Məhkəmə qərarları › İş №2(103)-650/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-650/2025

21.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-650/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X6 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4945/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, ünvanda sayğaca müdaxilə, sayğacsız təbii qazdan istifadə halları aşkar edilmiş, bu barədə tərəfindən ünvan 1 ünvanı üzrə aktlar tərtib edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı X4 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən ona məxsus evin hesab koduna əsassız hesablanmış 1617,97 (min altı yüz on yeddi manat doxsan yeddi qəpik) manat məbləğin (kod **********40000) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh İB ona məxsus ünvan 1 ünvanına müqavilə bağlanmış qaz xətti üzərinə İtron markalı 1802AZ**********38 zavod nömrəli qaz sayğacı quraşdırılmış və **********40000 saylı abonent kodu verilmişdir. xx.xx.2018-ci il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən ünvan 1 ünvanında yerləşən ona məxsus evin qaz təchizatına baxış keçirilmişdir. Baxış zamanı küçə daşıyıcı xəttə sayğacdan kənar birləşmə barədə akt tərtib edərək hesab koduna (**********40000) əsassız olaraq 972 manat məbləğində dəymiş ziyan hesablanmışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən ünvan 1 ünvanında yerləşən ona məxsus evin qaz təchizatına baxış keçirilmişdir. Baxış zamanı küçə daşıyıcı xəttə sayğacdan kənar birləşmə barədə xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edərək hesab koduna (**********40000) əsassız olaraq 300 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdeh İB-nin hesabladığı dəymiş ziyan qanunsuz və əsassızdır. Belə ki, akt tərtib olunarkən Cavabdeh İB-nin nümayəndələri tərəfindən ona məlumat verilməmiş, onun iştirakı və imzası olmadan tərtib olunmuşdur. Cavabdeh İB-nin ərazi üzrə nəzarətçiləri hər ay sayğaca baxış keçirərək orada olan göstəriciləri bazaya işləyirlər. Əgər təbii qazdan kənar xətt vari idisə nəyə görə kəsim aktı tərtib olunmamışdır? Eyni zamanda maliyyə arayışında göründüyü kimi o, hər ay ödəniş olmaqla təbii qazdan istifadə etmişdir. Təbii qazdan sayğacdan kənar xətt var idisə nəyə görə aidiyyəti üzrə polis bölməsinə məlumat verilməmiş və bununla bağlı akt tərtib olunmamışdır.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4945/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı **********40000 saylı abonent koduna hesablanmış 1607 (min altı yüz yeddi) manat 97 (doxsan yeddi) qəpik məbləğində borcun silinməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ünvan 1 ünvanında yerləşən evə quraşdırılmış **********40000 abonent kodlu qaz sayğacı İddiaçı adınadır, o həmin ünvanda yaşayır və təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac cavabdehin əməkdaşları baxış keçirilən zaman “...sayğacın çıxış plasmas borusu deşilib”, “...fərdi yaşayış evində qaz cihazlarında sayğacdan kənar istifadə edir” əsasları ilə cavabdeh tərəfindən iddiaçının abonent hesabına itirilmiş qazın bərpası məqsədilə 03/2022 il tarixinə 300 manat, 12/2018 il tarixinə 972 manat borc qeyd edilmiş, həmçinin ödəniş hissəsində 03/2023 tarixinə “-1906,47” manat göstərilmişdir. 05/2024-cü il tarixində “Ay sonuna borc” 1607,97 manat olmuşdur. Bununla belə, iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına, habelə 05/2024-cü il tarixinə hesablanmış 1607,97 manatdan daha çox borcun yaranmasına əsas olan hallar məhkəmə tərəfindən müəyyən edilmədi.

6. Məhkəmə qeyd etmişdir ki, əvvəla, qanunvericiliyə uyğun olaraq, istehlakçının qazın talanmasında təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyətinə malik olan orqan (qurum), cinayət təqibi orqanı və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər, ikincisi, iddiaçıya məxsus mənzildə quraşdırılan sayğaca baxış keçirilən zaman sayğaca müdaxilə edilməsi, qanunsuz qoşulma əsası ilə aktlar tərtib edilsə də, Aktlar əsasında “Qalıq və aktlar” qrafasında 03/2022 il tarixinə 300 manat, 12/2018 il tarixinə 972 manat borc məbləği ilə bağlı iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına dair hallar, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir, üçüncüsü, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni Cavabdeh İB daşıyır. Belə olan halda məhkəmə iddianı qismən təmin etməklə, iddiaçının abonent koduna hesablanmış 1607,97 manat borc silinməli olması qənaətinə gəlmişdir.

7. Məhkəmə öz möveyini «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”na istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə bildirmişdir ki, əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qazxəttinə qoşulma mövcuddur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Tərəfindən təqdim olunmuş sübutlara, yəni aktlara hərtərəfli və tam baxılmayıb və hakim təqdim etdilmiş sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə aklına bilməməsini araşdırmamışdır. Halbuki bu deyilən meyarlar araşdırlsa abonentin Cavabdeh İB-yə dəymiş ziyanı öz təsdiqini tapmış olardı Məhkəmə işin hərtərəfli araşdırlması üçün qanunvericliyin tələblərinə uyğun olaraq müvafiq prosessual hərəkətləri həyata keçirə bilərdi və bununla da qətnamə qanunvericliyin tələblərinə uyğun olmuş olardı. Məhkəmə iddiaçının sübuta söykənməyən mülahizəsini əsas götürmüşdür. Həmçinin, qeyd etmişdir ki, hakim iddianı nəyə görə və hansı sübutlara əsaslanaraq təmin etdiyini öz qərarında tam bildirməmişdir. Göründüyü kimi məhkəmə qətnaməsi iddiaçının izahatına və məhkəmənin qanuna söykənməyən mülahizəsinə dayanmaqdadır.

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında nümayəndəsinin üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri

12.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 13.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 14.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 15.Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarının tətbiqində də səhvə yol verdiyindən apellyasiya baxışının predmetini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. 16.Belə ki, mübahisələndirilən qətnamədən göründüyü kimi birinci instansiya məhkəməsi gəldiyi nəticəni aktların tərtib edildiyi zaman (2022-ci il mayın 1-dən sonra tərtib edilmiş aktlara münasibətdə) qüvvədə olmuş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinə istinadən əsaslandırmamış, iddia tələblərinin əsaslılığını, qanunvericiliklə müəyyən edilən sübutetmə vasitələri ilə yox, yalnız iddiaçının mülahizələri ilə əsaslandırmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

17.21.1-ci və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 18.385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 19.386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 20.427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 21.433.1-ci maddəsinə görə borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 22.442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 23.448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 24.1096, 1097.1 və 1097.1-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın

25.1.3-cü və 1.4-cü bəndlərinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 26.3.2.1-ci və 5.5-ci bəndlərinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi aktda (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 27.4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 28.4.7. bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 29.4.8. bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 30.6.7. bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun

31.11-ci maddəsinin 6-cı bəndinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyatakeçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 32.13-cü maddəsinin 8-ci bəndinə (köhnə redaksiyada) əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 33.13-cü maddəsinin 8-1-ci bəndinə (qüvvəyə mindiyi tarix 2022-ci il mayın 1-i) əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

34.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

35. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir.

37. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, ünvanda sayğaca müdaxilə, sayğacsız təbii qazdan istifadə halları aşkar edilmiş, bu barədə tərəfindən ünvan 1 ünvanı üzrə aktlar tərtib edilmişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən tərtib olunmuş aktları qanuni və əsaslı hesab etməmiş, həmin aktların həqiqiliyini şübhə altına salmış, aktlara əsasən iddiaçının abonent koduna hesablanmış 1.607,97 manat borcun silinməli olması qənaətinə gəlmişdir

38. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçıya məxsus abonent koduna tərtib olunmuş aktlara əsasən hesablanmış borc ilə əlaqədar hesab edir ki, birinci instansiya məhkəməsi, iddianın həlli ilə əlaqədar nəticəyə gələrkən mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Halbuki bu cür yanaşma müvafiq qanunvericiliyin yuxarıda istinad olunan maddələrinə uyğun hesab oluna bilməz.

39. Belə ki, birinci instansiya məhkəməsi mübahisəli dövr ərzində iddiaçının qazın talanmasında təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyətinə malik olan orqan (qurum), cinayət təqibi orqanı və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyini, iddiaçıya məxsus mənzildə quraşdırılan sayğaca baxış keçirilən zaman sayğaca müdaxilə edilməsi, qanunsuz qoşulma əsası ilə aktlar tərtib edilsə də, sayğacda yaranmış nasazlığa dair hallar ilə bağlı iddiaçının təqsirini təsdiq edən sübutların məhkəmə tərəfindən müəyyən edilmədiyini, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni Cavabdeh İB-nin daşıdığını qeyd etmişdir.

40. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün hesab edilə bilməz.

41. Belə ki, məhkəmə kollegiyası iddiaçının **********40000 abonent hesabı üzrə mövcud borcun yaranması əsasları ilə əlaqədar müvafiq quruma, Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X2 Agentliyinə müracət etmişdir.

42. Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X2 Agentliyinin Bakı filialı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya cavaba əsasən, abonent İddiaçı qaz sayğacına müdaxilə etməklə qazdan qanunsuz istifadəyə görə 2018-ci ilin oktyabrında 972 manat, kənar xətt vasitəsilə qazdan qanunsuz istifadəyə görə 2022-ci ilin martında 300 manat, cəmi 1272 manat məbləğində əlavə borc hesablanaraq onun abonent hesabına daxil edildiyi, abonent saldosunun təhlili, qaz sayğacının göstəricisinə görə 2010-2012-ci illərdən qalmış abonentin qaz paylayıcısına 606,40 manat borcunun olduğu müəyyən edilmişdir. Beləliklə mütəxəssis, abonentin istehlak borcunun 606,40 manat, qazpaylayıcısına dəymiş zərərin məbləğinin cəmi 1.272 manat təşkil etdiyi qənaətinə gəlmişdir.

43. Nəzərə alınmalıdır ki, məhkəmənin istinad etdiyi “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci bəndi ““Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanuna əsasən 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi, mübahisələndirilən aktlar tərtib edildiyi zaman Qanuna edilmiş bu dəyişikliyin mövcud olmamasına baxmayaraq birinci instansiya məhkəməsi Qanunun bu bəndinə istinad edərək mübahisəni həll etmişdir. Halbuki hazırkı mübahisə “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndinin köhnə redaksiyadakı mətnə əsasən öz həllini tapmalıdır.

44. Həmin maddəyə əsasən də qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

45. Bununla əlaqədar həmçinin qeyd edilməlidir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.

46. Hazırki mülki iş üzrə zərərin baş verməsi, baş vermiş zərərin məhz iddiaçının təqsirli və qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Belə ki, müvafiq qaydalara uyğun olaraq aktları lazımi qaydada tərtib etmək və bir nüsxəsini abonentə təqdim etmək, cavabdehə məxsus qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirildiyi və məhz aktlarda (hesabatlarda) göstərilən cihazların müəyyən edildiyi barədə zəruri sübutları məhkəməyə təqdim etmək, qanunsuz qoşulma halları üzrə hesablanmış zərərin ödənilməsini uzun müddət ərzində cavabdehdən hansı səbəbdən tələb edilmədiyini əsaslandırmaq vəzifəsi cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus ev ilə əlaqədar ona dəymiş zərərə görə hesablanmış borcla bağlı mövqeyini əsaslandıra bilməmiş və bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir.

47. Beləliklə, iddiaçının qaz paylayıcısına vurulmuş maddi zərərin ümumilikdə 1.272 manat məbləğində olması müəyyən edilməli, yuxarıda qeyd edilənlərə uyğun olaraq həmin məbləğ əsassız hesablandığı üçün silinməlidir.

48. Hazrkı iş üzrə müəyyən edilmiş digər hallardan da göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi məbləğin qalan hissəsi onun sayğac üzrə faktiki istifadə etdiyi və dəyərini ödəmədiyi borcdur. Belə ki, Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X2 Agentliyinin Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli sorğuya cavaba əsasən, abonentin, abonent saldosunun təhlilinə, qaz sayğacının göstəricisinə görə qaz paylayıcısına 606,40 manat məbləğində debitor borcu mövcuddur.

49. Tərəflər arasında qazın alqı-satqısı barədə müqavilənin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqaviləyə əsasən cavabdeh təbii qaza olan ehtiyacların ödənilməsi üçün istehlakçını lazımi miqdarda qaz ilə təmin etməyi, iddiaçı isə qazpaylayıcı müəssisəsinin xidmətlərindən istifadə etməsinə görə quraşdırılmış sayğacın göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.

50. İddiaçı cavabdehin alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılması ilə əlaqədar göstərdiyi xidmətlərdən istifadəyə görə ödənişləri vaxtında həyata keçirməməklə, Mülki Məcəllənin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Belə olan halda iddiaçı yaşadığı evdə qazın verilməsi üzrə xidmətlərdən istifadəsi nəticəsində yaranmış borcun iddia ərizəsində istinad etdiyi əsaslarla silinməsini tələb edə bilməz.

51. Belə ki, cavabdeh tərəfindən müvafiq xidmətlərin göstərilməsi iddiaçı-istehlakçı tərəfindən göstərilən xidmətlərin müqabilində müqaviləyə əsasən və dövlət tərəfindən müəyyən edilmiş ödəniş tariflərinə uyğun olaraq xidmət haqqı və digər ödənişlərin həyata keçirilməsini şərtləndirir.

52. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

53. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddianın qiyməti (təmin olunmayan hissədə) beş min manatdan az olduğundan hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

54. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4945/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılaraq, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı məxsus **********40000 saylı abonent koduna hesablanmış 1.272 (bir min iki yüz yetmiş iki) manat məbləğində borc silinsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar