Məhkəmə qərarları › İş №2(103)-649/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-649/2024

09.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-649/2024 09.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2628/2023 nömrəli 07 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 09 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” iddiaçının sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbi ilə ******* saylı xx.xx.2021-ci il tarixli akt əsasında 7.560 m3 həcmində, ******* saylı xx.xx.2022-ci il tarixli akt əsasında 22.752 m3 həcmində, ******* saylı xx.xx.2022-ci il tarixli akt əsasında 21.600 m3 həcmində, ******* saylı xx.xx.2022-ci il tarixli akt əsasında 3.960 m3 həcmində, ******* saylı xx.xx.2023-cü il tarixli akt 3.960 m3 həcmində, ******* saylı xx.xx.2023-cü il tarixli akt əsasında 3.672 m3 həcmində itirilmiş qaz hesablanmışdır.

2. İddiaçı məxsus **********02930 saylı abonentin saldosuna əsasən cədvəlin “qalıq və aktlar” bölməsində abonentin 2021-ci ilin noyabr ayı üzrə 806,40 manat, 2022-ci ilin mart ayı üzrə 2.730,24 manat, 2022-ci ilin noyabr ayı üzrə 2.592 manat, 2022-ci ilin dekabr ayı üzrə 475,20 manat, 2023-cü ilin yanvar ayı üzrə 475,20 manat və 2023-cü ilin fevral ayı üzrə 440,64 manat borcu mövcud olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, ona hesablanmış 7.632 manat borcun silinməsi və qazın müqavilə şərtlərinə uyğun olaraq bərpa edilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlə bağladığı qaz təchizatına dair xx.xx.2013-cü il tarixli, 34037 saylı müqaviləyə əsasən qaz sayğacı quraşdırılaraq onun tərəfindən qazın sərfiyyatına görə mütəmadi şəkildə ödənişlər icra edilmişdir. Daha sonra 12 ildən artıq istismarda olan qaz sayğacının yenisi ilə əvəz olunması barədə xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilərək kartın aktivləşdirilməsi üçün aidiyyəti təşkilata müraciət edilməsi Cavabdeh tərəfindən ona tövsiyyə olunmuşdur. Lakin ona bildirilmişdir ki, kartın aktivləşdirilməsi üçün ona yazılmış 3.000 manatdan artıq borcu ödəməlidir. Borcun yaranma səbəblərini müəyyən etmək məqsədilə Cavabdeh İB-yə etdiyi müraciətinə xx.xx.2022-ci il tarixində bildirilmişdir ki, qeyd olunan ünvanda təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunması aşkar edildiyindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilərək dəymiş ziyan hesablanmışdır. Kompyüter açıqlanmasından göründüyü kimi, zərərin hesablanması 2014-cü ilin sonlarından başlanmış 2019-ci ilin dekabr ayınadək ümumilikdə 10.835 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”yə əsasən dəymiş ziyan həcmi cəmi 7560 m3, yəni 907.2 manat, xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən 21.600 m3, yəni 2.592 manat, xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən 3.960 m3 yəni 475.2 manat, ümumilikdə 3974.4 manat hesablanmışdır. Həmin hesabatlarda zərərin miqdarı hansı dövrü əhatə etdivi müəyyən edilməmişdir. Nə sayğacdan kənar qoşulma barədə, nə də zərərin vurulması və bərpasına dair istehlakçıya heç bir məlumat təqdim edilməmişdir. Məlumat üçün bildirir ki, ona məxsus mənzil 3 (üç) ildən artıqdır ki, X3 və onun ailə üzvlərinin əvəzsiz istifadəsindədir. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması müddətində ona məlum olmuşdur ki, Cavabdeh tərəfindən ona əvvəl tələb olundandan daha artıq məbləğdə, 7.632 manat məbləğində borc hesablanmışdır.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3/991 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Həmçinin qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 07 sentyabr 2023-cü il tarixli 2(011)-2628/2023 nömrəli qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddia tələbləri qismən təmin edilmiş, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2023-cü il tarixli, ******* saylı xx.xx.2023-cü il tarixli aktlara əsasən İddiaçı (abonent kodu: **********02930) hesablanmış 7.519,68 manat məbləğində borcun silinməsi, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2023-cü il tarixli, ******* saylı xx.xx.2023-cü il tarixli aktlara əsasən hesablanmış borcla əlaqədar ünvan 1i ünvanı üzrə (abonent kodu: **********02930) dayandırılmış qaz təchizatının bərpa edilməsi, 95.20 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi, 64 manat məbləğində ekspertiza tədqiqatının dəyərinin Cavabdehndən alınaraq alınaraq dövlət büdcəsinə ödənilməsi, iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlarda iddiaçının qaz xəttinə kənar xətlə qoşularaq istifadə etməsi qeyd olunsa da, lakin göstərilən ünvanda məhz iddiaçı tərəfindən hansı dövr ərzində təbii qazdan kənar xətt vasitəsilə istifadə edilməsi öz təsdiqini tapmamışdır. Cavabdehin iddiaçıdan təbii qazın pulunun 7.632 manat məbləğində ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia qeyd edilən hissədə qismən təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 7.519,68 manat məbləğində borc silinməlidir və hesablanmış borcla dayandırılmış qaz təchizatı bərpa edilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa, «Qazdan istifadə Qaydaları»na, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 77.2, 88, 217.3, 217.4, 218.1, 119.2, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə də təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmiş, hər fakta dair ayrıca şəkillər çəkilmiş və hər dəfə də qeyri-qanuni xətt ləğv edilmişdir. İstehlakçı təkrarən qaz xəttinə qeyri-qanuni birləşmə ilə qoşularaq təbii qazdan qanunsuz istifadə etməyə davam etmişdir. İddiaçı sayğacdan kənar qazdan istifadə etdiyinə görə nə hər hansı ödəniş etmiş, nə də sərfiyyat qeydə alınmışdır. Məhkəmə iddia tələbinin həcminin artırılmasına dair ərizəsini icraata qəbul etməklə kobud qanun pozuntusuna yol vermişdir. Belə ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi abonent saldosundan açıq-aşkar məlum olur ki, iddia qaldırılan tarixə onun borcu 3.974,40 manat məbləğindən çoxdur. Bu isə təsdiq edir ki, iddiaçının daha çox borcunun olması barədə məlumatı artıq iddia qaldırılan tarixdə olmuşdur. İddiaçının ekspertizanın keçirilməsindən sonra məhkəmənin sonuncu hazırlıq iclasının keçirilməsi barədə məlumatlı olmamasına dair əsaslandırması ilə bağlı da bildiririk ki, ekspertizanın keçirilməsindən sonra sonuncu hazırlıq iclası xx.xx.2023-cü il tarixində keçirilmişdir və həmin iclasda iştirak edə bilməyəcəyi üçün məhkəmənin təxirə salınması ilə bağlı iddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixində teleqram ünvanlamışdır. Bu da sübut edir ki, iddiaçının sonuncu məhkəmə hazırlıq iclasından xəbəri olmuş, lakin heç bir üzrlü səbəb olmadan həmin iclasda iştirak etməmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

13. İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu

14. Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.

15. Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.

16. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu

17. Maddə 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

18. xx.xx.2022-ci il tarixdən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”

19. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

20. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

21. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir.

22. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.

23. 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir;

24. 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir;

25. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

34. Göründüyü kimi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2022-ci tarixdə edilmiş dəyişikliklərə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

35. Baxılan iş üzrə isə tərtib edilmiş aktlardan dördü xx.xx.2022-ci il tarixdən sonraki dövrə aiddir və qanunvericiliyin tələbinə əsasən iddiaçının təqsirli olmasını müəyyən edən müvafiq qərar cavabdeh tərəfindən təqdim edilməmişdir. Belə olan halda həmin aktlara əsaslanaraq vurulmuş zərərin tələb edilməsi əsassız hesab edilir.

36. Digər iki (xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli) aktlara münasibətdə isə cavabdeh həmin aktlar əsasında hesablanmış borcun iddiaçının sayğacdan kənar qanunsuz istifadəsi nəticəsində yarandığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

37. Təqdim edilmiş fotoşəkillər arasında uyğunsuzluq olduğundan, həmin fotoşəkillərin məhz iddiaçının evində məxsus olduğunu müəyyən etmək mümkün olmamışdır.

38. İddia ərizəsinə əlavə barədə ərizənin sonradan qəbul edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə Kollegiya qeyd edir ki, iddia ərizəsi verilərkən əlavə edilmiş abonent saldosunda göstərilən borca münasibətdə tələb irəli sürülüb, məhkəmə gedişi zamanı isə təqdim edilmiş abonent saldosunda borcun daha artıq məbləğdə olduğu məlum olduğundan həmin vaxt iddia ərizəsinə əlavə təqdim edilmişdir.

39. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvi üçün əsas deyildir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2628/2023 nömrəli 07 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar