Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6472/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MTK-ya və Cavabdeh2 MMC-yə qarşı “qanunsuz tikilinin sökülməsi və s.” tələbinə dair mülki iş üzrə İş № 2(103)-6472/2022 Açar sözlər:(tikilinin sönülməsi, maddi və mənəvi ziyanın ödənilməsi və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxs X1 vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(011)-172/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.ünvan 1 ünvanında iş üzrə cavabdeh "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının giriş 1, 1a saylı mənzili tam mülkiyyət hüququ əsasında iş üzrə İddiaçı məxsusdur. 2.Həmin ünvanda həyətyanı sahədə yerləşən idman meydançasının ərazisində cavabdeh "xxxx" MTK tərəfindən taxtadan tikilmiş sahəsi 45 kv.m olan özbaşına tikili mövcuddur. 3.İddiaçı həmin tikilinin sakinlərin və özünün həyətyanı sahədən təyinatı üzrə istifadə edilməsinə mane olduğundan onun cavabdehin hesabına sökülməsini tələb edir. 4.Həmçinin kommunal xidmət haqlarının və yeraltı dayanacaqlarda avtomobillərin saxlanma xərclərinin miqdarında bina sakinləri arasında ayrıseçkiliyə yol verildiyini iddia edərək, mənzil kommunal xidmətlərindən istifadə haqqının miqdarı, hesablanma qaydası, hansı normativ akta əsaslandığı, həmçinin yeraltı dayanacaqlarda avtomobillərin saxlanma xərcləri barədə məlumatların "xxxx" MTK tərəfindən tərtib və təsdiq edilərək binaların bütün giriş dayanacaqlarında asılması vəzifəsinin "xxxx" MTK-nın üzərinə qoyulmasını, yaşayış kompleksinin ərazisində Cavabdeh2 MMC-nə məxsus avtomobillərin park olunması, durması və gecə saxlanmasının qadağan olunması, cavabdeh şirkətlərin əməkdaşlarının qanunsuz əməlləri nəticəsində ona dəyən maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. a) Birinci instansiya məhkəməsində icraat 5.İddiaçı cavabdehlər "xxxx" MTK-nə və Cavabdeh2 MMC-nə qarşı (üçüncü şəxs Xətai Rayon İcra Hakimiyyəti, X2 cəlb olunmaqla) – Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 11-də həyətyanı sahədə yerləşən idman meydançasında 45 kv.metr ərazidə taxta konstruksiyadan, müvafiq icazə olmadan inşa olunmuş, özbaşına, qanunsuz tikilinin sökülməsi barədə qətnamə çıxarıması və sökülmə işlərinin "xxxx" 2020 MTK rəhbərliyinin öz şəxsi vəsaiti hesabına aparılması, kommunal xidmətlərə görə ödənişlərin miqdarı, hesablanma qaydası, hansı normativ akta əsaslandığını, eləcə də yeraltı dayanacaqlarda avtomobillərin saxlanmasının aylıq xərci barədə məlumatların yazılaraq, komendant tərəfindən təsdiq olunmaqla binanın bütün girişlərində və dayanacaqlarda asılmasının MTK-nə həvalə edilməsi, Süleyman Vəzirov küçəsi 11 ünvanındakı yaşayış kompleksinin ərazisinə sakinlər və onların qonaqlarına məxsus avtomobillərdən kənar hər hansı nəqliyyat vasitəsinin buraxılmasına və ərazidə yaşamayan vətəndaşların avtomobillərinin gecə orada saxlanmasına icazə verilməsi "xxxx" 2020 MTK-nin rəhbərliyinə qadağan olunması, Süleyman Vəzirov 11-də yaşayış kompleksinin ərazisinə Cavabdeh2 iş yeri ləvazimatları şirkətinə məxsus avtomobillərin park oluması, durması və gecə saxlanmasının qadağan olunması, onların giriş-çıxışının məhdudlaşdırılması, baş planın saxtalaşdırılmasında təqsirkar olan şəxslər barəsində xüsusi qərar çıxarılaraq əməllərinə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa məlumat verilməsi barədəiddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 6.İddia tələbi onunla əsaslandırılır ki, iddiaçı 2004-cü ildən Süleyman Vəzirov küçəsi 11-də hasara alınmış 9 binadan ibarət, yaşayış kompleksinin sakinidir. Bu kompleksə xidmət edən "xxxx" MTK 2020 "xxxx" MMC-yə daxildir. X5 Azərbaycanda çox rezonans yaratmış və səs salmış “Mida” layihəsi olan sosial Yasamal yaşayış kompleksində külli miqdarda ziyan vurmaqla, mənimsəmə, dələduzluq, vəzifə saxtakarlığı, 179.4; 308.2 və s. maddələri ilə ittiham irəli sürülüb və 9 aydır ki, həbsdədir. Yaşayış kompleksində aylıq kommunal xərclər hansı əsasla və necə hesablanır, kalkulyasiyaya nə daxil olur, yığılan pullar hara xərclənir bu günə kimi sakinlərə naməlumdur. Şifahi sorğular cavabsız qalır. Eyni ölçüdə tikilmiş 9 binada, eyni kvadrat metrə malik 3; 4; 6; 8 otaqlı mənzillərdən kommunal yığımları və o cümlədən, yeraltı avtomobil dayanacaqlarında qiymətlər biribirindən fərqlənir və adamına görə dəyişir. "xxxx" 2020 MTK yarandığı gündən, bütün qanunları pozaraq, sakinlərlə hesablaşmalarını həyətdə, şlaqbaumdan keçərkən əlbəəl, heç bir ciddi mühasibat sənədləri ilə təsdiqlənməmiş, mədaxil qəbzləri təqdim olunmadan işlərini aparır. MTK-ya mədaxil olan pul vəsaitinin miqdarı və dövriyyə gizlədilir, vergidən yayınma halları baş verir. Yığılan pullar hara xəcləndiyi heç kimə bildirilmir, hesabat verilmir, özləri istədiyi kimi idarə edir. İddiaçı MTK-nın sədrini və nəzarət təftiş komissiyasının üzvlərini tanımır, görməmişdir. Bütün bu əməliyyatlar Bəhruz adında vətəndaş tərəfindən çox səriştəsiz və qeyri-peşəkar, qanunları saymadan "xxxx" idarə edilir. 15 ildir ki, MTK tərəfindən heç bir təmir işləri aparılmır. Zərurət yarandıqda, qonşular vəsait toplayıb: asfalt örtüyünü, boruları, çöl işıqlandırmanı təzələyir, yenisini quraşdırırlar, binaların fasadlarını və səkiləri boyayırlar. 4-5 ildir ki yaşayışları pozulub. Belə ki, kompleksin həyəti başdan-başa fiziki və hüqüqi şəxslərə qanunsuz (kirayə müqavilələri olmadan) icarəyə verilib və kənar avtomobillərin pullu dayanacağı kimi istifadə olunur, kənar avtomobillərlə həyət başdan-başa doludur. Kənar, ən çox da Cavabdeh2 şirkətinə məxsus avtomobillərin çoxluğundan, sakinlər öz yaşayış yerlərinə yaxın düşə bilmir, avtomobilləri saxlamaq üçün boş yer tapana kimi sakinlər əsəb keçirir. Cavabdeh2 şirkəti avtomobil dayanacağı üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini topdan satış anbarı kimi istifadə edir, üstəlik tikintiyə icazə sənədləri olmayan, qanunsuz fəaliyyət göstərən, şam taxtasından yığılmış, tezalışan, 45 kv.metr sahəsi olan qurğunu, yenə də anbar kimi istifadə edirlər (FHN tərəfindən protokol tərtib olunana kimi). 45 kvadrat metr taxta tikili aşağı sinif uşaqlarının kollec binasına bitişikdir və 3 üzbəüz yerləşən yaşayış binalarının arasında, hər birindən 5 metr məsafədə yerləşir. Anbar baş planda nəzərdə tutulan “idman meydançası” sahəsinin yarısını tutur. Gün ərzində yük avtomobilləri daim həyətə mal boşaldır və ya aparır. Bu prosses avtomobillərin səsi, mənzillərinə dolmuş salyarkanın qoxusu, sürücülərin və fəhlələrin axmaq zarafatları, bayağı musiqi ilə müşayiət olunur. Bundan irəli gələrək sakinlər il boyu təmiz havaya həsrət qalmış, pəncərələri və jalüzləri bağlı saxlayır, xanımlarına eyvana çıxmağı özlərinə qadağan etmişlər. Taxta 45 kvadratmetrlik anbar lazımı icazə olmadan inşa olunmuşdur, qanunsuz və özbaşına tikilmişdir, sakinlərin həyətdəki sahədən təyinatı üzrə istifadə etmələrinə mane olur. Belə ki, həyətyanı sahənin Baş Planından göründüyü kimi, həmin sahə idman meydançası kimi nəzərdə tutulmuşdur. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinə və Daxili İşlər Nazirliyinə müraciətlərinin nəticəsində həmin anbardan müqaviləsiz istifadə edən Cavabdeh2 şirkəti çıxarılıb, anbar isə boşaldılıbdır. Lakin anbar binası sökülməmişdir və görünən odur ki, həmin anbarı təmir edib başqasına kirayə vermək istəyirlər. Təzəlikcə yeni pəncərələr qoyulmuş və su-kanalizasiya boruları çəkilmişdir. Anbarın ölçüləri əslində 9x5=45 kvadrat metr olduğu halda FHN və DİN-dən gələn cavablarda niyə 20 kvadratmetr göstərilməsi aydın olmur. FHN Dövlət YanğınNəzarəti Xidməti 3-cü ərazi X8 İdarəsinin və DİN Bakı şəhər Xətai rayonu Polis İdarəsinin 37-ci Polis Şöbəsinin bina sakinlərinin şikayətinə verdiyi cavablarından görünür ki, "xxxx" 2020 MTK həmin anbar binasına mülkiyyət və yaxud sahiblik hüququnu təsdiq edən hər hansı bir sənəd təqdim edə bilməmişdir. Belə ki, MTK rəhbərliyi şikayət ərizələrindən xəbər tutan kimi, dələduzluq edərək, öz nüsxələrinə qələmlə, qanunsuz əlavələr edib (idman meydançasının yerində dördbucaq çəkib, bir neçə dəfə, təkrar-təkrar kseroksdan çıxan surətləri yenidən kseroks etməklə) saxtalaşdırıblar. Baş plan MTK rəhbərliyi FHN-nin nümayəndələrinə sənəd kimi təqdim etməyə cəhd ediblər, lakin aldada bilməyiblər. Sonradan baş planla bağlı DİN-in 37-ci Polis şöbəsinin əməkdaşları tərəfindən sual verildikdə, bu vəziyyətdən çıxmaq üçün "xxxx" MMC-nin müdiri Elçin Ələkbərovun həbsdə olduğunu və Baş planın özündə saxladığını deyərək, əsl sənədi göstərmək istəməyiblər. MTK istifadə etdiyi baş planda, həmin yerdə dördbucaq çəkilmişdir. Çox guman ki, Xətai rayon İcra Hakimiyyətində saxlanan əsas (orijinal) baş planda o ərazi idman meydançasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən lazımi icazə olmadan inşa olunmuş tikili qanunsuz sayılır və məhkəmə qərarı əsasında sökülməlidir. İddiaçı bu hüququndan istifadə edərək məhkəmədə hazırkı iddiannı qaldırır. İddiaçının müraciəti ilə FHN yoxlama aparıb və müəyyən edib ki, idman meydançasında taxta konstruksiyadan, tezalışan materialdan 45 kv.metr sahədə inşa olunmuş obyekt yanğın baxımından da təhlükəlidir. Məhz elə bu səbəbdən də FHN X8 Xidməti 3-cü ərazi X8 İdarəsi tərəfindən "xxxx" 2020 MTK barəsində xx.xx.2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Xətai rayon İcra hakimiyyətinə taxta obyektin icazə sənədlərinin olması ilə bağlı məktubla sorğu göndərilmişdir, lakin cavab hələ də alınmamışdır. DİN-nin Bakı şəhər Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi, Cavabdeh2 şirkətindən izahat alınıb, şirkətin əməkdaşlarının əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan həmin əməkdaşları məsuliyyətə cəlb olunması üçün aidiyyəti əməkdaşa qərarın surəti verilərək, anbardakı mallar boşaldılmışdır. 7.İddiaçı sonradan məhkəməyə iddia ərizəsinə əlavə ilə müraciət edərək məhkəmədən, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 11 ünvanında həyətyanı sahədə yerləşən idman meydançasının ərazisində taxtadan tikilmiş sahəsi 45 kv.metr olan özbaşına tikilinin cavabdeh "xxxx" 2020 MTK-nın hesabına sökülməsi, mənzil kommunal xidmətlərindən istifadə haqqının miqdarı, hesablanma qaydası, hansı normativ akta əsaslandığı, həmçinin yeraltı dayanacaqlarda avtomobillərin saxlanma xərcləri barədə məlumatların "xxxx" 2020 MTK tərəfindən tərtib və təsdiq edilərək binaların bütün giriş dayanacaqlarında asılması vəzifəsinin "xxxx" 2020 MTK-nın üzərinə qoyulması, Süleyman Vəzirov küçəsi 11 ünvanındakı yaşayış kompleksinin ərazisində Cavabdeh2 MMC-nə məxsus avtomobillərin park olunması, durması və gecə saxlanmasının qadağan olunması, cavabdeh şirkətlərin əməkdaşlarının qanunsuz əməlləri nəticəsində iddiaçıya vurulmuş 30000 manat məbləğində maddi ziyanın, dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində pulun, həmçinin mənəvi ziyanın kompensassiyası kimi 100000 manat məbləğində pulun, ümumilikdə 130030 manat məbləğində pul vəsaitinin cavabdehlər "xxxx" MMC və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 8.xx.xx.2021-ci il tarixli məhkəmə iclasında X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə tərəfindən cəlb olunmuşdur. 9.Üçüncü şəxs X1 vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. 10.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 28 iyun 2022-ci il tarixli, 2(011)-172/2022 saylı qətnaməsi (sədrlik edən-Rəhimli Lalə) ilə iddia təmin edilməmişdir. 11.İş materiallarında olan Fövqəladə Hallar Nazirliyi X8 Xidməti 3-cü ərazi X8 İdarəsinin Azər Sərdərova ünvanladığı məktubundan görünür ki, "xxxx" 2020 MTK-nın həyətyanı sahəsində, idman meydançası kimi nəzərdə tutulmuş boş ərazidə müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmadan taxta konstruksiyadan 20 m2 sahədə obyektin mövcud olduğu müəyyən olunmuşdur. Yanğın-təhlükəsizliyi qaydalarının pozulması ilə bağlı "xxxx" 2020 MTK-nın barəsində xx.xx.2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. 12.İş matertiallarında olan Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin İddiaçı ünvanladığı məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İddiaçı mübahisənin mülki mühakimə icraatı qaydasında həll edilməsi üçün aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququ izah olunmuşdur. 13.İş matertiallarında olan Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. 14.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1D, giriş 1, 1a nömrəli mənzili üzərində İddiaçı xüsusi tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. 15.İş materiallarında olan icarəyə verən X2 ilə icarəçi "xxxx" MMC adından X6 arasında xx.xx.2018ci il tarixdə bağlanmış icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə verməyi öhdəsinə götürmüşdür. 16.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 1130-cu məhəllə, S.Vəzirov 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində X1 xüsusi tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. 17.İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/818 saylı rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 11 ünvanında yerləşən yaşayış kompleksinin həyətyanı sahəsindəki idman meydançasında ağac konstruksiyalardan tikilmiş bir mərtəbəli tikilinin inşası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinə riayət olunmadığı müəyyən edilir. Tədqiq olunan tikilinin inşa olunması ilə əlaqədar yuxarıda qeyd edilən müvafiq icazəverici sənədlərin olmadığını nəzərə alaraq, həmin tikilinin yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə uyğun olmadığı müəyyən edilir. 18.Məhkəmə iddia tələbinin “Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 11 ünvanında həyətyanı sahədə yerləşən idman meydançasının ərazisində taxtadan tikilmiş sahəsi 45 kv.metr olan özbaşına tikilinin cavabdeh "xxxx" MTK-nın hesabına sökülməsi” barədə hissəsini araşdıraraq hesab etmişdir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatı nəticəsində də həmin taxta tikilinin tikinti norma və qaydalarına riayət olunmadan tikilməsi müəyyən olunsa da, həmin tikilinin iddiaçıya və ya yaşayış binasında yaşayan digər sakinlərə hər hansı şəkildə maneə yaratması iş materialları ilə sübuta yetirilmədiyindən iddia tələbi qeyd edilən hissədə əsassızdır. 19.Məhkəmə iddiaçının “mənzil kommunal xidmətlərindən istifadə haqqının miqdarı, hesablanma qaydası, hansı normativ akta əsaslandığı, həmçinin yeraltı dayanacaqlarda avtomobillərin saxlanma xərcləri barədə məlumatların "xxxx" MTK tərəfindən tərtib və təsdiq edilərək binaların bütün giriş dayanacaqlarında asılması vəzifəsinin "xxxx" MTK-nın üzərinə qoyulması” barədə tələbinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməməlidir. 20.Belə ki, iddiaçı göstərilən iddiasını yaşayış binasında yığılan mənzil kommunal ödənişlərinin, dayanacaqlara görə ödənilən pul ödənişlərinin bir-birindən fərqlənməsi, nəyə əsaslandığının müəyyən olunmaması ilə əsaslandırır. Lakin, qüvvədə olan mənzil qanunvericiliyinin tələblərinə əsasən, çoxmənzilli yaşayış binasının mülkiyyətçiləri mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaqla qanunvericiliyə müvafiq qaydada kommunal xidmətlərin göstərilməsi haqqında müqavilə bağlaya bilərlər. 21.İddiaçı isə hazırkı tələbi "xxxx" MTK-nə irəli sürmüş olsa da, lakin iddiaçı cavabdeh MTK ilə kommunal xidmətlər göstərilməsi barədə müqavilənin bağlanmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. 22.Qeyd edilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, çoxmənzilli yaşayış binasının mülkiyyətçisi olan iddiaçı cavabdeh MTK ilə kommunal xidmətlərin göstərilməsi haqqında müqavilə bağlamadığından, mövcud iddia məhkəmə tərəfindən təmin edilməməlidir. 23.Məhkəmə iddiaçının “Bakı şəhəri, Süleyman Vəzirov küçəsi 11 ünvanındakı yaşayış kompleksinin ərazisində Cavabdeh2 MMC-nə məxsus avtomobillərin park olunması, durması və gecə saxlanmasının qadağan olunması” barədə tələbinə hüquqiqiymət verərək hesab etmişdir ki, iddia tələbi qeyd edilən hissədə də sübuta yetirilmədiyindən təmin edilməməlidir. 24.Belə ki, iddiaçının iddiasının əsası kimi göstərdiyi hallar işin hər hansı halı ilə sübuta yetirilmir. İddiaçı həmin halların əsasını yalnız iddia əriəzəsində göstərilənlərlə əsaslandırır. Digər tərəfdən, iddia bu hissədə ona görə təmin oluna bilməz ki, çünki məhkəmənin 28 iyun 2022-ci il tarixli baxış iclasında iddiaçı tərəf özü Cavabdeh2 MMC-nin artıq ünvan 6 ünvanı tərk etdiyini bildirmişdir. 25.Məhkəmə iddiaçının “cavabdeh şirkətlərin əməkdaşlarının qanunsuz əməlləri nəticəsində iddiaçıya vurulmuş 30000 manat məbləğində maddi ziyanın, dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması” barədə tələbinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməməlidir. Ona görə ki, cavabdehlər tərəfindən iddiaçıya maddi zərər vurulması, yaxud maddi zərər vurulmasına gətirib çıxaracaq hər hansı əməllərin törədilməsi, maddi zərərin nədən ibarət olması və hansı qaydada və hansı meyarlara əsaslanaraq müəyyən olunması iş materialları ilə müəyyən edilmir. 26.Məhkəmə iddianın “mənəvi ziyanın kompensassiyası kimi 100000 manat məbləğində pulun cavabdehlər "xxxx" MTK və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi” barədə iddia tələbini araşdıraraq hesab etmişdir ki, iddia qeyd edilən hissədə də əsassızdır. 27.Məhkəmə hesab etmişdir ki, iddiaçı ona mənəvi zərər dəyməsi və dəymiş mənəvi zərərin 100000 manat olması barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi də əsassızdır. Odur ki, iddianın mənəvi ziyanın ödənilməsinə dair hissəsi də rədd edilməlidir. 28.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.5, 122.1.1, 137.9-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 29.İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini iddia tələbinin bütünlüklə təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 30.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, ünvan 7 ünvanında həyətyanı sahədə yerləşən idman meydançasının ərazisində taxtadan tikilmiş sahəsi 45 kv.m olan tikili şəhərsalma və tikinti norma və qaydalarının, eləcə də yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə cavab vermədiyindən, həmçinin həmin tikilinin mövcudluğu bilavasitə ona (həmçinin yaşayış kompleksinin sakinlərinə) maneə və təhlükə yaratdığından hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin tikilinin cavabdeh "xxxx" MTK-nin hesabına sökülməsi barədə olan tələbi təmin edilməli idi. Həmçinin, iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 50-ci, “İnformasiya azadlığı haqqında” Qanunun 7.3, 8.1, 34, Mənzil Məcəlləsinin 9.1, 9.2, 9.2.2 və 138.5-ci maddələrinə istinad edərək qeyd edir ki, iddia tələbinin “mənzil-kommunal xidmətlərdən istifadə haqqının miqdarı, hesablanma qaydası, hansı normativ akta əsaslandığı, həmçinin yeraltı dayanaqcaqlarda avtomobillərin saxlanma xərcləri barədə məlumatların "xxxx" MTK tərəfindən tərtib və təsdiq edilərək binaların bütün giriş dayancaqlarda asılması vəzifəsinin "xxxx" MTK-nin üzərinə qoyulması” hissəsi də təmin edilməli idi. Bundan başqa cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun yaşadığı mənzildən, ümumi istifadədə olan həyətdən maneəsiz istifadə edə bilməməyi, məcbur olub çoxsaylı dövlət orqanları və vəzifəli şəxslərə, hazırda isə məhkəməyə müraciətlər etməyi, eləcə də cavabdehlərin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində keçirdiyi məyusluq, əsəb, stress və s. iddiaçını mənən alçaltmış, özünə, etdiyi hərəkətlərə inamsızlıq və hörmətsizlik hissi yaratmışdır. Həmçinin, məhkəmənin özünün də qeyd etdiyi kimi taxta tikilinin tikinti norma və qaydalarına riayət olunmadan tikilməsi müəyyən edilmişdir. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla, eləcə də iş üzrə keçirilmiş ekspert rəyi ilə də müəyyən edilmişdir ki, həmin tikili həm də yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə də cavab vermir. Sözügedən tikilinin yaşadığı mənzilin bilavasitə yaxınlığında yerləşməsi, eləcə də cavabdeh MTK-nin bundan sonra da həmin tikilidən qanunsuz məqsədlərlə istifadə etməsi bilavasitə ona və digər sakinlərə maneçilik yaradır. Bundan başqa, təkrar məhkəmə-tikinti ekspertizasının keçirilməsi barədə iddiaçının vəsatətləri təmin edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 31.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 32.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etdi. 33.Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X1 vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. 34.İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər "xxxx" MTK, Cavabdeh2 MMC və üçüncü şəxs Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişlər, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin və 3-cü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 35.Maddə 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 36.Maddə 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 37.Maddə 180.2.Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 38.Maddə 180.4.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 39.Maddə 227.1.Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 40.Maddə 35.1.Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 41.Maddə 109.5. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. 42.Maddə 122.1.1.Qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqlarından biridir. 43.Maddə 137.9.Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 44.Maddələr 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 45.Maddə 384.0.2.Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 46.Maddələr 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. 47.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya baxışının hədləri 48.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 49.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 50.Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini, üçüncü şəxsin vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(011)-172/2022 saylı qətnaməsi iddianın Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 11 ünvanında həyətyanı sahədə yerləşən idman meydançasının ərazisində taxtadan tikilmiş sahəsi 45 kv.metr olan özbaşına tikilinin cavabdeh "xxxx" MTK-nın hesabına sökülməsinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qeyd olunan hissədə təmin edilməlidir. 51.Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qeyd olunan hissədə maddi hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun gəlmir. 52.Belə ki, mülki və mənzil qanunvericiliyinin yuxarıda qeyd olunan (Mülki Məcəllə maddə 227.1, Mənzil Məcəlləsi maddə 35.1) normasına əsasən Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 11 ünvanında həyətyanı sahədə yerləşən idman meydançası ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Onlar həmin idman meydançasından istifadə etmək hüquqlarına malikdirlər. 53.Göründüyü kimi, İddiaçı ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisidir və ümumi paylı mülkiyyət hüququ ilə onlara məxsus idman meydançasından istifadə etmək hüququna malikdir. 54.Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/818 saylı rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 11 ünvanında yerləşən yaşayış kompleksinin həyətyanı sahəsindəki idman meydançasında ağac konstruksiyalardan tikilmiş bir mərtəbəli tikilinin inşası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinə riayət olunmadığı müəyyən edilmiş, Həmçinin tədqiq olunan tikilinin inşa olunması ilə əlaqədar yuxarıda qeyd edilən müvafiq icazəverici sənədlərin olmadığını nəzərə alaraq, həmin tikilinin yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. 55.Fövqəladə Hallar Nazirliyi X8 Xidməti 3-cü ərazi X8 İdarəsinin Azər Sərdərova ünvanladığı məktubuna əsasən "xxxx" 2020 MTK-nın həyətyanı sahəsində, idman meydançası kimi nəzərdə tutulmuş boş ərazidə müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmadan taxta konstruksiyadan 20 m2 sahədə obyektin mövcud olduğu müəyyən olunmuşdur. Yanğın-təhlükəsizliyi qaydalarının pozulması ilə bağlı "xxxx" 2020 MTK-nın barəsində xx.xx.2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. 56.Həmçinin, apellyasiya icraatı zamanı edilmiş sorğuya əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, MHİO/2.1-2-2022-6964 saylı məktubla bildirilmişdir ki, ünvan 8 ünvanında yerləşən binanın həyətyanı sahəsindəki idman meydançasında inşa edilmiş 45 kv.m tikiliyə dair Komitənin arxivində heç bir sənəd aşkar edilməmişdir. 57.Beləliklə, iş materialları ilə qeyd olunan tikilinin qanunsuz tikili olmağı və iddiaçının bu qanunsuz tikilinin sökülməsini tələb etməyə subyektiv hüququ olduğu məyyən edildiyindən, həmin tikilinin yanğın-təhlükəsizliyi qaydalarının pozulması ilə inşa edilməklə, iddiaçının sahə mülkiyyətçisi kimi hüquqlarını pozduğundan, kollegiya hesab edir ki, iddia tələbi Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 11 ünvanında həyətyanı sahədə yerləşən idman meydançasının ərazisində taxtadan tikilmiş sahəsi 45 kv.metr olan özbaşına tikilinin cavabdeh "xxxx" MTK-nın hesabına sökülməsinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia həmin hissədə təmin edilməlidir. 58.Məhkəmə kollegiyası iddiaçının “mənzil kommunal xidmətlərindən istifadə haqqının miqdarı, hesablanma qaydası, hansı normativ akta əsaslandığı, həmçinin yeraltı dayanacaqlarda avtomobillərin saxlanma xərcləri barədə məlumatların "xxxx" MTK tərəfindən tərtib və təsdiq edilərək binaların bütün giriş dayanacaqlarında asılması vəzifəsinin "xxxx" MTK-nın üzərinə qoyulması” barədə tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə düzgün olaraq təmin edilməmişdir. 59.Belə ki, iddiaçı ilə cavabdeh "xxxx" MTK arasında kommunal xidmətlərin göstərilməsi ilə bağlı hər hansı bir razılaşmanın və ya müavilənin mövcudluğu təsdiq olunmamışdır. ( § 39, 42, 43) 60.Göründüyü kimi, iddiaçı hazırkı tələbi "xxxx" MTK-nə irəli sürmüş olsa da, lakin iddiaçı cavabdeh MTK ilə kommunal xidmətlər göstərilməsi barədə müqavilənin bağlanmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. 61.Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 29 dekabr 2015-ci il tarixli Qərarına əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır... Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. 62.Məhkəmə kollegiyası iddianın Bakı şəhəri, Süleyman Vəzirov küçəsi 11 ünvanındakı yaşayış kompleksinin ərazisində Cavabdeh2 MMC-nə məxsus avtomobillərin park olunması, durması və gecə saxlanmasının qadağan olunmasının təmin edilməyən hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə də sübuta yetirilmədiyindən düzgün olaraq təmin edilməməlidir. 63.Belə ki, iddiaçının iddiasının əsası kimi göstərdiyi hallar hər hansı mötəbər sübutla öz təsdiqini tapmamış, digər tərəfdən məhkəmənin 28 iyun 2022-ci il tarixli baxış iclasında iddiaçı tərəf özü Cavabdeh2 MMC-nin artıq ünvan 6 ünvanı tərk etdiyini bildirdiyindən Kollegiya hesab edir ki, iddia tələbi qeyd olunan hissədə düzgün olaraq təmin edilməmişdir. 64.Məhkəmə kollegiyası iddiaçının digər tələbi olan cavabdeh şirkətlərin əməkdaşlarının qanunsuz əməlləri nəticəsində iddiaçıya vurulmuş 30000 manat məbləğində maddi ziyanın, dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə tələbinə hüquqi qiymət verərək hesab etmişdir ki, maddi zərərin nədən ibarət olması və hansı qaydada və hansı meyarlara əsaslanaraq müəyyən olunması iş materialları ilə müəyyən edilmədiyindən, iddia tələbini qeyd olunan hissədə təmin etməməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. 65.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 66.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 67.Məhkəmə kollegiyası qətnamənin iddianın mənəvi ziyana görə 100000 manatın tutulmasının təmin edilməyən hissəsində məhkəmənin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qeyd olunan hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin qeyd olunan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 68.“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 69.Kollegiya qeyd edir ki, iddiaçı cavabdehlərin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, 100000 manat mənəvi ziyanın tutulması hissəsində tələb düzgün olaraq təmin edilməmişdir. 70.Beləliklə, məhkəmə kollegiyası qeyd olunan xüsusatları nəzərə alaraq hesab edir ki, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(011)-172/2022 saylı qətnaməsi iddianın Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 11 ünvanında həyətyanı sahədə yerləşən idman meydançasının ərazisində taxtadan tikilmiş sahəsi 45 kv.metr olan özbaşına tikilinin cavabdeh "xxxx" MTK-nın hesabına sökülməsinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qeyd olunan hissədə təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. 71.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(011)-172/2022 saylı qətnaməsi iddianın Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 11 ünvanında həyətyanı sahədə yerləşən idman meydançasının ərazisində taxtadan tikilmiş sahəsi 45 kv.metr olan özbaşına tikilinin cavabdeh "xxxx" MTK-nın hesabına sökülməsinin təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qeyd olunan hissədə təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 11 ünvanında həyətyanı sahədə yerləşən idman meydançasının ərazisində taxtadan tikilmiş sahəsi 45 kv.metr olan özbaşına tikili cavabdeh "xxxx" MTK-nın hesabına sökülsün. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-6472/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6472/2022
23.11.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver