Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6509/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə (Açar sözlər: sığorta ödənişinin verilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2771/2022 saylı 08 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 26 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının hərbi biletindən müəyyən edilir ki, o, 2001-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirmişdir. 2005-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbini idarəetmə mühəndisliyi ixtisası üzrə bitirmişdir. Hərbi uçot ixtisası və s. barədə müfəssəl məlumatlar hərbi biletdə qeyd olunmuşdur.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-in müayinə aktından çıxarışdan görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixdə müayinə edilmiş, ikinci qrup əlillik təyin edilmiş, əlilliyin səbəbi “hərbi xidmət dövründə alınmışdır” qeyd edilmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-in sonuncu müayinəyə dair məlumatından görünür ki, 05 mart 2021-ci il tarixə iddiaçıya təyin edilən diaqnoz – üzvi mənşəli şəxsiyyət pozğunluğu, baş beyinin üzvi xəstəliyi nəticəsində yaranan kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları və psixotik daxilolmalar ilə. Müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar (emosional qeyri stabillik, aqressiv və nizamsız davranışlar) və dekompensasiyalar. Qeyd olunan diaqnoza əsasən iddiaçıya 2-ci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Əlilliyin səbəbi hərbi xidmət dövrü ilə əlaqədardır. İddiaçı əmək qabiliyyətsizdir.
4. Azərbaycan Respublikası Müdafiə Nazirinin 063 saylı xx.xx.2011-ci il tarixli əmri ilə iddiaçı «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «Ə» bəndinə əsasən SQ-də HHX-dən ehtiyata buraxılmışdır.
5. Xəstəlik tarixindən çıxarışlardan və tibbi sənədlərdən görünür ki, iddiaçı davamlı şəkildə müalicə almışdır, lakin bu, iddiaçının sağlamlığında pozitiv dəyişikliklərə gətirib çıxarmamışdır.
6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli 717 saylı qərarında göstərilmişdir ki, Bakı şəhəri Yasamal RHK tərəfindən 2001-ci ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı, xx.xx.2008-ci ildən xx.xx.2008-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik – diaqnoz: “Nevrasteniya”dır və xx.xx.2008-ci ildən xx.xx.2008-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik – diaqnoz: “Nevrasteniya”dır (Yasamal RHK-nın xx.xx.2011-ci il tarixli 3/42 nömrəli arayışı, xəstəlik tarixindən çıxarışlar, hərbi biletdən çıxarış, MN MHHK-nın həkim mütəxəssisi-psixiatrın və hüquq məsləhətçisinin rəyləri ilə təsdiq edilir), “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır.”
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2-ci dərəcəli müddətsiz əlilliyə görə 6.600 manatın ona birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirinin 063 saylı xx.xx.2011-ci il tarixli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «Ə» bəndinə əsasən hərbi xidmət dövründə alınmış müddətli 2-ci qrup əlilliklə əlaqədar ehtiyata buraxılmışdır və daimi müalicə almışdır. Hər komissiyada 2-ci əlillik qrupu təsdiqlənib və yeni müddət təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli rəyinə əsasən 2-ci dərəcəli müddətsiz «əmək qabiliyyətsiz» statusu verilmişdir. Cavabdeh tərəfindən xx.xx.2021ci il tarixli və təkrar xx.xx.2021-ci il tarixli müraciətlərinə cavab verilməmişdir. Bu il, yəni xx.xx.2022-ci il tarixdə qəbulda olmuş, ərizə ilə bərabər bütün sənədlərinin qəbulundan imtina edərək bildirmişlər ki, xx.xx.2022-ci il tarixdə gəlsin, o, məcburiyyətdən xx.xx.2022-ci il tarixdə yenə qəbulda olmuş, bu dəfə isə ona bildirmişlər ki, «yuxarıdan bizə sənəd və ərizələri mart ayınadək qəbul etməyin göstərişi verilib».
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 iyul 2022-ci il tarixli 2(006)-2771/2022 saylı qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddia təmin edilmiş, cavabdehdən 6.600 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
10. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı hərbçi həyatı yaşayıb, xidmət dövründə səhhəti pozulub və 2-ci qrup əlillik dərəcəsi təyin olunub. Əhalinin sosial qayğıya və diqqətə daha çox ehtiyacı olan, həmçinin bu cür diqqət və qayğı göstərilməsinə haqqı çatan hissəsini təmsil edir. Ona təyin olunmuş diaqnoz - «üzvi mənşəli şəxsiyyət pozğunluğu, baş beyinin üzvi xəstəliyi nəticəsində yaranan kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları və psixotik daxilolmalar ilə. Müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar (emosional qeyri stabillik, aqressiv və nizamsız davranışlar) və dekompensasiyalar» psixoloji durumu ilə bağlıdır. İddiaçının İİ qrup əlil olması faktı aşkardır. İddiaçı psixoloji problemlərlə bağlı səhiyyə müəssisələrində uzun müddət müalicə almışdır və bu səbəbdən, qanunla müəyyən edilmiş 3 illik müddəti üzürlü səbəbdən buraxmışdır.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 149, Mülki Məcəllənin 7.3, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsi, Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsi, xx.xx.1997-ci il tarixdə qəbul edilmiş və xx.xx.1997-ci il tarixdə qüvvəyə minmiş «Hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası haqqında» Azərbaycan Respublikası Qanunu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
12. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçıya sığorta ödənişinin verilməsi ilə əlaqədar məsələlər DSMF-ya həvalə olunduğundan Şirkətin iddiaçıya sığorta ödənişi ödəmək öhdəliyi qalmamışdır. Sığorta olunan tərəfindən sığorta ödənişinin alınması üçün hərbi həkim komissiyasının müvafiq qərarı Şirkətə təqdim edilməmişdir. İddiaçı xx.xx.2011-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmış, xx.xx.2021-ci ildə isə ona müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. 3 illik müddət ötürülmüşdür.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
17. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 27ci maddəsinə görə görə, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər.
18. Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir.
19. Həmin Qanunun 156-cı maddəsinin «ə» bəndinə görə, hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar.
20. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən, xidməti vəzifəsini yerinə yetirilməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində İİ qrup əlillik təyin olunduqda, ona ümumi sığorta məbləğinin (11000 manat) 60 faizi məbləğində sığorta ödənişi verilir (xx.xx.2013-cü il tarixə kimi qüvvədə olmuş redaksiya).
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə tərəfindən hazırki işin mübahisəsiz halları kimi müəyyən edilmişdir ki, iddiaçı hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmış, ona 2-ci qrup əlillik dərəcəsi təyin olunmuş və hərbi xidmət dövründə alınmışdır, beləliklə də Dövlət Sığorta Kommersiya Şirkətinin müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır.
30. Hazırda iddiaçı hesab edir ki, hərbi xidmət dövründə aldığı xəsarətlə əlaqədar ona 2ci qrup əlillik təyin olunmasına görə, qanunla müəyyən edilmiş məbləğdə sığorta ödənişi səlahiyyətli olan cavabdeh Şirkət tərəfindən ona ödənilməlidir.
31. Cavabdehin iddiaçıya sığorta ödənişinin verilməsi ilə əlaqədar məsələlər DSMF-ya həvalə olunduğundan Şirkətin iddiaçıya sığorta ödənişi ödəmək öhdəliyinin qalmaması ilə bağlı apelyasiya şikayətində qeyd edilənlərə münasibətdə Kollegiya qeyd edir ki, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021ci il tarixli Fərmanın 2.7-ci bəndinə göstərilmişdir ki, 2022-ci il yanvarın 1-dək sığortaolunanlara sığorta ödənişlərinin verilməsini Şirkət həyata keçirir. Göründüyü kimi baxılan iş üzrə sığorta ödənişinin verilməsi öhdəliyi Şirkətə aid olduğundan, bununla bağlı cavabdeh tərəfin dəlili əsassız hesab edilir.
32. Sığorta olunana sığorta ödənişinin verilməsindən imtinanın əsasları “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Qanunun 8-ci maddəsində sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən imtinanın əsasları göstərilmişdir ki, hazırki mübahisə çərçivəsində həmin əsasların heç biri müşahidə olunmur.
33. İddiaçıya 2015-ci il tarixdə əlillik təyin edilmişdir.
34. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçı psixoloji problemlərlə bağlı səhiyyə müəssisələrində uzun müddət müalicə almışdır və bu səbəbdən, qanunla müəyyən edilmiş 3 illik müddəti üzürlü səbəbdən buraxmışdır.
35. Kollegiya qeyd edir ki, qanunun 3 illik müddət müəyyən etməkdə məqsədi xəsarətin məhz hərbi əməliyyatlar zamanı alınması və məhz bunun nəticəsində əlillik dərəcəsinin verilməsi faktının təsdiq edilməsinə xidmət edir. Apelyasiya şikayətinin bu dəlilli əsassızdır, belə ki, iş materiallarından görünür və mübahisə doğurmur ki, iddiaçıya 2-ci qrup əlillik təyin olunmasının səbəbi hərbi xidmət dövrü ilə əlaqədardır. Düzdür, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinin «ə» bəndinə əsasən baş vermişdir, lakin bu hal onun hərbi xidmət dövründə xəstələnməsi və bununla bağlı ona əlillik təyin olunması halını aradan qaldırmır.
36. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır, formal mülahizələrə görə isə qətnamənin ləğvinə yol verilmir. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2771/2022 saylı iş üzrə 08 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.