Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6513/2021 10.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi tələbinə dair” 2(011)-1084/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona hesablanmış 4832 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən iddiaçıya əsassız hesablanmış 3981,80 manat borcun silinməsi və onun hüquqlarını bərpa etmək üçün ödədiyi 210 manat vəkil xidməti haqqının cavabehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh ilə onun arasında 2018-ci ilin mart ayında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki 1989 saylı bağ evinin qazla təmin edilməsi üçün təbii qazın alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən yuxarıda qeyd edilən bağ evinə Elster tipli G- 10 markalı, 75158142 nömrəli qaz sayğacı (istehlak kodu : **********00004) quraşdırılmışdır. 2019-cu ilin noyabr ayınadək o, həmin qaz sayğacının göstəricilərinə uyğun olaraq hesablanmış borc məbləğini hər ay mütəmadi olaraq ödəmişdir. 2019-cu ilin dekabr ayında cavabdehin əməkdaşları qaz sayğacına baxış keçirərkən, iddiaçı ilə telefon əlaqəsi quraraq, sayğacda nasazlığın olduğunu və bu səbəbdən də dövlət yoxlamasından keçirilməsi üçün həmin sayğacın çıxarılmalı olduğunu bildirmişlər. Bundan sonra qaz sayğacı çıxarılmış, lakin qazın verilməsi dayandırılmamışdır. Cavabdehin nümayəndəsi iddiaçıya sayğacın dövlət yoxlamasından keçirildiyi dövrdə istifadə olunan qazın dəyərinin bundan əvvəlki dövr üzrə orta sərfiyyata uyğun olaraq hesablanacağını bildirmişdir. Təqribən 3 ay müddətində, yəni 2020-ci ilin mart ayınadək iddiaçı təbii qazdan sayğac olmadan istifadə edib. Həmin dövr üzrə (noyabr ayı daxil olmaqla) cavabdeh təşkilat qazdan istifadəyə görə iddiaçıya 5203.80 manat borc yazıb. Halbuki, cavabdehin təqdim etdiyi 08 noyabr 2019-cu il tarixli bildirişdən görünür ki, ondan əvvəlki ay üzrə, yəni 30.09.2019 - 31.10.2019-cu il üzrə iddiaçının qaz sərfiyyatı 1434 m3 olmuşdur. Buna baxmayaraq, qaz sayğacının çıxarıldığı dövr (noyabr ayı üzrə sayğac sərfiyyatı daxil olmaqla) üzrə hesablanmış borc məbləği ondan əvvəlki ay üzrə hesablanmış borc məbləğindən dəfələrlə çoxdur. Oktyabr ayı üçün sərfiyyat 1434 m3 olduğundan həmin ayın orta gündəlik sərfiyatı (1434/31=47) 47 m3 olub. Qeyd olunan tarixlər arasındakı gün sayı 130 gün təşkil edir. Nazirlər Kabinetinin qərarında göstərilən hesablamaya görə iddiaçının sərfiyyatı 6211 m3 (130*47=6211) təşkil etməlidir. Bu hesablamaya görə iddiaçı cəmi 1222 manatlıq (6211*0,20=1222) təbii qaz sərf etmişdir. Nəticə etibarilə "Azəriqaz" İB tərəfindən iddiaçıya 3981.80 manat (5203,80-1222=3981,80) artıq borc hesablanmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azəriqaz" İB tərəfindən tərtib edilmiş akt özlüyündə iddiaçının hər hansı hüququna müdaxilə təşkil etmir. Belə ki, həmin akt iddiaçının fərdi yaşayış evinə keçirilmiş baxış nəticəsində aşkar edilən hallara dair cavabdehin əməkdaşlarının mövqeyini əks etdirir. Aktın məzmunundan da görünür ki, cavabdehin əməkdaşları keçirdikləri baxış zamanı yaşayış sahəsində istifadə olunan qaz işlədicilərinin nələrdən ibarət olduğunu sadalamışlar, həmçinin dəymiş ziyanın tələb edilməli olduğunu bildirmişlər. Beləliklə, mübahisələndirilən aktın tərtib edilməsi nəticəsində iddiaçı hər hansı bir hüquqi məsuliyyətə cəlb olunmamışdır, özü də həmin təkliflər iddiaçıya ünvanlanmamışdır. Həmin təkliflər əsasında iddiaçıya münasibətdə hər hansı hüquqi məsuliyyət yaradan qərar, o cümlədən dəymiş ziyanın ödənilməsi ilə bağlı qərar qəbul edilərək hesablanmış ziyanın ödənilməsi tələb olunduqda artıq həmin andan etibarən iddiaçının hüquqlarının güman edilən pozuntusundan söz edilə bilər. Müvafiq olaraq iddiaçı da məhz həmin hüquqi məsuliyyət yaradan qərarı mübahisələndirməlidir. Çünki aktın tərtib edilməsi və cavabdeh tərəfindən həmin aktın məlumatları nəzərə alınmaqla iddiaçı barəsində hüquqi məsuliyyət yaradan qərarın qəbul edilməsi iki ayrı mərhələdirlər. Aktın tərtib edilməsinə baxmayaraq məsuliyyət doğuran qərar qəbul edilməyə də bilərdi. Göründüyü kimi iddia tələbi ilə bağlı məhkəməyə yetərincə sübüt təqdim edilmiş lakin məhkəmə tərəfindən bu sübutlar nəzərə alınmadan iddia tələbi rədd edilməmişdir. Apellyasiya baxışı zamanı iddiaçının vəkili Vəkil izahatında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi və bildirdi ki, cavabdeh apellyasiya şikayətində müəyyən aktlardan bəhs etsə də, iddiaçı iddia tələbində hər hansı aktın ləğv edilməsi tələbini irəli sürməmişdir, iddia tələbi borcun silinməsindən ibarət olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının təmsilçisini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, iddiaçının sayğacı çıxarılmamışdan əvvəl, yəni 2019-cu ilin oktyabr ayında aylıq sərfiyyatı 1434 m3 olduğu halda, noyabr ayında 5275 m3, dekabr ayında isə 7000 m3 olmuşdur. Həmçinin, sayğacın qüsursuz işlədiyi 2018-ci ilin anoloji ayları ilə müqayisə etdikdə bəlli olur ki, 2018-ci ilin noybar ayında iddiaçının sərfiyyatı 3119 m3, dekabr ayında isə 2938 m3 olmuşdur. Sərfiyyatın artdığı 2019-cu ilin noyabr və dekabr aylarında isə iddiaçının əlavə qaz işlədicilərindən istifadə etməsi iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə müvafiq olaraq, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçılann mənafelərinin müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. "Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarının 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni “Azəriqaz” İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün “Azəriqaz” İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, cavabdeh tərəfindən qeyd edilən ünvanda 2019-cu ilin oktyabr noyabr aylarında qaz sərfiyyatının hansı göstəricilər əsasında müəyyən edildiyinə, sərfiyyatın artdığı 2019-cu ilin noyabr və dekabr aylarında iddiaçının əlavə qaz işlədicələrindən istifadə etməsi ilə bağlı hər hansı qeyd olmadan 2018-ci ilin sözügedən ayları ilə müqayisədə 2019-cu il üzrə hesablanmış sərfiyyat arasındakı kəskin fərqin yaranmasının səbəblərinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd edilənlərə əsasən, iddianın təmin olunması dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(011)-1084/2021 saylı mülki iş üzrə qətnaməsindən dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6513/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6513/2021
10.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver