Məhkəmə qərarları › İş №2(103)-6435/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6435/2021

04.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6435/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri ünvan 2 il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və sonradan iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 8804.50 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, ünvan 1 ünvana G-4 markalı 1402AZ**********22 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh İB tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Hər ay istifadə etdiyi qazın borcunu vaxtında ödəmişdir. Sonradan qaz sayğacına pul yükləmək istədiyi zaman Cavabdeh tərəfindən ona bildirilib ki, 7469,70 manat borcu vardır. Bunula bağlı Cavabdeh Xəzər rayon şöbəsinə müraciət etmiş, həmin idarənin əməkdaşları tərəfindən ona bildirilmişdir ki, qaz sayğacına müdaxilə etdiyi üçün ona 7469,70 manat cərimə yazılıb. Halbuki, o, heç vaxt qaz sayğacına müdaxilə etməmiş və daim istehlak etdiyi qaza görə borcunu ödəmişdir. Cavabdeh təşkilat qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. İstifadə olunan qaz xəttinə quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən ona məxsus evin daxilində deyil, hasarın çöl tərəfində yerləşdirilmişdir. Bu səbəbdən həmin saycağın hər hansı müdaxilədən qorunmasının onun tərəfindən təmin edilməsi heç bir məntiqə sığmır. Buna baxmayaraq, cavabdeh təşkilat tərəfindən qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmin akt tərəfindən imzalanmamışdır. Qeyd olunan akt əsasında əsassız olaraq ona borc hesablanmışdır. Əsassız olaraq cavabdeh tərəfindən qaz sayğacına müdaxilə olunması ilə günahlandırılmış və əsassız olaraq ona borc hesablanmışdır. Qeyd olunan aktın əsassızlığı barədə cavabdehə dəfələrlə bildirsə də hər hansı bir nəticə olmamışdır. Bundan əlavə, o, həmin ünvanda 2016-cı ildən yaşayır. ünvan 2 il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı məxsus **********00000 saylı abonent hesabına əsassız hesablanmış 8297.50 manat borcun silinməsi, Cavabdehndən 30 manat məbləğində dövlət rüsumunun tutularaq, dövlət gəlirlərinə alınması qət edilmişdir. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus ünvana baxış keçirilərkən təbii qazdan qeyriqanuni istifadə edildiyi aşkar olunmuş, bu barədə müvafiq aktlar tərtib olunaraq dəymiş ziyan hesablanmış və istehlakçının hesabına yönəldilmişdir. Birinci instansiya məhkəməsi isə qeyd olunanlara əhəmiyyət vermədən iddia tələbini qismən təmin etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bundan əlavə iddiaçı izahatında bilfirmişdir ki, 2016-ci ildə maddi vəziyyətinin pis olması səbəbindən 1 dəfə təbii qazdan kənar xətt vasitəsilə qoşulmaqla istifadə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada dəfələrlə məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmasına dair hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı ümumiyyətlə mübahisələndirməmiş, cavabdehin nümayəndəsi isə iddianın qismən təmin edilməsi məzmununda olan qətnamənin ləğvini istəmişdir. Bu o deməkdir ki, iddia tələbinin təmin edilməmiş hissəsi hazırkı apellyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası bu kontekstdə izahatları dinləyib, şikаyətin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi silinmiş borcun məbləğinə dair hissədə dəyişdirilməli, iddiaçıya əsassız hesablanmış və silinməli olan borcun məbləği 7931 manat müəyyən edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş abonent saldosundan görünür ki, mübahisəli ünvana verilən qaz xətti üzrə abonent kodu **********00000 sayla qeydiyyata alınmışdır. Həmin qaz xətti Alışov Şükürün adına qeydə alınmışdır. Qeyd olunan abonent saldosundan görünür ki, iddiaçıya məxsus ünvana ümumilikdə 8804.50 manat borc yazılmış, həmin borcun 507 manat məbləği qaz sərfiyyatına görə hesablanmış, qalan 8297.50 manat məbləği aktlar əsasında hesablanmışdır. Həmçinin, abonent saldosundan və iddiaçının məhkəmə iclasında etiraf etdiyinə əsasən müəyyən olunur və görünür ki, iddiaçı 2016-cı ildə Təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı 01.2016-ci il tarixlidə akt yazılmış və 366,50 manat məbləğ (cərimə) hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Kollegiya hesab edir ki, mübahisəli ünvanda 2016-cı ildə bir dəfə kənar xəttin qoşulmasını iddiaçı özü etiraf etdiyindən, 01.2016-ci il tarixli akt əsasında 366,50 manat hesablanmış borcun silinməsi əsassızdır. Və belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi silinmiş borcun məbləğinə dair hissədə dəyişdirilməli, iddiaçıya əsassız hesablanmış və silinməli olan borcun məbləği (8297,50-366,50) 7931 manat müəyyən edilməlidir. Kollegiya apellyasiya şiakyətinin dəlillərinə münasibətdə qeyd edir ki, ilk dəfə aşkar olunmuş kənar xətt iddiaçının əməkdaşları tərəfindən eyni vəziyyətdə saxlana bilməzdi. Bununla yanaşı iddiaçı kənar xəttin təkrar aşkar etməsi halında cavabdehi bununla bağlı xəbərdar etməsi, qanunsuz qoşulmanın aradan qaldırmasına dair hərəkət etməsi müəyyən olunmur. Ümumiyyətlə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh istehsalat birliyi dəfələrlə məhkəmə iclasına dəvət olunmasına baxmayaraq iclaslarda nümayəndələrinin iştirakını təmin etməmiş və birinci instansiya məhkəməsi qətnaməsinin əsassızlığına dair və tərəflərindən verilmiş apelyasiya şikayətinin əsaslılığına dair hər hansı bir sədən və aktları məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz; 384.0.3-cü maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri ünvan 2 il tarixli qətnaməsi Cavabdeh tərəfindən İddiaçı məxsus **********00000 saylı abonent hesabına əsassız hesablanmış 8297.50 manat borcun silinməsi” hissəsində dəyişdirilsin. İddiaçı məxsus **********00000 saylı abonent hesabına əsassız hesablanmış və silinməli olan borcu məbləği 7931 (yeddi min doqquz yüz otuz bir) manat müəyyənləşdirilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfin özünə aid olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar