Məhkəmə qərarları › İş №2(103)-6502/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6502/2022

18.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6502/2022 18.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair 2(011)-217/2022 nömrəli mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh İB tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, İddiaçı məxsus mənzilə baxış keçirilən zaman sayğacdan kənar qaz xətti aşkar olunmuşdur.

2. Abonentin saldosundan görünür ki, abonentin 2021-ci ilə 5669,50 manat borcu yaranmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Albalılıq yaşayış massivində yerləşən fərdi yaşayış evinə əsassız olaraq hesablanmış 5669,50 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sabunçu rayonu Maştağa qəsəbəsi Albalılıq yaşayış massivində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. 16 fevral 2021-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən köhnə smart tipli qaz sayğacı çıxarılaraq yeni mexaniki tipli qaz sayğacı quraşdırılmışdır. Yeni sayğacdan bir müddət istifadə etdikdən sonra iddiaçı ona 5669,50 manat borc hesablandığını öyrənmişdir. Yerli qaz idarəsinə müraciət etdikdə ona təbii qazdan qeyri-qanuni istifadə etdiyi üçün cərimənin hesablandığı bildirilmişdir. İddiaçı təbii qazdan qanunsuz istifadə etməmişdir. Tərtib edilmiş aktlardan onun və ailə üzvlərinin məlumatı olmamışdır. O, istifadə etdiyi qazın dəyərini tam ödəmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş mühəndis-texniki ekspertizasının 11 aprel 2022-ci il tarixli rəyindən görünür ki, ekspertə təqdim edilmiş Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Albalılıq yaşayış massivində İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi ünvanda sayğacdan kənar qoşulmaqla təbii qazdan istifadə halı, eləcə də daşıyıcı qaz xətti üzərində sayğacdan kənar istifadəyə xarakterik əlamətlər aşkar edilməmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(011)-217/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı **********00003 saylı abunə koduna hesablanmış 5669,50 manat məbləğində borcun silinməsi, Cavabdehndən 76,69 manat dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza xərci olan 102 manatın alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Aygün Həsənova)

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xəttə qoşulması halı öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etmədiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurmadığından, cavabdeh qarşısında məsuliyyət daşımır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Odur ki, iddia əsaslıdır, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 5669,50 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə, eləcə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü, 77.1-ci və 119.1-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair saldoda yer almış məlumatları araşdırmamışdır. Belə ki, əgər saldoya nəzər salınsa, görünür ki, abonentin ödənişləri demək olar ki, olmamışdır. Bundan başqa mülki iş üzrə ekspertiza keçirilsə də, ekspertizada cavabdeh tərəfin iştirakı təmin edilməmişdir. İş materiallarında mövcud olan fotoşəkillər də təhlil edilməmişdir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

13. İddiaçı teleqramla məhkəməyə müraciət edərək ona hesablanmış borc silindiyinə görə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi hüquq hüquq normaları

15. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

19. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.

20. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir.

25. İş materiallarından göründüyü kimi iddiaçıya məxsus evdə quraşdırılan sayğaca baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkar edilməsi əsası ilə aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 5669,50 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir.

26. Hazırda iddiaçı tələbində göstərmişdir ki, iddiaçı təbii qazdan qanunsuz istifadə etməmişdir. Tərtib edilmiş aktlardan onun və ailə üzvlərinin məlumatı olmamışdır. O, istifadə etdiyi qazın dəyərini tam ödəmişdir.

27. Lakin iş materiallarında olan fotoşəkillərin, eləcə də tərtib edilmiş aktların ekspert rəyi ilə müqayisəli təhlili onu göstərir ki, iddiaçı qaz sayğacına qanunsuz müdafiə edərək, təbii qazdan qeyri-qanuni istifadə etmişdir. İddiaçı onun barəsində təbii qazdan qeyriqanuni istifadəyə görə tərtib olunmuş aktları da mübahisələndirməmişdir.

28. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən hallarına düzgün qiymət verməyərək, məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xəttə qoşulması halının öz təsdiqini tapmamasını qeyd etmişdir.

29. Halbuki işin qeyd olunan halları ilə iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi halı öz təsdiqini tapmışdır. Ekspert rəyində sayğacdan kənar qoşulmaqla təbii qazdan istifadə halı, eləcə də daşıyıcı qaz xətti üzərində sayğacdan kənar istifadəyə xarakterik əlamətlərin aşkar edilməməsi qeyd edilsə də, rəydən də görünür ki, ekspert tədqiqatın keçirildiyi 05 aprel 2022-ci il tarixdə aşkar edilmiş halı təsbit etmişdir. Halbuki, təbii qazdan qeyri-qanuni istifadəyə görə aktlar bir neçə il əvvəl tərtib olunmuşdur.

30. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir.

31. Hazırki iş üzrə tələb edilən borc da məhz vaxtaşırı ödənişlər olmuşdur və abonentin saldosundan görünür ki, iddiaçıya son beş il, yəni 2016-cı il tarixdən, iddia ərizəsinin verildiyi 26 avqust 2021-ci il tarixədək olan dövrü çıxmaq şərti ilə iddiaçıya əlavə borc hesablanmışdır.

32. Belə olan halda da qeyd olunan tarixdən əvvəl hesablanmış borca münasibətdə normanın tələbləri baxımından beş il müddət tətbiq edilməklə qüvvəsini itirmişdir.

33. Birinci instansiya məhkəməsi isə iddia tələbini təmin etməklə maddi hüquq normalarının tələblərini pozmuşdur. Çünki hazırki işin faktiki hallarından göründüyü kimi iddia tələbi iddia ərizəsinin verildiyi 26 avqust 2021-ci il tarixədək olan son 5 il üçün hesablanmış 1917,90 manat borcun silinməsi hissəsində əsaslı olmuşdur.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

35. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi 1917,90 manat borcun silinməsi hissəsində təmin edilməlidir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

39. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

40. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

41. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

42. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

43. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədində iddianın qiyməti (1917,90 manat və ya 5669,50-1917,90=3751,6 manat) 5000 manatdan az olduğundan, qətnamədən nə iddiaçı, nə də cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz.

44. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-217/2022 nömrəli iş üzrə 16 may 2022ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00003 saylı abunə koduna hesablanmış 1917,90 manat (min doqquz yüz on yeddi manat, doxsan qəpik) məbləğində borc silinsin. İddia ərizəsi verilərkən ödənilməli olan 76,69 manat dövlət rüsumunun 26 manat hissəsi Cavabdehndən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İş üzrə ekspertiza xərci olan 102 manat pulun 51 manat hissəsi İddiaçı, 51 manat hissəsi isə Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar