Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6490/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlu (sədrlik edən və məruzəçi), Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 və nümayəndəsi və vəkili X7, "xxxx" Bank ASC-nin nümayəndələri və vəkilləri X5 və Vəkil iştirakları ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-1785/2017 saylı, 07 avqust 2017-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Firması və Yasamal Rayon Məhkəməsinin 2(004)-125/21 saylı 17 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh “Maraqlı şəxs” ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: Birinci iş üzrə: İddiaçı (bundan sonra – iddiaçı) "xxxx" firmasına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 iyul 2009-cu il tarixli müqavilə əsasında ödədiyi, müqavilədə nəzərdə tutulmuş 165.000 ABŞ dolları məbləğində pul vəsaitinin əvəzi kimi ünvan 1 ünvanındakı cavabdehə məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.metr olan 1 saylı dükanın istismara tam hazır vəziyyətdə iddiaçının istifadə və sahibliyinə verilməsi və həmin obyekt üzərində onun mülkiyyət hüququnun rəsmiləşdirilməsinin vəzifə olaraq cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). Nərimanov Rayon Məhkəməsinin 2(005)-1785/2017 nömrəli iş üzrə 07 avqust 2017ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 09 iyul 2009-cu il tarixli M/AT 07/09 saylı müqaviləyə uyğun olaraq ünvan 1 ünvanındakı cavabdehə məxsus obyektin 1-ci mərtəbəsində, ümumi sahəsi 55 kv.metr olan 1 saylı qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, şikayətinin əsas dəlili kimi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçıya satılan dükan 3 saylıdır, həmin dükanı verməkdən imtina etmirlər, iddiaçıya da bunu təklif ediblər, iddiaçı isə əsassız olaraq ona satılan 3 saylı dükan əvəzinə, eyni mərtəbədə yerləşən 1 saylı dükanı tələb edir. Rayon məhkəməsi həmin iddia tələbini təmin etməkdə əsassız olmuşdur. Həmçinin iddia müddəti də ötürülmüşdür. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11860/2017 nömrəli iş üzrə 13 dekabr 2017-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın qismən təmin edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 09 iyul 2009-cu il tarixli M/AT 07/09 saylı müqaviləyə uyğun olaraq ünvan 2 ünvanındakı cavabdehə məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.metr olan 1 saylı qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilməmişdir. İşdə iştirak etməyə cəlb olunmayan ASC "xxxx" Bankı Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2017-ci il tarixli qətnaməsindən təqdimat verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri 11 yanvar 2021-ci il tarixdə 3v2577/20 nömrəli təqdimat verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11860/2017 nömrəli iş üzrə 13 dekabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ali Məhkəmənin 2(102)-2218/2021 saylı, 26.04.2021-ci il tarixli qərarı ilə, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin təqdimatı təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-11860/2017 nömrəli iş üzrə 13 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İkinci iş üzrə: İddiaçı cavabdeh "xxxx" Bank ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" firmasına qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 04.02.2020-cu il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" firmasına məxsus olan ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair ipoteka qoyan "xxxx" firması ilə ipoteka saxlayan "xxxx" Bank ASC arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin 09.07.2009-cu il tarixli müqaviləyə əsasən dəyəri tam ödəyərək aldığı ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 1 mərtəbəsindəki ümumi sahəsi 55 kv.m. olan 1 nömrəli dükana aid hissəsində etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Yasamal Rayon Məhkəməsinin 2(004)-125/21 saylı 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, "xxxx" firmasına məxsus olan ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair ipoteka qoyan "xxxx" firması ilə ipoteka saxlayan "xxxx" Bank ASC arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin qismən, yəni - İddiaçı 09.07.2009-cu il tarixli müqaviləyə əsasən 165.000 ABŞ dolları dəyərini tam ödəməklə "xxxx" firmasından aldığı ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 1 mərtəbəsindəki ümumi sahəsi 55 kv.m. olan 1 nömrəli dükana aid hissəsində etibarsız hesab edilməsi qət edilmişdir. Cavabdeh “Maraqlı şəxs” ASC-nin apellyasiya şikayəti verərək göstərmişdir ki, rayon məhkəməsi həmin qətnaməni qəbul edərkən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11860/2017 saylı, 13 dekabr 2017-ci il tarixli qətnaməsinsə istinad etmişdir ki, həmin qətnamə də Ali Məhkəmənin 2(102)-2218/2021 saylı, 26.04.2021-ci il tarixli qərarı ilə, ləğv edilmiş və iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bundan başqa, rayon məhkəməsi nəzərdən qaçırmışdır ki, eyni hüquqi əsasdan çıxış edərək bankın ipotekasında olan qeyri-yaşayış sahəsinin bir hissəsinin etibarsızılığına dair iddiaların təmin edilməsi barədə qərarlar Konstisyusiya Məhkəməsinin qərarı ilə qüvvədən düşmüşdür. Bu səbəbdən, Yasamal Rayon Məhkəməsinin iş üzrə 17.06.2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilərək, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdeh “Maraqlı şəxs” ASC-nin səlahiyyətli nümayəndəsi-vəkili ərizə verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(103)-6490/2021 saylı və 2(103)-8019/2021 saylı işlərin birləşdirilərək, bir icraatda baxılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hər iki iş üzrə qəbul edilmiş məhkəmə aktlarından da işdə olan digər sənədlərdən də görünür ki, İddiaçı iddiası ünvan 2 ünvanındakı obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.m olan 1 saylı dükan ilə bağlıdır. Bundan başqa hər iki işdə subyektiv baxımdan da tərəflər eynidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8019/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh “Maraqlı şəxs” ASC-yə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" firmasına qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş İddiaçı cavabdeh "xxxx" Firmasına qarşı “qeyri yaşayış sahəsinin istifadə və sahibliyə verilməsi, obyekt üzərində onun mülkiyyət hüququnun rəsmiləşdirilməsi tələbinə dair mülki işlər bir icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6490/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh “Maraqlı şəxs” ASC-yə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" firmasına qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş, onunla əlaqəli olan İddiaçı cavabdeh "xxxx" firmasına qarşı “qeyri-yaşayış sahəsinin istifadə və sahibliyə verilməsi və sair” tələbinə dair mülki işlə bir icraatda baxılması üçün birləşdirilmiş işə 2(103)-6490/2021 nömrə verilmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında "xxxx" Bank ASC-nin nümayəndəsi və vəkili Y.Yavərzadə hər iki iş üzrə verilmiş apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında "xxxx" Bank ASC-nin nümayəndəsi və vəkili Vəkil hər iki iş üzrə verilmiş apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, baxılan mülki işlər üzrə preyudisial olan Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları mövcuddur, birinci iş üzrə iddiaçı ilə cavabdeh süni məhkəmə mübahisəsi yaratmışlar, bilə-bilə ki, həmin əmlak bankın ipotekasındadır, gizlin şəkildə qurama məhkəmə qətnaməsi almağa nail olmuşlar, hər iki qətnamə əsassız və qanunsuzdur, bu səbəbdən də qətnamələrin ləğv edilərək hər iki iş üzrə iddia tələblərinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi T.Şirinli və nümayəndəsi və vəkili V.Şamilov apellyasiya şikayətləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh "xxxx" firmasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Birinci iş üzrə: Mülki iş materiallarına əlavə edilmiş 09 iyul 2009-cu il tarixli M-AT 07/09 saylı müqavilədən görünür ki, "xxxx" firması Bakı şəhəri, Səməd Vurğun 120 ünvanında yerləşən "xxxx" firmasına məxsus obyektin 1-ci mərtəbəsində yerləşən 55 kv.metr olan 1 saylı dükanı İddiaçı təhvil verməyi, İddiaçı isə öz növbəsində qeyri-yaşayış sahəsinin hər m2-i üçün 3.000 ABŞ dolları, ümumilikdə isə 165.000 ABŞ dolları məbləğində pul vəsaitini "xxxx" firmasına ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarına əlavə edilmiş 12 avqust 2009-cu il tarixli maliyyə arayışından görünür ki, İddiaçı tələb olunan 165.000 ABŞ dolları pul məbləğini firmanın hesabına ödəmişdir. "xxxx" firmasının direktoruna ünvanlanmış 26 yanvar 2017-ci il tarixli ərizədən görünür ki, İddiaçı müqavilə öhdəliklərinin icrası ilə bağlı "Mars-M” firmasına müraciət etmişdir. İkinci iş üzrə: "xxxx" firmasının verdiyi 12.08.2009-cu il tarixli maliyyə arayışı ilə təsdiq edilir ki, İddiaçı ünvan 3 ünvanda yerləşən "xxxx" firmasına məxsus obyektin qeyri-yaşayış sahəsinin 1 mərtəbəsində yerləşən ümumi sahəsi 55 kv.m. olan 1 nömrəli dükana görə 165.000 ABŞ dollarını (Milli Bankın ödəniş aparılan günə məzənnəsinə uyğun olaraq manatla) "xxxx" firmasına tam ödəmişdir. 09.07.2009-cu ildə 125.000 ABŞ dolları, 11.07.2009- cu ildə 20.000 ABŞ dolları, 06.08.2009-cu ildə 10.000 ABŞ dolları və 09.08.2009-cu il tarixdə 10.000 ABŞ dolları olmaqla, cəmi 165.000 ABŞ dolları pul ödəmişdir. "xxxx" firması ilə "xxxx" Bank ASC arasında ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Sonrakı ipoteka müqaviləsi notarial qaydada təsdiq edilməmişdir. İpoteka müqaviləsi "xxxx" firması ilə "xxxx" Bank ASC arasında bağlanmış 08.07.2015-ci il tarixli kredit xətti müqaviləsinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. "xxxx" firması 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “Maraqlı şəxs” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - “Maraqlı şəxs” ASC) ilə aralarında bağlanmış 8 iyul 2015-ci il tarixli kredit və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsini xahiş etmişdir. “Maraqlı şəxs” ASC isə "xxxx" firmasına qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qarşılıqlı iddia vermişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 iyul 2016-cı il tarixli qətnaməsi ilə ilkin iddia rədd edilmiş, “Maraqlı şəxs” ASC-nin qarşılıqlı iddiası təmin edilərək 8 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə 17.000.000 ABŞ dolları məbləğində əsas borc, 2.388.957,46 ABŞ dolları məbləğində faiz borcu, 11.161,62 ABŞ dolları məbləğində cərimə faizləri olmaqla, cəmi 19.400.119,08 ABŞ dollarının və 26 may 2016-cı ildən başlamaqla iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin cavabdeh "xxxx" firmasından iddiaçının xeyrinə tutulması və tutmanın ipoteka predmeti olan, borcalana məxsus qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin likvid dəyərinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunduğu kimi 26.000.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 5 aprel 2017-ci il tarixli qətnaməsi ilə "xxxx" firmasının, eləcə də müstəqil tələb irəli sürən üçüncü şəxslər K.Hacıyeva və A.Ağa-zadənin apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borc məbləğinə illik 16 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin iddiaçı “Maraqlı şəxs” ASCnin xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 26.000.000 manat müəyyən edilməsi tələblərinin təmin edilməsi hissəsində ləğv edilmişdir. Həmin hissədə yeni qətnamə qəbul edilərək qarşılıqlı iddia qismən təmin edilmişdir. K.Hacıyeva və A.Ağa-zadəyə məxsus qeyriyaşayış sahələri istisna olmaqla, ipoteka müqaviləsi üzrə tutmanın mübahisəli qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin sahənin ilkin satış qiymətinin 38.473.040 manat müəyyən edilməsi qət edilmişdir. Qətnamə iddiaçı "xxxx" firmasının iddia tələbinin təmin edilməməsi, “Maraqlı şəxs” ASC-nin "xxxx" firmasından kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları məbləğində əsas borc, 2.388.957,46 ABŞ dolları məbləğində faiz borcu, əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 19.400.119,08 ABŞ dollarının “Maraqlı şəxs” ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Müstəqil tələb irəli sürən üçüncü şəxslər K.Hacıyeva və A.Ağa-zadənin "xxxx" firmasına və “Maraqlı şəxs” ASC-yə qarşı iddiası təmin edilmiş, ipoteka müqaviləsi onlara məxsus qeyri-yaşayış sahələrinin ipoteka qoyulması hissəsində etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası) 18 oktyabr 2017-ci il tarixli qərarı ilə "xxxx" firmasının və “Maraqlı şəxs” ASC-nin kassasiya şikayətləri təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin 5 aprel 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. “Maraqlı şəxs” ASC Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayət verərək, Ali Məhkəmənin İnzibati- İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.07.2018-ci il tarixli qərarı ilə "xxxx" firmasının “Maraqlı şəxs” Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsinə dair iddia tələbi və s. barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31.10.2018-ci il tarixli 13- 2(102)- 1(k)/2018 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın 18.10.2017-ci il tarixli 2-2(102)-366/17 nömrəli qərarı, onunla bağlı Bakı Apellyasiya Məhkəməsi İİK-nın 05.04.2017-ci il tarixli 2-2(103)-14/2017 nömrəli qətnaməsi ləğv edilmiş və iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 19.02.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" firmasının və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər Ağa-X14 və X2 apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə 15 iyul 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı "xxxx" firmasının cavabdeh ASC "xxxx" Bankına qarşı "xxxx" firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış 08.07.2015ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, "xxxx" firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən "xxxx" firmasının xeyrinə tutulması tələblərinə dair ilk iddiası rədd edilmişdir. Qarşılıqlı iddia qismən təmin edilmiş, "xxxx" firmasından 08.07.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları əsas borc, 2.388.957,46 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, 26.05.2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğdə dəbbə pulu, cəmi 19.400.119,08 ABŞ dolları (ödəniş gününə AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 manat məbləğdə dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc ASC "xxxx" Bankının xeyrinə tutulması; tutmanın 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və "xxxx" firmasına məxsus ünvan 6 ünvanda yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m. olmaqla ümumi sahəsi 16.100,5 kv.m. təşkil edən qeyri-yaşayış binasına yönəldilməsi, İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən "xxxx" firmasından ASC "xxxx" Bankının xeyrinə tutulması; ipoteka predmeti olan "xxxx" firmasına məxsus ünvan 6 ünvanda yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m. olmaqla ümumi sahəsi 16.100,5 kv.m. təşkil edən qeyri-yaşayış binasının ilkin satış qiymətinin 38.600.000 (otuz səkkiz milyon altı yüz min) manat müəyyən edilməsi qət edilmişdir. Qarşılıqlı iddia 26.05.2016-cı il tarixdən başlayaraq tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin "xxxx" firmasından ASC "xxxx" Bankının xeyrinə tutulması hissəsində rədd edilmişdir. Üçüncü şəxs Ağa-X8 "xxxx" firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış 08.07.2015-ci il tarixli **********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 16.100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 56,6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Üçüncü şəxs X2 "xxxx" firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış 08.07.2015-ci il tarixli **********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 16.100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 24,6 kv.m-dən ibarət 18 nömrəli qeyri-yaşayış sahəsi hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 17.07.2019cu il tarixli 2-2(102)-285/2019 nömrəli qərarı ilə iddiaçı "xxxx" firması və üçüncü şəxslər Ağa-X14 və X6 tərəfindən verilmiş kassasiya şikayətləri təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli 2-2(103)-6/2019 nömrəli iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04.02.2020-ci il tarixli 1(004)-9/2020 nömrəli hökmü ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutuma hüququndan məhrum etməklə, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasında məhkum edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12.03.2021-ci il tarixli 1(103)- 32/2021 nömrəli qərarı ilə məhkum X1 müdafiəçisi X10 və zərərçəkmiş şəxslər tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, X1 Azərbaycan Respublikası CM-nin 195.2 və 308.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04.02.2020-ci il tarixli hökmü verilmiş apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul olunduğu andan qüvvəyə minmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Nərimanov Rayon Məhkəməsinin 2(005)-1785/2017 saylı, 07 avqust 2017-ci il tarixli qətnaməsini cavabdeh "xxxx" Firması və Yasamal Rayon Məhkəməsinin 2(004)-125/21 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsini cavabdeh “Maraqlı şəxs” ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, qətnamələr ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbləri təmin edilməməlidir. Birinci iş üzrə Kollegiya qeyd edir ki, hazırkı halda işə yenidən apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Belə ki, Ali Məhkəmə 2(102)-2218/2021 saylı, 26.04.2021-ci il tarixli qərarında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2017-ci il tarixli qətnaməsi ilə ASC "xxxx" Bankının hüquqları pozulmuşdur. Belə ki, həmin məhkəmə aktı ilə cavabdehin ASC "xxxx" Bankı qarşısında ipoteka ilə yüklü etdiyi əmlakın bir hissəsinin iddiaçıya təhvil verilməsi vəzifəsi "xxxx" firmasına həvalə edilmiş, lakin bu zaman ipoteka saxlayan ASC "xxxx" Bankı işə cəlb olunmamışdır. MPM-in 387.2.4-cü maddəsinə əsasən, məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. İkinci iş üzrə rayon məhkəməsi hesab etmişdir ki, ünvan 3 ünvanda yerləşən qeyriyaşayış sahəsinin 1 mərtəbəsində yerləşən ümumi sahəsi 55 kv.m. olan 1 saylı dükanı 09.07.2009-cu il tarixdə rəsmi müqavilə ilə əldə etmiş və bu müqavilə adından da göründüyü kimi, investisiya müqaviləsidir. Başqa sözlə sözügedən sahə iddiaçının pulu ilə tikilməsi faktı mübahisəsizdir və o, həmin sahənin potensial mülkiyyətçidir. "xxxx" firmasının 09.07.2009-cu il tarixli müqaviləyə əsasən İddiaçı satdığı əmlakın üzərində onun razılığı və xəbəri olmadan sərəncam verərək öz məqsəd və mənafeyi üçün ipoteka predmeti etməsi kimi hallar qanunsuz olmuşdur. Həmçinin rayon məhkəməsi həmin qətnaməni qəbul edərkən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11860/2017 saylı, 13 dekabr 2017-ci il tarixli qətnaməsinsə istinad etmişdir ki, həmin qətnamə də Ali Məhkəmənin 2(102)-2218/2021 saylı, 26.04.2021-ci il tarixli qərarı ilə, ləğv edilmiş və iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Belə olan halda məlum olur ki, rayon məhkəməsi gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halları araşdırmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuşdur ki, məhkəmə qərarları qanuna və sübutlara əsaslanmalıdır. Eyni tələb MPM-in məhkəmə aktlarının qanuni və əsaslı olmasını tənzimləyən 217-ci maddəsində də nəzərdə tutulmuşdur (Maddə 217.3). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də dəfələrlə öz qərarlarında qeyd etmişdir ki, məhkəmə aktlarının əsaslandırılmaması, qərarlarda qanunvericilik aktlarının sadəcə olaraq sadalanması ədalətli məhkəmə araşdırmasına olan hüquqa xələl gətirir, başqa sözlə Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermir. Avropa Məhkəməsi «Kastravet Moldovaya qarşı» iş üzrə 13 mart 2007-ci il tarixli qərarında məhkəmələr tərəfindən hüquq tətbiqediciliyinə aid olan daha bir hüquqi mövqeyini ifadə edərək belə qənaətə gəlmişdir ki, müvafiq məsələləri həll edərkən ölkə məhkəmələri qanunvericiliyin müddəalarını təkrar etməklə kifayətlənərək onların bu işə tətbiqini izah etməmişlər və beləliklə, həmin qərarlar əsaslandırılmış və kifayətedici deyildir. Avropa Məhkəməsi həmin işdə milli məhkəmələr tərəfindən Konvensiyanın 6-cı maddəsinin pozuntusunu müəyyən etmişdir. Yuxarıda istinad olunan Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 19.02.2019-cu il tarixli qətnaməsi ilə hazırkı birləşmiş işlərdə olduğu kimi eyni əsaslarla istinad edən Ağa-X8 "xxxx" firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış 08.07.2015ci il tarixli **********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 16.100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 56,6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiası, eləcə də X2 "xxxx" firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış 08.07.2015-ci il tarixli **********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 16.100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 24,6 kv.m-dən ibarət 18 nömrəli qeyri-yaşayış sahəsi hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiaları rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 17.07.2019cu il tarixli 2-2(102)-285/2019 nömrəli qərarı ilə iddiaçı "xxxx" firması və üçüncü şəxslər Ağa-X14 və X6 tərəfindən verilmiş kassasiya şikayətləri təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli 2-2(103)-6/2019 nömrəli iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda məlum olur ki, İddiaçı cavabdeh "xxxx" firmasına qarşı “qeyri-yaşayış sahəsinin istifadəyə verilməsi və s.” tələbinə dair Nərimanov Rayon Məhkəməsində baxılan iddia tələbi, eləcə də cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi”nə dair Yasamal Rayon Məhkəməsində baxılan iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırma aparılmadığından və düzgün olmayan nəticəyə gəlindiyindən apellyasiya şikayətləri təmin edilməli, qətnamələr ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Birinci iş üzrə: Cavabdeh "xxxx" Firması tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1785/2017 saylı, 07 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, İddiaçı iddia tələbi təmin edilməsin. İkinci iş üzrə: Cavabdeh “Maraqlı şəxs” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Yasamal Rayon Məhkəməsinin 2(004)-125/21 saylı 17 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, İddiaçı iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-6490/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6490/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver