Məhkəmə qərarları › İş №2(103)-6435/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6435/2023

07.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6435/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “borcun silinməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-3163/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan fərdi yaşayış evindəki **********00042 nömrəli abonent koduna qanunsuz olaraq hesablanmış 6220,80 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Xətai Rayon Məhkəməsinin 2(011)-3163/2023 nömrəli, 14 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı **********00042 nömrəli abonent koduna Cavabdeh İB tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 5443 (beş min dörd yüz qırx üç) manat 20 (iyirmi) qəpik məbləğində borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh İB-dən 74 (yetmiş dord) manat, 43 (qırx üç) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilməsi qərara alınmışdır.

3. İddiaçı və cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri:

4. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edildiyini bildirmiş, qeyd etmişdir ki, onun qaz sayğacına müdaxilə etmiş olmağına dair Cavabdeh İB tərəfindən məhkəməyə heç bir tutarlı sübutun təqdim olunmadığı halda cavabdeh tərəfindən ona məxsus evin abonent koduna hesablanmış ümumi borcun 777,20 manat hissəsinin abonent kodundan silinməməsi qanunsuzdur. Belə ki, qaz sayğacı ona məxsus fərdi yaşayış evindən aralı küçədə quraşdırılmışdır, qaz sayğacının da işlək vəziyyətdə saxlanmasına o, cavabdeh deyildir, Cavabdeh İB işçiləri tərəfindən keçirilmiş baxışın nəticələri qeyri-müəyyən şəraitdə onun və ya ailə üzvlərinin iştirakı olmadan tərtib edilmiş aktla rəsmiləşdirilmiş, həmin aktın bir nüsxəsi istehlakçı qismində ona və ya ailə üzvlərinə təqdim edilməmişdir. Bu kimi səbəblərdən düşünür ki, onun iştirakı olmadan qaz sayğacına birtərəfli qaydada baxış keçirilən zaman Cavabdeh İB işçilərinin özləri qaz sayğacına müdaxilə etmiş, sonra isə qabaqcadan gəlmişlik edərək haqsız qazanc əldə etmək üçün də ona məxsus evin təbii qaz üzrə abonent koduna əsassız borc yazmışdılar.

5. Abonent koduna yazılmış 6220,80 manat borcun məhkəmə tərəfindən 777,60 manat hissəsi saxlanılmaqla 5443,20 manat hissəsi silinərkən məhkəmə Nazirlər Kabinetinin 80 saylı məhkəmə Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-2-ci yarımbəndinə istinad etmiş və hesablamanı ona uyğun aparmışdır. Cavabdeh İB tərəfindən mənə məxsus evin abonent koduna hesablanmış 6220,80 manatlıq cərimə borcunun aktı xx.xx.2023-cü il tarixindətərtib edilmişdir. İş üzrə məhkəmənin istinad etdiyi “Qazdan istifadə Qaydaları”nın 6.5-2-ci yarımbəndi isə Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 218 nömrəli Qərarı ilə Qaydalara sonradan,akt tərtib edildiyi tarixdən 3 ay sonra əlavə edilmişdir.

6. xx.xx.2023-cü il tarixində Akt tərtib edilən zamanı təbii qaz üzrə sahəvi qanunvericilik aktında müvafiq hüquqi norma mövcud olmamışdır, lakin aktın tərtib edildiyi tarixdən 3 ay sonra “Qazdan istifadə Qaydaları”na əlavə edilmiş müvafiq normaya istinad etməklə məhkəmənin hadisəyə hüquqi qiymət verməsi səhvdir.

7. Bundan başqa, 6220,80 manat məbləğində borcların silinməsi üzrə eyni məzmunlu işlərə baxmış Xətai Rayon Məhkəməsinin digər hakimləri (Pərviz Zamanlı, Aynur Abdullayeva, Aygün Həsənova, Əminə Abbasova, Samirə Eyvazova) həmin borcları istehlakçıların abonent kodlarından tam silmişlər. Çünki, həmin istehlakçılar da onun kimi qaz sayğaclarına müdaxilə etməmişdilər. Sadəcə, Sabunçu rayonu ərazisində Cavabdeh İB işçiləri 03/2023-cü il tarixində Novruz bayramı ərəfəsində qaz sayğaclarını çıxardıb başqa qaz sayğacları ilə əvəz edərkən çıxardıqları hər bir qaz sayğacına görə hamıya ümumi qaydada eyni məbləğdə 6220,80 manat borc yazmış, 03/2023-cü il tarixdə Sabunçu rayonunun abonentlərinə yazılmış 6220,80 manat məbləğində borcu silmişdir. Xətai Rayon Məhkəməsinin digər hakimlərinin qəbul etdikləri qətnamələrdə tədbiq etdikləri normativ hüquqi aktın müddəaları onun işinin həlli üzrə də tədbiq edilməlidir. Xətai Rayon Məhkəməsinin 5 fərqli hakimi eyni məzmunlu analoji iş üzrə 6220,80 manat borcu sildiyi halda məhkəmənin 1 hakiminin fərqli qətnamə çıxarması qanuni və əsaslı hesab edilə bilməz. Çünki, eyniməzmunlu işə baxmış 5 hakimin səhv etmə ehtimalı yoxdur. Eyniməzmunlu iş üzrə düzgün olmayan qətnamə qəbul etmiş hakim Şəhriyar Əliyevdi. Bu səbəbdən, qətnamənin iddia tələbinin təmin olunmayan, mübahisələndirilən 777,60 manat hissədə ləğv edilməsi, Cavabdeh İB tərəfindən İddiaçı məxsus fərdi yaşayış evinin təbii qaz uçotu üzrə qeydiyyata alınmış**********00042 saylı abonent koduna hesablanmış ümumi borcdan geriyə qalan, iddia tələbinin təmin olunmayan 777,60 manat borc hissəsinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edildiyini bildirmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına müdaxilə edilmiş, nəticədə qaz təchizatını təmin edən qurum kimi cavabdehə zərər vurulmuş, qazın talanması həyata keçirilmişdir. Bu hal məhkəmənin özünün müəyyən etdiyi hallarda da öz əksini tapmışdır. Lakin məhkəmə itirilmiş qazın bərpasının dəyərini öz mülahizəsinə əsasən hesablamaqla iddia tələbini qismən təmin etmişdir. Halbuki əgər zərər vurulma faktı mövcuddursa vurulmuş zərərin əvəzinin tam ödənilməsi təmin edilməlidir. İddiaçı zərər vurulma faktını iddia etsə də, həmin halı sübut edə bilməmiş, yalnız vurulmuş zərərin hesablanması zamanı məbləğin silinməsini tələb etmiş, məhkəmə isə zərər vurulma faktını müəyyən edərək, az hissədə zərəri təmin etmiş, digər hissədə isə artıq hesablanmış məbləğ kimi silinməsi qət edilmişdir. Zərərin vurulması cavabdehin səlahiyyətli əməkdaşları tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına müdaxilə edilməsinə dair xx.xx.2023-cü il tarixli ******* saylı aktla öz təsdiqni tapır. Tərtib edilmiş aktdan da bəlli olur ki, quraşdırılmış qaz sayğacına baxış keçirilmiş və baxış nəticəsində müəyyən olunmuşdur ki, faktiki olaraq qaz sayğacına müdaxilə edilmiş, sayğac qaz sərfiyyatını qeyd etmir. Mövcud hal faktiki olaraq qaz sayğacını müdaxilə edildiyini, müdaxilə nəticəsində isə cavabdehə zərər vurulmasını təsdiq etməkdədir.

9. İddiaçı mövcud vəziyyətdə yaşadığı fərdi yaşayış evində mütəmadi qaz sayğacından istifadə etmiş, lakin istifadə etmiş olduğu qazın dəyərini tam ödənilməsini təmin etməmiş, qaz sayğacının hesablama aparmadığını bilərək hərəkətsizlik nümayiş etdirməklə faktiki olaraq zərərin vurulmasına şərait yaratmışdır. Məhkəmə ilk növbədə nəzərə almalı idi ki, əvvəlki dövrlər üzrə iddiaçı hansı həcmdə qazdan istifadə etmiş, həmin müddətlə qaz sayğacının yenisi ilə dəyişdirilməsi və zərər vurulmasına dair aktın tərtib edilməsi anına qədər mövcud olan dövr üzrə istifadə edilmiş qazın sərfinin hansı həcmdə azalıb və ya artmasını müəyyən etməklə iddiaçının həmin qaz sayğacına hansısa formada müdaxilə etməsini və ya qaz sərfinin hansı səbəbdən əvvəlki dövrlər üzrə daha az olmasını müəyyən edərək zərərin vurulmasındaki səbəbli əlaqəsini aydınlaşdırılmalıdır.

10. Mövcud hal iş materiallarına əlavə edilmiş abonent saldosundan və gasrep çıxarışında tam olaraq öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş abonent saldosundan bəlli olur ki, iddiaçıya məxsus fərdi yaşayış evində 4 gözlü qaz plitələri (PQ- 4), (1/1) və Kombi (su qızdırıcı) 1/1 mövcuddur ki, həmin quraşdırılmış avadanlıqların yay və qış aylarında istifadəsinə fərq olmaqla qazın sərfində də fərq mövcuddur ki, həmin qaz sərfi qış aylarında daha çox təşkil edir. Məhkəmə qeyd edilənləri nəzərə almamış, mövcud vəziyyətdə zərər vurulması faktını müəyyən etməsinə baxmayaraq, zərərin yalnız az hissəsini təmin etmiş, digər hissə təmin edilməmişdir. Halbuki delikt törətmiş şəxs, törətmiş olduğu deliktin nəticələri ilə qismən deyil, bütünlüklə məsuliyyət daşımaqdadır.

11. Sayğaca qərəzli şəkildə müdaxilə edilməsi faktı öz-özlüyündə sayğacla təbii qaz sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh məhz istehlakçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq aktda qeyd etmişdir. Belə ki, dəymiş ziyanın həcminin hesablanmasında Birliyin mütəxəssisləri tərəfindən abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışdır.

12. Göstərilənlərə əsasən, qətnamənin iddia tələbinin təmin edilmiş hissədə ləğv edilməsi və həmin hissədə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

13. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə elektron kabinet vasitəsi ilə ünvanladığı ərizəyə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6342/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsini əlavə edərək, məhkəmə təcrübəsinin vahidliyinin qorunması məqədilə həmin qətnaməni təqdim etdiyini bildirmiş, nəzərə alınmasını xahiş etmiş, cavabdehin nümayəndəsi Vəkil2 başqa məhkəmə iclasında iştirakı ilə əlaqədar hazırkı iclasda iştirakı mümkünsüz olacağı halda, apellyasiya şikayətinə onun iştirakı olmadan baxılaraq, şikayətin təmin edilməsi barədə qətnamə qəbul edilməməsini xahiş etmişdir.

14. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

15. xx.xx.2023-cü il tarixli Abonent saldosundan görünür ki, iddiaçının **********00042 nömrəli abonent koduna 03/2023 tarixi üçün “Qalıq və aktlar” qrafasında 6220,80 manat borc yazılmışdır.

16. X1 Sistemindən görünür ki, iddiaçının **********00042 nömrəli abonent hesabına xx.xx.2023-cü il tarixdə “dəymiş ziyan (vizual müdaxilə)” akt tipinə əsasən 6220.80 manat borc yazılmışdır.

17. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, “sayğacın dişli çarxlarına müdaxilə edilmişdir, nəticədə sayğac sərfiyyatı qeyd etmir” nöqsanı qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edimişdir.

18. Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına” dair Tələbnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə itirilmiş qazın bərpasına görə abonent koduna 51840m3 qazın dəyərinin ödənilməsi nəzərdə tutulmuşdur.

19. 2(011)-3163/2023 nömrəli, xx.xx.2023-cü il tarixli yerli baxış protokolundan görünür ki, iddiaçı tərəfindən təqdim edilən ******* nömrəli aktda əvvəlki sayğacın yerləşdiyi ünvan 1 ünvanında çıxarılarkən mexaniki göstəricisi 13846 m3 olmuşdur.

20. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 04/3796 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Paylayıcı Cavabdeh İB BRQSD-nın rəisi Zamin Mehrəliyev ilə istehlakçı İddiaçı Azərbaycan Respublikasının mülki qanunvericiliyinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il “12” may tarixli “80” nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”na uyğun olaraq Müqavilə bağlamışdırlar.

21. İddiaçı tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş Xətai Rayon Məhkəməsinin 2(011)-3478/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən məlum olur ki, iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, 6220,80 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia tələbi təmin edilmişdir.

22. İddiaçı tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş Xətai Rayon Məhkəməsinin 2(011)-3009/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən məlum olur ki, İddiaçı X5 Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi ilə müraciət edərək, 6220,80 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia tələbi təmin edilmişdir.

23. İddiaçı tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş Xətai Rayon Məhkəməsinin 2(011)-3868/2023 xx.xx.2023-cü il tarixli qətnaməsindən məlum olur ki, iddiaçı X6 Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi ilə müraciət edərək, 6220,80 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia tələbi təmin edilmişdir.

24. İddiaçı tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş Xətai Rayon Məhkəməsinin 2(011)-3008/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən məlum olur ki, iddiaçı X2 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, 6220,80 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia tələbi təmin edilmişdir.

25. İddiaçı tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş Xətai Rayon Məhkəməsinin 2(011)-3921/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən məlum olur ki, iddiaçı X3 Cavabdehnə qarşı borcun silinməsi barədə iddia ərizəsi ilə müraciət edərək, 6220,80 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia tələbi təmin edilmişdir.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsi

27. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.

28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

29. Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunu

30. Maddə 3. istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır.

31. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununu

32. Maddə 21.1. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»

34. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

35. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

36. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

37. 6.1.1. istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;

38. 6.1.2. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;

39. 6.1.3. istehlakçının qaz qurğusu Xidmət müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə;

40. 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə;

41. 6.1.5. qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda;

42. 6.1.5-1. istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda;

43. 6.1.5-2. istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirmədikdə;

44. 6.1.6. məhkəmənin qərarı ilə;

45. 6.1.7. dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların – Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında.

46. 6.2. İstehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 3.1.5-ci yarımbəndində nəzərdə tutulmuş hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır.

47. 6.3. İstehlakçı qazın verilməsinin dayandırılması (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya qazın alqı-satqı müqaviləsinin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 6.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olunmaqla) barədə qaz paylayıcısına yazılı müraciət etdikdə, qaz paylayıcısı 2 iş günü müddətində müvafiq olaraq qazın verilməsinin dayandırılması və ya qazın alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya qazın verilməsi həmin qərarın qəbul edildiyi gündə dayandırılmalıdır və istehlakçı sonuncu günə qədər istifadə etdiyi qazın dəyərini ödəməlidir.

48. 6.5-3-cü bəndinə görə, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

49. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

50. 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir.

51. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

52. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

55. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir.

58. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

59. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

60. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

61. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

62. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

63. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

64. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

65. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

66. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

67. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.

68. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

69. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

70. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının və cavabdehin apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

71. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində, yəni silinməmiş 777,60 manat borc məbləği hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, 777,60 manat məbləğində borc silinməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir.

72. Kollegiya iddiaçının apellyasiya şikayətini nəzərdən keçirərək aşağıdakıları qeyd edir.

73. İddia tələbini 5443,20 manat borc məbləğinə aid hissədə təmin etsə də, 777,60 manat borc məbləği hissədə təmin etməyən, birinci intansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, itirilmiş qaz sərfiyyatı ilə bağlı dəymiş ziyana görə hesablaşma “6m3 x 24 saat x 360 gün = 51840 m3” düstur üzrə aparılmışdır ki, bu hesablaşma da sutkalıq və illik sərfiyyat üzrə qanunla müəyyən edilmiş həddə cavab vermir. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları» na 6.5-2-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı nəzərə alınmaqla hesablanır. Qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, ümumilikdə itirilmiş qaz sərfiyyatının qanunvericiliyə uyğun olaraq sutkalıq 12 saat, aylıq 3 ay (90 gün) müddəti götürülməklə hesablandıqda 777,6 (6m3 x 12 saat x 90 gün = 6480 m3X12 qəpik) manat təşkil edir. Belə olan halda iddiaçının abonent hesabına yazılmış 6220,80 manat borcdan 777,6 manat saxlanılmalı, qalan 5443,20 (6220,80-777,60) manat silinməlidir.

74. Kollegiya rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır, belə ki, iddiaçının məhz hansı hərəkəti ilə ziyanın vurulması qeyd edilmədiyindən və eyni zamanda “Qazdan istifadə Qaydaları”na əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyır.

75. Beləliklə, sayğaca müdaxilənin məhz iddiaçı tərəfindən aparılması, nəticədə isə cavabdehə ziyan vurulması yalnız cavabdehin aktları ilə təsdiq olunur. Həmin aktlara tənqidi yanaşaraq Kollegiya qeyd edir ki, həmin aktlar birtərəfli qaydada cavabdehin əməkdaşları tərəfindən tərtib edilmişdir ki, bu aktlara əsasən, sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsi sübut olunmur.

76. Bundan başqa Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş Xətai Rayon Məhkəməsinin 2(011)-3478/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2(011)-3009/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2(011)-3868/2023 xx.xx.2023-cü il tarixli, 2(011)-3008/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2(011)-3921/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamələrini əlavə etmişdir. Həmin “borcun silinməsi” barədə qətnamələrdən məlum olur ki, iddiaçılar qeyd edilən işlər üzrə cavabdeh “Azəriqaz İB” tərəfindən əsassız hesablanmış 6220,80 manat (hazırkı iddia tələbində silinməsi tələb olunan məbləğlə eyni) məbləğin silinməsini tələb etmiş, onların iddia tələbləri də təmin edilmişdir.

77. İddiaçı bununla bağlı apellyasiya şikayətində qeyd etmişdir ki, həmin istehlakçılar da onun kimi qaz sayğaclarına müdaxilə etməmişdilər. Sadəcə, Sabunçu rayonu ərazisində Cavabdeh İB işçiləri 03/2023-cü il tarixində Novruz bayramı ərəfəsində qaz sayğaclarını çıxardıb başqa qaz sayğacları ilə əvəz edərkən çıxardıqları hər bir qaz sayğacına görə hamıya ümumi qaydada eyni məbləğdə 6220,80 manat borc yazmışdır.

78. Kollegiya qeyd edir ki, həmin ərazidəki yuxarıda qeyd edilən işlər üzrə bütün istehlakçılara tamamilə eyni məbləğdə, yəni 6220,80 manat borc yazılması iddiaçıya 6220,80 manat borc yazılması barədə hazırkı aktların da formal və əsassız olduğunu göstərir.

79. Beləliklə, cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, rayon məhkəməsi 777,60 manat borcun silinməsi hissədə iddia tələbini təmin etməməkdə haqlı olmadığından, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə həmin hissədə ləğv edilməli, iddia tələbi 777,60 manat borcun silinməsi hissədə də təmin edilməlidir.

80. Kollegiya cavabdehin apellyasiya şikayətinə əsasən, aşağıdakıları qeyd edir.

81. Cavabdeh hesab edir ki, o, məhz istehlakçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq aktda qeyd etmişdir. Belə ki, dəymiş ziyanın həcminin hesablanmasında Birliyin mütəxəssisləri tərəfindən abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışdır. Sayğaca qərəzli şəkildə müdaxilə edilməsi faktı öz-özlüyündə sayğacla təbii qaz sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh məhz istehlakçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq aktda qeyd etmişdir.

82. MPM-in 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

83. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

84. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2).

85. Kollegiya cavabdehin apellyasiya şikayəti ilə bağlı bildirir ki, cavabdeh üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar istifadə üçün şərait yaratmaqla hər ay akt tərtib etmişdir. Qeyd edilən aktlarla isə iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi sübuta yetirilmədiyindən, yəni akt birtərəfli qaydada cavabdehin əməkdaşları tərəfindən tərtib edilərək, iddiaçı tərəfindən imzalanmadığından, iddiaçıya məxsus olan evə həm də evdən kənarda quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsi sübut edilmədiyindən, cavabdehin apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.

86. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

87. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Nəticə:

88. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, iddia tələbinin 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borcun silinməsi hissədə təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi həmin hissədə təmin edilməli, İddiaçı **********00042 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc silinməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, qətnamə onun apelyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

89. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

90. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

91. Şərh edilənlərəəsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Xətai Rayon Məhkəməsinin 2(011)-3163/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, iddia tələbinin 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borcun silinməsi hissədə təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi həmin hissədə təmin edilsin. İddiaçı **********00042 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc silinsin. Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamə onun apelyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar