Məhkəmə qərarları › İş №2(103)-6434/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6434/2022

16.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6434/2022 16.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 40 saylı Notariat Kontoruna (X23, X14 və X11 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras paylarının müəyyən edilməsi və həmin miras paylarına vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin notariat orqanının üzərinə qoyulması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxs X8 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 40 saylı Notariat Kontoruna qarşı ( X23, X14 və X11 üçüncü şəxs qismində cəlb edilməklə) “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras paylarının müəyyən edilməsi və həmin miras paylarına vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin notariat orqanının üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-418/2022 nömrəli, 02 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1, üçüncü şəxslər X23 və X14 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə 16 noyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. 10.06.2021-ci il tarixli “Elektron notariat” avtomatlaşdırılmış İnformasiya Sistemi vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan görünür ki, ünvan 4 də qeydiyyatda olan şəxslər X23, X15, X11, X16, Cavabdeh1, X28, İddiaçı, X17 və X26r.

2. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx/xx-1218-05/69 saylı arayışdan görünür ki, X27 və X18 25 sentyabr 1988-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra ərə Xəlilov, arvada Xəlilova soyadı verilmişdir.

3. XV-JQ 304489 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1990-cı ildə anadan olmuşdur, onun atası X27, anası X6r.

4. İV-JQ 297624 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 20 noyabr 1990-cı ildə Bakı şəhərində ölmüşdür.

5. AZ-İİ 060987 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 07 dekabr 2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür.

6. AZ-İİ seriyalı 317226 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X12 xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar.

7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 4 xx.xx.2001-ci il tarixdə X19 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

8. Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, vərəsələr vərəsəlik hüququ haqqında şəhadətnamə aldıqları və mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti itirdiyi üçün vərəsəliyin dairəsinə daxil edilə bilmədiyi qeyd olunmuş, itirilmiş müdətin bərpası və vərəsə kimi tanınmaq üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür.

9. 82 saylı MKİS tərəfindən verilmiş 816 nömrəli xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X2 ünvan 4-də qeydiyyatdan olub, xx.xx.2019-cu ildə vəfat etmişdir, vəfat etdiyi günədək həmin ünvanda X23, Cavabdeh1, X11, İddiaçı, X20, X28, X29, X17, X21, X30 ilə birlkdə qeydiyyatda olmuşdur.

10. ünvan 3 ünvanlanmış 13 dekabr 2021-ci il tarixli X-1023 saylı məktubdan görünür ki, X22 və X9 vərəsəlik işi açılmamışdır.

11. ünvan 3 ünvanlanmış məktuba əlavə edilmiş xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən, 06 dekabr 2007-ci il tarixdə vəfat etmiş X19 vərəsəsi ünvan 4 ünvanda yaşayan arvadı- X15 ½ hissə, oğlu Cavabdeh1 - ½ hissə miras əmlakdan irs almalıdır.

12. ünvan 3 ünvanlanmış məktuba əlavə edilmiş AZ-1 № 270790 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X31 06 dekabr 2007-ci il tarixdə çox saylı MTSdən Bakı şəhərində ölmüşdür.

13. İş materiallarında olan ünvan 3 ünvanlanmış məktuba əlavə edilmiş 82 saylı MKİS tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli arayışın surətindən görünür ki, X31 ünvan 4-də qeydiyyatda olmuşdur, xx.xx.2007-ci il tarixində vəfat etmişdir, ölən günə qədər aşağıdakı ailəsi ilə birlikdə yaşamışdır; həyat yoldaşı X15 və oğlu Cavabdeh1.

14. ünvan 3 ünvanlanmış məktuba əlavə edilmiş İ-İE 086636 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X31 və Tamara Zaman qızı 09 aprel 1958-ci ildə rəsmi nikaha daxil olmuşdurlar.

15. ünvan 3 ünvanlanmış məktuba əlavə edilmiş AZ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası X31, anası X10r.

16. ünvan 3 ünvanlanmış məktuba əlavə edilmiş X15 tərəfindən 40 saylı notariat kontoruna ünvanlanmış ərizənin surətindən görünür ki, miras əmlak əmanətdən ibarətdir, ondan başqa vərəsə Cavabdeh1dur, başqa vərəsələr yoxdur.

17. ünvan 3 ünvanlanmış məktuba əlavə edilmiş X24 tərəfindən 40 saylı notariat kontoruna ünvanlanmış ərizənin surətindən görünür ki, miras əmlak Kapital Bankda 852 nömrəli hesabda olan faizi və kompensasiyası ilə birlikdə əmanətdən ibarətdir, ondan başqa vərəsə X10r, başqa vərəsələr yoxdur.

18. ünvan 3 ünvanlanmış məktuba əlavə edilmiş X25 məxsus 852 saylı Bank hesabı kitabçasının surətindən görünür ki, X19 bankda əmanəti olmuşdur.

19. Xətai Rayon MKTB tərəfindən verilmiş 475871 saylı mənzil-kommunal xidməti üçün mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə R.Məmmədov ev 24, mənzil 23-ə görə Vİ-Xİİ-2017, İ-Xİİ-2018, İ-Xİİ-2019, İ-İV-2020 tarixlər üçün 150 manat ödənilmişdir.

20. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2987/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı - İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xatai rayonu, Rahib Məmmədov küçəsi, 24 saylı evin 23 saylı mənzilinə köçürülməyi barədə iddiası rədd edilmişdir. Həmin Qətnamə işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 24 saylı evin 23 saylı mənzilində 1990-cı ildən qeydiyyata düşmüşdür. Həmin mənzil xx.xx.2001-ci il tarixdə iddiaçının babası X19 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı məktəbi bitirib ailə qurduqdan sonra, yəni 6 aydan artıq müddətdə sözügedən mənzildən köçüb getmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

21. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1089/2012 №-li vərəsəlik işi üzrə Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən verilmiş 24 dekabr 2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ünvan 4-də ½ miras payının və babadan qalmış əmanətin ona çatacaq 1/6 miras payının müəyyən edilməsi və həmin miras paylarına ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri 40 saylı Notariat ofisinin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

22. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1990-cı ildə Xətai rayonunda R.Məmmədov küçəsi, ev 24, mənzil 23-də anadan olmuşdur, ev babasının adına olmuş, onların razılığı ilə özəlləşdirilmişdir, evdə özü, anası, nənəsi, babası, əmisi və onun yoldaşı yaşamışdır, bibiləri orada yaşamamışdır, babası 2007-ci ildə rəhmətə getmişdir, o rəhmətə gedəndə də anası və özü o evdə yaşamışdır, 254 nömrəli məktəbi də həmin evdə yaşayarkən bitirmişdir, 2017-ci ildə ailə həyatı qurmuşdur, lakin rəsmi nikaha 2019-cu ildə daxil olmuşdur, toyu olmuş, həmin toyda nənəsi, bibiləri iştirak etmişdir, evləndikdən sonra kirayə qalsa da, həmin evə gediş-gəlişi olmuşdur, bəzən kirayə evdə, çox zaman isə mübahisəli evdə yaşamışdır, mübahisəli evdə yaşayanlar düşünmüşdür ki, o həmin evə gələcək və ailə üzvlərini qeydiyyata salacaq, belə ki ev 4 otaqlıdır, hətta əmisi ona 2 otağı ona verdiyini, ailəsi ilə birlikdə yaşaya biləcəyini bildirmişdir, lakin həyat yoldaşı o evə köçmək istəməmişdir, buna baxmayaraq yoldaşı ilə də o evdə nənəsinin yanında qalmışdır, Binəqədidə evi olmamışdır, nənəsi 2019-cu ilin dekabr ayında rəhmətə getmişdir, 2019-cu ildən 2020-ci il iyun ayınadək tək yaşamışdır, mütəmadi olaraq gəlib getmişdir, iyun ayında o evdən köçmüşdür, əmisi ilə münasibətləri korlanmışdır, o vaxtdan bəri əmisi ona qapını açmır, həmin evə köçmək istəsə də, məhkəmə qərarı ilə iddiası təmin olunmamışdır, mirasın qəbulundan xəbəri olmamışdır, məhkəməyə gəldikdə məlumatı olmuşdur.

23. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-418/2022 nömrəli, 02 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, 1089/2012 saylı vərəsəlik işi üzrə Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, İddiaçı, Bakı şəhəri Xətai rayonu, R.Məmmədov küçəsi 24 saylı evin 23 saylı mənzilinə ½ hissədə, X25 məxsus Kapital bankda 852 nömrəli hesabda olan əmanətə 1/6 hissədə miras payının müəyyən edilməsi və həmin paylara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

24. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ünvan 4 ünvanında yerləşən mənzil və 852 saylı hesabda olan əmanət miras əmlakdır və X19 xx.xx.2007-ci il tarixdə ölməsi ilə miras açılmışdır, X15 miras qoyanın arvadı, Cavabdeh1 oğlu, İddiaçı isə miras açılana qədər miras qoyanın sağ olmayan birinci növbəli vərəsəsi hesab olunan oğlu Kamil Xəlilovun oğludur, həmin vərəsələr birinci növbəli vərəsələr olmaqla miras açılan vaxtda mənzildə yaşayan və orada qeydiyyatda olan şəxslərdir, miras açılan vaxt onlardan İddiaçı yetkinlik yaşına çatmamışdır, X15 isə xx.xx.2019-cu il tarixdə ölmüşdür, iddiaçı mənzilə dair kommunal xərclərin ödənilməsində iştirak etmişdir. Həmçinin məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2012- ci il tarixli Vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən, Kapital bankda olan 852 saylı əmanətdən onun arvadı - X7 ½ hissədə, oğlu Cavabdeh1 - ½ hissədə payı müəyyən olunmuşdur, vərəsəlik işi vərəsə X7 adına xx.xx.2012-ci il tarixdə başlanmış və xx.xx.2012-ci il tarixdə qurtarmışdır. Bununla belə, iddiaçının vərəsəlik hüququnu istisna edən, habelə miras əmlaka digər şəxslərin vərəsəlik hüququna əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, İddiaçı X19 miras açılan vaxt sağ olmayan birinci növbəli vərəsəsinin (oğlunun) oğlu olduğundan, o, 1990-cı ildə mübahisəli mənzildə doğulmaqla həmin ünvanda qeydiyyata alınmaqla yaşadığından, həmçinin miras qoyanın ölümündən sonra da (2007-2019) mübahisəli mənzildə yaşamaqda davam etdiyindən, miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Məhkəmə, iddiaçının miras pay hissəsinə münasibətdə isə hesab etmişdir ki, birinci növbəli vərəsələr kimi müəyyən edilən İddiaçı və Cavabdeh1 miras əmlakı faktiki olaraq qəbul etdiklərindən onların hər birinin bərabər olmaqla ½ hissədə payları müəyyən edilməlidir. Məhkəmə, iddia tələbinin X13 miras qalmış 852 nömrəli hesabda olan əmanətə miras payının müəyyən olunması və Vərəsəlik Şəhadətnaməsinin etibarsızlığı hissəsinə münasibətdə qeyd etmişdir ki, əvvəla, iddiaçı, miras açılan vaxt miras əmlakın bir hissəsi olan mənzili faktiki olaraq qəbul etdiyindən mirası tamamilə qəbul etmiş hesab edilir ki, bu da onun miras əmlakın digər hissəsi olan əmanət üzərində vərəsəlik hüququna əsas verir, ikincisi, qanun üzrə vərəsələrin dairəsi də notariat ofisi tərəfindən düzgün müəyyən olunmamışdır, belə ki, vərəsəlik şəhadətnaməsi verilərkən mənzildən qeydiyyatda olan və orada yaşayan şəxs kimi iddiaçı nəzərə alınmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli Vərəsəlik hüququ haqqında Şəhadətnamə etibarsız hesab edilməli, iddia tələbinin həcmi nəzərə alınmaqla həmin miras əmlaka (əmanətə) iddiaçının 1/6 hissədə payı tanınmalıdır. Məhkəmə, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə hesab etmişdir ki, tərəflərin, əmlaka dair hüquqları, miras əmlakı faktiki olaraq qəbul etməklə eyni əsaslarla yarandığından, iddia müddəti də nəzərə alına bilməz.

25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci, 1133.2-ci, 1134.1-ci, 1159.1.3-cü, 1243.2-ci, 1243.3-cü, 1274-cü, 1291-ci, 1321.1-ci, 1321.2-ci, 1325-ci maddələrinə, “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair“ Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 18 iyul tarixli Qərarına, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 16 oktyabr tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi İlə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarına eləcə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 82.3-cü, 107-ci, 119.1-ci və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətlərinin dəlilləri

26. Qətnamədən Cavabdeh1, üçüncü şəxslər X23 və X14 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

27. Əsasları eyni olan apelyasiya şikayətlərində göstərilmişdir ki, iddiaçı tərəf qanunla müəyyən edilmiş müddət ərzində yaranmış hüquqi ilə bağlı olaraq hər hansı bir tədbir görməmiş, miras əmlakın qəbul edilməsində maraqlı olmamışdır. Buna baxmayaraq məhkəmə şəxsin ölmüş valideyninə çatası paydan bərabər miras alması qənaətinə gəlməsi qanunla yol verilməzdir. Bundan savayı hesab edilsə ki belə şəxsin əmlakdan pay almaq hüququ vardır. Belə olduğu təqdirdə mübahisə üzrə predmet olan Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, ev24, mənzil 23 dair şəxsin də digər vərəsələr kimi bərabər surətdə 1/6 hissədə payı yaranmış olardı (qanunla müəyyən edilmiş müddətdə müraciət etmiş olsa idi). Lakin hazırki mübahisə ilə əlaqədar məhkəmə vərəslərin dairəsini düzgün tətbiq etməmiş, heç bir hüquqi əsas olmadan yalnızca iki şəxsə münasibətdə əmlak bölgüsünün aparılması kimi absurd nəticəyə gəlmişdir. Bununla da digər vərəsələrin konstision hüquqlarına toxunulmuşdur. Qeyd olunanlar bir daha onu təsdiq edir ki, məhkəmə iş üzrə mülki işə obyektiv baxmamış, hərtərəfli araşdırmamışdır. Hazırki mülki iş üzrə mərhumun 6 övladı-vərəsələri mövcuddur. Övladlardan biri dünyasını dəyişdiyindən isə onun övladı vərəsəyə çatan pay həcmində miras payı qəbul edə bilər. Halbuki, məhkəmə ümumiyyətlə hazırki iş üzrə vərəsələrin dairəsini necə müəyyənləşdirdiyini hüquq norması ilə əsaslandıra bilməmiş, qanunun tələbini ciddi surətdə pozmuşdur. Məhkəmə özü də qəbul edilmiş qətnamənin nəticə hissəsidə vərəsələrin dairəsinə iki cür münasibətdə yanaşaraq öz qətnaməsinin əsassız olmasını təsdiqləmişdir. Belə ki, iddiaçının Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 24 saylı evin 23 saylı mənzilinə ½ hissədə, X25 məxsus Kapital Bankda 852 nömrəli hesabda olan əmanətə 1/6 hissədə miras payı müəyyən edilməsini qət edərək absurd qətnamə qəbul etmişdir. Bu zaman meydana belə bir sual ortaya çıxır ki, məhkəmə nə üçün iddiaçının Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 24 saylı evin 23 saylı mənzilinə ½ hissədə, X25 məxsus Kapital Bankda 852 nömrəli hesabda olan əmanətə 1/6 hissədə miras payı müəyyən etmişdir. Bundan başqa, məhkəmə mülki işə çox səthi yanaşaraq digər vərəsələri məhkəmə icraatına cəlb etməmiş, məhkəmənin keçirilməsi barədə xəbərdar etməmişdir. Məhkəmə tərəflərə (vərəsələrə) bildirişin göndərildiyini bildirsə də, vərəsələr həmin bildirişi almamışdırlar. Bununla da məhkəmə digər şəxslərin hüquqlarına toxunmuş, qanun pozuntusuna yol vermişdir. Həmçinin iddiaçı iddia tələbinin əsasını təşkil edən miras əmlakı heç vaxt faktiki olaraq qəbul etməmişdir. Bunun əksinə olaraq Xətai Rayon Məhkəəsinin icraatında olmuş mülki iş olaraq mübahisəsiz fakt kimi qəbul edilmiş - miras əmlakın qəbul edilməsi qarşılığında iddiaçı və anasına verilmiş torpaq sahəsini qəbul etmişdirlər. Əmlakın qəbulu və sözü gedən əmlaka dair tələblərinin olmayacağına dair də öz imzaları ilə təsdiq etmişdirlər. Beləliklə, tərəf əmlaka dair bütün hüquqlarından imtina edilməsi müqabilində başqa əmlakın verilməsini qəbul etmiş, hüququnun olmadığını da etiraf etmişdir. İddiaçı tərəf bundan öncəki Xətai Rayon Məhkəməsinin icraatında olmuş 2(011)-2987/2021 saylı mülki işdə həmin mübahisəli mənzildə uzun müddət yaşamadığını bildirsə də hazırki mübahisə üzrə guya orada yaşadığını, istifadə etdiyini qeyd etmişdir. Tərəf mübahisəli mənzildə yaşamasına dair isə heç bir dəlil məhkəməyə təqdim edə bilməmişdir. Bunun əksinə olaraq şəxsin iddia tələbinin əsassız olmasını təsdiq edən sübutları, o cümlədən Xətai Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(011)- 2987/2021 saylı qətnaməsini də sübut kimi məhkəmənin diqqətinə çatdırılsa da məhkəmə təqdim edilmiş sübuta düzgün hüquqi qiymət verməyərək göz ardı etmişdir. Halbuki, şəxs mübahisəli mənzilə faktiki sahiblik etmiş olsa idi məhkəmə tərəfindən onun mənzilə köçürülmə tələbi qəbul edilmiş olardı. Məhkəmə araşdırılması zamanı şəxsin mübahisəli şəxsin özünündə qeyd etdiyi kimi mənzildə yaşamaması, mənzilə dair hüquqlarından imtina etməsi müqabilində başqa əmlakı qəbul edilməsi faktı aşkar edildiyindən məhkəmə şəxsin iddia tələbini rədd etmişdir. Həmçinin, sözü gedən qətnamədən iddiaçı tərəfin apellyasiya şikayəti verməməsi də Xətai Rayon Məhkəəsinin yekun məhkəmə aktı ilə razılaşdığını, hər hansı bir şikayətinin olmadığını təsdiq edir. İndiki vəziyyətdə isə digər məhkəmə aktını qəbul edib, bütün etiraf edilmiş faktları gözardı edərək yenidən vərəsəlik hüququnun tanınması ilə bağlı tərəfin məhkəməyə müraciət etməsi onun iddia tələbinin təkzib olunmasına səbəb olub, iddia tələbinin rədd edilməsini şərtləndirir. Buna baxmayaraq məhkəmə iddiaçı tərəfin sadəcə şifahi mülahizələrinə əsaslanaraq faktiki mirasın qəbul edildiyi qənaətə gəlmişdir. Həmçinin iddiaçı mirasın qəbul edilə bilməməsini hansı üzrlü səbbədən ötürdüyü bildirməmiş, buna dair hüquqi sənəd də təqdim etməmişdir. Bundan savayı, bir müddət həmin mənzildə yaşadığını, guya həyat yoldaşı ilə birlikdə nənəsinin sağlığında mənzildə yaşadığını bildirmişdir. Halbuki, Xətai Rayon Məhkəməsinin icraatında olan mənzilə köçürülmə tələbinə dair mülki iş məhkəmə prosesi zamanı şəxs atasının vəfatından sonra baba tərəfindən verilmiş əmlakın müqabilində mənzildən imtina etdiklərini, bundan sonra həmin mənzildə yaşamadığını etiraf etmişdir. Həmçinin, iddiaçı miras əmlak olan 852 nömrəli hesabda olan əmanətin 200 manatının da ona səhhətiylə əlaqədar xərclərin qarşılanması üçün verildiyini də qəbul etmişdir. Hətta, məhkəmə prosesi zamanı iddianın təkzib edilməsinə əsas verən faktlar da məhkəmənin diqqətinə çatdırılmışdır. Beləliklə, tərəf verdiyi izahatlarla iddia tələbinin əsassız olmasını təsdiq etmiş, mübahisəli əmlaklara dair hər hansı bir vərəsəlik hüququnun olmadığını isbatlamışdır.

b) Apelyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

28. İddiaçı apelyasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya şikayətlərinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı etirazını onunla əsaslandırmışdır ki, apellyatorlar mülki hüququn vacib institutlarından biri olan “vərəsəlik hüququ”nun mahiyyəti, qanun üzrə vərəsəlik və vəsiyyətnamə üzrə vərəsəlik, mirasın faktiki qəbulu və ya mirasın qəbul edilmə müddəti, məcburi pay hüququ və onun yaranması şərtləri barədə geniş məlumatlı deyildirlər. İş materiallarından görünür ki, X25 məxsus Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, ev 24-də yerləşən 23 nömrəli mənzil miras əmlak kim yalnız Cavabdeh1 və İddiaçı tərəfindən faktiki olaraq qəbul edilmiş və bundan əlavə İddiaçı notariat ofisinə ona vərəsəlik şəhadətnaməsinin verilməsi xahişi ilə müraciət etmişdir. Məhz buna görə də birinci instansiya məhkəməsi tərəfindən İddiaçı, Bakı şəhəri Xətai rayonu, R.Məmmədov küçəsi 24 saylı evin 23 saylı mənzilinə 1/2 hissədə miras pay hüququ müəyyən edilmişdir. X1 və Soltanova (Xəlilova) Elmira Xəlil qızı isə heç vaxt miras əmlakı qəbul etməmiş və bu barədə heç vaxt notariat ofisinə müraciət etməmişlər. Bundan əlavə onlar üçüncü şəxs qismində iddiaçı şərəfindən prosesə cəlb edilmiş, birinci instansiya məhkəməsi tərəfindən onlara bildirişlər göndərilmiş, lakin onlar məlumatları olmalarına baxmayaraq, birinci instansiya məhkəməsində məhkəmə iclaslarında iştirak etməmişlər. Eyni zamanda apelyatorlar birinci instansiya məhkəməsinin X25 məxsus “Kapital bank”da 852 nömrəli hesabda olan əmanətə İddiaçı 1/6 hissədə miras payının müəyyən edilməsi qənaətini başa düşməmiş, hesab etmişlər ki, birinci instansiya məhkəməsi vərəsə ola biləcək şəxslərin sayına uyğun olaraq iddiaçının payını müəyyən etmişdir. Halbuki həmin vaxt X19 həyat yoldaşı X4 olduğu və əmanət birgə nikah dövründə əldə olunmuş pul olduğu üçün həmin pulun 1/2 hissəsi ona məxsus olmuş, X25 məxsus 1/2 hissə isə mirası faktiki olaraq qəbul etmiş 3 vərəsə (X15, Cavabdeh1 və İddiaçı) arasında bölünməli idi (1/2:3=1/6). Onda vərəsələrdən Cavabdeh1 və İddiaçı hər birinə çatacaq pul əmanətin 1/6-i, vərəsə X9 isə çatacaq pul əmanətin 2/3( 1/2+1/6=2/3) hissəsi olmalı idi. Həm də həmin vaxt Cavabdeh1 notariat orqanına İddiaçı guya həmin mənzildə qeydiyyatda olmamasına dair saxta arayış təqdim etmişdir. Nəticədə notariat orqanı tərəfindən Cavabdeh1 Kamil oğluna və anası X9 X13 miras qalmış əmanətə görə 24 dekabr 2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Halbuki İddiaçı anadan olduğu gündən həmin mənzildə qeydiyyatda olmuş və bu gün də həmin mənzildə qeydiyyatdadır. İddiaçı Bakı şəhəri Xətai rayonu, R.Məmmədov küçəsi 24 saylı evin 23 saylı mənzilinə köçürülmə tələbi ilə əvvəl Bakı şəhəri Xətai Rayon Məhkəməsində qaldırdığı iddia ilə əlaqədar olaraq qeyd edilməlidir ki, İddiaçı hüquqşünas deyil, əmisinin ailəsi onu ailəsi ilə birlikdə həmin mənzilə buraxmadığı, yaşamağa başqa mənzilləri və kirayə tutmağa maddi imkanları olmadığı üçün belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

c) Proses iştirakçılarının izahatı

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, mübahisəli mənzildə yaşamaqla, həmçinin notaiusa ərizə verməklə mirası qəbul etmişdir. İddiaçı ilə də aralarında münasibətləri yaxşı olmuş və onun evə buraxılmaması kimi bir hal olmamışdır. İddiaçı 1990-cı il təvəllüdlüdür və mübahisəli evdə cəmi 3-4 il yaşamışdır. Bundan sonra isə anası ilə birlikdə evdən çıxıb getmişdir. Həmçinin iddiaçı və onun anası paydan imtina barədə ərizə də yazmışlar. Hazırki tələb əsassız olduğundan iddia tələbinin rədd edilməsini xahiş etdi.

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçı mübahisəli mənzildə yaşamamış və miras əmlakı qəbul etməmişdir. Birinci instansiya məhkəməsi isə əsassız olaraq iddiaçının mirası qəbul etdiyini qeyd etmişdir. Halbuki iddiaçının özünün verdiyi izahatları ilə onun mübahisəli mənzildə yaşamaması müəyyən edilir. Bundan başqa kommunal ödənişlərlə bağlı təqdim edilmiş qəbzlər isə son vaxtlara aid olmaqla, iddiaçının mirası qəbul etmə faktını təsdiq etmir. Bundan başqa üçüncü şəxslərin də miras əmlakda payları mövcuddur.

31. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətlərinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, üçüncü şəxslər miras əmlakda ümumiyyətlə yaşamayaraq mirasdan pay almaq hüquqları olmamışdır. İddiaçı isə mənzildə qeydiyyatda olmaqla yaşamışdır. Lakin iddiaçı ailə həyatı qurduqdan sonra cavabdehlə münasibətləri pozulmuş və iddiaçını evə buraxmamışlar. Həmçinin iddiaçı 2020-ci ilə kimi evin kommunal ödənişlərini vermişdir. Hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X23 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, mübahisəli mənzildə Cavabdeh1 yaşasa da onların da həmin miras əmlakdan pay almaq hüquqları olmuşdur. Hazırda həmin əmlaklardan paylarını tələb edirlər.

33. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh 40 saylı Notariat Kontorunun nümayəndəsi, üçüncü şəxslər X14 və X11 məhkəmə iclasında iştirak etməmişlər. 40 saylı Notariat ofisi məhkəməyə yazılı müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə cavabdeh 40 saylı Notariat Kontorunun nümayəndəsinin və üçüncü şəxslər X14 və X5 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi hüquq norması

34. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

35. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

36. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

37. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

38. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

39. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

40. Həmin Məcəllənin 1274-cü maddəsin əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür.

41. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.

42. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.

43. Həmin Məcəllənin 1321.2-ci maddəsinə əsasən, qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.

44. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.

Apelyasiya baxışının hədləri

45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

47. Qətnamədən cavabdeh və üçüncü şəxslər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etdiklərindən məhkəmə kollegiyası hesab edir ki, qətnamə bütövlükə yoxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir.

49. İstinad edilən maddi hüquq normaların tələblərindən göründüyü kimi mirasın qəbul edilməsi müddəti həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət ərzində mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyrirəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir.

50. Lakin iddiaçının mirası əmlakı qəbul etməsi iş materialları ilə müəyyən olunmur. Çünki iddiaçı Mülki Məcəllənin 1246-cı maddəsində göstərilən müddətdə mirasın qəbul edilməsi barədə ərizə ilə notariat kontoruna müraciət etməmiş, həmçinin mirası faktiki surətdə qəbul edilməsi ilə bağlı hər hansı hərəkətlər etməmişdir.

51. Belə ki, iddiaçı mirası qəbul etmək üçün vaxtında təşəbbüs göstərməmiş, bu yöndə heç bir aktiv hərəkət etməmiş, bununla bağlı niyyətləri əvvəldən mövcud olmamışdır; buna görə də onun mirası qəbul etməsi qənaətinə gəlmək mümkün deyil. Çünki İddiaçı mübahisəli mənzildə yaşaması, həmçinin miras qoyanın ölümündən sonra da (2007-2020) mübahisəli mənzildə yaşamaqda davam etməsi barədə sübutlar təqdim edə bilməmişdir.

52. Bundan başqa iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2987/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı - İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xatai rayonu, Rahib Məmmədov küçəsi, 24 saylı evin 23 saylı mənzilinə köçürülməyi barədə iddiası rədd edilmişdir.

53. Həmin Qətnamə işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 24 saylı evin 23 saylı mənzilində 1990-cı ildən qeydiyyata düşmüşdür. Həmin mənzil xx.xx.2001-ci il tarixdə iddiaçının babası X19 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı məktəbi bitirib ailə qurduqdan sonra, yəni 6 aydan artıq müddətdə sözügedən mənzildən köçüb getmişdir.

54. Göründüyü kimi iddiaçının miras qoyanın ölümündən sonra iddiaçının miras əmlakda yaşaması müəyyən edilmir.

55. Bununla yanaşı iş materiallarında olan Xətai Rayon MKTB tərəfindən verilmiş 475871 saylı mənzil-kommunal xidməti üçün mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə R.Məmmədov ev 24, mənzil 23-ə görə Vİ-Xİİ- 2017, İ-Xİİ-2018, İ-Xİİ-2019, İ-İV-2020 tarixlər üçün 150 manat ödənilmişdir.

56. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan qəbzə istinad etməklə iddiaçının miras əmlakda yaşaması barədə nəticəyə gəlmək üçün əsas deyil, çünki həmin qəbzdə mənzil-kommunal xidməti üçün ödənişlər 2021-ci ildə, məhz arxa tarixlərə, yəni 2017- 2020-ci illər üçün ödənilmişdir.

57. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi barədə birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir.

58. Göründüyü kimi iddiaçı qanunla müəyyən edilmiş qaydada mirası qəbul etmədiyindən onun mübahisələnirilən vərəsəlik şəhadətnamənin etibarsızlığı üçün əsas olmamışdır. Həmçinin yuxarıda göstərildiyi kimi iddiaçı qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmədiyi üçün iddia tələbi qalan hissələrdə, yəni “ünvan 4-də ½ miras payının və babadan qalmış əmanətin ona çatacaq 1/6 miras payının müəyyən edilməsi və həmin miras paylarına ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri 40 saylı Notariat ofisinin üzərinə qoyulması” hissəsində də əsassız olmuşdur.

59. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri isə təmin edilməməlidir. Belə ki, işin mübahisələndirilməyən hallarından göründüyü kimi Cavabdeh1 mübahisəli miras əmlakda yaşamaqla mirası faktiki qəbul etmiş, həmçinin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə təqdim etmişdir. Lakin üçüncü şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada miras əmlakı qəbul etmələri iş materialları ilə müəyyən edilmədiyindən və bu barədə mötəbər sübutlar təqdim edilmədiyindən, üçüncü şəxslərin apellyasiya şikayəti təmin edilə bilməz.

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

61. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

62. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

63. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməli, üçüncü şəxslər apellyasiya şikayəti isə təmin edilməməlidir. Həmçinin iddia ərizəsinin eləcə də apellyasiya şikayətləri verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş şəxslərin özlərinə aid edilməlidir.

64. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.

65. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

66. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Üçüncü şəxslər X23 və X14 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-418/2022 nömrəli, 02 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 40 saylı Notariat Kontoruna qarşı ( X23, X14 və X11 üçüncü şəxs qismində cəlb edilməklə) “1089/2012 №-li vərəsəlik işi üzrə Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən verilmiş 24 dekabr 2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ünvan 4-də ½ miras payının və babadan qalmış əmanətin ona çatacaq 1/6 miras payının müəyyən edilməsi və həmin miras paylarına ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri 40 saylı Notariat ofisinin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin eləcə də apellyasiya şikayətləri verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar