Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6499/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «aktın etibarsız hesab edilməsi və borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(006)-3797/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «aktın etibarsız hesab edilməsi və borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 09 mart 2020-ci il tarixli, AKT NDM № 018321 saylı aktın etibarsız hesab edilməsi, həmin akta əsasən hesablanmış 732,56 manat məbləğində borcun ona məxsus **********70008 saylı abunə kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, 17-ci Nərimanov döngəsi, 7 ünvanındakı fərdi yaşayış evi atası X2 xüsusi mülkiyyətindədir. Atası 30 sentyabr 2017-ci il tarixdə vəfat etmişdir. Hal-hazırda ailəsilə birlikdə həmin ünvanda yaşayır. 09 mart 2020-ci il tarixdə "xxxx" ASC-nin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsi tərəfindən AKT NDM № 018321 saylı akt tərtib olunmuş, guya fərdi yaşayış evinə sayğac sxemindən kənar faza xətti daxil olması aşkar olunmuşdur. Akt tərtib olunduğu tarixdə onlar evdə olmamışlar və onlara öncədən heç bir xəbərdarlıq edilmədən birbaşa akt tərtib olunmuşdur. Çünki aktda da qeyd edilmişdir ki, qapını açan olmamışdır. Həmin bu tarixə qədər müxtəlif aylar üzrə müxtəlif borcları yaranmış və vaxtlı-vaxtında borclarını ödəmişlər. Onun işığa heç bir vaxt yüksək məbləğdə borcu olmamışdır və mütəmadi olaraq hər ay işığın istifadəsinə yaranmış borcu ödəmişdir. Qeyd etmək istəyir ki, abonent olaraq hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkməmişdir və yaranmış borcun da onunla heç bir əlaqəsi yoxdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(006)- 3797/2020 saylı qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia təmin edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçıya akt əsasında borcun yazılması, həmin aktın kənar qoşulma xəttinin müəyyən edilməsi ilə əlaqədar tərtib edilməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak etmiş iddiaçı apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan 20.12.1996-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası: X5, anası: X3r. İşdə olan 30.09.2017-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 30.09.2017-ci il tarixdə ölmüşdür. İşdə olan 09.03.2020-ci il tarixli NDM 018321 saylı aktdan görünür ki, iddiaçının yaşadığı ünvanda istifadə olunan elektrik enerjisinin hesabatını aparan sayğac yoxlanılmış, məlum olmuşdur ki, fərdi yaşayış evinə sayğac sxemindən kənar faza xətti daxil olmuşdur. Kənar faza xətti fərdi yaşayış evinin qarşısından keçən 04 kvt-luq sip xəttindən çəkilmişdir. Ölçmə zamanı xəttdən axan yük: Pxət=3.52 kvt. Psay=0.35 kvt, qoşulmuş güc naqilin en kəsiyinə görə 1 x 10 mm2 aliminium Pqoy=10.8 kvt təşkil edir. Qeyd edilməlidir ki, «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən elektrik və istilik enerjisi ilə təchizatın subyektləri dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və enerji istehlakçıları sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın (bundan sonra Qaydalar) 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı – müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. Qaydaların 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Həmin Qaydaların 8.17-ci bəndində göstərilir ki, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.) uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yuxarıda qeyd edilən normanın pozulması üçün istehlakçının təqsirindən hesablaşma uçot cihazının zədələnməsi, uçot cihazlarının qoşulma sxemlərinin pozulması, uçot cihazlarından kənar özbaşına yükun qoşulması faktı aşkar olunmalıdır. Həmçinin, hüquq norması elektrik enerjisi istehlakçısının elektrik enerjisindən istifadə qaydalarının pozulmasında məsuliyyətini, aşkar olunmuş pozuntularda istehlakçının təqsiri olması ilə şərtləndirmişdir. Yəni baş vermiş pozuntuya görə o halda istehlakçı məsuliyyət daşıyır ki, pozuntu istehlakçının təqsirli hərəkətlərinin nəticəsi olaraq əmələ gəlsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mübahisələndirilən aktdan göründüyü kimi, akt tərtib olunarkən qanunvericiliyin tələblərinə riayət olunmamış, istehlakçının hüquqları pozulmuş, həmçinin abunəçinin və hal şahidlərinin iştirakı təmin edilməmiş, akt sonuncular tərəfindən imzalanmamışdır. Eyni zamanda, işdən görünür ki, sayğac iddiaçıya məxsus yaşayış sahəsindən kənarda quraşdırılmışdır. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur Qaydaların 7.6-cı bəndinə əsasən hesablaşma elektrik sayğıcının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. Qaydaların 8.16 və 8.17-ci bəndlərinin tələblərindən göründüyü kimi, qüsurların yaranmasında istehlakçının təqsirli olub-olmamasının müəyyənləşdirilməsi yenidən hesablaşma aparılması üçün mühüm əhəmiyyət kəsb edir. Qaydaların 9.20-ci bəndində fors-major hadisələri, kənar şəxslərin düzgün olmayan hərəkətləri (səhvən birləşdirmə, açma və keçirmə, hava elektrik verilişi xətlərinin naqillərinin üzərinə kənar əşyaların atılması, hava və kabel verilişi xətlərinin mexaniki zədələnməsi və s. nəticəsində) baş vermiş qəzalarla əlaqədar istehlakçı dəymiş ziyana görə enerjitəchizatı müəssisəsi qarşısında məsuliyyət daşımır. Qanunvericiliyin qeyd edilən normalarında göstərilən halların araşdırılması bilavasitə enejitəchizatı müəssisənin üzərinə düşür. Lakin, cavabdehin əməkdaşları yoxlama zamanı aktda göstərilən qüsurların hansı səbəbdən yaranmasını müəyyən etmədən, əsassız olaraq bunun bilavasitə iddiaçının təqsirli hərəkəti nəticəsində baş verməsi nəticəsinə gəlmişlər. İstehlakçının təqsirinin olmaması isə onun belə məsuliyyətə cəlb olunmasını istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Göründüyü kimi delikt məsuliyyətini müəyyən edən normalar mülki hüquq pozuntusu üçün məsuliyyətin əsası kimi ziyanvuranın hüquqa və ya qanuna zidd hərəkəti və ziyanvuranan təqsirli olmasını əsas şərt kimi müəyyən etmişdir. Belə ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur və ilkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəf aktda qeyd olunmuş pozuntunun iddiaçının təqsirli hərəkəti nəticəsində yaranmasını, bu sahədə sonununun hüquqa zidd davranışını və həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqənin olması sübut edə bilməmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, qətnamə əsaslı və qanunidir, şikayətin dəlilləri formal mülahizələrə əsaslanmaqla, qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «aktın etibarsıh hesab edilməsi və borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(006)-3797/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(006)- 3797/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6499/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6499/2021
22.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver