Məhkəmə qərarları › İş №2(103)-6482/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6482/2020

16.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6482/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, X3 nümayəndəsi və vəkili Vəkil1, X2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, X3 X4 qarşı “mənzildən çıxarılma və mənzilin təhvl verilməsi” haqqında ilkin, X2 X5 qarşı “əmlak bölgüsü” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Pərviz Abidinov tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Pərviz Abidinov, Kafiyə Abidinovanın ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kafiyə Abidinova, qarşılıqlı iddia verərək, ünvan 3 M15, mənzil 3 ünvanında yerləşən mənzilin birgə nikah dövründə əldə edildiyi üçün əmlak bölgüsünə tabe tutularaq aralarında 1/2 hissədə, yəni bərabər əsaslarla bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, ilkin iddia rədd, qarşılıqlı iddia isə təmin olunmuşdur. Pərviz Abidinov, apellyasiya şikayəti verərək, qətanmənin ləğv, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, işdə olan 46 saylı notariat kontoru tərəfindən verilən xx.xx.2016-cı il tarixli yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsinin surətindən aydın görünür ki, ünvan 2 mənzil 34 ünvanında yerləşən ümumi sahəsi 81,4 kv.m. olan 4 otaqlı mülkiyyət hüququ ilə anası Mələk Abidinovaya məxsus olan mənzil etibarnamə əsasında Pərviz Abidinov tərəfindən 100.000 manata Aydın Əliyevə satılmışdır. Əlavə olaraq, məhkəmə araşdırması zamanı tərəfindən bildirilmişdir ki, anasına məxsus həmin mənzil satılarkən alıcı tərəfindən nəğd şəklində 40.000 manat pul məbləği Pərviz Abidinova ödənilmişdir. Yəni, P.Abidinov xx.xx.2016-cı il tarixdə anasına məxsus mənzilin satışından ümumilikdə 140.000 manat əldə edərək, həmin vəsaitlə də xx.xx.2020-ci il tarixdə mübahisəli mənzili əldə etmişdir. Məhkəmə iclasında iştirak edən Pərviz Abidinovun nümayəndəsi, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdi. Kafiyə Abidinovanın nümayəndəsi isə, şikayətə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını təmin etdi. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına əsasən, tərəflər xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşlar. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, nikah pozulmuşdur. Birgə nikah dövründə xx.xx.2016-cı il tarixdə “xxxxxxxxxxxxxxxx” MMC-dən ünvan 3 M15 ünvanında yerləşən 3 saylı mənzil 141.960 manat vəsait ödənilməklə alınmış və daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. Qeyd olunanlar iddia ərizəsi, tərəflərin izahatları, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3721/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surəti, ARPİA MMC-nin 63 nömrəli, xx.xx.2020-ci il tarixli arayışı, elektron sistemdən çıxarış və işdə olan digər sənədlərlə təsdiqlənir. Hazırda ilkin iddia üzrə Pərviz Abidinov, mübahisə predmeti olan mənzilin birgə nikah dövründə əldə edilməsinə baxmayaraq, anasına məxsus mənzilin satılmasından əldə olunan vəsait hesabına alındığı, buna görə də şəxsi mülkiyyəti olduğuna istinad edərək, Kafiyə Abidinovanın həmin mənzildən çıxarılmasını və mənzilin ona təhvil verilməsini tələb edir. Qarşılıqlı iddia üzrə Kafiyə Abidinova isə, sözügedən mənzilin ər-arvadın birgə mülkiyyəti olduğunu bildirərək, aralarında bərabər qaydada bölünməsini tələb edir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 225.1 və 225.2-ci maddələrinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ailə Məcəlləsinin 32.1-ci və 32.2-ci maddələrinə əsasən, nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Həsənzadənin şikayəti üzrə xx xxxxx 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, ərlə arvadın mülkiyyəti iki hüquqi rejimdə mövcud olur: ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyəti. Göründüyü kimi, əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilməsi üçün eyni zamanda iki halın - həmin əmlakın nikah müddətində və ümumi gəlirlər hesabına əldə olunması zəruridir. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə nikah dövründə əldə edilən əmlakın kim tərəfindən əldə olunmasından asılı olmayaraq, ər-arvadın birgə mülkiyyətinə daxil edilməsi nəzərdə tutulmuşdur. Oxşar mövqe Konstitusiya Məhkəməsinin adı çəkilən qərarında da ifadə edilmişdir. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Baxılan işdə mübahisə predmeti olan ünvan 3 M15 ünvanında yerləşən 3 saylı mənzil tərəflərin birgə nikah dövründə alındığı üçün yuxarıda qeyd olunan normalara əsasən onun üzərində tərəflərin ümumi mülkiyyəti vardır. Odur ki, birinci instansiya məhkəməsi mübahisəli mənzilə münasibətdə tərəflərin bərabər paylarının tanınması hissəsində düzgün nəticəyə gəlmişdir. Kollegiya, mübahisəli mənzilin alınmasına sərf olunan vəsaitin Pərviz Abidinovun anasınsa məxsus başqa yaşayış sahəsinin 140.000 manata satılmaqla əldə olunması, bu səbəbdən mənzilin onun fərdi mülkiyyəti sayılması haqqında P.Abidinovun mövqeyini isə əsaslı saymır. Ona görə ki, P.Abidinovun anasına məxsus başqa bir mənzilin satılması faktı özüözlüyündə ünvan 3 M15 ünvanında yerləşən 3 saylımənzilin məhz həmin vəsait hesabına əldə olunması nəticəsinə gəlmək üçün kifayətedici dəlil sayıla bilməz. P.Abidinov, bu faktı kifayət qədər mötəbər dəlillərlə sübuta yetirə bilməmişdir. Halbuki, Mülki Prosessual Məclləsinin 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya onu da vurğulayır ki, mənbəyindən asılı olmayaraq, hər hansı səbəbdən, o cümlədən hansısa əşyanın satılması hesabına əldə olunan vəsait (kim tərəfindən əldə olunmasından asılı olmayaraq) birlikdə təsərrüfat aparan ailənin əmlak aktivinə daxil olduğu üçün ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Təsadüfi deyil ki, Ailə Məcəlləsinin 32.3-cü maddəsi “nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir” qaydasını nəzərdə tutmuşdur. Kollegiya qeyd olunanları birlikdə qiymətləndirərək bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ilkin iddianı rədd, qarşılıqlı iddianı isə təmin edərəkən işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 32005-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: X3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-937/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu X5 aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar