Məhkəmə qərarları › İş №2(103)-6496/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6496/2022

04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6496/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Samir oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: mənzilə istifadə hüququnun itirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı Samir oğlunun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Samir oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair» mülki iş üzrə ünvan 3anov Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, e-2(005)-2267/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 04 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 49 b saylı evin 23 saylı mənzili tam pay üzrə İddiaçı Samir oğlunun mülkiyyətindədir.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı arayışa əsasən X1 ünvan 1 ünvanda qeydiyyatdadır.

3. AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh1 1186,2 manat dəyərində olan Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində yerləşən 49 b saylı evin 23 saylı mənzilini alıcı İddiaçı mülkiyyətinə vermişdir.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışa əsasən Cavabdeh2 ünvan 2 ünvanda qeydiyyatdadır.

5. Cavabdeh2 notariat ofisinə **********481 saylı ərizə ünvanlayaraq ünvan 3anov rayonu İsmayıl Hidayətzadə küçəsi 49 b saylı evin 23 saylı mənzilinin satılmasına, bağışlanmasına, ipoteka qoyulmasına, dəyişdirilməsinə etiraz etməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 49 B saylı evin 23 saylı mənzilinin tam boşaldılaraq İddiaçı təhvil verilməsi; Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 49 B saylı evin 23 saylı mənzilinə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı arasında Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 49 B saylı evin 23 saylı, ümumi sahəsi 52,72 m2 təşkil edən daşınmaz əmlakın 69800 manat qarşılığında alğısatqısına dair xx.xx.2019-cu il tarixli, AN-İ seriyalı ******* nömrəli müqavilə bağlanmışdır. İddiaçı tərəfindən bank vasitəsi ilə Cavabdeh1 müqavilə üzrə mənzilin müəyyən edilmiş 69800 manat dəyəri vaxtında, tam ödənilmiş və hüquqların dövlət qeydiyyatı aparılaraq, bu barədə İddiaçı adına DƏDRX-dən müvafiq çıxarış verilmişdir. Eyni zamanda satıcı Cavabdeh1 xx.xx.2019-cu il tarixədək yardımçı vasitələrlə birlikdə birlikdə alıcı İddiaçı faktiki sahibliyinə verməyi və həmin tarixdən mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Bundan başqa, həmin ünvanda qeydiyyatda olan şəxs Cavabdeh2 xx.xx.2019-cu il tarixdə notarial qaydada ərizə verərək Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində yerləşən 49 B saylı evin 23 nömrəli mənzilinin satılmasına, bağışlanmasına, ipoteka qoyulmasına, dəyişdirilməsinə etiraz etmədiyini, gələcəkdə bu barədə heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. Tərəflərin razılığına əsasən mənzil xx.xx.2019-cu il tarixədək boşaldılaraq alıcıya tam təhvil verilməli idi. Lakin Cavabdeh1 və digər cavabdeh hər dəfə bu müddəti müxtəlif bəhanələrlə evi boşaldaraq təhvil vermirlər. Satıcı Cavabdeh1 müqavilənin 11-ci bəndinə əsasən daşınmaz əmlakı, yardımçı vasitələri ilə birlikdə alıcı İddiaçı faktiki sahibliyinə verməyi öhdəsinə götürsə də bu öhdəliyini pozmuşdur. Cavabdeh1 və Cavabdeh2 mənzili boşaldaraq mülkiyyətçiyə təhvil vermirlər və mənzildən qanunsuz istifadəyə son qoymurlar.

8. ünvan 3anov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, e-2(005)-2267/2022 saylı qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia tələbi təmin edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin mübahisə predmetini təşkil edən mənzilə istifadə hüququnun mövcud olduğunu nəzərə almamışdır. İstifadə hüququndan imtina barəsində mülkiyyət hüququ keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında iştirak edən İddiaçı Samir oğlunun təmsilçisi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

14. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

15. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

17. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

19. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.

20. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Hazırkı apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın Cavabdeh2 qarşı təmin edilmiş hissəsində qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - iddianın Cavabdeh2 qarşı təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

29. Cavabdeh2 apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, onun mübahisəli mənzilə istifadə hüququ var və o, bu hüquqdan imtina barəsində mülkiyyət hüququ keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verməmişdir.

30. Kollegiya qeyd edir ki, cavabdehin həmin dəlili əsassızdır. Belə ki, Cavabdeh2 mübahisəli mənzil satılarkən notariat orqanına rəsmi şəkildə ərizə təqdim edərək, mənzilin satılmasına razılıq vermişdir. Belə olduğu halda Cavabdeh2 həmin mənzilə istifadə hüququ itirilmişdir.

31. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

32. Mülki Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

33. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. ünvan 3anov Rayon Məhkəməsinin e-2(005)-2267/2022 saylı iş üzrə 20 iyun 2022ci il tarixli qətnaməsi mübahisələndirilən - iddianın Cavabdeh2 qarşı təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar