Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6470/2025 26.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Deputat Tomayevin iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(010)-4990/2025 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı (satıcı) ilə cavabdehin (alıcının) arasında bağlanmış xx.xx.2024-cü il tarixli 17032097 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən, iki ədəd əşyaya - imei kodu **********26713 olan “Oppo A38” markalı telefon və “Zigzag” mopedə görə qiymətin ödənilməmiş hissəsi kimi 2.314,58 manat və cərimə kimi 231,46 manat, ümumilikdə 2.546,04 manat, habelə məhkəməyə ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 45,47 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Tələb onunla əsaslandırılıb ki, xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan “əşyaların təhvil-təslimi barədə” akta görə, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır, lakin o, müqavilə öhdəliyini icra etməmiş, nəticədə 2.546,04 manat borc yaranmışdır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin edilsin, həmin müqavilə üzrə qiymətin ödənilməmiş hissısi kimi 2.314,58 manat, cərimə kimi 30 manat, cəmi 2.344.58 manat, habelə dövlət rüsumunun əvəzi kimi 43,45 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddianın qalan hissəsi təmin edilməyib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Deputat Tomayev apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Müəyyən olunur ki, tərəflərin arasında bağlanmış xx.xx.2024-cü il tarixli 17032097 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə “Oppo A38” markalı telefon və “Zigzag” mopedin qiymətinin ödənilməmiş hissəsi kimi borc, habelə ödənişin gecikdirilməsinə görə cərimə borcu mövcuddur. Borcun məbləği birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırıb ki, satılan məhsulda nasazlıq yaranıb, lakin iddiaçı məhsulu təmir etməkdən boyun qaçırıb, bundan başqa, cavabdehin ödədiyi pulun məbləği qətnamədə düzgün göstərilməyib. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh satılmış məsulda qüsurun yaranması barədə sübut, habelə müqavilə üzrə etdiyi ödənişlərin məbləği barədə sübut (ödəniş qəbzi və s.) məhkəməyə təqdim etməyib, izahat vermək üçün məhkəmə iclasına isə gəlməyib. İddiaçının təqdim etdiyi sübutlardan müəyyən olunur ki, borcun məbləği qətnamədə göstərildiyi kimidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389, 425 və 567-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib, mübahisələndirilən hissədə, yəni iddianın təmin edilməsinə aid hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(010)-4990/2025 nömrəli qətnaməsi iddianın təmin edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6470/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6470/2025
26.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver