Məhkəmə qərarları › İş №2(103)-6425/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6425/2025

26.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6425/2025 26.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (X5, Maraqlı şəxs1, Maraqlı şəxs2, X12 və 4 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat Kontoru mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) mülki iş üzrə Açar sözlər: vərəsəliyin müəyyən edilməsi X1 (sədrlik edən və məruzəçi), X13 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X5, Maraqlı şəxs1, Maraqlı şəxs2, X12 və 4 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat Kontoru mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “vərəsəliyin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-2071/2025 saylı qətnaməsindən və xx.xx.2025-ci il tarixli, e-2(011)- 2071/2025 saylı əlavə qətnaməsindən İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 tərəfindən ayrı-ayrılıqda verilən apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X15 ilə X14 arasında xx.xx.1981-ci il tarixdə bağlanmış nikah xx.xx.2011-ci il tarixdə pozulmuşdur. Həmin nikahdan İddiaçı və Vahabova (hazırda Ağamoqlanova) Cəmilə Sabir qızı doğulmuşdur. X15 ilə Cavabdeh arasında nikah xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Onların həmin nikahdan övladı yoxdur. X15 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.

2. “ZAZ 968 M” minik markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.1999-cu il tarixdə, “Qaz 31105 120” minik markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2010-cu il tarixdə və “Mercedes Benz B 180” minik markalı, 77- FS-724 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə X9 adına qeydiyyata alınmışdır.

3. ünvan 1 ünvanında yerləşən 0.033620 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə X9 adına qeydiyyata alınmışdır.

4. X9 adına "xxxx" ASC-də qalığı 0.00 olan ******************** nömrəli, "xxxx" ASCdə qalığı 0.02 manat olan **********11191 nömrəli, qalığı 0.07 ABŞ dolları olan **********11191 nömrəli bank hesabları mövcuddur.

5. xx.xx.2023-cü il tarixdə Cavabdeh, xx.xx.2023-cü il tarixdə X5, xx.xx.2023-cü il tarixdə Vahabova (Bayramova) Elnarə Sabir qızı, xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs1 mərhum - xx.xx.2023-cü il tarixdə vəfat etmiş X6 miras qalmış əmlaklara dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdirlər. xx.xx.2023-cü il tarixdə X7 təsdiq edilməli hüquq və fakt barəsində məhkəməyə müraciət etmək arzusunda olması barədə ərizəsi əsasında notariat hərəkətlərinin aparılması 10 gün müddətinə və xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs1 eyni məzmunlu müraciəti əsasında notariat hərəkətlərinin aparılması daha 10 gün müddətinə təxirə salınmış, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli ərizə alınması haqqında məlumatına əsasən notariat hərəkətlərinin aparılması iş həll edilənədək dayandırılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı Cavabdeh qarşı (X5, Maraqlı şəxs1, Maraqlı şəxs2, X12 və 4 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat Kontoru mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, onun mərhum X3nun yeganə varisi (tək vərəsə) olmasının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X3 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Vəfat etdiyi gün onun yanında olmuş və atası ünvan 1 ünvanında yerləşən evdə onun qollarında vəfat etmişdir. Həmin ev tam mülkiyyət hüququ ilə mərhum X3na məxsus olmuşdur. Atası ilə anası ayrılmışlar. Onlar iki bacıdırlar. X3 xx.xx.2021-ci il tarixdə Cavabdeh ilə nikaha daxil olmuşdur. Həmin nikahdan övladları olmamışdır. Həmin nikah formal xarakterli olmuşdur. Nikah və həmin şəxs barəsində onların ölən günündən bir neçə ay qabağa qədər belə xəbərləri olmamışdır. X3 xx.xx.2023-cü il tarixdə vəfat edərkən onun 4 nəfər birinci növbəli vərəsəsi qalmışdır. Anası Maraqlı şəxs1, ikinci həyat yoldaşı Cavabdeh, bacısı və o. Atası ölümündən əvvəl xəstə olarkən notariat kontoruna vəsiyyətnamə qoymamışdır. Lakin xəstə olarkən bütün qohumların yanında evini və bütün hər şeyini ona vəsiyyət etmişdir. Bu vəsiyyət şifahi və yazılı formada olmuşdur. Atasının şifahi və yazılı vəsiyyətinə əsasən o, atasının tək varisi olmuşdur. Atası vəsiyyət edərkən yanlarında qohumlar və qonşular olmuşdur. Onlar məhkəmədə iştirak edərək bu faktı təsdiq edə bilərlər. Hazırda 1-ci növbəli varislərdən nənəsi Maraqlı şəxs1 bu faktı təsdiq də edir. Lakin atasının ikinci həyat yoldaşı Cavabdeh onun atasının tək varisi olmağını qəbul etmir. Atasından qalan ünvan 1 ünvanında yerləşən evi və maşını bölmək istəyir. Atası xəstə olarkən fürsəti olmadı ki, yazılı vəsiyyətnaməni təsdiqlətdirsin. ünvan 1 ünvanında yerləşən ev, maşınlar tam mülkiyyət hüququ ilə X3na məxsus olmuşdur. Varislərin və şahidlərin iştirakı ilə ona vəsiyyət etmişdir.

8. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0.0336 kv.m torpaq sahəsinin də vərəsələr arasında bölünməsi, iddianın rədd edilməsi halında vəkilə hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin, eləcə də nümayəndəyə etibarnamə verilməsinin rəsmiləşdirilməsinə görə çəkilmiş 17 manat məbləğində xərcin iddiaçıdan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-2071/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, mərhum X6 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin; "xxxx" ASC-də mərhumun adına qeydə alınmış **********11191 saylı, **********11191 saylı, "xxxx" ASC-də qeydə alınmış ******************** saylı bank hesablarında S.Vahabovun vəfatından sonra qalıq qalmış pul vəsaitlərinin, “Qaz 31105 120 minik” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı, “Zaz 968 M minik” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərində İddiaçı və Cavabdeh hər birinin 1/4 hissədə miras paylarının müəyyən edilməsi, mərhum X6 miras qalmış “Mercedes Benz B 180 minik” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində İddiaçı 1/8, Cavabdeh 5/8 hissədə miras paylarının müəyyən edilməsi, iddia tələblərinin qalan hissədə təmin edilməməsi, mərhum X6 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin; "xxxx" ASC-də mərhumun adına qeydə alınmış **********11191 saylı, **********11191 saylı, "xxxx" ASC-də qeydə alınmış ******************** saylı bank hesablarında S.Vahabovun vəfatından sonra qalıq qalmış pul vəsaitlərin, “Qaz 31105 120 minik” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı, “Zaz 968 M minik” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərində vərəsələr: X2 və Maraqlı şəxs1 hər birinin 1/4 hissədə miras paylarının müəyyən edildiyinin nəzərə alınması, mərhum X6 miras qalmış “Mercedes Benz B 180 minik” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində vərəsələr: X2 və Maraqlı şəxs1 hər birinin 1/8 hissədə miras paylarının müəyyən edildiyinin nəzərə alınması, dövlət rüsumunun iddiaçıya aid edilməsi, məhkəmə xərclərinə daxil olan Cavabdeh tərəfindən ödənilmiş hüquqi yardıma görə 300 manat məbləğinin və nümayəndənin etibarnaməsinin rəsmiləşdirilməsinə görə 17 manat ödənişin yarısının, yəni 158,50 məhkəmə xərclərinin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir (hakim X11).

10. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, iş materialları ilə mərhum X9 dörd nəfər vərəsəsinin olduğu müəyyən edilir – arvadı Cavabdeh, anası Maraqlı şəxs1, övladları: İddiaçı və X5. Bununla da iddiaçının miras əmlaka tam payda yeganə varis olması ilə bağlı iddia tələbləri əsassızdır. İddiaçı mərhumun vəsiyyətnaməsinə istinad etsə də, məhkəmə iclaslarında iştirak etməmiş və buna dair mötəbər sübutları prosessual qanunvericiklə nəzərdə tutulmuş qaydada (bilavasitə məhkəmə iclasında iştirak etməklə, elektron kabinet və ya poçt vasitəsilə təqdim etməklə) məhkəməyə təqdim etməmişdir. Buna görə də vəsiyyətnamənin mövcudluğu ilə bağlı sübutlar olmadığı halda, açılmış vərəsəlik işi üzrə vərəsələrin dairəsi qanun üzrə vərəsəliyə çağırılmış şəxslərin siyahısı üzrə müəyyən edilməlidir.

11. Eyni zamanda məhkəmə miras kütləsinə münasibətdə qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdən dövlət qeydiyyatına alınmaqla mərhuma məxsus olmuşdur. “Qaz 31105 120 minik” markalı, **- NB-*** dövlət qeydiyyat nişanlı və “Zaz 968 M minik” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobillər müvafiq olaraq 2010-cu və 1999-cu ildən mərhumun adına qeydiyyata alınmaqla, sonuncunun mülkiyyətində olmuşdur. Sözügedən fərdi yaşayış evinin, “Qaz 31105 120 minik” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı, “Zaz 968 M minik” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin və bank hesablarında aşkarlanmış qalıq məbləğlərin nikah dövrünə aid birgə əmlak olması iş materialları ilə müəyyən edilmədiyindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin; "xxxx" ASC-də mərhumun adına qeydə alınmış **********11191 saylı, **********11191 saylı, "xxxx" ASC-də qeydə alınmış ******************** saylı bank hesablarında S.Vahabovun vəfatından sonra qalıq qalmış pul vəsaitlərinin, “Qaz 31105 120 minik” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı, “Zaz 968 M minik” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərində İddiaçı və Cavabdeh hər birinin 1/4 hissədə miras payları müəyyən edilməlidir. Həmin əmlakların üzərində X2 və Maraqlı şəxs1 hər birinin 1/4 hissədə miras paylarının müəyyən edildiyi nəzərə alınmalıdır.

12. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, “Mercedes Benz B 180 minik” markalı, **- FS-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə mərhumun adına qeydiyyata alınmaqla, ümumi prezumpsiyaya əsasən nikah dövründə əldə edilmiş ümumi əmlaka aid edildiyindən, həmin avtomobilin üzərində İddiaçı 1/8, Cavabdeh 5/8 hissədə miras payları müəyyən edilməlidir. Bu əmlaka dair X2 və Maraqlı şəxs1 hər birinin 1/8 hissədə miras paylarının müəyyən edildiyi nəzərə alınmalıdır. İddia tələbləri qalan hissədə təmin edilməməlidir.

13. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia tələbləri qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu iddiaçıya aid edilməli, məhkəmə xərclərinə daxil olan Cavabdeh tərəfindən ödənilmiş hüquqi yardıma görə 300 manat məbləğinin və nümayəndənin etibarnaməsinin rəsmiləşdirilməsinə görə 17 manat ödənişin yarısı, yəni 158,50 məhkəmə xərcləri İddiaçı tutularaq Cavabdeh ödənilməlidir.

14. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)- 2071/2025 saylı əlavə qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, mərhum X6 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,033620 ha torpaq sahəsinin üzərində İddiaçı və Cavabdeh hər birinin 1/4 hissədə miras paylarının müəyyən edilməsi, iddia tələblərinin qalan hissədə təmin edilməməsi, mərhum X6 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,033620 ha torpaq sahəsinin üzərində vərəsələr: X2 və Maraqlı şəxs1 hər birinin 1/4 hissədə miras paylarının müəyyən edildiyinin nəzərə alınması qət edilmişdir.

15. Məhkəmə hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133cü, 1145-1146-cı, 1151-ci, 1159-cu, 1243-cü, 1245-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9-cu, 14.2-ci, 77.1-ci, 107-ci, 119.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Həmin qətnamədən və əlavə qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddiasının tam təmin edilməsini və əlaqə qətnamənin ləğv olunmasını xahiş etmişdir.

17. İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, hazırda Ali Məhkəmədə inzibati iş üzrə icraat davam edir və həmin işin predmeti ilə bu iş arasında birbaşa bağlılıq mövcuddur ki, bu da hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxarır. Digər tərəfdən, məhkəmə Mercedes markalı avtomobilin ödəniş mənbəyini, evin tikintisinə dair qəbzləri və digər sənədləri araşdırmamış, yalnız cavabdehin mövqeyini əsas götürmüşdür. Mərhum atası anası Marina Viktorovna ilə xx.xx.1981-ci il tarixdə Rusiya Federasiyasında nikaha daxil olmuşdur. Avtomobil xx.xx.2010-ci il tarixində X23 adına qeydiyyata alınıb. Bu dövrdə atası Marina Viktorovna ilə nikahda idi. Nikah yalnız xx.xx.2011-ci il tarixdə pozulmuş, QAZ 31105 markalı avtomobilin alınmasında əsas maliyyə yükünü Marina Viktorovna daşımışdır. Buna görə də Marina Viktorovna – 5/8 pay, qalan 3/8 hissə mərhumun payı kimi varislər arasında bölünməlidir. Cavabdeh – 1/8, ona – 1/8 Cəmilə Ağamoğlanova – 1/8. Vərəsəlik haqqında qanuna əsasən anası maraqlı şəxs kimi məhkəməyə cəlb olunmalı idi. Bu da qanun pozuntusudur. Əlavə olaraq, avtomobilin alınmasında əsas vəsaitin Marina tərəfindən qoyulduğu nəzərə alınaraq, onun payı 5/8 kimi müəyyən edilməlidir. Ataya düşən 3/8 hissə isə dörd qanuni varis arasında bölünməli – hərəsinə 1/8 pay düşməlidir. Ev məsələsi üzrə: “X23 adına rəsmiləşdirilsə də, faktiki olaraq ev iddiaçı tərəfindən şəxsi vəsaiti ilə tikilmiş və hazırda onun faktiki yaşayış yeri kimi istifadə olunur. Eyni zamanda, Bakı İnzibati Məhkəməsinin qərarı ilə əmlak üzərinə həbs qoyulduğundan, mübahisəli əmlak barəsində digər varislərin sərəncam və istifadə tələbləri əsassızdır.” Bakı İnzibati Məhkəməsinin qərarı ilə bu əmlakın üzərinə həbs qoyulmuşdur. Bu da göstərir ki, mübahisəli əmlak barəsində digər varislərin sərəncam tələbləri əsassızdır. Mercedes Benz B180 Avtomobil xx.xx.2022 tarixində mərhumun adına rəsmiləşdirilmişdir. Lakin avtomobilin alınması üçün pul vəsaiti onun şəxsi pulu hesabına təmin edilmişdir. Məhkəmənin hazırlıq iclası zamanı o, ölkə xaricində olmuş və bu barədə də sübut təqdim etmişdir. Lakin məhkəmənin işi baxışa təyin etməsi qanuna ziddir. Digər tərəfdən, məhkəmə zamanı şahidlər dindirilməyib və tək vərəsə olmağı təsdiq edilməsi üçün araşdırılma aparılmamışdır. Baxış iclası zamanı məhkəmə sorğular verib və baxış iclası zamanı cavablar alınıb. Baxış iclası təyin olunması belə huquqa ziddir. Bundan başqa, əlavə qətnamə ilə məhkəmə torpaq sahəsinin bölünməsi barədə qərar verib. Amma iddianın predmeti yalnız Elnarənin yeganə varis kimi tanınması idi. Torpaq bölünməsi ayrıca iddia tələbidir və mövcud işin predmetinə aid deyildir.

18. Həmin qətnamədən və əlavə qətnamədən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini, habelə əlavə qətnamənin ləğv edilməsini xahiş etmişdir.

19. Üçüncü şəxs Maraqlı şəxs1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı atasının həm şifahi, həm yazılı vəsiyyətindən danışmış, şahidlər mövcud olmuşdur. Lakin məhkəmə bu halları araşdırmadan, yalnız qanun üzrə vərəsəliyə üstünlük vermişdir. Bu isə Mülki Məcəllənin 1133, 1145 və 1243-cü maddələrinin tələblərinə ziddir. Nikah dövründə əldə olunmuş əmlakların (avtomobil və bank vəsaitləri) bölünməsində ümumi birgə mülkiyyət prinsipi tətbiq edilməmişdir. Bu, Mülki Məcəllənin 32 və 34-cü maddələrinin tələblərinə ziddir. Qətnamədə X23 yalnız müəyyən şəxslərin varisi kimi qəbul olunması, digərlərinin hüquqlarının nəzərə alınmaması Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə ziddir, vərəsəlik məsələləri ilkin olaraq notariat qaydasında həll edilməlidir. Notarius icraatın dayandırılması barədə imtina vermədiyi halda, məhkəmənin pay bölgüsü aparması qanunsuzdur. Məhkəmə prosesləri onun iştirakı olmadan baxılmışdır ki, onun xəbəri olmadan işə baxılması, müdafiə hüququnun pozulmasıdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddiasının baxılmadan geri qaytarılmasını istəmişdir. Məhkəmə isə buna baxmayaraq işə mahiyyəti üzrə baxmışdır ki, bu, MPM-in 231-ci maddəsinə ziddir. İddia yalnız bir şəxsin yeganə varis kimi tanınması barədə olub. Halbuki məhkəmə bütün vərəsələrin pay bölgüsünü müəyyən edərək, iddiadan kənara çıxmışdır. İş materiallarına görə bir neçə müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb olunmalı idi, lakin onların iclasda iştirakları təmin edilməmişdir. Bu, MPM-in 54-cü maddəsinə ziddir. Əlavə qətnamə yalnız unudulmuş və ya diqqətdən yayınmış tələblər üzrə verilə bilər. Halbuki torpaq payı barədə məsələ əsas qətnamədə ümumiyyətlə iddia predmeti kimi qoyulmamışdır. Yəni məhkəmə faktiki olaraq yeni tələbi əlavə qətnamə ilə həll etmişdir. Bu, MPM-in 229.1.1-ci maddəsinin kobud pozulmasıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, vəkilə hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin apellyatorlardan tutulmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil Arzuman oğlu ayrı-ayrılıqda apellyasiya şikayətlərini qəbul etməyərək, apellyasiya şikayətlərinin təmin edilməməsini, qətnamənin və əlavə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər.

22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X5, Maraqlı şəxs1, Maraqlı şəxs2, X12 məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs 4 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat Kontoru isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə həmin tərəflərin (onların nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir; 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1168-ci maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir; 1179-cu maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin; əvvəlki redaksiyada 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 229.1.1-ci maddəsinə əsasən iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər; 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

26. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

27. Hazırda İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın tam təmin edilməsini, Maraqlı şəxs1 isə apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini, eyni zamanda hər ikisinin əlavə qətnamənin ləğv edilməsini xahiş etməsi, habelə iddia üzrə irəli sürülmüş tələbin mahiyyəti nəzərə alınaraq, iddia qismən təmin edilsə də qətnamə və əlavə qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi və əlavə qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətlərinin dəlillərinə istinadən qeyd edir ki, hazırki iş üzrə iddiaçı mərhum X9 birinci nikahdan doğulmuş qızı, cavabdeh arvadı (xx.xx.2021-ci il tarixdə bağlanmış ikinci nikah), üçüncü şəxslərdən X5 birinci nikahdan doğulmuş qızı, Maraqlı şəxs1 anası, Maraqlı şəxs2 isə mərhumun bacısıdır. X15 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh, xx.xx.2023-cü il tarixdə X5, xx.xx.2023-cü il tarixdə Vahabova (Bayramova) Elnarə Sabir qızı, xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs1 aidiyyəti notariat ofisinə müraciət edərək, mərhum - xx.xx.2023-cü il tarixdə vəfat etmiş X6 miras qalmış əmlaklara dair vərəsəlik şəhadətnamələrinin verilməsini xahiş etmişdirlər. xx.xx.2023-cü il tarixdə X7 təsdiq edilməli hüquq və fakt barəsində məhkəməyə müraciət etmək arzusunda olması barədə ərizəsi əsasında notariat hərəkətlərinin aparılması 10 gün müddətinə və xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs1 eyni məzmunlu müraciəti əsasında notariat hərəkətlərinin aparılması daha 10 gün müddətinə təxirə salınmış, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin xx.xx.2023- cü il tarixli ərizə alınması haqqında məlumatına əsasən notariat hərəkətlərinin aparılması iş həll edilənədək dayandırılmışdır.

30. Hazırda iddiaçı mərhum atasının varislərin və qohumların şahidliyi ilə şifahi və yazılı formada onu yeganə vərəsə təyin etməsini, lakin notariat kontorunda vəsiyyətnamənin yazılmamasını, hazırda atasının ikinci nikahından olan arvadının atasından miras qalmış əmlaklar üzərində onun yeganə vərəsə olmasını qəbul etməməsini bildirir və həmin hallara istinad edərək onun atasının yeganə vərəsəsi olmasının məhkəmə qaydasında təsbit edilməsini tələb edir.

31. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin müddəlarına istinadən qeyd edir ki, vərəsəlik institutu şəxsə sağlığında əldə etdiyi əmlakların (maddi dəyəri olan) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsinə təminat verir. Nəzərə alınmalıdır ki, qanun üzrə vərəsəlik məcburilik əlamətinə malik olmadığından miras qoyan vəsiyyətnamə vasitəsi ilə qanun üzrə vərəsələrini (məcburi pay hüququ olanlar istisna olmaqla) vərəsəlikdən tam və ya qismən kənarlaşdırmaq səlahiyyətinə malikdir. Vəsiyyət azadlığı vasitəsilə miras qoyana mülkiyyəti üzərində sərəncam vermək hüququndan irəli gələrək, vərəsəliyi öz sağlığında şəxsi istəyinə uyğun olaraq tənzimləmək imkanı verilir. Lakin qanunvericilikdə bu sahədə sui-istifadə hallarının qarşısının alınması məqsədilə məcburi forma tələbi nəzərdə tutulmuş və vəsiyyətnamənin yazılı qaydada şəxsən miras qoyan, bu üzrlü səbəblərdən mümkün olmadıqda səbəbləri göstərilməklə digər şəxslər tərəfindən tərtib edilməlidir. Qnunvericilikdə vəsiyyətnamənin şahidlərin iştirakı ilə tərtibi də şifahi qaydada ilə bağlı deyil, məhz digər şəxslər tərəfindən vəsiyyətnamənin tərtibi ilə bağlı nəzərdə tutulmuşudur.

32. İddiaçı mərhum atasının şifahi və yazılı formada onu yeganə vərəsə kimi müəyyənləşdirdiyini qeyd etsə də, nə birinci instansiya məhkəməsində, nə də hazırki icraat çərçivəsində mərhum atası tərəfindən yazılı formada tərtib edilmiş vəsiyyətnaməni məhkəməyə təqdim etməmişdir. İşin halları ilə də yazılı formada tərtib edilmiş vəsiyyətnamənin mövcudluğu öz təsdiqini tapmır. Hər bir halda, bu barədə sübutlar, o cümlədən şahidlər iddiaçı tərəfindən təqdim və təmin edilməlidir. Şifahi vəsiyyətnamənin verilməsi isə ümumiyyətlə qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının mövqeyi əsaslı hesab edilə bilməz. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, bir halda ki, vəsiyyətnamənin mövcudluğunu təsdiq edən heç bir sübut yoxdur, birinci instansiya məhkəməsi miras əmlakın qanun üzrə vərəsəlik qaydasında bölünməsi ilə bağlı düzgün qənaətə gəlmişdir.

33. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, mərhum X9 4 nəfər birinci növbəli vərəsəsi vardır: anası, 2 qızı və arvadı. Miras kütləsinə isə ünvan 1 ünvanında yerləşən 0.033620 ha torpaq sahəsi, həmin torpaq sahəsi üzərində olan fərdi yaşayış evi və 3 ədəd avtomobil daxildir. Eyni zamanda, mərhum X9 adına açılmış bank hesabları mövcuddur ki, onun vəfatından sonra qalıq qalmış pul vəsaiti də mirasa daxildir.

34. Birinci instansiya məhkəməsi də haqlı olaraq ünvan 1 ünvanında yerləşən 0.033620 ha torpaq sahəsinin, həmin torpaq sahəsi üzərində olan fərdi yaşayış evinin, bank hesabında olan vəsaitlərin, habelə ZAZ 968 M minik” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı və “Qaz 31105 120” minik markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin ər-arvadın birgə mülkiyyətinin dairəsinə daxil olmadığını nəzərə almış və həmin əmlaklar üzərində X9 qanun üzrə vərəsələrinin hər birinin ¼ hissədə, “Mercedes Benz B 180” minik markalı, 77- FS-724 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə birgə nikah dövründə əldə edildiyindən bu əmlak üzərində İddiaçı, X2 və Maraqlı şəxs1 hər birinin 1/8 hissədə, Cavabdeh isə 5/8 hissədə paylarını müəyyən etmişdir.

35. İddiaçı 2 ədəd avtomobilin onun və anasının vəsaiti hesabına əldə edildiyini, habelə fərdi yaşayış evinin onun vəsaiti hesabına inşa edildiyini bildirsə də, bu halları nəinki sübuta yetirə bilməmiş, ümumiyyətlə məhkəmə iclaslarında iştirak etməyərək, bu istiqamətdə hər hansı cəhb belə etməmişdir. Qeyd edilənlər iddiaçının istinad etdiyi avtomobil və fərdi yaşayış evi üzərində hər hansı üstün pay hüququnun əldə edilməsini istisna edir.

36. Məhkəmə kollegiyası apellyatorların birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamə üzrə gəldiyi nəticənin iddia tələbindən kənara çıxılması barədə dəlillərinə münasibətdə qeyd edir ki, ünvan 1 ünvanında yerləşən 0.033620 ha torpaq sahəsinin, həmin torpaq sahəsi üzərində olan fərdi yaşayış evinin X9 mülkiyyətində olması birinci instansiya məhkəməsi tərəfindən icraat çərçivəsində müəyyən edilsə də, qətnamə ilə yalnız fərdi yaşayış evinə münasibətdə vərəsələrin payı müəyyən edilmiş, torpaq sahəsinə münasibətdə isə paylar müəyyən edilməmişdir. Məhz bu halın mövcudluğu sonradan müəyyən edildiyindən iş üzrə əlavə qətnamə çıxarılaraq, torpaq sahəsi üzərində də vərəslərin hər birinin ¼ hissədə miras payları müəyyən edilmişdir. Bu da heç bir halda iddia tələbindən kənara çıxma hesab edilə bilməz. Əlavə qətnamə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun çıxarılmışdır.

37. Məhkəmə kollegiyası iddiaçının iddia ərizəsinin geri götürülməsi barədə ərizəsinin olmasına baxmayaraq işə mahiyyəti üzrə baxılması və bununla da mülki prosessual qanunvericiliyin tələblərinin pozulması barədə dəlillərinə münasibətdə qeyd edir ki, mülki prosessual qanunvericilikdə iddia ərizəsinin baxılmamış saxlanılmasının mümkünlüyü cavabdehin razılığından asılı edilmişdir. Belə ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə iddia ərizəsi yalnız cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə tərəfindən baxılmamış saxlanılır. Hazırki işdə isə cavabdeh tərəf israrla iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını tələb etmiş və bunu iddiaçının bu qəbildən olan çoxsaylı tələbləri ilə vərəsəlik şəhadətnaməsinin alınmasını uzatması ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsi də haqlı olaraq işə mahiyyəti üzrə baxaraq qətnamə çıxarmışdır.

38. Məhkəmə kollegiyası hazırki iş üzrə iddiaçının anası, yəni xx.xx.1981-ci il tarixdən xx.xx.2011-ci il tarixədək X15 ilə nikahda olmuş X8 hazırki işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsinə də hər hansı hüquqi zərurət görməmişdir. İddiaçının apellyasiya şikayəti üzrə belə bir dəlil irəli sürməsinə, habelə məhkəməyə bu barədə vəsatət təqdim etməsinə baxmayaraq, X14 xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, iş üzrə heç bir tələbinin və marağının olmadığını, onunla əlaqədar hər hansı sorğuların verilməsinə, habelə üçüncü şəxs qismində işə cəlb edilməsinə etiraz etdiyini bildirmişdir. Bu şəxs işdə iştirak etməyə cəlb edilməsə də, birinci instansiya məhkəməsinin qətnaməsinin onun hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınması ilə bağlı ərizə ilə özü də müstəqil qaydada məhkəməyə müraciət edib, qətnamədən apellyasiya şikayəti də verə bilərdi. Lakin bu hüquqlarından istifadə etməmiş, əksinə qeyd edilən teleqramda ümumiyyətlə etmək niyyətində belə olmadığını qəti şəkildə bildirmişdir. Bu səbəbdən məhkəmə kollegiyası bu barədə dəlilləri də əsassız hesab edir.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmədi öz mövqeyində haqlı olmuşdur. İddiaçının və üçüncü şəxsin apellyasiya şikayətlərində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə və əlavə qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi və əlavə qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilməlidir.

40. Apellyasiya şikayətləri əsassız hesab edildiyindən və birinci instansiya məhkəməsinin qətnaməsi və əlavə qətnaməsi dəyişdirilmədən saxlanıldığından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsində hüquqi xidmətin göstərilməsi üçün cavabdeh tərəfindən vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində pulun əvəzi apellyatorlardan müştərək qaydada tutularaq cavabdehə ödənilməlidir.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-2071/2025 saylı qətnaməsi və xx.xx.2025-ci il tarixli, e-2(011)-2071/2025 saylı əlavə qətnaməsi İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 aid edilsin. Apellyasiya instansiya məhkəməsində hüquqi xidmətin göstərilməsi üçün Cavabdeh tərəfindən vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində pulun əvəzi İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 müştərək qaydada tutularaq Cavabdeh ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar