Məhkəmə qərarları › İş №2(103)-6500/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6500/2020

09.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6500/2020 09.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “əsasız alınmış pulun geri qaytarılması tələbi barədə” kiçik iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli qətnamədən cavabdeh Birliyin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh Birlik tərəfindən qaz sayğacının dəyərinin əvəzi olaraq ona hesablanmış 118 manat və əlavə sərfiyyat kimi hesablanmış 8,50 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, ünvan 1 ünvanında yaşayır. İstifadəsində olan “smart” tipli qaz sayğacı cavabdeh Birliyin əməkdaşları tərəfindən yeni sayğacla əvəz edilmişdir. Köhnə sayğac çıxarılarkən üzərindəki bütün plomblar yerində olmuş, lakin qaz sayğacına tərəfindən müdaxilə olunması əsas gətirilərək cavabdeh Birlik tərəfindən iddiaçıya əlavə sərfiyyata görə 1.944 manat, sayğacın dəyəri olaraq isə 235,88 manat məbləğində borc hesablanmışdır. İddiaçı cavabdeh Birliyin bu kimi hərəkətini əsassız hesab edərək cavabdehin hərəkətlərini mübahisələndirərək müvafiq iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və borcun silinməsini xahiş etmişdir. Həmin iddia əsasında icraatı başlanılmış mülki işə baxmış Xətai Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməsini, yuxarıda qeyd edilən həmin borcun silinməsini qət etmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, lakin həmin ərəfədə cavabdeh Birlik əlavə sərfiyyata görə 8,50 manat, sayğaca görə isə 118 manatı artıq iddiaçıdan tutumuşdur. İddiaçı hesab edir ki, cavabdeh Birliyin qeyd edilən hərəkətinin qanunsuz olması barədə qüvvəyə minmiş qətnamə olduğu üçün, Birliyin ondan qanunsuz olaraq aldığı pul məbləği geri qaytarılmalıdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə natamam və birtərəfli araşdırma aparmış, nəticədə isə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının evində quraşdırılmış qaz sayğacına baxış keçirən zaman qaz sayğacına müdaxilə edildiyi aşkar edilmişdir. Qaz sayğacı çıxarılmış və dövlət yoxlamasından keçirilməsi üçün İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə göndərilmişdir. Həmin İdarənin rəyinə əsasən sayğaca müdaxilə edilməsi müəyyən edilmişdir. Belə olan halda qaz sayğacına istehlakçı tərəfindən bilərəkdən müdaxilə olunduğu öz təsdiqini tapmışdır. Bundan başqa, dövlət yoxlaması nəticəsində istismara yararsız hesab olunan sayğaca görə istehlakçı tərəfindən vurulmuş zərərin əvəzi ödənilməlidir. İstehlakçı qazdan istifadə qaydalarına zidd şəkildə təbii qazdan istifadə etdiyi üçün istifadə edilmiş təbii qazın və istismara yararsız hesab edilmiş sayğacın dəyərini tam olaraq ödəməlidir. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş cavabdeh Birlik apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin Məhkəmələrə bildirdiklərindən müəyyən edilir ki, iddiaçının yaşadığı ünvan cavabdeh Birlik tərəfindən təbii qaz ilə təmin olunur və bununla bağlı olaraq həmin ünvanda qaz sayğacı quraşdırılmışdır. Birliyin əməkdaşları qaz sayğaclarını, o cümlədən iddiaçıya aid ünvanda quraşdırılmış qaz sayğacına baxış keçirən zaman sayğaca müdaxilə edilməsindən şübhələnərək sayğacı yenisi ilə əvəz etmiş və yoxlanılması üçün sayğacı müvafiq laboratoriyaya göndərmişlər. Yoxlama zamanı sayğacda müəyyən nasazlıqlar aşkar edilmişdır. Bununla əlaqədar olaraq cavabdeh Birlik tərəfindən iddiaçıya əlavə sərfiyyata görə 1.944 manat, sayğacın dəyəri olaraq isə 235,88 manat məbləğində borc hesablanmışdır. İddiaçı cavabdeh Birliyin bu kimi hərəkətini əsassız hesab edərək cavabdehin hərəkətlərini məhkəmə qaydasında mübahisələndirmiş və əsassız olaraq ona hesablanmış borcun silinməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi iddiaya baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə (İş № 2(011)-1596/2019) ilə iddianın təmin edilməsini, cavabdeh Birlik tərəfindən iddiaçıya hesablanmış borcu əsassız hesab edərək borcun silinməsini qət etmişdir. Qətnamə qüvvəyə minmişdir. İşin müəyyən edilmiş bu hallarını nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, MPM-nin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu prosessual hüquq normasının tələbini, yuxarıda qeyd edilən mülki iş üzrə və hazırki mülki iş üzrə tərəflərin eyni olmasını nəzərə alan Məhkəmə qeyd edir ki, Xətai Rayon Məhkəməsinin 2(011)-1596/2019) saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə hazırki iş üçün preyudisial xarakter daşıyır və məcburi xarakter daşıyır. Odur ki, göstərilənləri nəzərə və MPM-nin 384 və 385-ci maddəsinin tələblərindən çıxış edən məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır. Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün “Cavabdeh” İstehsalat Birliyinin ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar