Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6456/2020 02.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “miras əmlakdakı paydan imtinaya dair ərizənin etibarsız hesab edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin, onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7984/2019 saylı, xx.xx.2019-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, 170-ci korpus, 13 saylı fərdi yaşayış evində miras əmlakdakı payından Cavabdeh1 xeyrinə imtina edilməsinə dair ərizənin etibarsız hesab edilməsi, həmin evə dair Bakı şəhəri 26 saylı Notariat kontoru tərəfindən sonuncunun adına verilmiş evin 10/14 hissəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin və şəhadətnamənin əsasında daşınmaz əmlakın dövlət reyestrində **********08- 10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə aparılmış xx xxxx 2018-ci il tarixli qeydiyyatın onun miras əmlakdakı payına mütənasib ləğv edilməsi və onun vərəsəlik qaydasında miras əmlaka payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum əri X2 ilə birlikdə Ermənistan Respublikası, Krasnoselsk rayonunun Ağbulaq kəndində yerləşən evlərini erməni millətindən olan şəxsə məxsus Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, 170-ci korpus, 13 saylı fərdi yaşayış evi ilə dəyişmiş, arada fərq olduğundan əlavə pul da ödənilmişdir. 1988-ci ildən onlar həmin evdə yaşamışlar və ev onun mərhum əri M.Cavabdeh1 mülkiyyətində olmuşdur. M.Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixdə vəfat etmişdir. Vəfat etməmişdən əvvəl M.Cavabdeh1 xx xxxxxxxx 2015-ci il tarixdə bütün əmlaklarını ona və 6 nəfər övladına vəsiyyət etmişdir və bu vəsiyyətnamə 26 saylı Notiariat kontorunda təsdiq olunmuşdur. 2018-ci ildə Cavabdeh1 onu notariat kontoruna apararaq sənədə imza etməyini bildirmiş, lakin hansı sənədə imza edəcəyini deməmişdir. Notariat kontorunda ona bir kağıza imza etdirmiş, lakin məzmununu izah etməmişlər. Belə ki, latın qrafikası ilə yaza və oxuya bilmədiyinə görə sənəddə nə yazılması barədə onun məlumatı olmamışdır. Son zamanlar Cavabdeh1 ona təzyiq göstərmiş, evin ona məxsus olduğunu, satacağını və evi tərk etməsini bildirmişdir. Buna görə də o, polis idarəsinə şikayət etmiş və ona məlum olmuşdur ki, Cavabdeh1 onu notariat kontoruna apararaq öz xeyrinə miras əmlakdakı payından imtina etməsi barədə ərizəni imzalatdırmışdır. Halbuki, onun miras əmlakdakı payından kiminsə xeyrinə imtina etmək fikri olmamışdır, həmin əmlak onun həyat yoldaşı ilə birgə nikahda olduğu dövrdə əldə olunmuşdur və payı əmlakın yarısın təşkil edir. Əri vəfat etdikdən sonra o, əmlaka faktiki sahiblik etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7984/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiasnın rədd edilməsi və həmin iddia üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7984/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsininləğv edilməsi və iddianın tam təmin barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddiadan imtina barədə ərizə təqdim edərək onun qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddiadan imtinanın qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ərizə təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən iddiadan imtinanın qəbul edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçıiddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 261.0.4-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı “miras əmlakdakı paydan imtinaya dair ərizənin etibarsız hesab edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin, onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməklə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7984/2019 saylı, xx.xx.2019-ci il tarixli qətnaməsi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 191.1, 191.2, 263, 264, 370, 391, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh İddiaçı iddiadan imtinası qəbul edilsin. İddiaçı Cavabdeh1 qarşı “miras əmlakdakı paydan imtinaya dair ərizənin etibarsız hesab edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin, onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməklə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7984/2019 saylı, xx.xx.2019-ci il tarixli qətnaməsi ləğv edilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6456/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6456/2020
02.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver