Məhkəmə qərarları › İş №2(103)-6426/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6426/2025

05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6426/2025 05.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 oktyabr 2025-ci il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixində baş vermiş zəlzələ nəticəsində onun evinə dəymiş zərərin məbləğinin məhkəmə-ekspertizası vasitəsilə müəyyən edilməklə cavabdeh ASCdən tutularaq ona ödənilməsi, onun çəkdiyi məhkəmə xərclərinin əvəzinin də cavabdeh ASC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin icraata qəbulu məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə iddia ərizəsinin geri qaytarılmasını qərara almışdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizəsinin qəbulu məsələsinə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Rayon Məhkəməsi, iddia ərizəsini iddia tələbinin dəqiq olmaması və dövlət rüsumunun ödənilməməsini təsdiq edən sənədin əlavə edilməməsi əsası ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin əsasən, iddia ərizəsində iddiaçının tələbi, tələbin qiyməti (əgər qiymətləndirilə bilirsə), tələbin əsaslandırıldığı halların göstərilməsi və bu halları təsdiq edən sübutlar olmalıdır. İddiaçı cavabdeh ASC-dən tutulacaq zərərin məbləğinin ekspertiza vasitəsilə müəyyən edilməsini və ekspertiza ilə müəyyən edilən zərər məbləğinin tutulmasını xahiş etmişdir. İddia ərizəsi verildiyi anda iddiaçı konkret, rəqəmlə ifadə olunmuş zərər məbləğini göstərməmişdir. Beləliklə iddiaçı iddia ərizəsində dəymiş zərərin məbləğini tam və konkret qeyd etməməklə tələbi qeyri-müəyyən qoymuş, cavabdehdən tutulmalı olan pulun məbləğini əsaslandırılmış şəkildə konkret qeyd etməmişdir. Rayon Məhkəməsi həmçinin qeyd etmişdir ki, sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədə tələb qiymətləndirilə bilən iddia tələbi hesab olunur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən iddiaçı, iddia ərizəsini məhkəmədə verilməsi üçün qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində rüsum ödədiyi müəyyən edilmişdir. Hazırki halda iddiaçı tərəfindən rüsum ödənilmiş olsa belə, ərizənin geri qaytarılmasına əsas olan hal - tələbin dəqiq olmaması mövcud olaraq qalır. İddianın predmeti və qiyməti iddia ərizəsində iddiaçı tərəfindən göstərilməlidir. Məhkəmə isə tərəflərin tələbləri çərçivəsində qərar qəbul etməlidir. Qərardaddan verilmiş şikayət isə onunla əsaslandırılmışdır ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 149-150-ci maddələrinin tələblərinə riayət edilməklə verilmişdir. Ərizənin qaytarılması üçün əsas yoxdur. Göstərilənləri nəzərə alan Məhkəmə müzakirə edilən məsələnin həlli ilə bağlı qeyd edir ki, MPM-in 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. Rayon Məhkəməsi iddia ərizəsini qaytararkən MPM-in 149.2-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən, iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Rayon Məhkəməsi hesab etmişdir ki, cavabdehdən tutulması tələb edilən məbləğin iddia ərizəsində dəqiq göstərilməməsi ərizənin qaytarılması üçün əsasdır. Lakin mülki prosessual qanunvericilikdə ərizənin məzmununa dair belə tələb mövcud deyil. İddiaçı baş vermiş zəlzələ nəticəsində evinə dəymiş zərərin məbləğinin ekspertiza yolu ilə müəyyən edilməklə cavabdeh ASC-dən tutulmasını tələb edir. Tələb aydındır, ekspertiza məhkəmə araşdırması zamanı ekspert rəyi ilə zərər müəyyən edildikdən sonra iddiaçı tələbin konkret məbləğini dəqiqləşdirə bilər. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin məsələyə yanaşması düzgün deyil. Belə ki, iddia ərizəsinin məzmununda iddiaçının hüquqi marağı aydın ifadə edilmişdir. İddiaçının evinə dəymiş ziyanın məbləği və buna müqabil olaraq iddianın qiyməti, habelə dövlət rüsumunun çatışmayan hissəsi çəkişmə prinsipinə riayət etməklə məhkəmə araşdırması zamanı müəyyən edilə bilər. Buna hüquqi şərait imkan verir. Odur ki, qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə qaytarılmalıdır. Beləliklə də göstərilənləri nəzərə alan, MPM-in 398-ci maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edən və MPM-in 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 oktyabr 2025ci il tarixli qərardad ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar