Məhkəmə qərarları › İş №2(103)-6436/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6436/2022

04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6436/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair işlər üzrə sadələşdirilmiş icraat üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(011)-3882/2022 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icaat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı "xxxx" ASC ilə X6 arasında xx.xx.2019-cu il tarixdə PXA********** saylı icbari sığorta müqaviləsi bağlanmış və “Nissan Sunny” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. X4 mülkiyyətində olan, hadisə baş verdiyi anda sürücüsü Cavabdeh idarə etdiyi “Nissan Sunny” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X1 mülkiyyətində olan, hadisə vaxtı X7 idarə etdiyi “Mercedes Benz 220” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobil arasında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz 220” markalı, 10- UH-028 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir . xx.xx.2019-cu il tarixli, PXA50684 saylı Sığorta Aktının surətindən görünür ki, X2 məxsus "xxxx" ASC-də sığortalanmış “Nissan Sunny” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Mercedes Benz 220” markalı, **-UH-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sonuncu avtomobilə 300 manat məbləğində zərər dəymişdir. xx.xx.2019-cu il tarixli İXP ******* nömrəli İnzibati Xəta haqqında Protokolun surətindən görünür ki, Cavabdeh tərəfindən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edilməsi və ara məsafəsi qaydalarının pozulması halına yol vermişdir. Nəticədə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332,1-ci və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC Cavabdeh qarşı cavabdehdən 300 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 330 manat alınaraq iddiaçının hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə, saat 08:00 radələrində Bakı şəhəri, Ş.Mehdiyev küçəsində Cavabdeh idarə etdiyi “Nissan Sunny” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil, X5 məxsus “Mercedes Benz 220” markalı, 10-UH028 dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər vurmuşdur. “Nissan Sunny” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə qədər PXA ********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2019-cu il tarixli ödəniş sənədindən görünür ki, zərərin məbləği olaraq 300.00 manat sığorta ödənişi iddiaçı tərəfindən X7 (yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini idarə edən şəxs) hesabına ödənilmişdir. Bakı şəhəri DYPİ-nin YNH-nin təfərrüatları barədə xx.xx.2019-cu il tarixli, 046-41996 saylı arayışından və xx.xx.2019-cu il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərardan göründüyü kimi, Xəlilov X3 Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinmiş, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh tətbiq olunmuşdur. İş materiallarından aydın görünür ki, Cavabdeh nəqliyyat vasitəsini yolnəqliyyat hadisəsi zamanı etibarnamə olmadan idarə etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(011)-3882/2022 saylı qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.2, 936.5 və 936.6 maddələri, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3 maddəsinə və Mülki Prosessual Məcəllənin 14.2, və 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(011)-3882/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmə hazırkı iş üzrənəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi halını tam şəkildə araşdırmamış, həmçinin iddiaçının subroqasiya hüququnu pozmaqla qətnamə qəbul etmişdir. Cavabdeh sürücülük vəsiqəsi olsa da, nəqliyyat vasitəsinə əmlak kimi qanuni sahiblik etməsini təsdiq edən və qanunla imperativ şəkildə müəyyən edilmiş etibarnaməsinin və ya əmlakdan istifadəsinə hüquq verən sənədin olmadığını nəzərə almamışdır. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 936.6. Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Mülki Prosessual Məcəllə: 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, kollegiya apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsindəki “hüququ olmayan şəxs” ifadəsi ilə nəqliyyat vasitəsini etibarnaməsiz idarə edən şəxs deyil, onu idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmayan şəxs başa düşülməlidir. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ (sürücülük vəsiqəsi) olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri-təcrübi biliklərə malik olmur və belə şəxsin avtomobil idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Bu isə o deməkdir ki, sığortaçı məsuliyyətsiz şəxslərin, yəni sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən şəxslərin davranışı üzündən maliyyə vəsaiti itirir. Odur ki, sığortaçıların (sığorta şirkətlərinin) əsaslı mənafelərinin müdafiəsinin təmin edilməsi məqsədilə belə bir norma qanuna daxil edilib və qanunverici, avtomobil idarə edilməsi sahəsində nəzəri-təcrübi bilikləri olmayan şəxslərin hərəkətlərindən sığortaçını müdafiə etmək məqsədini daşıyıb. Etibarnaməsi olmayan, lakin nəqliyyat vasitəsini idarə etmək hüququ (sürücülük vəsiqəsi) olan şəxs sığortaçının mənafeləri üçün təhlükə yaratmır, çünki “etibarnamə” adlı sənədin avtomobilin idarə edilməsi sahəsində nəzəri-təcrübi biliklərə hər hansı aidiyyəti yoxdur. Əgər sığorta şirkəti hesab edirsə ki, etibarnamə olmadan avtomobilin idarə edilməsi qanunsuzdur, bu halda zərərçəkənə sığorta ödənişi verməkdən imtina edə bilər. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 13.4 və 53.4-cü maddələrindən görünür ki, mülki məsuliyyət üzrə sığorta təminatı əmlaki qanuni əsasla istifadə edən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Göründüyü kimi, bu maddələrdə “qanuni əsas” ifadəsindən istifadə olunub, həmin Qanunun 53.1-ci maddəsində isə göstərilir ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Başqa sözlə, bu maddədə də “qanuni əsaslar” ifadəsindən istifadə olunub, lakin nəzərə alınmalıdır ki, “qanuni əsas” yalnız etibarnamədən ibarət deyil, mülki hüquq başqa qanuni əsaslar da tanıyır. Mülki hüquq inzibati hüququn müəyyən etdiyi “avtomobilin idarə edilməsinə dair etibarnaməni” tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (Mülki Məcəllə, maddə 362). Avtomobilin idarə edilməsi isə mülki hüquqda “əşyadan istifadə edilmə” kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə edilmə” deyiləndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin faydalı təbii xassəsi nəqletmədir, çünki o, nəqliyyat vasitəsidir, ona görə də şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxslərin qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobilin üzərində sərəncam verilməsi və üçüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür. O cümlədən yol hərəkəti münasibətlərində də avtomobilin idarə edilməsi (istifadə edilməsi) ilə bağlı təmsilçilik münasibətlərinin yaranması mümkün deyil. Çünki avtomobili idarə edən (istifadə edən) şəxs yol hərəkəti münasibətinin iştirakçısına çevrilir və həmin münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, öz adından “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 33-cü bəndində yol hərəkəti iştirakçısı anlayışı müəyyən olunub. Həmin anlayışdan görünür ki, “sürücünün nümayəndəsi”, “piyadanın nümayəndəsi”, “sərnişinin nümayəndəsi” və digər bu kimi anlayışlar yoxdur, onların hər biri yol hərəkətində öz adından iştirak edir. İnzibati hüquq etibarnamənin olmasını o halda tələb edir ki, mülkiyyətçi olmayan şəxs avtomobillə yol hərəkətində iştiraka qoşulmuş olsun. Əgər mülkiyyətçi olmayan şəxs avtomobillə yol hərəkətində iştirak etmirsə (məsələn, avtomobili öz qarajında saxlayaraq ona sahiblik edirsə) inzibati hüquq etbarnamə tələb etmir. Göründüyü kimi, inzibati hüquqda etibarnamə yalnız yol hərəkətində iştirak zamanı əhəmiyyətlidir. Avtomobillə yol hərəkətində iştirak etməyə qoşulan şəxs isə artıq yol hərəkətinin iştirakçılarından biri olan “sürücü” statusunu əldə edir. Onun “avtomobil mülkiyyətçisinin nümayəndəsi” statusunda yol hərəkətinə qoşulması mümkün deyil, çünki yol hərəkətinin “avtomobil mülkiyyətçisi” adlı iştirakçısı yoxdur. Əgər təmsil olunan yoxdursa, deməli təmsilçilik də yoxdur. Göründüyü kimi, hüquqda “avtomobilin idarə edilməsinə dair etibarnamə” təmsilçilik üçün deyil, hüquqpozmalara qarşı dövlətin qabaqlayıcı (preventiv) tədbiri kimi tətbiq edilir və etibarnamə olmadan avtomobil idarə edən şəxsi “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinin mənası baxımından “hüququ olmayan şəxs” kimi qiymətləndirmək normanın həddindən artıq geniş təfsiri deməkdir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan hüququ olmayan şəxs dedikdə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə, sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulması, аvtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermməsinə və və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməməsinə dair birinci instansiya məhkəməsinin nəticəsi qanuni və əsaslı olmuşdur. Birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(011)-3882/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar