Məhkəmə qərarları › İş №2(103)-6501/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6501/2021

03.08.2021 · Müqavilələrin ləğv edilməsi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6501/2021 03.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddia ərizəi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15.04.2021-ci il tarixli, 2(004)-1325/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 arasında Yasamal rayonu, Gəray Əsədov küçəsi, 12 saylı evin 5/12 hissəsini alması barədə əqdin ləğv edilməsi, cavabdehlərdən 100.000 manat əsas borc və 50.000 manat əldən çıxmış faydanın tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlərdən Yasamal rayonu, Gəray Əsədov küç 12 saylı evin 5/12 hissəsi 3 otaqlı 105 m2 sahəsini 100.000 manata almışdır. 25 iyul 2014 tarixdə baş vermiş, müqavilədə göstərilən öhdəlik iddiaçı tərəfindən icra olunmuş, lakin alğı-satqıdan xeyli sonra, məhkəmə prosessləri zamanı ona məlum olmuşdur ki, əslində cavabdehlər qərəzli şəkildə onu aldatmış və 3 otaq adı ilə iddiaçıya 1 otaq satmışlar. Belə ki, iddiaçı mənzilə sahiblik və istifadə etdiyi zaman X2 və X5 adlı şəxslər həmin otaqlardan ikisinin onlara məxsus olduğunu bildirmişlər. Aralarında olan məhkəmə prosesləri zamanı bu fakt təsdiqini tapmışdır. Beləliklə iddiaçı aldadılmış faktiki olaraq 1 otaq üçün ondan 100000 manat alınmışdır ki, əslində 1 otağın real bazar qiyməti 30000 manatdan çox deyildir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15.04.2021-ci il tarixli, 2(004)-1325/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə təqdim etdiyi sübutacavabdehlərdən Cavabdeh1 öz əli ilə yazdığı izahata heç bir hüquqi qiymət verməmişdir, halbu ki, həmin izahatda G.Əsədov 12 ünvanlı evin 3 otağının onun olması, X2 və X4 heç bir hüququ olmaması barədə fikirlərini bir daha təsdiq edir. Məhkəmə nədənsə tərəfilərindən əqdin etibarsızlığı barədə iddia qaldırılması fikrinə gəlir və daha sonra iddia müddəti keçməsi barədə fikrini yazır. Halbuki, 2000-ci ilin sentyabr ayının 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinin 2-ci bəndində müəyyən olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İddia müddəti tətbiq edilməsi barədə ərizəni mübahisə tərəfi verir. Məhkəmə özü də qətnamə çıxararkən Mülki Məcəllənin 421.2. maddəsinə istinad edir və mahiyyətcə bu mübahisəyə doğrudan da həmin maddə tətbiq edilməlidir. Beləliklə o, aldadılmış faktiki olaraq 1 otaq üçün ondan 100.000 manat alınmışdır ki, əslində otağın real bazar qiyməti 20.000 - 30.000 manatdan çox deyildir. Apellyasiya baxışı zamanı iddiaçı məhkəməyə apellyasiya şikayətinə əlavə təqdim edilmişdir. Apellyasiya şikayətinə əlavə Azərbaycan Respublikası Mülki Məcəllənin 421-ci maddəsi ilə əsaslandırılmışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etmişdirlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin edilməsinə yönəldiyindən hazırki məhkəmə baxışının hədləri qətnamənin əsaslığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsi qətnaməsi qismən ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 25.07.2014-cü il tarixli, AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən ünvan 1 fərdi yaşayış evinin ona məxsus olan 5/12 hissəsi Cavabdeh2 tərəfindən İddiaçı 100.000 manata satılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Texniki İntervallaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş FM seriyalı, 025212 nömrəli qeydiyyat vəsiqəsinin surətinə əsasən ünvan 1 fərdi yaşayış evi X9 adına 1 otaq-18,6 m2 xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 16.04.2004-cü il tarixdə, 30/7888 nömrə ilə qeydiyyat aparılmışdır. 25.07.2014-cü il tarixli 64 saylı MKİS-nin rəisi və kargüzarının imzaladlğı arayışdan müəyyən olunur ki, mülkiyyətçilər X3, X5 və X10 ünvan 1 ünvanda yaşamırlar. AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışın surətinə əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, G.Əsədov küçəsi 12 saylı evin 5/12 hissədən 1 otaq üzərində paylı mülkiyyətçidir. AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş ******* saylı, 15 avqust 2014-cü il tarixli çıxarşa əsasən 5/12 hissədə olan bir otaq (18.6 kv.m) İddiaçı mülkiyyətindədir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı müqavilənin ləğvini xahiş etsə də iddianın əsasını onun aldanması təşkil edir. İddiaçı qeyd edir ki, ona 3 otaqlı mənzil satıldığı bildirilmişdir. İddiaçının vəsatəti ilə məhkəmə iclasında dindirilmiş şahidlər də bu halı təsdiqləmişlər. Hətta iddia ərizəsinə nəzər saldıqda görünür ki, tələbin əsaslandırılması aldatma və vacib əhəmiyyətli yanılma nəticəsində əqdin etibarsızlığına dayanır. Məhkəmə hesab etmişdir ki, iddiaçı əqdin etibarsız hesab edilməsini tələb etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Bundan başqa müqavilənin ləğvi üçün əsas yoxdur. Müqavilə tərəfi olan Cavabdeh2 ünvan 1 fərdi yaşayış evinin ona məxsus olan 5/12 hissəsini iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüş və öz öhdəliyini yerinə yetirərək ünvan 1 fərdi yaşayış evinin ona məxsus olan 5/12 hissəsini iddiaçının mülkiyyətinə vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, iddiaçı iddia tələbində bağlanmış 25.07.2014-cü il tarixli, AN-İ ******* nömrəli alğısatqı müqaviləsinin etibarsız hesab edilməsini deyil, ləğv edilməsini xahiş etmişdir. Apellyator eyni zamanda apellyasiya şikayətində 25.07.2014-cü il tarixli, AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinin ləğv edilməsini xahiş etdiyini bildirmişdir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit edilmiş əqdin etibarsız hesab edilməsinə dair müddalar hazırkı mülki iş üzrə tədbiq edilə bilməz. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinin tələblərinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.1-ci maddəsinə əsasən satıcı alqı- satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 596.1-ci maddəsinə əsasən alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. Həmin Məcəllənin 596.2-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı adətən irəli sürülən tələblərə görə müvafiq əşyanın verilməsini və alınmasını təmin etmək üçün öz tərəfindən zəruri olan hərəkətləri etməyə borcludur. Qanunvericinin tələblərinə əsasən alğı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alqısatqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Kollegiya qeyd edir ki, 25.07.2014-cü il tarixli, AN-İ ******* nömrəli alğı-satqı müqaviləsi bağlanarkən, tərəflər öz iradə ifadələrini göstərərək, qeyd olunan müqaviləni imzalamışlar və müqavilə üzərlərinə götürdükləri öhdəlikləri icra etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığını tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkətlər etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqailə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Kollegiya hesab edir ki, edir ki, 25.07.2014-cü il tarixli, AN-İ ******* nömrəli alğı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə riayət edilməklə və qanunla müəyyən edilmiş qaydada bağlanmış və tərəflər öz öhdəliklərini icra etmişlər. İddiaçı müqavilə bağlayarkən hətta çıxarış alarkən bütün sənədlərdə mübahisəli evin 5/12 hissədə bir otaqdan (18.6 kv.m) ibarət olmasını görürdü və bilirdi. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini tələb etsə də, iddia tələbinin təmin edilməsi üçün zəruri olan hallar məhkəmədə sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə qismən ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15.04.2021-ci il tarixli, 2(004)-1325/2021 nömrəli qətnaməsi qismən ləğv edilməli, iddia tələbi rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15.04.2021-ci il tarixli, 2(004)-1325/2021 nömrəli qətnaməsi qismən ləğv edilsin. İddia tələbi rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar