin daha bir vərəsəsi də var, yəni iş üzrə iddiaçı. İşin qeyd edilən bu hallarını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 139-cu maddəsinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə, daşınmaz əmlaklara dair bütün hüquqlar dövlət qeydiyyatına alınmalı və həmin qeydiyyat daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilməlidir. Mülki Məcəllənin 180.2-ci maddəsinə görə, özbaşına tikintiyə hər hansı əmlak hüquqlarının əldə edilməsi qeyri-mümkündür. Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Qeyd edilən maddi hüquq normalarının tələblərinin işin müəyyən edilmiş halına tətbiqi nəticəsində müəyyən edilir ki, yuxarıda qeyd edilən tikili özbaşına tikili olduğu üçün mərhum Mübariz Perarinin əmlakı sayılmırdı və miras əmlak toplusuna daxil deyildi. Lakin həmin tikilinin tərkib hissələri – tikilinin inşasında istifadə olunmuş tikinti materialları Mübariz Perarinin əmlakı olmuşdur. MMC öz iradə ifadəsindən çıxış edərək, sökülməsi məqsədi ilə həmin tikilini Cavabdeh2 qəbul etmiş və bunun müqabilində 76.000 manat kompensasiya ödəmişdir. İddiaçı hesab edir ki, həmin pul məbləği miras əmlak olaraq mərhumun 2 vərəsəsi, yəni onunla Cavabdeh2 arasında bərabər paylar ilə bölünməlidir. Cavabdeh2 apellyasiya şikayətində iddianın rədd edilməsini xahiş etsə də, şikayətin məzmundan görünür ki, o, iddiaçının miras əmlakın bölgüsü ilə bağlı qaydaya etiraz edir. O bildirir ki, mərhum əri Mübariz Perarin ölümündən sonra miras qalmış tikili onların birgə nikahları dövründə əldə edilmişdir. Belə olan halda onun payı 2/3 hissədə, iddiaçının payı isə 1/3 hissədə müəyyən edilməlidir. İşin mübahisə doğuran bu halının həlli ilə bağlı Məhkəmə bildirir ki, qeyd edilən özbaşına tikilinin Cavabdeh2 ilə mərhum Mübariz Perarinin birgə nikahları dövründə və nikah dövründə qazanılmış birgə vəsait hesabına alınması və ya inşa edilməsi müəyyən edilmir. Cavabdeh2 bu halları təsdiq edə biləcək sübutları Məhkəməyə təqdim etməmişdir. Lakin işin mübahisəsiz halı kimi müəyyən edilir ki, tikilinin inşası üçün istifadə edilmiş tikinti materialları Mübariz Perarinin mülkiyyətində olmuşdur. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1162-ci maddəsinə görə, sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, qeyd edilən tikilinin inşası üçün istifadə edilmiş tikinti materialları Cavabdeh2 ilə Mübariz Perarinin birgə nikahları dövründə və nikah dövründə qazanılmış birgə vəsait hesabına alınmış əmlak kimi qiymətləndirilə bilməz. Daha sonra Məhkəmə bildirir ki, Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə görə, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Nəzərə alınsa ki, Cavabdeh2 və iddiaçı mərhum Mübariz Perarinin birinci növbə vərəsələri sayılırlar onda qəbul edilməlidir ki, MMC tərəfindən kompensasiya kimi ödənilmiş 76.000 manat məbləğində pul onların arasında bərabər hissələr ilə bölünməlidir. İşin hallarından daha sonra müəyyən edilir ki, cavabdeh MMC ilə Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən ödənilməli olan 76.000 manat məbləğində kompensasiya Cavabdeh2 verdiyi geniş səlahiyyətli etibarnamə əsasında çıxış edən Cavabdeh3 tərəfindən alınmışdır. Başqa sözlə Cavabdeh3 Cavabdeh2 ona verdiyi tapşırığı yerinə yetirmişdir. Cavabdeh2 apellyasiya şikayətində göstərir ki, o, MMC-dən pul almamışdır. Belə ki, onun tərəfindən Cavabdeh3 geniş səlahiyyətli etibarnamə verilmişdir ki, Cavabdeh3 həmin məbləği MMC-dən alsın. Lakin Cavabdeh3 həmin etibarnamə əsasında pulu alsa da, ona verməmişdir. Bir müddət sonra Cavabdeh3 ölmüşdür. Göründüyü kimi, o, hazırki iddiaya cavab verməli şəxs deyil. İddia tələbi Cavabdeh3 vərəsələrinə qarşı yönəlməlidir. Bununla bağlı Məhkəmə bildirir ki, Mülki Məcəllənin 362.1-ci maddəsinə görə, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Məcəllənin 777-ci maddəsinin mənasına görə, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür (maddə 777.1.). Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir (maddə 777.2.). Məcəllənin 779.1-ci maddəsinə görə, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Qeyd edilən maddi hüquq normalarının tələblərinin işin hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, Cavabdeh3 qeyd edilən pul məbləğini MMC-dən Cavabdeh2 səlahiyyətli nümayəndəsi olaraq və sonuncunun ona verdiyi tapşırıq əsasında qəbul etmişdir. Bundan sonra isə əgər o, həmin pul məbləğini Cavabdeh2 verməyərək ona ziyan vurmuşdursa, ondan Cavabdeh2 artıq ölmüş Cavabdeh3 vərəsələrinə qarşı özü iddia qaldırmalıdır. Göstərilənlərə əsasən qəbul edilməlidir ki, 76.000 manat məbləğində kompensasiya məbləği MMC-dən nümayəndə vasitəsi ilə alınsa da, pul Cavabdeh2 ödənilmişdir. Lakin yuxarıda artıq qeyd edildiyi kimi, həmin pul məbləğinin yarısı, yəni 38.000 manat iddiaçıya çatmalı idi. Cavabdeh2 iddiaçıya çatmalı olan məbləği MMC-dən almaqla iddiaçıya münasibətdə əsassız olaraq varlanmışdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məcəllənin 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məcəllənin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin müəyyən edilmiş hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, Cavabdeh2 iddiaçıya çatası 38.000 manat məbləğində pulu iddiaçıya ödəməlidir. Cavabdeh2 qətnamədən verdiyi apellyasiya şikayətində daha sonra bildirir ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə ona lazımi qaydada məlumat verməmiş, bununla da onun hüquqlarını pozmuşdur. Bununla bağlı olaraq Məhkəmə bildirir ki, Azərbaycan Respublikası DİN-in BPQMİin MARS Şöbəsi tərəfindən verilmiş 19.01.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 yaşayış yeri üzrə Bakı şəhəri, Nərimanov rayonu, Bakuvi küçəsi, ev 20-də qeydiyyatdadır. Bu hal Cavabdeh2 nümayəndəsinə (qardaşına) verdiyi etibarnamədə də öz təsdiqini tapır. İş materiallarından görünür ki, işə baxmış Rayon Məhkəməsi Cavabdeh2 ünvanlandığı məhkəmə bildirişlərini məhz həmin ünvan üzrə göndərmişdir. Məhkəmə bildirişləri, poçt xidməti tərəfindən üzərinə “ünvan sökülüb” və “köçüb” qeydləri ilə Rayon Məhkəməsinə qaytarılmışdır. Bunu nəzərə almış Rayon Məhkəməsi işə Cavabdeh2 iştirakı olmadan baxmışdır. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi MPM-də nəzərdə tutulmuş prosessual normalara riayət etmiş və işə Cavabdeh2 iştirakı olmadan baxmağa haqlı olmuşdur. Qətnamə, çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə faktlar nöqteyinəzərindən qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 iyun 2021-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-642/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-642/2022
14.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver