Məhkəmə qərarları › İş №2(103)-6444/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6444/2023

02.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6444/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: təbii qazın təchizatı, təbii qazdan istifadə qaydalarının pozulması, əsassız hesablanmış borc, borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Aslanov X2 rayonu, Nardaran qəsəbəsi, N.Əskərov küçəsi ev 59 ünvanında quraşdırılan sayğac üzrə qeydiyyatdan keçən qaz abonentidir.

2. Həmin ünvanda qeydiyyata alınan cihazlar samovar və otaqları qızdırmaq üçün AQV-80 markalı su qızdırıcılarıdır.

3. Cavabdeh İB-nin əməkdaşları tərəfindən Sabunçu rayonu, Nardaran qəsəbəsi, N.Əskərov küçəsi ev 59 ünvanında sayğacdan kənar qeyri-qanuni qaz xəttinin aşkar edilməsi barədə xx.xx.2022-ci il tarixdə ******* №-li akt tərtib edilmiş, 18 144 kubmetr itirilmiş qazın hesabatı aparılaraq 2177,28 manat zərər hesablanmış, həmin məbləğ abonentin saldosunda öz əksini tapmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

4. İddiaçı (iddiaçı) Cavabdehnə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 2328,78 manat məbləğində borcun silinməsi və ondan qeyri-qanuni tutulmuş 92,85 manatın geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Sabunçu rayonu, Nardaran qəsəbəsi, N.Əskərov küçəsi ev 59 ünvanında pasport qeydiyyatındadır və faktiki olaraq həmin ünvanda yaşayır. 2015-ci ilə qədər Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinə təbii qazın fasilələrlə verilməsi, hətta verilməməsi səbəbindən qəsəbə sakinləri arasında narazılıqlar yaranmış və ödənişlər mütəmadi olmamışdır. Bu səbəblə Cavabdeh İB tərəfindən külli miqdarda cərimə aktları tərtib edilmiş və şişirdilmiş borclar yaranmışdır. xx.xx.2015-ci il tarixdə “Nardaran hadisələri"indən sonra kənd sakinlərinin qaza görə "Azəriqaz" İB-nə olan borcları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən silinmişdir. xx.xx.2016-cı il tarixdən Nardaran qəsəbəsində yenidən qaz sayğacları quraşdırılmış, o cümlədən ona məxsus ünvan 2 ünvanında cavabdehin iştirakı ilə yeni G-4 elektron markalı, smart-kart tipli, 1202AQ**********4 №li sayğac quraşdırılaraq plomb vurulmuş, ona **********10000 №li abonent kodu verilmişdir. Lakin “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” Akt tərtib olunmamış və onunla Cavabdeh İB arasında "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” bağlanmamışdır. Qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini yoxlamaq məqsədi ilə 01 fevral 2018-ci il tarixdən başlayaraq Cavabdeh tərəfindən əhali üçün quraşdırılmış həmin sayğaclara profilaktik baxış keçirilməsi nəzərdə tutulduğundan abonentin iştirakı ilə Nardaran qəsəbəsi, N.Əskərov küçəsi, ev 59 ünvanda quraşdırılmış 1202AQ**********4 № li qaz sayğacına baxış keçirilmiş, heç bir nöqsan aşakar edilməmiş, yeni, **********1 №li sayğac quraşdırılmış, plomb vurulmuş, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” akt tərtib edilməmiş və yenə də onunla Cavabdeh İB arasında müqavilə bağlanmamışdır. xx.xx.2022-ci il tarixdə, yəni Abşeronda əncir-üzümün yetişən vaxtı, isti sentyabr ayında Cavabdeh İB yaşadığı Sabunçu rayonu, Nardaran qəsəbəsi, N.Əskərov küçəsi, sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar etmişdir. xx.xx.2023-cü il tarixli Gasrep vərəqindən məlum olur ki, sərfiyyata uyğun olaraq 2020-ci ilə qədər hər ay ödənişlər etmiş, xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər 4232 m3 qaz sərfiyyatına görə 516 manat ödəniş etmiş və qeyri-qanuni yüklənmiş 2328,78 manat borca görə ondan 92.85 manat pul tutulmuşdur.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh nümayəndəsini məhkəməyə göndərməmiş, bu səbəblə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına qərar verilmişdir.

7. Məhkəmə tərəfindən sayğacdan kənar qazdan qeyri-qanuni istifadə halının olub-olmamasının aydınlaşdırılması məqsədilə ekspertiza təyin edilmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 03 iyul 2023-cü il tarixli rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmişdir.

8. Birinci instansiya məhkəməsinin 17 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İB tərəfindən İddiaçı **********10000 saylı abunə koduna hesablanmış 2177,28 (iki min yüz yetmiş yeddi manat iyirmi səkkiz qəpik) manat məbləğində borcun silinməsi, Cavabdehndən 41,78 (qırx bir manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumunun və iş üzrə keçirilmiş ekspertiza xərci olan 65 (altmış beş) manatın alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət olunmuşdur.

9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı iddia tələbində ona 2328,78 manat məbləğində borcun yazıldığını qeyd etsə də, bu barədə hər hansı mötəbər sənədi məhkəməyə təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, iddiaçının 2022-ci ilin sentyabr ayına 2.177,28 manat cərimə borcu mövcuddur. İddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmamışdır. Bu səbəbdən iddiaçının abonent hesabına 2022-ci il tarixdə hesablanmış 2177,28 manat məbləğində borcun silinməsini məhkəmə qanunauyğun hesab edir. Məhkəmə iddia tələbinin borcla bağlı 92,85 manat tutulan pulun geri qaytarılması hissəsini araşdıraraq belə hesab edir ki, iddia həmin hissədə əsassız olmaqla rədd edilməlidir. Belə ki, iddiaçı ödəmiş olduğu 92,85 manat pulun ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etsə də, o, həmin pulu həqiqətən də ödəməsini təsdiq edəcək hər hansı mötəbər sənədi məhkəməyə təqdim etməmişdir, həmçinin bu hal məhkəmə araşdırması zamanı işin hər hansı halı ilə aşkarlanmamışdır. Ona görə də iddia həmin hissədə əsassızdır.

10. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 560.1-ci və “Qaz təchizatı haqında” Qanunun 13-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”na istinad etmişdir.

11. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, iddiaçının təbii qazdan qeyri-qanuni yolla istifadə etdiyinin sübuta yetirildiyini nəzərə almadığı, maddi hüquq normalarını düzgün tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

13. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh İB nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən iddiaçı isə şikayətin əsassız olduğunu bildirmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

16. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

18. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

“Qaz təchizatı” haqqında Qanun

19. Maddə 13 (bənd 8). Qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

20. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.

21. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

22. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

26. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Kollegiya qeyd edir ki, hazırki apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçı şikayət verməmiş, cavabdeh isə qətnamənin yalnız qeyd olunan hissəsini mübahisələndirmişdir. Bu o deməkdir ki, iddia tələbinin təmin edilməmiş hissəsi hazırkı apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

30. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və müvafiq əsaslandırma ilə razılaşır.

31. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Kollegiya hesab edir ki, akta görə hesablayıb tələb etdiyi 964,8 manat baxımından cavabdeh bunu sübut edə bilməmişdir.

32. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3167/2023 saylı iş üzrə 17 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş Dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar