Məhkəmə qərarları › İş №2(103)-6475/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6475/2020

16.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6475/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3099/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasənişə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 216 manat borcun və 235,88 manat sayğacın dəyərinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yuxarıdakı ünvanda yaşayır. Həmin evə quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən sökülmüş və əvəzində yeni sayğac quraşdırılmışdır. Sayğac dəyişdirilən zaman heç bir zədə olmadan plombu üzərində olmuşdur. Həmçinin, evdən kənarda quraşdırılan sayğaca görə o, heç bir məsuliyyət daşımır. Cavabdehin əməkdaşları təfərindən köhnə sayğac aparıldıqdan sonra məlumat verdilər ki, sayğac zədələndiyi üçün sayğacın dəyəri kimi 235,88 manat və 216 manat əlavə sərfiyyat haqqı kimi borcu yaranmışdır. Yaranmış borcla əlaqədar Cavabdehnə müraciət edəndə iddiaçıya akt təqdim edərək, kənar təsir nəticəsində sayğacın xarab olmasını və borcun bu əsasla yaranmasını bildirmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3099/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən Cavabdeh nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, iddiaçının evində quraşdırılmış qaz sayğacı dövlət yoxlamasından keçirilməsi üçün abonentin iştirakı ilə quraşdırıldığı yerdən çıxarılmış, sayğaca “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nin laboratoriyasında baxış keçirildiyi zaman onun çıxış plasmas borusunun kənar təsir nəticəsində deşildiyi aşkar olunmuş, bu barədə akt tərtib edilərək itirilmiş qazın dəyərinə görə 216 manat və sayğacın dəyəri 235,88 manatın cavabdehdən tutulmalı olduğu barədə qərar verilmişdir. Məhkəmə isə sübutlara düzgün hüquqi qiymət verməmiş, iddiaçının təqsiri məsələsini araşdırmaq yerinə, sayğacın dəyərinin qazpaylayıcının hesabına ödənilməsini qət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, Abşeron rayonu, Quşçuluq massivi ünvanı üzrə abonent kodu **********44690 olmaqla, abonent İddiaçı qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixdə iddiaçının yaşadığı evin qaz sayğacı dəyişdirilmiş və bu barədə ******* saylı akt tərtib edilmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçının yaşadığı evə dair ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş, aktda sayğacın klapanın işlək olmaması barədə qeyd aparılmış və cavabdeh tərəfindən itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən hesabat aparılaraq qaz itkisinin 2160 m3 olması qərara alınmışdır Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Cavabdeh təşkilat mübahisələndirmir ki, iddiaçının yaşadığı evin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmış və yenisi ilə əvəz olunarkən onun plombu yerində olmuşdur; belə olan halda isə, həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir və iddiaçının, plombu yerində olan sayğacın daxilinə, o cümlədən çıxış plastmas borusuna necə müdaxilə etdiyinin məntiqli izahahı verilməmişdir. Başqa sözlə, evdən kənarda quraşdırılmış, plombu yerində olan və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edildiyi irəli sürülən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kollegiyanın qənaətinə görə Cavabdeh İB iddiaçının evindən kənarda quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən və buna görə də, aktın tərtib edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3099/2020 saylı, xx xxx 2020-ciil tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar