Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6507/2021 22.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1322/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ASC, Bakı şəhəri 50 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ASC arasında bağlanmış 23 iyun 2015-ci il tarixli 279a/İ-15 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ASC arasında bağlanmış 23 iyun 2015-ci il tarixli 279a/İ-15 saylı ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 iddiaçının həyat yoldaşıdır. Sözügedən mənzil birgə nikah dövründə əldə edilmişdir, tərəflərin birgə mülkiyyətindədir. Həmin əmlak onun xəbəri olmadan ipoteka ilə yüklü edilmişdir. Buna görə də ipoteka müqaviləsi etibarsız hesab edilməlidir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 06 aprel 2021-ci il tarxili 2(004)-1322/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələblərini rədd edərkən əsaslandığı yeganə sənəd qismində Cavabdeh3 ASC-nin nümayəndəsi tərəfindən təqdim edilən və iddiaçı tərəfindən imzalandığı iddia edilən notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsinin kserosurəti çıxış edir. Qeyd edilən sənədin ilk məhkəmə baxışı iclasında (hazırlıq iclasında tərəflər iştirak etməmişdi) təqdim edilməsinə, iddiaçının nümayəndəsi tərəfindən mübahisələndirilməsinə və məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi zərurətinin yaratdığını bildirilməsinə baxmayaraq məhkəmə sənədi həmin məhkəmə baxışı iclasında əsaslı sübut qismində qəbul edərək iddia tələblərinin rədd edilməli olduğu qənaətinə gəlmişdir. Halbuki, məhkəmə təqdim edilən sənədi ətraflı araşdırmalı, cavabdeh Bakı şəhəri 50 saylı notariat ofisinin məhkəmə iclasında iştirakını təmin etməli və məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi barədə qərardad qəbul etməli idi. Həmin məhkəmə iclasında yalnız iddiaçının və Cavabdeh3 ASC-nin nümayəndəsi iştirak etmiş, digər cavabdehlərin məhkəmə iclasında iştirakı isə təmin edilməmişdir. Cavabdeh2 öz öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən bank tərəfindən məhkəməyə müraciət edilmiş və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 16.10.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və borcalandan cəmi 52 851,41 ABŞ dolları məbləğində borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə borcalandan 51 666,94 ABŞ dolları məbləğində borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən iş üzrə icra sənədinə əsasən Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Aynurəxanım Ağalarovanın 24.09.2020-ci il tarixli qərarı ilə icra icraatı başlanılmış və hərracın keçirilməsi Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə həvalə edilmişdir. Beləliklə, birgə mülkiyyət hüququ əsasında iddiaçıya məxsus mənzilin onun xəbəri olmadan ipoteka ilə yüklü edilməsinin nəticəsində artıq həmin mənzilə tutma yönəldilməsi proseduru həyata keçirilməkdədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını xahiş etdi. İşə baxılması yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 ASC-nin, Bakı şəhəri 50 saylı Notariat Ofisinin nümayəndəsi, eləcə də 3-cü şəxslər Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin və Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin nümayəndələri məhkəmə iclasında iştirak etmirlər və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ASC arasında 23 iyun 2015-ci il tarixli 279a/İ-15 saylı ipoteka müqaviləsi bağlanmış, ipoteka müqaviləsi bağlanan zaman İddiaçı notariat qaydada ərizəsi təqdim edilmiş, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilin ipoteka qoyulmasına etiraz etmədiyini bildirmişdir. Buna görə də birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 33.4-cü maddəsinə əsaslanaraq iddianın əsassız olduğu qənaətinə gəlmiş və təmin etməmişdir Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apelliyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas deyil. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırki iş üzrə, iddianın faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşudr. Əvvəla, iddiaçı mübahisə predmeti olan mənzilin ipoteka qoyulmasından xəbəri olmadığını və ipotekaya qoyulmasına notarial qaydada təsdiq olunmuş yazılı razılıq ərizəsini vermədiyini bildirsə də, onun bu dəlili inandırıcı və ağlabatan hesab edilə bilməz. Çünki, iddia etdiyi bu hala dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. İkincisi, iddiaçının şikayətində göstərdiyi digər dəlillər də onun şikayətinin və iddiasının əsaslılığına dəlalət etmir. Çünki, bu dəlillər də iddiaçının şəxsi mülahizələrinə əsaslanan fikirləri olmuşdur. Üçüncüsü, apellyasiya icraatı mərhələsində də iddiaçı notarial qaydada təsdiq edilən razılıq ərizəsinin kserosurətindəki imzanın ona məxsus olmadığını, ümumiyyətlə, sözügedən mənzilin ipoteka ilə yüklü edilməsindən məlumatlı olmadığını bildirmiş və iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. İddiaçı eksperimental imza və xətt nümunələri götürülmüş və ekspertiza keçirilmişdir.Məhkəmə xətşünaslıq ekspertizasının 4/968 saylı, 08 sentyabr 2021-ci il tarixli rəyi ilə ekspertizaya təqdim edilmiş 3M-02/363 nömrəli notariat işinin 10-cu vərəqində İddiaçı ilə Cavabdeh1 arasında olan 19.06.2015-ci il tarixli ərizədə “İddiaçı” soyadı və həmin soyadın önündəki imzanın – İddiaçı tərəfindən icra olunduğu təsdiq edilmişdir. Ekspert rəyi məhkəmədə tədqiq olunur. Məhkəmə üçün məcburi deyil və nəzərə almaya bilər. Məhkəmə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə təkrar ekspertiza təyin edə bilər. Hazırki iş üzrə alınmış ekspert rəyinin əsaslılığı hər hansı bir şübhə doğurmur. Əlavə yaxud təkrar ekspertiza təyin edilməsi üçün də əsas və zərurət olmalıdır. Ona görə də, işdə olan ekspert rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1322/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1322/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri - 125 (yüz iyirmi beş) manat İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6507/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6507/2021
22.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver