Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6500/2022 16.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 birgə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı daşınmaz əmlaka dair bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və hər bir vərəsənin payına uyğun məcburi pay hüququnun təmin edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli 2(005)-99/2022 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2(005)- 99/2022 saylı qətnaməsi ilə birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 birgə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı daşınmaz əmlaka dair bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və hər bir vərəsənin payına uyğun məcburi pay hüququnun təmin edilməsi tələbinə dair iddiaları qismən təmin edilmiş, X1 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə ayrı-ayrılıqda bağladığı 08 iyun 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələri etibarsız hesab edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh1 01 aprel 2022-ci il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermiş, mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayəti mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna uyğun şəkildə verilmədiyindən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 may 2022-ci il tarixli 2(103)-4225/2022 saylı qərardadı ilə apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli 2(005)-99/2022 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh1 21 iyun 2022-ci il tarixdə yenidən qətnamədən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası haqqında ərizə vermişdir. Qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin buraxılması onunla izah olunmuşdur ki, ilk dəfə qətnamədən apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddətdə verilsə də, şikayət mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna uyğun şəkildə verilmədiyindən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 may 2022-ci il tarixli qərardadı ilə apellyasiya qeyri-mümkün hesab edilmiş, sonradan şikayət qanunvericiliyin tələblərinə uyğunlaşdırılaraq müvafiq forma və məzmuna uyğun şəkildə verilmişdir. Buna görə də xahiş etmişdir ki, müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli 2(005)-99/2022 saylı qərardadı ilə buraxılmış prosessual müddətin bərpasından imtina edilmişdir. Cavabdeh1 həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, buraxılmış müddətin bərpa edilməsini və apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2(005)- 99/2022 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apelyatorun nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək şikayətə şifahi dinləmələr keçirilməklə baxılmasını xahiş etmiş, lakin məhkəmə kollegiyası buna hər hansı zərurət görməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində məhkəmə sənədlərinin rəsmi qaydada çatdırılması, prosessual müddətlər, onların hesablanması və bərpası məsələləri ilə bağlı aşağıdakı prosessual normalar nəzərdə tutulmuşdur. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2(005)-99/2022 saylı qətnaməsi Cavabdeh1 tərəfindən 28 fevral 2022-ci il tarixdə qəbzə imza edilməklə alınmış, bundan əlavə həmin qətnamə 28 fevral 2022-ci il tarixdə saat 16:04-də Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi, Vəkil “Elektron məhkəmə” sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. 01 aprel 2022-ci il tarixdə Cavabdeh1 nümayəndəsi Vəkil vasitəsilə qətnamədən apellyasiya şikayəti vermiş, yuxarıda qeyd olunduğu kimi, şikayət forma və məzmununa görə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya qeyri-mümkün hesab edilmişdir. Bundan sonra Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmış, bu barədə qərardad 09 iyun 2022-ci il tarixdə saat 09:36-da Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi, Vəkil “Elektron məhkəmə” sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qərardadı elektron məhkəmə sistemində yaradılmış elektron kabinetdə yerləşdirildikdən 12 gün sonra Cavabdeh1 yenidən qətnamədən apellyasiya şikayəti və buraxılmış müddətin bərpası haqqında ərizə vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 ilk dəfə Nərimanov Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayətini müddətin son günündə vermişdi və yenidən apellyasiya şikayəti verərkən onun prosessual müddəti qalmamışdı. Buna görə də o, Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qərardadı elektron məhkəmə sistemində yerləşdirilən gün, yəni 09 iyun 2022-ci il tarixdə qətnamədən apellyasiya şikayəti verməyə borclu idi. Lakin Cavabdeh1 prosessual səhlənkarlıq göstərərək bundan 12 gün sonra qətnamədən apellyasiya şikayəti vermiş, qanunla nəzərdə tutulmuş prosessual müddətləri aşmışdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 21 iyun 2022-ci il tarixdə qətnamədən apellyasiya şikayəti verərkən də şikayətin mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmununa əməl etməmiş, şikayət imzalanmamışdır.(2-ci cild iş v.99-105) Bundan əlavə, Cavabdeh1 birinci instansiya məhkəməsində işə baxılarkən etibarnamə ilə geniş səlahiyyətlər, o cümlədən apellyasiya şikayəti vermək və imzalamaq səlahiyyəti verdiyi Vəkil vasitəsilə təmsil olunduğundan və müvafiq prosessual hərəkətlər edilərkən vəkilə verilmiş etibarnamənin müddəti qurtarmadığından, apellyasiya şikayəti vəkil tərəfindən imzalanıb müvafiq məhkəməyə göndərilə bilərdi. (1-ci cild iş v.190) Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpasına hər hansı üzrlü səbəb olmadığından, birinci instansiya məhkəməsi müddəti bərpa etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Buna görə də şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli 2(005)-99/2022 saylı qərardadı qanuni və əsaslı olduğundan, dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Cavabdeh1 şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli 2(005)-99/2022 saylı qərardadı Cavabdeh1 şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.