Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-646/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-646/2024 (Açar sözlər: əmlakın qaytarılması və ya dəyərinin tam şəkildə ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X7 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh1 MTK-nın nümayəndəsi (direktoru) X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə qarşı “əmlakın qaytarılması və ya dəyərinin tam şəkildə ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3229/2022 saylı, 07 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh2 MMC tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə 01 may 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 MTK arasında xx.xx.2013-cü il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə görə, Bakı şəhəri İcra Hakimiyyətinin 267 saylı, xx.xx.2005-ci il tarixli Sərəncamı əsasında, Cavabdeh1 MTK Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının, tikintisi başa çatdıqdan sonra binanın A1 blokunun 18-ci mərtəbəsində yerləşən ümumi sahəsi 123,4 kv.m-dən ibarət və 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 123,4 kv.mdən ibarət (dupleks 246,8 kv.m.) 2 mənzili iddiaçıya (sahəsinin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödənildikdən sonra) təhvil verməyi, iddiaçı isə mənzilləri qəbul edib dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Mənzillərin hər birinin dəyəri – 136 000 manat, ümumilikdə 246800 manat müəyyən edilmiş, mənzillərin dəyəri tam şəkildə iddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdə ödənilməklə, bu barədə eyni tarixli maliyyə arayışı verilmişdir.
2. Həmçinin iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 MTK tərəfindən xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən iddiaçıya verilmiş A1 blokunun 18-19-cu mərtəbələrində 123,4 kv.m. mənzillər ləğv edilmiş (müqavilənin tarixi texniki olaraq xx.xx.2007-ci il göstərilmişdir, çünki mənzillərin verilməsi ilə bağlı müqavilələr xx.xx.2013-cü il tarixdə bağlanmışdır), Cavabdeh2 MMC Bakı şəhəri İcra Hakimiyyətinin 443 saylı, xx.xx.2015-ci il tarixli Sərəncamı əsasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə layihəndirdiyi yüksək mərtəbəli yaşayış binasının, tikintisi başa çatdıqdan sonra, “D” blokunun 18-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 90.5 kv.m olan 15 saylı və 19-cu mərətəbəsində, ümumi sahəsi 98.5 kv.m olan 16 saylı yaşayış sahəsini tikərək iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndində Cavabdeh1 MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən mənzilin pay dəyərinin ödənilməsi və maliyyə arayışının qüvvədə olması əks edilmişdir. Mənzillər cavabdeh tərəfindən iddiaçıya təhvil verilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə tikintisi başa çatdıqdan sonra həmin binanın “D” blokunun 8-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 90.5 kv.m olan 15 saylı, 9-cu mərətəbəsində yerləşən, ümumi sahəsi 98.5 kv.m olan 16 saylı yaşayış sahəsinin ona verilməsi, yaxud vurulmuş zərərin Cavabdeh1 MTK tərəfindən tam ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında binanın A1 blokunun 18-ci mərtəbəsində yerləşən ümumi sahəsi 123,4 kv.m-dən ibarət mənzilin ona verilməsi və eyni ünvanda A1 blokunun 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 123,4 kv.m-dən ibarət mənzilə görə ödənilmiş 123000 manat pulun və ya onu Cavabdeh2 MMCnin arayışı əsasında verilmiş Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yüksək mərtəbəli binanın “D” blokunun 8-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 90.5 kv.m olan 15 saylı və 9-cu mərətəbəsində yerləşən, ümumi sahəsi 98.5 kv.m olan 16 saylı mənzillə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçının nümayəndəsi və vəkili daha sonra, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında, binanın A1 blokunun 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 123,4 kv.m təşkil edən və Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında, binanın A1 blokunun 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 123,4 kv.m mənzillərə bərabər yaşayış sahəsinin (mənzillərin) Cavabdeh2 MMC-dən alınaraq zərərin əvəzi kimi ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 MTK ilə aralarında xx.xx.2013-cü il tarixdə ilkin müqavilə bağlanmışdır. Müqaviləyə əlavə olunmuş xx.xx.2013-cü il tarixli Maliyyə arayışında Bakı şəhəri, Xocalı prospekti 32, 1181-ci məhəllə ünvanında yerləşən yaşayış binasındakı evlərin ona məxsus olması, binanın Al girişi, ümumi sahəsi 246.8 m2 olan, 18 və 19-cu mərtəbələrdə yerləşən yaşayış sahəsinin pay dəyəri 246.800 manat pulun tam ödənilməsi qeyd edilmiş, Cavabdeh1 MTK-nın sədri Hikmət Yigitdölün imzası və MTK-nın möhürü ilə təsdiq olunmuşdur. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Auditor Palatasnın və ABŞ X6 İnstitutunun üzvü, AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsində istintaqı aparılan cinayət işinin istintaqına kömək məqsədi ilə təyin olunmuş Auditor (mütəxəssis) X4, Cavabdeh1 MTKnın qanuni təmsilçisi və təsisçiləri, Hikmət Yigitdölün şəriki Cavabdeh2 MMC-nin təsisçisi və qanuni təmsilçisi X8 iştirakı ilə müqavilə tərtib edilmişdir. Həmin müqavilə Cavabdeh1 MTK tərəfindən mənzillərin təkrar satılması nəticəsində Auditlə müəyyən olunacaq zərərçəkmiş şəxslərin Cavabdeh2 MMC-nin təsisçisi Qabil Əliyevin Bakı şəhər İcra Hakimiyyətinin 443 saylı xx.xx.2015-ci il tarixli Sərəncamına əsasən ayrılmış Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə tikəcəyi binaya köçürülməsi ilə bağlı məsələlərin həll olunmasını tənzimləyir. Həmin müqaviləyə istinadən xx.xx.2019-cu il tarixdə "xxxx" MMC ilə onun arasında müqavilə imzalanmışdır. Müqavilədə nəzərdə tutlmuşdur ki, “X14” MTK tərəfindən xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən onun adına verilmiş A1 blokunun 18-19-cu mərtəbələrində 123.4 m2 olan mənzillər ləğv edilir, "xxxx" MMC Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın “D” blokunun 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 90.5 kv.m olan 15 saylı və 9-cu mərtəbəsində yerləşən 98.5 m2 təşkil edən 16 saylı yaşayış sahəsini ona verir, o isə həmin yaşayış sahəsinin qəbul etməyi öz öhdəsinə götürür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-78/2020 saylı, 11 noyabr 2020-ci il tarixli hökmü ilə zərərçəkmiş şəxs kimi tanınmış və hökmdə qeyd edilmişdir ki, “... dəymiş ziyanın tam ödənilməsi nəzərə alınsın”. Lakin bu zamana qədər nə xx.xx.2018-ci il tarixli müqavilədə, nə də xx.xx.2019-cu il tarixli müqavilədə nəzərdə tutulan öhdəliklər yerinə yetirilməmiş, yəni müqavilədə göstərilən yaşayış sahələri ona təqdim edilməmişdir. Cavabdeh2 MMC ilə aralarında bağlanan yuxarıda göstərilən müqavilələrə əsasən, mənzillər ona təhvil verilməli və ya Maliyyə arayışına əsasən ödədiyi 246.800 məbləğində pul vəsaiti qaytarılmalıdır.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3229/2022 saylı, 07 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia qismən təmin edilmiş, dəymiş zərərin əvəzi olaraq xx.xx.2019-cu il tarixli müqavilədə göstərilən mənzillərin əvəzinə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında (1181-ci məhəllə) inşa edilən yaşayış binasında 90,5 kv m və 98,5 kv.m mənzillərin İddiaçı verilməsi öhdəliyi Cavabdeh2 MMCyə həvalə edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, 29-cu maddəsinə, Mülki Məcəllənin 5.3, 385.1, 405, 425.1, 442, 443.1, 452.1, 752.1, 1115-ci maddələrinə, Mənzil Məcəlləsinin 15-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4,-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı onunla əsaslandırılmışdır ki, işin materiallarında qeyd olunanları yəni iddiaçıya müqavilə üzrə satılmış mənzillərin kv.m açıq aşkar qeyd edilmişdir. Mülki iş üzrə qismən etiraf, yəni cavabdehlərdən biri iddia tələbinin təmin edilməsini xahiş etməyinə baxmayaraq, məhkəmə müqavilə üzrə müəyyən edilmiş ödənilmiş mənzillərin dəyərinə uyğun deyil, real zərəri azaldaraq müqavilə öhdəliyin icrası qaydasında mübahisəni həll etmişdir. Məhkəmə qeyd olunan halları araşdırmamış və nəticədə işə düzgün qiymət verməmişdir.
11. Qətnamədən o cümlədən Cavabdeh2 MMC apellyasiya şikayəti verərək onun ləğv edilməsini, və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, digər cavabdeh olan "X14 "MTK-nın sədri Hikmət Yigitdöl tərəfindən iddiaçının da mənzilləri daxil olmaqla, onlarla vətandaşın yaşayış və qeyri-yaşayış sahələri təkrarən bir neçə nəfərə satılmışdır. Bundan sonra qeyd olunanlar barədə Azərbaycan Respublikası BaşProkurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılan zaman təqsirləndirilən şəxs"xxxx" MTK-nın direktoru olan Hikmət Yigitdöl ilə Cavabdeh2 MTK arasında xx.xx.2018-cı il tarixli birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən Hikmət Yigitdölün xahişi ilə onlar tərəfindən cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsi təmin olunmuşdur. Belə ki, bu ərəfədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 443 saylı sərancamı ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 saylı sərancamının 1-ci bəndi ilə "xxxx" MTK-ya ayrılmış 0,73 ha torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə razılaşdırılmış layihə sənədlərinə uyğun tikilməmiş 0,4984 ha torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Belə ki, "xxxx" MTK-ya ayrılmış 0,73 ha torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə razılaşdırılmış layihə sənədlərinə uyğun tikilməmiş 0,4984 ha" hissəsi dedikdə, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış əvvəlki layihə əsasında 3 tikilməmiş blokun tikintisi nəzərdə tutulmuşdur. Həmin bloklar əvvəlki layihədə qeyd olunduğu kimi C, D və E blokları olmuşdur. Buna görə də "xxxx" MMC ilə iddiaçı arasında xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 MTK tərəfindən xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən iddiaçıya verilmiş A1 blokunun 18-19-cu mərtəbələrində 123,4 kv.m. mənzillər ləğv edilmiş, Cavabdeh2 MMC, Bakı şəhəri İcra Hakimiyyətinin 443 saylı, xx.xx.2015-ci il tarixli Sərəncamı əsasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə layihəndirdiyi yüksək mərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra, “D” blokunun 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 90.5 kv.m olan 15 saylı və 19-cu mərətəbəsində ümumi sahəsi 98.5 kv.m olan 16 saylı yaşayış sahəsini tikərək iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Lakin sonradan AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən onlara ünvanlanmış 26 avqust 2019-cu il tarixli, xx/xx-4809 nömrəli cavab məktubunda bildirilmişdir ki, "xxxx" MMC-nin icarəsində olan torpaq sahəsində lahiyələndirilən 2 ədəd 1 girişli 23 mərtəbəli yaşayış binası və 4 mərtəbəli qeyri-yaşayış binasına icazə verilmişdir. Yəni müqavilədə sözügedən "D" blokunun tikintisi rəsmi olaraq AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dayandırılmışdır. Belə ki, onlara bunun səbəb olaraq bildirilmişdir ki, layihələndirilən ərazidə yaşayış sıxlığı əmsalı yüksək olduğuna görə bu mümkün deyil. İş materiallarına yeni layihə əlavə olunmuşdur. Həmin layihə ilə köhnə layihə, yəni "X14" MTK-ya verilmiş layihə müqayisə edildikdə, həqiqətən də, "D" blokunun tikintisinin ləğv olunduğunu görmək olar. İddiaçı isə özünün qeyrimüəyyən olan iddia tələbində bunu bilərək qeyd etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında, binanın A1 blokunun 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 123,4 kv.m təşkiledən və Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında, binanın A1 blokunun 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 123,4 kv.m mənzillərə bərabər yaşayış sahəsi (mənzillər) Cavabdeh2 MMC-dən alınaraq ona verilməlidir. Məhkəmə də iddiaçının bu tələbini qismən təmin edərək, dəymiş ziyanın əvəzi olaraq, xx.xx.2019-cu il tarixli müqavilədə göstərilən mənzillərin əvəzinə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasında 90,5 kv.m və 98,5 kv.m mənzillərin iddiaçıya verilməsi öhdəliyini Cavabdeh2 MMC-nin üzərinə qoymuşdur. Qeyd edirlər ki, bu, məhkəmənin onların üzərinə qoyduğu bir "yük" dür. Məhkəmə zorla onlara deyir ki, qeyd olunan ərazidə bina tik və həmin binadan 90,5 kv.mvə 98,5 kv.m mənzilləri iddiaçıya ver. Məhkəmə bilmirmi ki, hər hansı bir tikinti tikmək üçün müvafiq qurumların icazələri və arayışları lazımdır. Ümumiyyətlə, həmin ərazidə yeni bir binanın tikintisi nəzərdə tutulmaya-tulmaya, məhkəmə necə hesab edə bilər ki, onlar orada bina tikə bilər və həmin binadan iddiaçıya mənzillər verə bilərlər. Əgər məhkəmə qeyd oluna ərazidə tikilmiş digər binaları nəzərdə tutursa, bildirirlər ki, həmin binalarda olan mənzillər də artıq çoxdandır ki, "iddiaçı kimilərə" yəni qeyd olunduğu kimi "zərərçəkmiş" şəxslərə verilmişdir. Qeyd olunan binalarda olan mənzillər artıq sakinlərin istifadəsinə verilmişdir. Ümumiyyətlə, məhkəmənin onların üzərinə qoyduğu tələb özü də qeyri-müəyyəndir. Çünki iddiaçı tərəfindən irəli sürülən tələb özü-özlüyündə də qeyri-müəyyəndir. Gələcəkdə qeyd olunan qətnamənin icrası zamanı da qeyri-müəyyən olaraq qalacaqdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Kazımov) 2(103)-1178/2023 nömrəli iş üzrə 14 mart 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə ilə sonuncunun öhdəliyinin həddi iddiaçıya 90,5 və 98,5 kv.m-dən ibarət mənzillərin verilməsi olduğu üçün, onun üzərinə həmin ölçüdən artıq mənzillərin verilməsinin qoyulması MMC-nin iddiaçı qarşısında öhdəliyindən kənara çıxmış olur. Göründüyü kimi, rayon məhkəməsi iddia tələbini iddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədə nəzərdə tutulan ölçüdə mənzillərin verilməsi ilə bağlı təmin etməkdə haqlı olmuşdur, bu səbəbdən də iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Cavabdeh2 MMC-nin apellyasiya şikayətinin əsas dəlili onlardan asılı olmayan səbəblərdən iddiaçıya mənzillərin verilməsinin nəzərdə tutulduğu tikiləcək “D” blokunun onlardan asılı olmayan səbəblərdən tikilə bilməməsi və bu baxımdan qətnamənin icrasının qeyri-müəyyən olması ilə bağlıdır. Kollegiya cavabdehin “D” blokunun tikilə bilməməsi dəlili ilə bağlı bildirir ki, bu hal özlüyündə onu iddiaçı ilə bağlanmış müqavilənin icrası öhdəliyindən azad etmir. Çünki, cavabdeh göstərilən ünvanda yüksək mərtəbəli binaların tikintisi ilə məşğuldur. Bu zaman, cavabdeh vicdanlılığın tələb etdiyi tərzdə hərəkət edərək iddiaçını inşa etdiyi binalarda, eyni şərtlərlə, başqa mənzillərlə təmin edə bilərdi. Çünki, əvvəldə də qeyd edildiyi kimi, müqavilə üzrə tərəflərinin öhdəliyini vicdanla yerinə yetirməsi təkcə konket müqavilə şərtləri ilə məhdudlaşmır, həm də Mülki Məcəllənin müfafiq tələblərinə müvafiq surətdə həyata keçirilməlidir (MM maddə 425.1.). Kollegiya qətnamənin icrasının qeyri-müəyyən olması dəlili ilə bağlı isə bildirmişdir ki, həmin dəlil qətnamənin 45-ci bəndinə əsasən əsassızdır.
ç) Kassasiya instansiyası məhkəməsində icraat
16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh2 MMC ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2876/2023 saylı qərarı ilə (hakimlər Vidadi Məmmədov (sədrlik edən və məruzəçi), Zaur Əliyev və Aqil Abbasov) kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1178/2023 nömrəli iş üzrə 14 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
18. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...hazırkı mülki işə nəzər saldıqda, iddiaçıya verilməli əmlakın mövcud olmaması onu verilməsini qət edən məhkəmə qətnaməsinin nəinki vaxtında və düzgün, ümumiyyətlə, icra olunmamasına səbəb ola, bu isə bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz, qəbul olunmuş qərarı əhəmiyyətsiz edə, eyni zamanda, cəmiyyətin məhkəmə hakimiyyətinə etimadını azalda bilər....”
d) Proses iştirakçılarının izahatı
19. Təkrar apellyasiya baxışında iştirak edən iddiaçı Cavabdeh2 MMC-nin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ona verilməli olan əmlakların artıq mövcud olmadığı bildirildiyindən, həmin ərazidə analoji binalarda olan mənzillərin dəyərinin müəyyən edilməsi üçün təyin edilmiş ekspertizanın nəticəsi olaraq göstərilən hər kv.metr üçün 1670 manat məbləğin ödənilməsinə razıdır.
20. Təkrar apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş, iddiaçının dediklərini təsdiqləmişdir.
21. Təkrar apellyasiya baxışında iştirak edən Cavabdeh1 MTK-nın nümayəndəsi (direktoru) X5 iddiaçının mülahizəsinə uyğun qərar qəbul edilməsinə etirazı olmadığını bildirmişdir.
22. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər Cavabdeh2 MMC məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətinin müdafiə etdiklərini bildirmiş, iclasın onların iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etmişdir.
23. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
24. Maddə 12, İ hissə. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir;
25. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur;
26. Maddə 29, İV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
27. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;
28. Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır.
29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;
31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
33. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
34. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər;
35. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir;
36. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
37. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür;
38. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.
43. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
44. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
45. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
46. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
47. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.
48. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apelyasiya baxışının hədləri
49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
51. Ali Məhkəmə tərəfindən apellyasiya instansiya məhkəməsinin qətnaməsi tam ləğv olunduğundan hazırki apelyasiya baxışının predmetini qətnamənin əsaslılığının və qanunuliyinin tam yoxlanılması təşkil edir. Lakin bu halda nəzərə alınır ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti versə və ilkin apellyasiya baxışında onun şikayəti təmin edilməsə də, həmin qətnamədən kassasiya şikayəti verilməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
52. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
53. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir.
54. Birinci instansiya məhkəməsi cavabdehin müqavilə üzrə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyi ilə bağlı düzgün qənaətə gəlsə də, iddianın məhz qətnamədə göstərilən qaydada qismən təmin edilməsinin işin faktiki hallarına nə dərəcədə uyğun olmasını, həmin qətnamənin icra edilməsinin mümkünlüyünü düzgün qiymətləndirməmişdir.
55. Belə ki, işin halları ilə əlaqədar təkrarçılığa yol vermədən qısaca qeyd etmək lazımdır ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilə ilə sonuncu Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 1181-ci məhəllədə layihəndirdiyi yüksək mərtəbəli yaşayış binasının, tikintisi başa çatdıqdan sonra “D” blokunun 18-cı mərtəbəsində yerləşən ümumi sahəsi 90,5 kv.m. olan 15 saylı və 19-cu mərtəbəsində ümumi sahəsi 98,5 kv.m. olan 16 saylı yaşayış sahəsini (mənzilləri) tikərək iddiaçıya verməyi öhdəsinə götürmüşdür.
56. Apelyator MMC öz şikayətində əsas dəlil olaraq iddiaçıya mənzillərin verilməsinin nəzərdə tutulduğu “D” blokunun ondan asılı olmayan səbəblərdən tikilə bilməməsinə və bu baxımdan qətnamənin icrasının qeyri-müəyyən olmasına istinad edir və buna görə də iddianın rədd olunmasını xahiş edir.
57. Lakin kollegiya buna münasibətdə qeyd edir ki, cavabdehin qeyd etdiyi hal, yəni iddiaçıya verilməsi qət edilən mənzillərin mövcud olmaması iddianın rədd edilməsinə əsas ola bilməz və sadəcə həmin əmlaklara alternivlərinin təqdim edilməsi, bu da mümkün olmadıqda həmin əmlakların dəyərinin ödənilməsi kimi müəyyən edilə bilər. Belə ki, həmin mənzillərin tikintisinə icazə verilməməsi cavabdehin iddiaçı ilə bağlanmış müqavilənin icrasından azad etmir. Çünki müqavilə üzrə tərəflərinin öhdəliyini vicdanla yerinə yetirməsi təkcə konkret müqavilə şərtləri ilə məhdudlaşmır, həm də Mülki Məcəllənin tələblərinə müvafiq surətdə həyata keçirilməlidir.
58. Belə ki, Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
59. Avropa Məhkəməsinin president təcrübəsinə, həmçinin 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və ya «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür.
60. Hazırki işin hallarına əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış 26 avqust 2019-cu il tarixli, xx/xx-4809 nömrəli məktubda bildirilmişdir ki, "xxxx" MMC-nin icarəsində olan torpaq sahəsində lahiyələndirilən 2 ədəd 1 girişli 23 mərtəbəli yaşayış binası və 4 mərtəbəli qeyri-yaşayış binasına icazə verilmişdir. Yəni birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya verilməsi qət edilən mənzillərin yerləşdiyi "D" blokunun tikintisinə rəsmi olaraq yuxarıda adı çəkilən qurum tərəfindən icazə verilməmişdir. Bundan əlavə kollegiya həmin məsələnin araşdırılması ilə bağlı öz təşəbbüsü ilə də Bakı şəhəri üzər İcra Hakimiyyətinə sorğu ünvanlanmış, cavab məktubunda qeyd olunan məsələnin sonuncunun deyil, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə aid olduğu bildirilmiş, bu səbəbdən kollegiya tərəfindən həmin quruma bu barədə müraciət ünvanlamışdır. Sonuncu tərəfindən verilən 3-35/2-1951/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda da bildirilmişdir ki, Komitənin arxivində sözügedən ünvanda yerləşən Cavabdeh1 MTK tərəfindən tikilən yaşayış binasının “D” blokunun tikintisinə icazə sənədi aşkar edilməmişdir.
61. Bu zaman kollegiya hesab edir ki, iddiaçıya həmin mənzillərin dəyərində olan digər mənzillərin verilməsinin mümkünlüyü yoxlanılmalıdır. Lakin hazırki iş üzrə apelyator MMC bunun mümkünlüyü ilə bağlı məhkəməyə hər hansı dəlil təqdim etməmişdir. Bu zaman kollegiya Mülki Prosessual Məcəllənin 106.2-ci maddəsinə əsasən işə mövcud sübutlar əsasında baxılmasının mümkün olması və işin faktiki hallarına uyğun olaraq ən uyğun qərarın verilməsi qənaətinə gəlir.
62. Bu əsasla, o cümlədən kassasiya instansiya məhkəməsinin göstərişinə əsasən kollegiya tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardadla məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9986-9/10111 saylı ekspert rəyində qeyd edilmişdir ki, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə inşa edilən binada anoloji mənzilin 1 kv.metrinin 2022-2023-cü ilin bazar qiyməti təqribən 1670 manat məbləğində müəyyən edilir.
63. Ekspertiza tərəfindən verilən göstərilən rəy apellyasiya baxışında da elan edilmiş və iddiaçı da rəydə göstərilən məbləğə etiraz etmədiyini və razı olduğunu bildirmişdir. xx.xx.2019-cu il tarixli müqavilə ilə iddiaçıya verilməli olan mənzillərin ölçüsü 90.5 və 98.5 kv kimi müəyyən edilmişdir. Bu da o deməkdir ki, Cavabdeh2 MMC tərəfindən iddiaçıya həmin mənzillərin dəyəri kimi müvafiq olaraq 151.135 manat və 164.495 manat, ümumilikdə 315.630 manat məbləğində pul vəsaiti ödənilməlidir.
64. Bütün qeyd edilənlərə məcmu halında qiymət verən kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, dəymiş zərərin əvəzi olaraq xx.xx.2019-cu il tarixli müqavilədə göstərilən mənzillərin əvəzinə ümumilikdə 315.630 manat məbləğində pul vəsaiti Cavabdeh2 MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.
65. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
66. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
67. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
68. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
69. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
70. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği, o cümlədən 100 manat məbləğində ekspert xərci Cavabdeh2 MMCyə aid edilməlidir.
71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3229/2022 saylı, 07 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Dəymiş zərərin əvəzi olaraq xx.xx.2019-cu il tarixli müqavilədə göstərilən mənzillərin əvəzinə onların dəyəri olan ümumilikdə 315.630 (üç yüz on beş min altı yüz otuz) manat məbləğində pul Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətləri ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində vəsait Cavabdeh2 MMC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X2, Kod 210005, VÖEN **********, M/h- AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova