Məhkəmə qərarları › İş №2(103)-6496/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6496/2023

17.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6496/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, 51 saylı notariat kontoru və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 sentyabr 2023-cü il tarixli qərardadından cavabdehlər Cavabdeh4 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı irəli sürdüyü “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbləri barədə” iddiasına dair mülki işə baxmış Binəqədi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) tələblərinə uyğun verilmədiyi üçün geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə (İş № 2(103)- 4646/2023) apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin mülki işlə birlikdə Rayon Məhkəməsinə göndərilməsini qərara almışdır. Bundan sonra iddiaçı yeni apellyasiya şikayəti vermişdir. O, eyni zamanda “prosessual müddətin bərpası barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti və “qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizənin gücləndirilmiş elektron imzadan istifadə edilməklə imzalanmadığı üçün geri qaytarılması qərara alınmışdır. İddiaçı bir daha apellyasiya şikayəti vermişdir. O, bir daha ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla “prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməsi, iddiaçıya münasibətdə prosessual müddətin bərpa edilməsini və iddiaçının qətnamədən verdiyi apellyasiya şikayətinin qəbul edilərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Cavabdehlər Cavabdeh4 və Cavabdeh3 həmin qərardaddan Rayon Məhkəməsinə ayrı-ayrılıqda şikayət verərək qərardadın ləğv edilməsini və “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizənin rədd edilməsini xahiş etmişlər. Əsasları eyni olan hər iki şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı, vəkilin peşəkar hüquqi xidmətindən istifadə etdiyi üçün və qanunun yanlış başa düşülməsi prosessual müddətin buraxılmasının üzrlü hesab edilməsi üçün əsas olmadığından Rayon Məhkəməsinin müddətin bərpa edilməsi barədə qərardadı qanunsuz və əsassız hesab edilməlidir. Şikayətlərə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla şikayətlərin təmin edilməməsini və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hazırki apellyasiya baxışının predmeti olan məsələyə MPM-nin 397-ci maddəsinə uyğun olaraq yazılı icraat qaydasında, yəni tərəflərin iştirakı olmadan baxılacağı barədə iş üzrə tərəflərə lazımi qaydada məlumat verərək, iş üzrə tərəflərə onlarda olan bütün sübutların, eləcə də baxılacaq məsələ ilə bağlı izahat və mülahizələrin təqdim edilməsini təklif etmiş, lakin iş üzrə tərəflər sübutlarını, etirazlarını və ya izahatlarını Məhkəməyə təqdim etməmişlər. Məhkəmə, şikayətlərin dəlillərini və mülki iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər qismən təmin edilməli, barəsində şikayət verilmiş xx.xx.2023-cü il tarixli qərardad ləğv edilməli və iddiaçının verdiyi “buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə” ərizə təmin edilməməli və qətnamədən verilmiş apellyasiya şikayətinin qaytarılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə” ərizə onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilərək mülki işlə birlikdə Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardadda göstərilən nöqsanlar iddiaçı tərəfindən aradan qaldırılaraq yenidən apellyasiya şikayəti verilmiş, bu səbəbdən də prosessual müddət üzrlü səbəbdən ötürülmüşdür. Rayon Məhkəməsi, xx.xx.2023-cü il tarixli qərardadı qəbul edərkən iddiaçının ərizəsində göstərilən dəlillər ilə razılaşmışdır. Məhkəmə isə Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Çünki MPM-nin tələblərinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360.). Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (maddə 363.1.3.). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1.). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1.). İş materiallarından görünür ki, Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə rəsmi qaydada iddiaçıya təqdim edilmişdir (cild İ; iş v. 235). Belə olan halda iddiaçıya münasibətdə qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin sonuncu günü xx.xx.2023-cü il tarixə təsadüf edir. İddiaçı, vəkili (nümayəndəsi) Vəkil ilə birlikdə ilk dəfə qətnamədən apellyasiya şikayəti ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti gücləndirilmiş elektron imzadan istifadə edilməklə imzalanmadığı üçün apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra iddiaçının vəkili (nümayəndəsi) Vəkil xx.xx.2023-cü il tarixdə iddiaçının adından yenidən apellyasiya şikayəti vermişdir. Bu dəfə də apellyasiya şikayəti mülki prosessual məcəllə ilə müəyyən edilmiş forma və məzmun tələblərinə uyğun düzgün tərtib edilmədiyi üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilərək mülki işlə birlikdə Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçının vəkili (nümayəndəsi) Vəkil yenidən xx.xx.2023-cü il tarixdə iddiaçının adından “buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə” ərizə və apellyasiya şikayəti ilə Rayon Məhkəməsinə müraciət etmiş, lakin Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təkrar olaraq gücləndirilmiş elektron imzadan istifadə edilməklə imzalanmadığı üçün geri qaytarılması qərara alınmışdır. Sonuncu dəfə iddiaçının vəkili (nümayəndəsi) Vəkil xx.xx.2023-cü il tarixdə iddiaçının adından “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə və apellyasiya şikayəti ilə yenidən Rayon Məhkəməsinə müraciət etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən eyni qətnamədən iki dəfə verilmiş apellyasiya şikayətləri və əlavə bir dəfə də “prosessual müddətin bərpası barədə” ərizə ilə birlikdə prosessual qanunvericiliyin tələblərinə uyğun verilmədiyindən geri qaytarılmışdır. Artıq iddiaçı dördüncü dəfə eyni məsələ ilə bağlı Məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən apellyasiya şikayətləri və “apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə” ərizələr nümayəndə və peşəkar hüquqi xidmət göstərmək vəzifəsi daşıyan vəkil tərəfindən tərtib olunmuşdur. Birinci və apellyasiya instansiyaları məhkəmələrinin qərardadlarında ifadə edilmiş aydın göstərişlərə baxmayaraq, eyni məsələ ilə bağlı dörd dəfə yenidən məhkəməyə müraciət edilməsi özündə prosessual hüquqlardan sui-istifadəni əks etdirməklə, MPM-in 47.1-ci maddəsinin işdə iştirak edən şəxslərin, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borclu olması barədə tələbi ilə bir araya sığmır. Bu baxımdan “prosessual müddətin bərpa edilməsi barədə” ərizədə prosessual müddətin ötürülməsinin səbəbi kimi apellyasiya şikayətinin qeyri-mümkün hesab edildiyi üçün onda yol verilmiş nöqsanların aradan qaldırılması göstərilsə də, Məhkəmə həmin halı üzürlü hal kimi qəbul edə bilmir. Çünki artıq üç dəfə oxşar nöqsanlara yol verildiyi üçün apellyasiya şikayətinin icraata qəbul edilməsi mümkün olmamışdır. Beləliklə də, işin hallarından müəyyən edilir ki, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüş iddiaçı, müddətin ötürülməsinin məhz üzürlü səbəbdən baş verməsini sübuta yetirə bilmir. Prosessual müddətin üzrlü səbəbdən buraxılması müəyyən edilmədiyindən Məhkəmə hesab edir ki, ərizə təmin edilə bilməz və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Rayon Məhkəməsinə göndərilməlidir. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 397, 398 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş hər iki şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 sentyabr 2023-cü il tarixli qərardad ləğv edilsin. İddiaçı vəkili (nümayəndəsi) Vəkil tərəfindən verilmiş “qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə təmin edilməsin. İddiaçı vəkili (nümayəndəsi) Vəkil tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 17 may 2023-cü il tarixli qətnamədən verilmiş apellyasiya şikayətinin geri qaytarılması üçün iş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar