Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6426/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən (sadələşdirilmiş icraat qaydasında) qəbul edilmiş 14 avqust 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdeh Birliyə qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 2.592 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Bakı şəhəri, Sabunçu rayonu, 2ci Y.Əliyev küçəsində yerləşən 34 saylı fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Ev cavabdeh Birlik tərəfindən təbii qazla təmin olunur və bununla bağlı həmin ünvanda, yəni küçədə qaz sayğacı quraşdırılmışdır (abonent kodu: **********003). 2023-cü ilin iyun ayında iddiaçıya məlum olmuşdur ki, ona əlavə sərfiyyat olaraq 2.592 manat məbləğində borc hesablanmışdır. Bunun səbəbi ilə maraqlandıqda iddiaçıya məlum olmuşdur ki, 2023-cü ilin aprel ayında Birliyin əməkdaşları iddiaçının yaşadığı küçədə yerləşən evlərə aid qaz sayğaclarını yoxlayarkən guya müəyyən etmişlər ki, iddiaçının evinə aid qaz sayğacına müdaxilə olunmuş və borc da həmin müdaxilə görə hesablanmışdır. İddiaçı bildirir ki, özü və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişlər. Küçədə quraşdırılmış sayğacda yaranmış nasazlığa görə o deyil, cavabdeh Birlik məsuliyyət daşıyır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir. Qaz sayğacı iddiaçıya məxsus sahədən kənarda quraşdırılmışdır. İddiaçı tərəfindən qaz sayğacına hər hansı bir formada müdaxilə olunmasına, habelə onun tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına dair sübutlar cavabdeh Birlik tərəfindən təqdim edilməyib və bu kimi hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda iddia əsaslı hesab edilməlidir. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə natamam və birtərəfli araşdırma aparmış, nəticədə isə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçıya məxsus yaşayış sahəsinə aid qaz xəttinə və qaz sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, iddiaçıya məxsus ünvanda quraşdırılmış qaz sayğacı mənfiyə işləyir. Birliyin əməkdaşları bu barədə müvafiq akt tərtib etmiş və sayğacı laboratoriyaya göndərmişlər. Laboratoriya tərəfindən isə müəyyən edilmişdir ki, həqiqətən də, sayğacın klapanı işləmir, sayğacın hesablama mexanizmi sayğacdan keçən qazın həcmini hesablamır. Lakin işə baxmış Rayon Məhkəməsi bu halları nəzərə almamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, əsassız və sübuta yetməyən iddianı təmin etmişdir. d) işdə olan sənədlər barədə məlumat
7. İşdə olan sənədlərdən görünür ki, iddiaçı, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Ev cavabdeh Birlik tərəfindən təbii qazla təmin olunur və bununla bağlı həmin ünvanda, yəni küçədə qaz sayğacı quraşdırılmışdır. Ünvana **********003 saylı abonent kodu verilmişdir.
8. İşdə olan sənədlərdən, o cümlədən apellyasiya şikayətinin məzmundan görünür ki, 2023-cü ilin aprel ayında Birliyin əməkdaşları iddiaçının yaşadığı küçədə yerləşən evlərə aid qaz sayğaclarını yoxlayarkən müəyyən etmişlər ki, iddiaçının evinə aid qaz sayğacına müdaxilə olunmuşdur. Aşkar edilmiş fakt ilə bağlı aparılmış hesablama nəticəsində müəyyən edilmişdir ki, cavabdeh Birliyə 2.592 manat məbləğində ziyan dəymişdir. Həmin məbləğ əlavə sərfiyyat kimi iddiaçının abonent hesabına mədaxil olunmuş və məbləğin ödənilməsi iddiaçıdan tələb olunmuşdur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
9. Göstərilənləri, nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
10. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (bənd 8.). Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir (bənd 9.).
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” tləblərinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (bənd 4.2.). Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (bənd 4.5.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fıziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (bənd 4.7.). Fıziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (bənd 4.8.). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (bənd 4.9.).
12. Qeyd olunan maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, fiziki şəxs olan istehlakçılara (hazırki halda iddiaçıya) məxsus yaşayış sahəsindən kənarda quraşdırılmış qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh Birlik daşıyır. Buna görə də Məhkəmə hesab edir ki, qaz sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Müdaxilənin iddiaçı tərəfindən edilməsini təsdiq edən hər hansı sübut (məsələn: sayğaca müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edə biləcək şahidlər və ya videogörüntülər) cavabdeh Birlik tərəfindən məhkəmələrə təqdim edilməmişdir.
13. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi göstərilənlərə əsaslanaraq iddianın təmin edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızıdır və formal xarakter daşıyır.
15. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-nin 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 119, 392, 393, 402ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 avqust 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.