Məhkəmə qərarları › İş №2(103)-6426/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6426/2020

04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6426/2020 04.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı MMC-nin nümayəndəsi X1 və cavabdehin iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında dəyərinin hissə-hissə ödəməklə künc divanın cavabdeh tərəfindən satın alınması barədə bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalan əsas borcun ödənilməsi məqsədi ilə 196 manat, öhdəliyin icra edilməməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 19 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi məqsədilə 20 manat məbləğinə pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı MMC ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh dəyərinin hissə-hissə ödənilməsi şərti ilə MMC-dən “xxxx” adlı künc divan almışdır. Divan MMC tərəfindən cavabdehə təhvil verilsə və cavabdeh divanın dəyərinin bir hissəsini MMC-ya ödəsə də, MMC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, divanın dəyərini tam həcmdə ödəməmişdir. Nəticədə cavabdehin MMC-ya 196 manat məbləğində borcu yaranmışdır. Öhdəliyin cavabdeh tərəfindən icra edilməməsi səbəbindən MMC cavabdehə 19 manat məbləğində cərimə (dəbbə) hesablamışdır. MMC cavabdehə xəbərdarlıq məktubu göndərərək qeyd edilən məbləğlərin ödənilməsini cavabdehdən tələb etsə də borc ödənilməmiş qalmışdır. Bu səbəbdən də MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bunun üçün 20 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə şərtlərinə tam əməl etmiş, MMC-ya olan borcunu tam, yəni 3.260 manat ödəmişdir. Bundan başqa, MMC-dən aldığı divan qüsurlu olmuşdur. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. İddiaçı MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. O bildirdi ki, iddia ərizəsində qeyd edilən borc mövcuddur və divan qüsurlu olmamışdır. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mövcud mülki mübahisənin həlli ilə bağlı isə Məhkəmə qeyd edir ki, MMC ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilədən və bu müqavilənin tərkib hissəsi olan həmin tarixli “xxxx” görünür ki, cavabdeh dəyərini hissə-hissə ödəmək şərti ilə MMC-dən qiyməti 3.240 manat olan künc divan nisyə almış və növbəti 18 ay müddətində “Ödəniş cədvəli” üzrə hər ay 180 manat məbləğində olmaqla, cəmi 3.240 manat ödəməyi öhdəsinə götürmüşdür. MMC-nin təqdim etdiyi sənədlərdən görünür ki, cavabdeh, yuxarıda qeyd edilən müqavilə üzrə iddiaçı MMC qarşısında üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməmiş və nəticədə onun MMC-ya 196 manat məbləğində borcu yaranmışdır. Öhdəliyin icra cavabdeh tərəfindən edilməməsi səbəbindən MMC cavabdehə 19 manat məbləğində cərimə (dəbbə) hesablamışdır. Cavabdeh iddiaçı MMC tərəfindən ona edilmiş yazılı xəbərdarlıqlara baxmayaraq öhdəliyini icra etməmişdir. Cavabdeh isə bildirir ki, öhdəliklərini tam icra etmiş, cəmi 3.260 manat məbləğində pulu iddiaçı MMC-yə ödəmişdir. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Mülki Məcəlləsinin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məcəllənin 600-cü maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir (maddə 600.1.). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4.). Məcəllənin 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2.). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən işin müəyyən edilmiş hallarına yanaşdıqda müəyyən edilir ki, müqavilə üzrə öhdəliklərin icra edilməsinin sübut edilməsi vəzifəsi borclunun (hazırki iş üzrə cavabdehin) üzərinə düşür. Cavabdeh, onun tərəfindən bütün borcun müxtəlif tarixlərdə hissə-hissə ödənildiyini, digər tərəfdən isə divanın qüsurlu olduğunu bildirirsə də, bunları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Bununla da, müəyyən edilir ki, cavabdehin kreditor olan MMC arasında bağlanmış müqavilə üzrə MMC qarşısında icra edilməmiş öhdəliyi mövcuddur; cavabdeh, öhdəliyin icra edilməməsinə görə MMC qarşısında mülki məsuliyyət daşıyır; cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməli və ödənilməmiş qalan 196 manat məbləğində əsas borcu MMC-yə ödəməlidir. İddiaçı MMC müqavilə üzrə cavabdehə 19 manat məbləğində dəbbə (cərimə) hesablamış və həmin məbləğin də cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, MMC ilə cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, müştəri “Ödəniş cədvəli” üzrə ödəniş şərtlərini pozduqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faiz həcmdə mübahisəsiz olaraq penya (cərimə) ödəyir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 19 manat məbləğində cərimə pulu dəbbə məbləğinin tənasüblüyünə, iş üzrə tərəflərin həm əmlak mənafelərinə, həm də bütün əsaslı mənafelərinə uyğundur. Bu baxımdan hesab edilməlidir ki, iddianın müzakirə edilən bu hissəsi də, əsaslıdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin maddəsinə əlavə edilmiş və xx.xx.2018-ci il tarixdən qüvvəyə minmiş 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti 2.000 manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki apellyasiya baxışının predmetini təşkil edən iddianın qiyməti isə 2.000 manatdan azdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar