Məhkəmə qərarları › İş №2(103)-6473/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6473/2025

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6473/2025 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: subroqasiya qaydasında pulun tutulması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimova və Akif Əsgər oğlu İsgəndərovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2468/2025 saylı, 02 oktyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 10.06.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, “Azsığorta" Açıq Səhmdar Cəmiyyəti X2 4000 manat ödəniş etmişdir.

2. 09.06.2020-ci il tarixli, 1553/Fİ-0016/2020 nömrəli sığorta aktının surətindən görünür ki, X2 4600 manat məbləğində zərər dəymişdir. 600 manat azadolma məbləğidir. 4000 manat sığorta ödənişidir.

3. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının reyestrinə daxil olmuş müstəqil ekspert İlqar Zeynalovun xx.xx.2020-ci il tarixli “dəymiş zərərin hesabatı”ndan görünür ki, X2 4600 manat zərər dəymişdir.

4. xx.xx.2019-cu il tarixli, 063328 nömrəli "Əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsi"nin surətindən görünür ki, X2 məxsus telefon aksesuarları, kompüter aksesuarları və vitrin mebelləri 30000 manat dəyərində “Azsiğorta" Açıq Səhmdar Cəmiyyətində sığorta edilmişdir.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********06-05101-083018 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********06-05101-093112 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh2 xüsusi mülkiyyətindədir.

7. xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, 2-ci mikrorayon Cavadxan küçəsi 40 saylı binanın 31 saylı mənzilin altında yerləşən zirzəmidə fəaliyyət göstərən X1 müraciətinə əsasən tərəflərindən baxış keçirildi. Baxış zamanı məlum oldu ki, 31 saylı mənzilin daxilində olan mərkəzi istilik sisteminin qızdırıcı radiatorunda qəza baş vermiş və nəticədə zirzəmiyə su axıdılmışdır. Bunun da nəticəsində Ə.Ə.Musayevə məxsus olan əşyalar yararsız hala düşmüşdür. 31 saylı mənzil və sözügedən zirzəmi qeyri-yaşayış fonduna daxildir və onun sahibi Cavabdeh2dur.

8. Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 01 oktyabr 2018-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında yerləşən mənzili Cavabdeh1 aylıq icarə haqqı 200 manat olmaqla xx.xx.2025-ci ilədək icarəyə vermişdir. Müqavilənin 14-cü bəndinə əsasən icarəçi təhlükəsizlik, sanitar və yanğından mühafizə qaydalarına əməl etməyi öz öhdəsinə götürür.

9. Cavabdeh2 və X3 arasında bağlanmış 01 iyun 2018-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsini X2 aylıq icarə haqqı 200 manat olmaqla xx.xx.2022-ci ilədək icarəyə vermişdir. Müqavilənin 14-cü bəndinə əsasən icarəçi təhlükəsizlik, sanitar və yanğından mühafizə qaydalarına əməl etməyi öz öhdəsinə götürür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 4000 (dörd min) manat pul vəsaitinin və 60 (altmış) manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, e-2(007)- 2468/2025 nömrəli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh2 qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması" tələbinə dair e-2(007)-2468/2025 saylı sadələşdirilmiş icraat üzrə işə iddia icraatında baxılması qərara alınmışdır.

12. Daha sonra iddiaçı "xxxx" ASC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 4000 (dörd min) manat pul vəsaitinin və 60 (altmış) manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, AZ/063328 nömrəli, xx.xx.2019-cu il tarixli sığorta şəhadətnaməsinə əsasən, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” müqaviləsi ilə İddiaçı ASC tərəfindən sığorta təminatı verilmişdir. xx.xx.2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə Cavabdeh2 mənzilin daxilində olan mərkəzi istilik sisteminin qızdırıcı radiatorunda qəza baş verməsi nəticəsində, zirzəmiyə su axıdılmışdır. Qeyd edilən fakt Nəsimi rayonu 51 saylı MKİS-in 23 mart 2020-ci il tarixli aktında öz təsdiqini tapmışdır. Vurulmuş zərərə görə 4000 (dörd min) manat sığorta ödənişi həyata keçirilmişdir. Hesab edir ki, ödənilmiş 4000 (dörd min) manat məbləği, qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.

14. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2468/2025 saylı, 02 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddianın qismən təmin edilməsi, Cavabdeh1 ödənilmiş sığorta ödənişinin əvəzi 4000 manat və 60 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 883.1, 922.1, 922.2, 922.3, 925.6, 926, 936.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1111.1, 1111.2-ci maddələrinə, “Əmlakın yanğından və digər əlavə risklərdən sığortasının əsas qaydaları” 5.2.3-cü bəndinə, İstilik enerjisindən istifadə qaydalarının 6.1.2-ci bəndinə əsasən, İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin dəymiş zərərin məbləği hissəsində ləğv edilməsi və dəymiş zərərin düzgün müəyyən edilməklə (ekspertiza yolu ilə) onun tərəfindən hissə-hissə ödəyəcəyi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd edilən normaları tətbiq edərkən iddiaçının verdiyi tələbdə dəymiş ziyanın məbləginin şişirdilmiş olmasına düzgün qiymət verməmişdir. Başqa sözlə,məhkəmə qeyri-yaşayış sahəsinə vurulmuş zərərin əvəzi kimi 4000 manat həcmində pulu "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalıya ödənildiyindən onun iddianı qəbul etməməsinə görə ən azından tam, hərtərəfli və obyektiv araşdırılma aparılması və tərəflər arasında əmələ gəlmiş hazırkı mübahisəyə obyektiv hüquqi qiymət verilməsi məqsədilə dəymiş zərəri düzgün müəyyən etmək üçün iş üzrə müvafiq ekspertiza təyin etməli idi. Məhkəmə həmçinin hazırkı iş üzrə dəymiş zərərlə bağlı həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, işi hərtərəfli və düzgün araşdırmamış, Mülki Məcəllənin qeyd olunan maddələrinə istinad etməklə "xxxx" ASC-nin xeyrinə məhz 4000 manat məbləğində dəymiş zərərin əvəzi ödənilməli olmağımı göstərsə də bu ziyanı dəqiq müəyyən etməməklə səhvə yol vermişdir ki, bu da sonda məbləğ hissəsində qismən əsassız və ədalətsiz qətnamə çıxarması ilə nəticələnmişdir. Hazırkı işdə məhkəmənin qətnaməsi dəymiş zərər hissəsində tam qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə dəymiş zərəri düzgün müəyyən etməklə iddianı qismən təmin edə bilərdi. Həmçinin məhkəmə dəymiş zərəri dərhal ödəyə bilib-bilməməyini də araşdırmamışdır. Belə ki, qanunverici qətnamənin icrasına möhlət verilməsini və ya onun hissəhissə icra edilməsini, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirərək, eləcə də hansı halların “digər hallara” aid edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi mahiyyət etibarı ilə məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion pirinsipin məhdudlaşdırılmasına, eləcə də tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə halların tətbiqi müstəsna xarakter daşımalı və işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015- ci il tarixli qərarının 12-ci bəndində göstərilmişdir ki, “məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

20. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21. 883-cü maddəsinə əsasən zərərdən sığorta müqaviləsinə görə bir tərəf (sığortaçı) müqavilə ilə şərtləşdirilmiş haqq (sığorta haqqı) müqabilində digər tərəfə (sığortalıya) və ya sığorta müqaviləsi xeyrinə bağlanmış başqa şəxsə (faydalanan şəxsə) müqavilədə nəzərdə tutulan hadisənin (sığorta hadisəsinin) baş verdiyi təqdirdə həmin hadisə nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin əvəzini müqavilə ilə müəyyənləşdirilmiş məbləğ (sığorta məbləği) həddində ödəməyi (sığorta ödənişi) öhdəsinə götürür.

22. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

23. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.

24. 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.

25. 925.6-cı maddəsinə əsasən əmlakın tam məhv olması dedikdə, həmin əmlakın sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin sığorta müqaviləsində müəyyən edilmiş həddən çox olması başa düşülür.

26. 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir.

27. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

28. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

29. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

30. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

31. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

32. 1111.1- ci maddəsinə əsasən binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir.

33. 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun

34. 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır.

“Əmlakın yanğından və digər əlavə risklərdən sığortasının əsas qaydaları”nın:

35. 5.2.3-cü bəndinə əsasən “Digər risklər” tərəflərin əlavə razılığına əsasən sığorta müqaviləsinə daxil edilmiş aşağıdakı risklər nəticəsində əmlakın zədələnməsi, məhv edilməsi nəticəsində dəymiş zərərə təminat verilir: -su borularından axan suyun, buxarın və mayelərin vurduğu zərər.

36. Qeyd-şərt 5-ə əsasən su borularından olan suyun, buxarın və mayelərin vurduğu zərərə qarşı əmlak sığortasının əlavə şərtləri (şərtlərin 5.2.3.1-cü maddəsinə) 1. Əmlakın yanğından və digər risklərdən sığortası qaydalarına əsasən bağlanmış sığorta müqaviləsi və bu əlavə şərtlər üzrə sığortaçı su, kanalizasiya şəbəkələrindən və isitmə sistemlərindən, su çənlərindən, kranlardan suyun, buxarın, digər mayelərin sızması və həmçinin gözlənilməz və zəruri olmayan hallarda yanğınsöndürmə sistemlərinin (sprinkler sistemlərinin) işə düşməsi nəticəsində əmlakın zədələnməsinə qarşı təminat verir.

İstilik enerjisindən istifadə qaydalarının:

37. 6.1.2-ci bəndinə əsasən istilik avadanlıqlarının texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını təmin etmək istehlakçıların vəzifələrindəndir.

İstilik və isti su təchizatı xidmətlərinə dair müqavilənin:

38. 5.1.6-cı bəndinə əsasən istilik avadanlıqlarının texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını təmin etmək istehlakçıların vəzifələrindəndir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

46. Hazırki halda, iddia qismən təmin edildiyindən və qətnamə Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən qətnamə apellyasiya şikayəti həddində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2468/2025 saylı, 02 oktyabr 2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

48. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, X2 məxsus telefon aksesuarları, kompüter aksesuarları və vitrin mebelləri 30000 manat dəyərində yanğından və digər əlavə risklərdən “Azsığorta" Açıq Səhmdar Cəmiyyətində sığorta etdirmişdir. xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən icarə müqaviləsi əsasında X1 istifadəsində olan qeyri-yaşayış sahəsinə Cavabdeh1 icarə müqaviləsi əsasında istifadəsində olan mənzilinin daxilində olan mərkəzi istilik sisteminin qızdırıcı radiatorunda qəza baş verməsi nəticəsində qeyri-yaşayış sahəsinə su axıdılmışdır. Həmin qeyri-yaşayış sahəsinə su axıdılması və zərər dəyməsi işin mübahisəsiz halıdır. Həmçinin Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 01 oktyabr 2018-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında yerləşən mənzili Cavabdeh1 aylıq icarə haqqı 200 manat olmaqla xx.xx.2025-ci ilədək icarəyə vermişdir. Müqavilənin 14-cü bəndinə əsasən icarəçi təhlükəsizlik, sanitar və yanğından mühafizə qaydalarına əməl etməyi öz öhdəsinə götürür.

49. Kollegiya qeyd edir ki, istilik enerjisindən istifadə qaydalarının 6.1.2-ci bəndinə əsasən istilik avadanlıqlarının texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını təmin etmək istehlakçıların vəzifələrindəndir. Yəni Cavabdeh1 icarə müqaviləsinə əsasən istifadəsində olan mənzildən keçən istilik borusunun texniki cəhətdən saz vəziyyətdə saxlanılması onun vəzifəsidir və bu barədə məsuliyyət daşıyır. Cavabdehin istifadəsində olan mənzilin daxilində olan mərkəzi istilik sisteminin qızdırıcı radiatorunda qəza baş verməsi nəticəsində nəticəsində qeyri-yaşayış sahəsinə zərər vurulmuşdur.

50. Kollegiya hesab edir ki, iş materiallarında olan sübutlarla cavabdeh tərəfindən mülki hüquq pozuntusu (delikt) törətməsi və bunun nəticəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalıya sığorta ödənişi ödənilməklə subroqasiya hüququnu (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şəxsə qarşı tələb irəli sürmək hüququnu) əldə etməsi öz təsdiqini tapmışdır.

51. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, iş materiallarında olan MKİS tərəfindən tərtib edilmiş aktla müəyyən olunur ki, mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olan Cavabdeh1 icarə hüququ əsasında verilən mənzilin daxilində olan mərkəzi istilik sisteminin qızdırıcı radiatorunda qəza baş vermiş, nəticəsində ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində icarə müqaviləsi əsasında "Gadget Shop" adı ilə fəaliyyət göstərən sığortalıya su sızma nəticəsində telefon aksesuarları, kompüter aksesuarları və vitrin mebelləri yarasız hala düşərək zərər dəymişdir. Sığorta aktı ilə müəyyən olunur ki, qeyri-yaşayış sahəsinə 4600 manat məbləğində zərər dəymişdir. Lakin 600 manat azadolma məbləği olduğundan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalıya 4000 manat sığorta ödənişi edilmişdir. Cavabdeh göstərilən məbləğin düzgün müəyyən edilmədiyini qeyd etsə də, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən istinad etdiyi halı təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Həmçinin cavabdeh ödənilmiş sığorta ödənişinin əvəzinin hissə-hissə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə izah edilir ki, qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə görə ərizə ilə məhkəməyə müraciət edə bilər. Həmin məsələlərə icra icraatı qaydasında baxılır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

54. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

55. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

56. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2468/2025 saylı, 02 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar