Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6511/2024 25.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı şəhəri 27 saylı Notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Cavabdeh3 və Cavabdeh4 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6485/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri 27 saylı Notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Cavabdeh3 və Cavabdeh4 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adından etibarnamə ilə çıxış edən nümayəndə Cavabdeh4 ilə Cavabdeh3 arasında bağlanmış 03 avqust 2021-ci il tarixli 4Ə-544 nömrə ilə qeydə alınmış, AN – İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 adına verilmiş 09 avqust 2021-ci il tarixli **********9910301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6485/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardaddan iddiaçı şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, o, qeyd olunan qərardadla razılaşmır və hesab edir ki, qərardad əsassızdır. Belə ki, iddianı cavabdehlərdən birinin hüquqi üvanına görə vermişdir. İddia tələbindən göründüyü kimi mübahisələndirilən alqı-satqı müqaviləsi məhz Bakı şəhəri 27 saylı Notariat Ofisində təsdiq edilmişdir. Həmin tələb üzrə isə Notariat ofisi cavabdehdir. Tələb də konkret olaraq həmin notariat ofisinə qarşı yönəlmişdir. Belə olduğu təqdirdə aidiyyət qaydasının pozulması qənaətinə gəlinməsi düzgün hüquqi nəticə deyildir. Bundan başqa, cavabdehlərin vaxtında məlumatlandırılması üçün tələb olunan məlumatlar da iddia ərizəsində göstərilmişdir. Bu səbəbdən də, hazırki iş üzrə qərardadın ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən öz mövqeyini belə əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı Bakı şəhəri 27 saylı notariat ofisini cavabdeh qismində cəlb etsə də, həmin şəxsə qarşı hər hansı tələb irəli sürməmiş, iddia tələbi faktiki olaraq yalnız digər cavabdehlərə qarşı yönəlmişdir. Beləliklə, iddiaçı formal olaraq cavabdeh Bakı şəhəri 27 saylı dövlət notariat kontoruna qarşı hər hansı bir tələb irəli sürülmədən məhz həmin cavabdehin ünvanına əsaslanmaqla Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilmədən, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlər qismində Cavabdeh3, Cavabdeh4, Bakı şəhəri 27 sayl Notariat ofisini və ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətini qeyd etmiş, tələb hissəsində isə Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və Cavabdeh3 adına X1 haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərardadan verilən şikayətdən aydın olur ki, iddiaçı Bakı şəhəri 27 sayl Notariat ofisini də cavabdehlər sırasında göstərməsini mübahisəli alğı-satqı müqaviləsinin məhz həmin notariat ofisi tərəfindən təsdiq edilməsi ilə əsaslandırmış, iddia ərizəsini MPM-nin 36.2-ci maddəsinə əsasən ərazi aidiyyəti üzrə sonuncunun hüquqi ünvanına görə məhkəməyə vermişdir. Kollegiya şikayətin dəlilləri ilə razılaşmır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin ərazi aidiyyətini tənzimləyən 35-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Göründüyü kimi qanunvericilik fiziki və hüquqi şəxslərin “cavabdeh” qismində prosessual statusunu ona qarşı konkret tələbin yönəlməsindən asılı etmiş, belə tələb olduğu halda onun dəqiq və aydın ifadə olunmasını təsbit etmişdir. Lakin hazırki iddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh qismində cəlb etdiyi Bakı şəhəri 27 sayl Notariat ofisinə qarşı heç bir tələb irəli sürməmiş, onun hansı məsələdə cavabdehlik daşımasını dəqiq və aydın əks etdirməmiş, beləliklə, notariat orqanını formal olaraq cavabdeh qismində qeyd etmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, iddiaçının MPM-nin 36.2-ci maddəsinə istinad edərək işə baxmalı olan məhkəməni “cavabdeh” şəxslərdən biri kimi göstərdiyi Bakı şəhəri 27 sayl Notariat ofisinin hüquqi ünvanının yerləşdiyi yerə görə seçərək Binəqədi Rayon Məhkəməsinə müraciət etməsi həmin normanın tələbləri ilə uzlaşmamışdır. Həmçinin iş materiallarından digər cavabdehlərdən heç birinin qeydiyyat ünvanının Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşmədiyi müəyyən olunur ki, beləliklə, bu və digər hallar hazırki iddia ərizəsinə ərazi aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsində baxılması üçün prosessual əsasların olmadığına dəlalət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsi müəyyən edir ki, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin yuxarıda göstərilən normalarını düzgün tətbiq etmişdir, bu səbəbdən şikayət təmin edilmədən və baxılan qərardad dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Şikayət təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6485/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(103)-6511/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6511/2024
25.11.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver