Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-648/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: əmlaka sahiblik və istifadə hüquqlarının tanınması, əmlakın təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı ("xxxx" MMMC, X14 və X4 üçüncü şəxs qismində cəlb edilməklə) “əmlaka sahiblik və istifadə hüquqlarının tanınması, əmlakın təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2332/2023 saylı, 01 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tərəflər arasında bağlanmış 27 iyun 2013-cü il tarixli müqavilənin (surəti) 1.1-ci maddəsinə əsasən satıcı (Cavabdeh MMC) Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 231 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini alıcıya (İddiaçı) təhvil verir. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən “Alıcı” hər kv.m üçün 1.570 manat olmaqla cəmi 362.670 manat məbləği “Alıcı” “Satıcı”ya ödəyir.
2. 27 iyun 2013-cü il tarixli maliyyə arayışından (əsli) görünür ki, Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında yerləşən 4 saylı yaşayış binası Cavabdeh MMC-yə məxsusdur. Bu yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 231 kv.m olan qeyri-yaşayış sahəsinin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. Onun Cavabdeh MMC-yə borcu yoxdur.
3. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məhkəmə sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində "xxxx" MMCnin vəzifəli şəxsləri və qeyriləri barəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə İddiaçı və predmet mövzusu olan qeyri-yaşayış sahəsi üzrə hər hansı şəxs zərərçəkmiş şəxs qismində tanınmamışdır.
4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-419/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-2980/2022 saylı qətnaməsi (iddiaçı X8 Cavabdeh MMC-yə qarşı mülkiyyətdən istifadə hüququnun həyata keçirilməsinə edilən maneələrə son qoyulması və qeyri-yaşayış sahəsinə buraxılma) ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilmişdir; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1792/2023 saylı qətnaməsi (iddiaçı Cavabdeh MMC-nin cavabdeh X10 qarşı müqavilənin etibarsız hesab edilməsinə dair iddiasının rədd edilməsi barədə) mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 iyun 2013-cü il tarixli müqaviləyə əsasən onun mülkiyyətində olan Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 231 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin üzərində onun sahiblik və istifadə hüquqlarının tanınması və həmin sahənin ona təhvil verilməsi ilə bağlı Cavabdeh MMC-nin üzərinə öhdəlik qoyulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MMC arasında 27 iyun 2013cü il tarixli müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən, o, Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 231 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin dəyərini müqavilədə nəzərdə tutulmuş həcmdə və qaydada ödədikdən sonra mülkiyyət hüququ əldə etmişdir. Həmin qeyri-yaşayış sahəsinin dəyəri ödənilmiş və MTK tərəfindən ona maliyyə arayışı verilmişdir. Belə ki, maliyyə arayışına əsasən Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında yerləşən 4 saylı yaşayış binası Cavabdeh MMC-yə məxsusdur. Bu yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 231 kv.m olan qeyri-yaşayış sahəsinin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir (362.670 manat) və onun Cavabdeh MMC-yə borcu yoxdur. 27 iyun 2013-cü il tarixli müqaviləyə əsasən cavabdeh qeyriyaşayış sahəsinin dəyərini tam ödədikdən sonra sahə ona təhvil verilməlidir. Lakin Cavabdeh MMC bu günədək həmin qeyri-yaşayış sahəsini təhvil verməmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2332/2023 saylı 1 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli sahəyə dair podrat müqaviləsinin əslini təqdim etməmişdir. Bundan başqa, mübahisəli sahənin harada yerləşməsi ilə bağlı iddiaçı tərəfindən məlumat təqdim edilmədiyindən mübahisəli sahənin podrat müqaviləsi üzrə iddiaçıya verilməli olan sahə olub-olmaması, həmin sahənin üçüncü şəxslərin hüquqlarından azad olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Qanunverici tərəfindən podrat müqaviləsi üzrə yazılı forma tələbləri müəyyən edilməmişdir. Buna baxmayaraq, hazırki iddia tələbləri müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı olduğundan və iddiaçı 27 iyun 2013-cü il tarixli müqaviləyə istinadən cavabdehdən müqavilə öhdəliklərinin icrasını tələb etdiyindən - müqavilənin əslinin mövcudluğu iddia tələblərinin təmin edilməsi üçün əsas şərtlərdən biridir.
9. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1, 752.2, 759.1, 760.1, 760.2 və 762.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2332/2023 saylı 1 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi yalnışdır. Belə ki, məhkəməyə tərəflər arasında bağlanılmış alğı-satqı müqaviləsini təqdim etsə də, məhkəmə qətnamə qəbul edən zaman nədənsə yalnış olaraq Mülki Məcəllədə podrat müqaviləsi ilə bağlı olan maddələrə istinad etmişdir. 27 iyun 2013-cü il tarixli müqavilənin predmetini Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 231 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi təşkil edir. Halbuki podrat müqaviləsinin predmetini isə Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən müqavilədə nəzərdə tutulan işlərin podratçı tərəfindən icra edilməsi və sifarişçinin isə razılaşdırılmış muzdu ödəməsi təşkil edir. Göründüyü kimi müqavilələr üzrə tərəflərin adlandırılması belə fərqlidir. Belə ki, 27 iyun 2013-cü il tarixli Müqavilədə tərəflər Satıcı və Alıcı adlandığı halda podrat müqaviləsində isə tərəflər müvafiq olaraq podratçı və sifarişçi adlanır. Müqavilənin məhkəməyə təqdim edilməsi məsələsinə gəldikdə isə, müqavilənin surəti, maliyyə arayışının isə əsli məhkəməyə təqdim edilmişdir. Müqavilə və maliyyə arayışının bir nüsxəsi də cavabdehdədir. Maliyyə arayışından da aydın olur ki, o, müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Müqavilənin əslinin olmaması əsası ilə iddianın rədd edilməsi əsassızdır. Belə ki, cavabdeh ona maliyyə arayışı verməklə müqavilə üzrə ödənişi yerinə yetirdiyini təsdiq etmişdir. Eyni zamanda, məhkəmə cavabdeh barəsində cinayət işinin olmasını və onun barəsində hökm çıxarıldığını nəzərə almamışdır. Tərəfindən ödənilmiş vəsaitlər cavabdeh şirkətə könüllü surətdə bağışlanmamışdır. Müqavilənin əslinin onda olmamasına səbəb isə vaxtılə cavabdeh şirkət barəsində cinayət işinin açılması və cinayət işi üzrə şirkətdən mənzil alan şəxslərin müqavilələrinin istintaqa təqdim edilməsidir. Belə ki, iş üzrə cinayət istintaqı gedən zaman, o, müqavilənin əslini istintaqı aparan səlahiyyətli şəxslərə vermişdir. Tərəflər arasında müqavilə olduğu üçün tərəflər arasında öhdəlik münasibətləri yaranmışdır. Belə ki, öhdəliyin əmələ gəlməsi əsası kimi tərəflər arasında müqavilənin olması şərtdir və hər bir tərəf müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirməlidir. Lakin 27 iyun 2013-cü il tarixli müqavilənin şərtləri cavabdeh tərəfindən kobud surətdə pozulmuşdur. Belə ki, alıcı tərəf müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini həyata keçirsə də (qeyri-yaşayış sahəsinin müqavilə üzrə nəzərdə tutulmuş dəyərini tam şəkildə ödəmək vəzifəsi alıcı tərəfindən tam həyata keçirilmişdir) satıcı tərəf isə müqavilə üzrə öz üzərinə düşən vəzifəni, yəni qeyri-yaşayış sahəsinin dəyəri ödənildikdən sonra qeyriyaşayış sahəsinin alıcıya təhvil verilməsini yerinə yetirməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki. müqavilənin surəti iş materiallarında mövcuddur, lakin əslini tapa bilmir. Maliyyə arayışının əsli isə iş materiallarına əlavə edilmişdir. Müqavilənin surətinin verilməsi müqavilənin olmaması anlayışına gələ bilməz, müqavilə də mövcuddur, maliyyə arayışından da görünür ki, ödəniş həmin müqaviləyə görə ödənilibdir. Onların qeyri-yaşayış sahəsinin istiqaməti həyətə baxan hissədə idi. O, həmin məhkəmə aktı ilə tanış oldu və müəyyən oldu ki, artıq Bakı Apellyasiya Məhkəməsində tərəflər arasında olan mübahisə üzrə müvafiq məhkəmə aktı qəbul olunmuşdur. Lakin hazırkı iddianın əsasları tamamilə fərqlidir, burada yaranmış mübahisələr digər məhkəmə tərkibində gedən işdəki mübahisə ilə yaranmış əsaslar tamamilə fərqlidir. Ona görə də hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2332/2023 saylı, 01 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməlidir. Cavabdeh onların qarşısında cavabdehlik daşıyır, çünki onların pulunu əldə etmişdir. Onların ən azından dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ vardır.
14. İştirak etdiyi məhkəmə kollegiyasının iclasında Cavabdeh direktoru X5 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, orada 4 bina var, binanın hamısının birinci mərtəbəsi eyni kvadratdır. Orada yaşayış sahəsinin bir hissəsi Karlar Cəmiyyətinindir, biri 87 kv.m, digəri isə 174 kv.dir. Orada 231 kv.m sahə mövcud deyildir. Bu sahədə başqa şəxslərlə müqavilələr bağlanmışdır, həmin şəxslərin çıxarışları mövcuddur. .4-cü binada liftə girməmiş sol tərəfdəki qeyri-yaşayış sahəsi məhkəmə qərarı ilə X7 təhvil verilmişdir. Həmin sahə 174 kv.m-dir. Ona qarşı X14 tərəfindən iddia qaldırılmışdır. Hazırda həmin iddia üzrə işdən kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin icraatında baxılmaqdadır.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onalrın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 19.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
20.152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 21.152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 23.178.2-ci maddəsinə əsasən, eni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 24.178.8-ci maddəsinə əsasən, (01 iyul 2018-ci il tarixədək qüvvədə olan redaksiyada). mənzil, bağ,qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. 25.386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədənəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 26.399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburiolur. 27.425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkəntərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 28.452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 29.752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 30.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.
Azərbaycan Respublikası Mənzil Məcəlləsinin
31.112.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 32.113.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
33.14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 34.50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesabolunurlar.
35. 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiayacavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 36.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 37.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 38.89.1-ci maddəsinə əsasən, yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən,notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 39.89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surətitəqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 40.89.4-cü maddəsinə əsasən sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlaramüvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. İddiaçı məhkəməyə müraciət edərək mübahisəli mənzilin ona təhvil verilməsi, mənzilin üzərində hüquqlarının tanınmasını xahiş etmiş, iddia tələblərinin faktiki əsası kimi tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC ilə bağladığı müqavilə (surəti) və maliyyə arayışı (əslini) təqdim edilmişdir. O, iddia ərizəsində 27 iyun 2013-cü il tarixli tarixdə cavabdeh MMC-yə pulunu ödəyərək mübahisə predmeti olan qeyri-yaşayış sahəsini əldə etdiyini bildirmişdir.
43. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli sahəyə dair podrat müqaviləsinin əslini təqdim etməmişdir. Bundan başqa, mübahisəli sahənin harada yerləşməsi ilə bağlı iddiaçı tərəfindən məlumat təqdim edilmədiyindən mübahisəli sahənin podrat müqaviləsi üzrə iddiaçıya verilməli olan sahə olub-olmaması, həmin sahənin üçüncü şəxslərin hüquqlarından azad olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır.
44. Bu istiqamətdə araşdırma aparan məhkəmə kollegiyası Cavabdeh MMC-nin ünvan 1 ünvanında tikdiyi yaşayış binasının qeyri-yaşayış sahəsinə baxış keçirməklə, həmçinin cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədləri müayinə etməklə müəyyən etmişdir ki, qeyd olunan ünvanda binanın birinci və ikinci mərtəbəsində olan qeyri-yaşayış sahəsinin 305 kv.m – Karlar Cəmiyyətinə, 174 kv.m – X7 (X10), 87 kv.m – X12, 87 kv.m – X6, 110 kv.m – X9, 274 kv.m – Karlar Cəmiyyətinə, 304 kv.m və 174 kv.m – X2 məxsusdur.
45. Yerində baxış zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçının təhvil verilməsini, hüquqlarının tanınmasını xahiş etdiyi sahə hazrda X8 mülkiyyətində və X1 olan sahədir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-4563/2019 saylı qətnaməsinə əsasən həmin sahənin üzərində sonuncunun sahiblik və istifadə hüquqları tanınmış, həmin əmlakdan onun tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması qət edilmişdir. Bundan başqa X8 ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi və buna dair ona xx.xx.2014-cü il tarixdə çıxarış verildiyi müəyyən edilmişdir.
46. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-419/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən barəsində məhkəmə araşdırması aparılan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-2980/2022 saylı qətnaməsi (iddiaçı X8 Cavabdeh MMC-yə qarşı mülkiyyətdən istifadə hüququnun həyata keçirilməsinə edilən maneələrə son qoyulması və qeyri-yaşayış sahəsinə buraxılma) ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilmişdir; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1792/2023 saylı qətnaməsi (iddiaçı Cavabdeh MMC-nin cavabdeh X10 qarşı müqavilənin etibarsız hesab edilməsi) mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
47. Hazırda İddiaçı cavabdeh qismində Cavabdeh cəlb edərək məhkəmədən 27 iyun 2013-cü il tarixli müqavilə nəzərə alınmaqla Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 231 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin üzərində onun sahiblik və istifadə hüquqlarının tanınması və həmin sahənin ona təhvil verilməsi ilə bağlı Cavabdeh MMC-nin üzərinə öhdəlik qoyulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş edir. Halbuki belə olan halda iddia təmin oluna bilməz.
48. Belə ki, iddiaçı Mülki Məcəllənin 178.8-ci maddəsinə (köhnə redaksiyası) istinad etməklə maddənin məzmuna uyğun olaraq qeyd edir ki, o, MMC-nin verdiyi qeyri-yaşayış sahəsi üçün pay haqqını tam ödəməklə həmin əmlaka mülkiyyət hüququ əldə etmiş, cavabdehlə aralarında bağlanmış müqaviləyə əsasən mübahisəli sahəni sahibliyinə və istifadəsinə verilməsini tələb etmək üzrə hüququ yaranmışdır. İddiaçı hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur.
49. İşdən də görünür ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış müqavilədə və maliyyə arayışında MMC-nin möhürünün vurulması, həmin sənədlərin MMC-nin direktorunun adından imzalanması, hüquqi şəxs kimi MMC-yə aid rekvizitlərin (VÖEN, əlaqə nömrəsi və s.) göstərilməsi, maliyyə arayışının MMC-yə aid xüsusi blankda yazılması mübahisəsizdir. Təqdim edilmiş sənədlərin MMC-nin möhürü ilə təsdiq edilməsi MMC ilə müqavilə bağlayan istənilən şəxsə münasibətdə mötəbər sayılması üçün yetərlidir. Tərəflər arasında bağlanmış müqavilənin və MMC tərəfindən verilmiş maliyyə arayışının etibarsızlığına dəlalət edən halları təsdiq edə biləcək sübutların məhkəməyə təqdim edilməsi vəzifəsi də artıq cavabdehin üzərinə düşür. Qarşı tərəf isə iddiaya etiraz edərək, yalnız mübahisəli qeyri-yaşayış sahəsinin başqa şəxsin sahibliyində olmasına istinad etmişdir.
50. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ mövcuddur.
51. Beləliklə, 27 iyun 2013-cü il tarixli müqaviləyə əsasən tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmışdır. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, iddiaçı qeyriyaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, qarşı tərəf isə həmin sahənin müəyyən olunmuş müddətdə onu iddiaçıya təhvil verilməsi vəzifəsini daşıyır.
52. Belə olan halda qeyd edilməlidir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
53. Bununla belə məhkəmə kollegiyası birdə vurğulayır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarına görə mübahisəli qeyri-yaşayış sahəsi hazırda üçüncü şəxslər X14 ilə X11 və Cavabdeh MMC arasında gedən məhkəmə çəkişmələrinin predmetidir. Həmin qeyri-yaşayış sahəsi üzərində X8 mülkiyyəti hüququ dövlət qeydiyyatına alınmış, qanuni qüvvəsini almamış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-419/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı X8 Cavabdeh MMC-yə qarşı “mülkiyyətdən istifadə hüququnun həyata keçirilməsinə edilən maneələrə son qoyulması və qeyri-yaşayış sahəsinə buraxılması” tələbinə dair iddiası təmin edilmişdir. Qanuni qüvvəsini almış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-4563/2019 saylı qətnaməsi ilə də X4 həmin sahə üzərində sahiblik və istifadə hüquqları tanınmış, həmin əmlakdan onun tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması qət edilmişdir.
54. Eləcə də məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli qeyri-yaşayış sahəsinin MMC ilə üçüncü şəxslər arasında arasında bağlanmış müqavilələr, çıxarış və sahənin hər ikisinə təhvil verilməli olması barədə məhkəmə aktları iddiaçı tərəfindən müahisələndirilməmişdir. Belə olan halda hazırda sonuncunun mübahisə predmeti olan sahənin cavabdehdən alınaraq iddiaçıya verilməsi tələbinin bu mərhələdə yalnız cavabdeh MMC-yə yönəldilməsi doğru deyildir. Çünki, iddiaçı tərəf olduğu müqavilənin cavabdeh tərəfindən lazımi qaydada icra edilməsini, yəni mübahisə predmeti olan qeyri-yaşayış sahəsini ona müqavilə şərtlərinə uyğun şəkildə təhvil verilməsini tələb edir. Halbuki baxılan mülki işdə iddiaçının mülkiyyətçisi olduğunu iddia etdiyi, üzərində faktiki sahiblikdən məhrum olduğu əmlakın cavabdehin sahibliyində olması müəyyən edilmir.
55. Cavabdeh MMC-nin artıq onda (onun) olmayan əmlakı təhvil verməsi (verə bilməsi) texniki cəhətdən də mümkün deyil. İddiaçının işin hazırkı halında mübahisəli sahənin ona təhvil verməsi tələbi ilə iddia qaldıra bilməsi üçün cavabdeh MMC ilə X14 və X11 arasında bağlanmış müqavilələrin mübahisələndirilməsi zəruridir və yalnız bundan, yəni sözügedən müqavilələr etibarsız sayıldıqdan sonra qeyri-yaşayış sahəsi qanunsuz sahibliyində saxlayan şəxsdən (şəxslərdən) tələb edilə bilər.
56. Yuxarıda qeyd edilənlərə baxmayaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti ümumilikdə düzgündür və mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
58. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2332/2023 saylı 1 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova