Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1576/2023 02.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Rzaquliyev Şamil Qəhrəman oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X14, onun vəkili və nümayəndəsi X13 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə və Tərtər şəhər Bələdiyyəsinə (üçüncü şəxs Tərtər rayon Dövlət Notariat Ofisi) qarşı torpaq sahəsinə verilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və cavabdeh tərəfindən tikilmiş tikilinin öz hesabına sökülməsi tələbinə dair iş üzrə Tərtər Rayon Məhkəməsinin 2(061)-89/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı və vəkili X18 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Tərtər Rayon Məhkəməsinin 2(061)-89/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim K.Rzayev) iddianın təmin edilməməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə və Tərtər şəhər Bələdiyyəsinə (üçüncü şəxs Tərtər rayon Notariat Ofisinə) qarşı Cavabdeh1 ilə Tərtər rayon Bələdiyyəsi arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, çıxarışın əsasında duran sənədlərin etibarsız hesab edilməsi, Cavabdeh1 tərəfindən tikilmiş tikilinin öz hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni sahibinə verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı və vəkili X18 apellyasiya şikayəti verərək Tərtər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-89/2023 saylı qətnaməsinin tamamilə ləğv edərək İddiaçı Rafıq oğlunun iddia tələbinin təmin edilməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etmişlər. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə və Tərtər şəhər Bələdiyyəsinə (üçüncü şəxs Tərtər rayon Notariat Ofisinə) qarşı Cavabdeh1 ilə Tərtər rayon Bələdiyyəsi arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, çıxarışın əsasında duran sənədlərin etibarsız hesab edilməsi, Cavabdeh1 tərəfindən tikilmiş tikilinin öz hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni sahibinə verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası Rafiq Muradov 16 aprel 2007-ci ildə vəfat etmişdir. Mərhum atasından ona Tərtər şəhəri, N.Nərimanov küçəsi 60 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Belə ki, Tərtər şəhəri, XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 4 saylı iclas protokoluna əsasən mərhum nənəsi X4 məxsus ünvan 8 fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən atası İddiaçı Soltanəli oğluna 0,05 ha həyətyanı torpaq sahəsi ayrılması barədə qərar qəbul edilmişdir. Tərtər şəhəri, XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 9 saylı çıxarışına əsasən həmin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən 0,05 hektar torpaq sahəsi kəsilərək atası Rafiq Muradova verilmiş və Tərtər şəhəri, XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 18 saylı qərarına əsasən sözügedən ərazinin ayrılması barədə qərar qəbul edilmiş və həmin ərazidə atasına ev tikdirməsinə icazə verilmişdir. Lakin maddi vəziyyəti ilə bağlı atası ev tikdirə bilməmişdir. Odur ki, yaşayış yeri olmadığından o, atasından miras qalmış həmin torpaq sahəsində ev tikdirmək üçün adına sənədləşdirmək istəmişdir. Bu səbəbdən o, atası Rafiq Muradovdan miras qalmış 0,05 hektar həyətyanı torpaq sahəsinin qəbul edilməsi faktının müəyyən edilməsi üçün Tərtər Rayon Məhkəməsində 18 aprel 2017-ci il tarixli, 2(061)-938/2017 saylı qətnaməsi ilə atasından qalmış Tərtər şəhəri, N.Nərimanov küçəsi, 60 ünvanında yerləşən 0,05 hektar həyətyanı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. O, 14 dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə regional “Asan Xidmət” mərkəzində notariat kontoruna vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair müraciət etmiş və mərhum X6 qanun üzrə İ növbə vərəsəsi kimi tanınmışdır. Tərtər rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 18 nömrəli iclas protokolundan çıxarışdan atası X9 0,05 kektar həyətyanı torpaq sahəsi verilməsi barədə şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 9 nömrəli qərarının təsdiq edilməsi, Rafiq Muradova 0,05 hektar həyətyanı torpaq sahəsində ümumi sahəsi 129 kv. metr, o cümlədən yaşayış sahəsi 82 kv.metr olan 4 otaqlı, kürsülü, birmərtəbəli fərdi yaşayış evinin və yardımçı binalar hamam, ambar, qaraj tikilisinin aparılmasına icazə verilməsi qərara alınmışdır. X29 Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-158/2021 saylı qərarında öz təsdiqini tapmışdır. Bundan başqa Tərtər Rayon Məhkəməsinin 18 aprel 2017-ci il tarixli, 2(061)-938/2017 nömrəli qətnaməsi ilə onun mülki qanunvericiliyə uyğun olaraq mərhum atası Rafiq Muradovdan miras qalmış Tərtər şəhəri, N.Nərimanov küçəsi, 60 ünvanında yerləşən 0,05 hektar həyətyanı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-158/2021 saylı qərarından göründüyü kimi Tərtər rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 527 nömrəli və xx.xx.2020-ci il tarixli, 564 nömrəli məktublarından görünür ki, onun iddia etdiyi ərazi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəlı çıxarışı ilə xx.xx.2018-cı il tarixdə Cavabdeh1 satılmışdır. Hazırda Cavabdeh1 həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirərək yaşayır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-158/2021 saylı qərarında müəyyən edilmişdir ki, Tərtər şəhəri, XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 9 saylı çıxarışına əsasən Azərbaycan SSR Torpaq Məcəlləsinin 133-cü maddəsinə müvafiq olaraq Rafiq Muradova anası Qızqayıt Muradovanın həyətyanı torpaq sahəsindən 0,05 hektar kəsilib verilməsi qərara alınsa da, həmin torpaq sahəsinə Qızqayıt Muradovanın hüquqmüəyyənedici sənədləri, bununla yanaşı torpaq sahəsinin koordinatları və yerləşmə yerini müəyyən edən ilkin torpaq ayırma sənədləri, plan-cizgisi tərtib edilməmişdir. Odur ki, o, məhkəmədə cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə və Tərtər şəhər Bələdiyyəsinə (üçüncü şəxs Tərtər rayon Dövlət Notariat Ofisi) qarşı hazırkı iddianı qaldırmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili X18 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamə maddi və prosessual hüquq normalarının ciddi pozuntuları ilə qəbul edilmiş, əsassız və qanunsuzdur. Belə ki, Tərtər Rayon Məhkəməsinin sözügedən qətnaməsi onun atasından miras qalmış 0,05 ha həyətyanı torpaq sahəsinə onun vərəsəsi kimi sahib olmağını əngəlləyir, bununla da onun vərəsəlik konstitusion hüququnu, həmçinin mülkiyyət hüquqlarını birbaşa pozur. Mübahisə predmeti olan 0,05 ha torpaq sahəsi onun nənəsi X3 xüsusi mülkiyyəti olan həyətyanı torpaq sahəsindən hissə olaraq kəsilib onun atası Rafıq Muradova verilmiş və bu fakt Tərtər XDS İcariyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 4 nömrəli iclas qərarı ilə, həmçinin həmin hakimiyyət orqanının sonrakı xx.xx.1991-ci il tarixli 9 nömrəli iclasının qərarı ilə təsdiqini tapır. Sözügedən xx.xx.1991-ci il tarixli qərarın 2-ci bəndində göstərilir ki, “29 aprel 1991-ci il tarixdən X2 şəhəri XDS İcraiyyə Komitəsində ayrı təsərrüfat kimi qeydə alınsın”. Bu isə o deməkdir ki, Rafıq Muradov həmin torpaq sahəsinin mülkiyyətçisi kimi hələ 1991-ci ildə, həm də o dövrün hakimiyyət orqanı kimi torpaq və digər daşınmaz əmlakları üzərində mülkiyyət hüququnu qeydə alan XDS-nin İcraiyyə Komitəsi tərəfindən tanınmışdır. Odur ki, Rafıq Muradovun sözügedən 0,05 ha torpaq sahəsinin mülkiyyətçisi olması faktı mübahisə predmeti ola bilməz. Rafıq Muradovun vəfat edənədək (2007-ci il) həmin torpaq sahəsindən istifadə etməməsi isə onun subyektiv hüququdur, çünki əmlakdan istifadə hüququ ondan istifadə etməməyi də nəzərə tutur. Odur ki, həmin torpaq sahəsi istifadəsiz qaldığına görə nə Tərtər şəhər Bələdiyyəsi, nə də Cavabdeh1 tərəfındən alqı-satqı obyekti ola bilməzdi. Yuxarıda şərh edilənlərə əsasən mübahisə predmeti olan 0,05 ha torpaq sahəsi mərhum X7 xüsusi mülkiyyətidir və onun həmin torpağa mülkiyyət hüququ 1991-ci ildə qanuni fəaliyyət göstərən hakimiyyət orqanı tərəfındən tanınaraq qeydə də alınmışdır. Tərtər Rayon Məhkəməsi isə hələ 18 aprel 2017-ci il tarixli, 2(061)-938/2017 nömrəli qətnaməsi ilə mərhum X5 miras qalmış Tərtər şəhəri, N.Nərimanov küçəsi, 60 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin miras əmlak olaraq onun tərəfındən qəbul edilməsi faktını müəyyən etmişdir. Odur ki, cavabdehlərin 2018-ci ildə alqı-satqı etməklə bu torpaq sahəsini özgəninkiləşdirmələri yolverilməzdir, cinayət xarakterli qanun pozuntusudur və mülkiyyətçinin əmlakına qanunsuz yiyələnmək və qanunsuz sahiblik etmək deməkdir. Təəssüf ki, Tərtər Rayon Məhkəməsi MM-in 157.2-ci maddəsini onun düzgün hüquqi mənasında tətbiq etməmişdir, onu qətnamənin mətninə formal olaraq daxil etmişdir. Tərtər Rayon Məhkəməsi sübutların qiymətləndirilməsində ciddi səhvə yol verərək heç bir əsas olmadan sözügedən mütəxəssis rəyini və ekspertizanın rəyini nəzərə almamışdır. Məhkəmənin həmin rəyləri sübut kimi nəzərə almamasına əsas verən heç bir dəlil yoxdur. Əgər həmin rəylərin, xüsusən də ekspertizanın rəyinin qanuniliyinə məhkəmənin şübhəsi vardısa, təkrar (komisiyon) ekspertiza təyin edilməklə məhkəmə üçün anlaşılmaz olan məsələ aydınlaşdırmalı idi. Tarix etibarı ilə Tərtər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(061)-938/2017 saylı qətnaməsi Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-996/2020 saylı qərarından və həmin qərarın qüvvədə saxlanılmasına dair Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 mart 2021-ci il tarixli, 2-1 (104)-158/2021 saylı qərarından daha əvvəldir. Odur ki, sonuncu 2 məhkəmə qərarı əsaslı və qanuni ola bilməzlər, çünki daha əvvəl Tərtər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2017-ci il tarixli, 2(061)-938/2017-ci il tarixli qətnaməsi vardır və həmin qənamə ilə məhkəmə mübahisə predmeti olan 0,05 ha torpaq sahəsini onun atasından qalmış miras kimi qəbul etməsini, yəni ona sahiblik, istifadə və idarə etməsi faktını müəyyən etmişdir. Göründüyü kimi qanunvericilik inzibati iş üzrə qərarı deyil, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktları nəzərdə tutur. Hesab edir ki, bu halda Tərtər Rayon Məhkəməsi hansı məhkəmə aktının sübut kimi qəbul edilməli olması məsələsinə aydınlıq gətirilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə sorğu ilə müraciət etməli idi, lakin bunu etməmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı nümayəndə vasitəsilə təmsil olunsa da özü, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin, Tərtər şəhər Bələdiyyəsinin və üçüncü şəxs Tərtər rayon Dövlət Notariat Ofisinin nümayəndəsinin müvafiq şəkildə nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən hazırki vəziyyətdə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X20, onun vəkili və nümayəndəsi X18 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası qətnamənin əsaslılığını yoxlayıb, məruzəçi hakimi və məhkəmə iclasında iştirak edən proses iştirakçılarını dinləyib, apellyasiya şikayətini mülki işin materialları ilə əlaqəli tədqiq edib, iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə şikayət qətnamənin ləğv edilməsinə yönəldiyinə görə qətnamənin əsaslılığı tam yoxlanılır. İş materiallarında olan Tərtər şəhəri, XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 9 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Tərtər şəhər sakinlərinin istifadəsində olan mövcud həyətyanı torpaq sahələrinin qərarlaşdırılması və yeni həyətyanı torpaq sahələrinin kəsilib verilməsi barədə Tərtər şəhər XDS İcraiyyə Komitəsinin qərarının surətindən görünür ki, Azərbaycan SSR Torpaq Məcəlləsinin 133-cü maddəsinə müvafiq olaraq şəhərin N.Nərimanov küçəsi 60 nömrəli evdə yaşayan və məişət xidməti istehsalat idarəsində fotoqraf işləyən X8 anası X3 həyətyanı torpaq sahəsindən 0,05 hektar kəsilib verilməsi qərara alınmışdır. İş materiallarında olan Tərtər şəhəri, XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 18 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, şəhər sakini X9 0,05 hektar həyətyanı torpaq sahəsi verilməsi barədə şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 9 nömrəli qərarının təqdiq edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X31 Xidmət mərkəzində notariat kontoru tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya xx.xx.2016-cı il tarixli, 828/2016 saylı cavab məktubunun surətindən görünür ki, 14 dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X31 Xidmət mərkəzində notariat kontoruna vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair müraciət etmiş şəxslər X26 və İddiaçı mərhum X6 qanun üzrə 1-ci növbə vərəsəsi kimi tanınmışlar. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin 18 aprel 2017-ci il tarixli 2(061)- 938/2017 saylı qətnaməsinin surətindən görünür ki, ərizəçi İddiaçı Mülki qanunvericiliyə uyğun olaraq mərhum atası X5 miras qalmış Tərtər şəhəri, N.Nərimanov küçəsi 60-da yerləşən 0,05 hektar həyətyanı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X31 Xidmət mərkəzində notariat kontoru tərəfindən verilmiş sorğuya xx.xx.20018-ci il tarixli cavab məktubunun surətindən görünür ki, ünvan 2 ünvanında yaşamış, 16 aprel 2007-ci ildə vəfat etmiş X6 barəsində X31 Xidmət mərkəzində notariat kontorunda xx.xx.2016-cı il tarixdə V-563 saylı reyestrlə vərəsəlik işi açılmış, lakin onun əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamə alınmamışdır. İş materiallarına əlavə edilmiş Tərtər şəhər Bələdiyyəsinin sorğuya 182 saylı cavab məktubunun surətindən görünür ki, Tərtər şəhəri, N.Nərimanov küçəsi, 60 ünvanında yerləşən 0,05 hektar torpaq sahəsi X1 barədə Tərtər Bələdiyyəsinin heç bir qərarı olmamış, və mülkiyyət hüququnu təsdiq edən sənəd olmadığı qeyd edilmişdir. İş materiallarında olan Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)- 996/2020 saylı qərarının surətindən görünür ki, həmin qərarla İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə və üçüncü şəxslər kimi X10 və Cavabdeh1 qarşı çıxarışın verilməsi tələbi ilə qaldırdığı iddiasına xx.xx.2020-ci il tarixdə baxılmış və iddia təmin edilməmişdir. Həmin qərarda göstərilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 22 sentyabr 2020-ci il tarixli, **********80 nömrəli məktubundan görünür ki, Tərtər şəhəri, N.Nərimanov küçəsində əmlakların (fərdi yaşayış evləri və torpaq sahələrinin) son sıra nömrəsi 54 olmaqla yekunlaşır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 mart 2021-ci il tarixli 2-1(104)-158/2021 saylı qərarıının surətindən görünür ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-996/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan notarial qaydada təqdiq olunmuş 31 mart 2018-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin tarixdə Tərtər Bələdiyyəsi ilə Tərtər şəhəri, M.Məmmədov küçəsi ev 42-də qeydiyyatda olan Cavabdeh1 arasında başlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Tərtər şəhəri, N.Nərimanov küçəsində yerləşən 0,07 ha torpaq sahəsi alqı-satqı yolu ilə 1400 manat ödəməklə Cavabdeh1 satılmışdır. Hər iki tərəf alqı-satqı müqaviləsini təsdiqləmişdir. İş materiallarında olan Tərtər Bələdiyyəsinin verdiyi 131 saylı xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh1 ilə Tərtər şəhər Bələdiyyəsi arasında 31 mart 2018-ci il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan seriya RX ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,07 hektar həyətyanı torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 178,6 kv. metr olan fərdi yaşayış evi Cavabdeh1 adına sənədləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən vəkilin sorğusuna 4995 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, sorğuda qeyd olunan Cavabdeh1 adına ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Cavabdeh1 qardaşı X16 iştirakı ilə Tərtər şəhəri, N.Nərimanov küçəsi 60 ünvanında Cavabdeh1 faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsi GPS aləti vasitəsi ilə ölçülərək tekuis elektron məlumat bazası ilə müqayisələndirilmişdir. Araşdırma zaman məlum oldu ki, Cavabdeh1 faktiki olaraq 0,11 ha torpaq sahəsindən istifadə edir. Həmin torpaq sahəsinin 0,07 ha hissəsi **********47 reyestr nömrəli çıxarışla Tərtər şəhər Bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə 0,04 ha hissəsi isə İddiaçı iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi məhkəmə mühəndis-texniki ekspertizasının 26 yanvar 2023-cü il tarixli 10/8806 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən tərtib olunmuş mütəxəssis rəyinin məlumatlarına əsasən Cavabdeh1 faktiki olaraq 0,11 ha torpaq sahəsindən istifadə edir. Həmin torpaq sahəsinin 0,07 ha hissəsi **********47 reyestr nömrəli çıxarışla Tərtər şəhər Bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə 0,04 ha hissəsi isə İddiaçı iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən müəyyən edilmişdir ki, Tərtər şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 9 nömrəli iclas protokolundan çıxarışa əsasən Azərbaycan SSR “Torpaq Məcəlləsinin” 133-cü maddəsinə müvafiq olaraq X11 anası X3 həyətyanı torpaq sahəsindən 0,05 ha kəsilib verilməsi qərara alınmışdır. Buna baxmayaraq həmin torpaq sahəsinin Qızqayıt Muradovanın hüquqmüəyyənedici sənədləri, torpaq sahəsinin koordinatları və yerləşmə yerini müəyyən edən ilkin torpaqayırma sənədləri, plan-cizgisi tərtib edilməmişdir. Halbuki, bu sənədlər iddia tələbi üzrə ən zəruri sənədlər hesab edilir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının atası X11 ayrılmış torpaq sahəsi ilə bağlı Tərtər Bələdiyyəsində hər hansı bir sənəd olmamışdır. X12 adına torpaq sahəsinin olması ilə bağlı hüquqi sənəd olmamışdır. İddiaçının faktiki iddia etdiyi torpaq sahəsi isə bələdiyyə mülkiyyəti olmaqla ünvan 3 ünvanında yerləşən 0,07 hektar həyətyanı torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 178,6 kv. metr olan fərdi yaşayış evi Cavabdeh1 adına sənədləşdirilmişdir. Göründüyü kimi İddiaçı Tərtər şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 9 nömrəli iclas protokoluna istinad etməklə həmin sənəd üzrə atası Rafiq Muradova verilmiş torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasıını xahiş etsə də, həmin torpağın yerləşmə yerini müəyyən edən sənədləri məhkəməyə təqdim etməmişdir. Bunlarla yanaşı İddiaçı Gəncə İnzibati Məhkəməsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə və üçüncü şəxslər kimi X10 və Cavabdeh1 qarşı çıxarışın verilməsi tələbi ilə bağlı iddia ərizəsi vermiş, onun iddiasına baxılmış, lakin iddiası təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət vermiş, onun şikayəti təmin edilməmişdir. İddiaçı ünvan 5 ünvanda yerləşən 0,05 həyətyanı torpaq sahəsinə görə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin torpaq sahəsinin Cavabdeh1 mülkiyyətində olduğu, ünvan 6 ünvanında yerləşən 0,07 hektar torpaq sahəsinin Tərtər Bələdiyyəsi tərəfindən qanunamüvafiq qaydada Cavabdeh1 satıldığından onun müraciəti təmin edilməmişdir. Göstərilənləri nəzərə alan məhkəmə iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir. İddia ərizəsindən göründüyü kimi iddiaçı Tərtər şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 4 nömrəli iclas protokoluna əsasən mərhum nənəsi X4 məxsus ünvan 8 fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən atası İddiaçı Soltanəli oğluna 0,05 ha həyətyanı torpaq sahəsi ayrılması barədə qərar qəbul edildiyini, Tərtər şəhəri, XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 9 saylı çıxarışına əsasən həmin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən 0,05 hektar torpaq sahəsi kəsilərək atası Rafiq Muradova verildiyini və Tərtər şəhəri, XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 18 saylı qərarına əsasən sözügedən ərazinin ayrılması barədə qərar qəbul edilərək həmin ərazidə atasına ev tikdirməsinə icazə verildiyini, lakin atasının maddi imkanı olmadığına görə ayrılmış torpaq sahəsində ev tikdirmədiyini, hazırda özününü yaşamağa yeri olmadığına görə həmin torpaq sahəsində ev tikdirmək istəsə də torpaq sahəsi bələdiyyə tərəfindən cavabdeh Kəmalı yaqubzadəyə satıldığına görə hüququnu realizə edə bilməməsini qeyd edərək hazırkı iddia ilə məhkləməyə müraciət etdiyini göstərmişdir. Kollegiya ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının mərhum atasına fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrıldığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 131-ci maddəsində göstərilirdi ki, qüvvədə olan qanunvericiliyə görə, Azərbaycan SSR-in fərdi mənzil tikintisi qadağan edilməmiş yaşayış məntəqələrində yaşayan vətəndaşlara şəhərlərin, şəhər tipli qəsəbələrin torpaqlarından və kolxozların və sovxozların və digər kənd təsərrüfatı müəssisələrinin istifadə etdikləri torpaqların tərkibinə daxil olmayan kənd yaşayış məntəqələri torpaqlarından, habelə dövlət ehtiyatı torpaqlarından və şəhərlərin yaşıl zonasının hüdudlarından kənardakı dövlət meşə fondu torpaqlarından şəxsi mülkiyyət hüququ əsasında birmənzilli yaşayış binaları tikilməsi üçün torpaq sahələri verilir. Göstərilən məqsədlər üçün torpaqlar bu Məcəllənin 128-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada verilir. Həmin Məcəllənin 128-ci maddəsinin ikinci hissəsində göstərilir ki, yaşayış məntəqələrinin torpaqları bu maddənin birinci hissəsində göstərilmiş məqsədlər üçün şəhər, qəsəbə və kənd xalq deputatları Sovetlərinin icraiyyə komitələri tərəfindən, ... verilir. Həmin Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində göstərilir ki, torpaq sahəsindən dalbadal iki il istifadə olunmadıqda və ya ondan müəyyən edilən məqsədə müvafiq surətdə istifadə edilmədikdə, torpaq sahəsindən istifadə hüquqna xitam verilə bilər. Kollegiya qeyd edir ki, sağlığnda iddiaçının mərhum atasının iddiaçının iddia etdiyi torpaq sahəsindən təyinatı üzrə istifadə etmədiyi, respublikada aqrar islahat zamanı həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə verildiyi işin mübahisəsiz hallarıdır. Çünki iddia ərizəsindən də göründüyü kimi iddiaçının atası maddi imkansızlıq səbəbindən həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirməmişdir. Torpaq sahəsi isə bələdiyyə mülkiyyətinə keçdiyinə görə bələdiyyə öz mülkiyyəti kimi 0,07 ha hissəsini iş üzrə Cavabdeh1 alqı-satqı müqaviləsi bağlamaqla satmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 14.1.-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (Azərbaycan Respublikası MM-in 14.2.1-ci maddəsi). Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (Azərbaycan Respublikası MM-in 390.1-ci maddəsi). Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Məhkəmə kollegiyası eyd edir ki, iddiaçı Tərtər şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 4 nömrəli və xx.xx.1991-ci il tarixli 9 nömrəli qərarlarına istinad edib ünvan 8 ünvanda 0.05 ha torpaq sahəsinin mərhum atasının mülkiyyəti olduğunu qeyd etmiş olsa da, məhkəməyə həmin xüsusatı təsdiq edən sübut təqdim etməmişdir. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, Rafıq Muradov (iddiaçının atası) həmin torpaq sahəsinin mülkiyyətçisi kimi hələ 1991-ci ildə, həm də o dövrün hakimiyyət orqanı kimi torpaq və digər daşınmaz əmlakları üzərində mülkiyyət hüququnu qeydə alan XDS-nin İcraiyyə Komitəsi tərəfindən tanınmışdır. Kollegiya vurğulayır ki, 16 iyul 1996-cı il tarixli “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasında torpaq islahatı keçirilmiş, dövlət mülkiyyətində saxlanılan torpaqlar çıxılmaqla digər torpaqlar bələdiyyə mülkiyyətinə, vətəndaşların qanuni istifadələrində olan torpaq sahələri isə onların mülkiyyətinə verilmiş, onlar müvafiq surətdə mülkiyyət hüququnu təsdiq edən sənədlərlə təmin olunmuşlar. İddiaçının mərhum atası həmin torpaq sahəsindən istifadə etmədiyinə görə torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilmiş, həmin hal isə mübahisələndirilməmişdir. Odur ki, kollegiya apellyasiya şikayətinin həmin dəlilini əsassız sayır. Apellyasiya şikayətinin digər – məhkəmənin mütəxəssis rəyini və ekspertizanın rəyini nəzərə almaması dəlili ilə bağlı kollegiya qeyd edir ki, cavabdehin istifadəsində zəbt torpaq sahəsinin olması həmin torpaq sahəsinin iddiaçıya və ya da onun mərhum atasına məxsus olduğunu təsdiq etmir. Odur ki, kollegiya apellyasiya şikayətinin həmin dəlilini də əsassız, iddiaçının formal mülahizəsi sayır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin uzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yukundən azad edə, yaxud sübut etmə yükünü boluşdurə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPMin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçıların apellyasiya şikayətinin dəlilləri ancaq formal mülahizələrdən ibarətdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Şikayətdə göstərilən dəlillər əsasında birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş heç bir faktiki və hüquqi əsaslar mövcud deyil. Azərbaycan Respublikası MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları məcmusu ilə qiymətləndirərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edildiyinə, eləcə də, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəldiyinə və birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-in 385.1-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri olmadığına görə, apellyasiya şikayəti təmin edilməməli, Tərtər Rayon Məhkəməsinin 2(061)-89/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 2(061)-89/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1576/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1576/2023
02.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver