Məhkəmə qərarları › İş №2(103)-6517/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6517/2021

17.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6517/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X2, Cavabdeh1 direktoru X1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1103/2021 saylı, 16 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 direktoru X3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və maneələrin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 MMC arasında bağlanmış 11/01 saylı, 26 aprel 2007-ci il tarixli müqavilənin və maliyyə arayışının, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış 27 sentyabr 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh3 Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində, sahəsi 101.5 kv.metr olan 31 saylı mənzilə dair DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən aparılmış hüquqların qabaqcadan qeydiyyatının ləğv edilməsi, Cavabdeh1 MMC və Cavabdeh3 Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində, sahəsi 101.5 kv.metr olan 2 otaqlı mənzilinə qanunsuz müdaxiləsinin aradan qaldırılması, giriş qapısının açılaraq onun istifadəsi üçün məhdudiyyətlərin götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, 14 sentyabr 2007-ci il tarixdə Cavabdeh1 MMC ilə arasında bağlanmış 173 saylı müqaviləyə əsasən o, 101.500 ABŞ dolları ödəyərək Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində, sahəsi 101.5 kv.metr olan 2 otaqlı mənzili əldə etmişdir. Mənzili aldıqdan bir müddət sonra Cavabdeh1 MMC ilə mübahisələr yaranmış, bu səbəbdən o, ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində sahəsi 101.5 kv.metr olan mənzilin onun sahibliyinə, istifadəsinə verilməsi və mənzilə köçürülməsini xahiş etmişdir. Eyni zamanda iş üzrə cəlb edilmiş üçüncü şəxs Aidə Abbasova Cavabdeh1 MMC-yə və ona qarşı iddia qaldıraraq onunla bağlanmış müqavilənin etibarsız hesab edilməsi, mübahisəli mənzilə sahiblik və istifadə hüququnun tanınması və mənzilin ona təhvil verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli, 2(011)3633/2017 saylı qətnaməsi ilə onun Cavabdeh1 MMC-yə qarşı iddia tələbi rədd edilmiş, üçüncü şəxsin iddiası təmin edilmişdir. Onun tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 3660/2018 saylı, 18 may 2018-ci ill tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Xətai Rayon Məhkəməsinin 2(011)-3633/2017 saylı, 25 may 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, onun Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında yerləşən 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində, sahəsi 101.5 kv.metrdən ibarət 2 otaqlı mənzilin onun sahiblik və istifadəsinə verilməsi, həmin mənzilə köçürülməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3660/2018 saylı, 18 may 2018-ci il tarixli qətnaməsindən "xxxx" MMC tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, ilkin iddia hissəsində baxılması üçün iş apelyasiya instansiyası məhkəməsinə geri qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 02 aprel 2019-cu il tarixli qətnaməsi ilə onun apelyasiya şikayəti yenə təmin edilmiş, Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında yerləşən 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində, sahəsi 101.5 kv.metrdən ibarət 2 otaqlı mənzilin onun sahiblik və istifadəsinə verilməsi, həmin mənzilə köçürülməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3164/2019 saylı, 02 aprel 2019-cu il tarixli qətnaməsi icra edilməsi üçün Xətai rayon İcra şöbəsinə göndərilmiş və icra tədbirləri görülən zaman məlum olmuşdur ki, ona məxsus mübahisəli mənzillə bağlı yeni məhkəmə mübahisəsi var. Araşdırma aparan zaman məlum olmuşdur ki, iddiaçılar Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının sakinləri, o cümlədən Cavabdeh2 Xətai Rayon Məhkəməsində cavabdehlər Cavabdeh3 və Cavabdeh1 MMC-yə qarşı iddia qaldıraraq mənzilə qanunsuz müdaxilələrin aradan qaldırılması, qanunsuz dəyişdirilmiş giriş qapılarının əvvəlki qapılarla əvəz edilməsini və digər tələbləri irəli sürmüşlər. Eyni zamanda məlum olmuşdur ki, iddiaçılardan biri olan Cavabdeh2 ona məxsus olan Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında yerləşən 2 saylı yaşayış binasının 101.5 kv.metrdən ibarət olan 2 otaqlı mənzilinə dair iddia qaldırmışdır. Onunla Cavabdeh1 MMC arasında 14 sentyabr 2007-ci il tarixdə 173 saylı müqavilə bağlanmış, müqavilə üzrə öhdəliklər onun tərəfindən tam icra edilmiş və məhkəmə qərarları ilə onun mübahisəli mənzilə istifadə və sahiblik hüququ tanınmışdır. X6 isə məhkəmə mübahisəsi davam etdiyi halda "xxxx" MMC ilə əlbir olub 27 sentyabr 2017ci il tarixli müqavilə ilə mübahisəli mənzili Cavabdeh2 adına rəsmiləşdirmişlər. Daha sonra qanunsuz olaraq Cavabdeh1 MMC-nin rəhbərliyi arxa tarixlə, yəni 26 aprel 2007-ci il tarixli müqavilə ilə mübahisəli mənzili Cavabdeh3 adına rəsmiləşdirmişdir. Belə olan halda onunla məhkəmə çəkişmələrinin olduğunu və məhkəmə qərarları ilə mübahisəli mənzilə onun istifadə və sahiblik hüququnun tanınmasını bildiyi halda, Cavabdeh1 MMC qanunsuz olaraq ona məxsus mübahisəli mənzilə dair Cavabdeh2, sonra isə Cavabdeh3lə müqavilə bağlamışdır. İş materialları və qanuni qüvvəsini almış qətnamələrdən göründüyü kimi ona məxsus mübahisəli mənzilə Cavabdeh3 tərəfindən müdaxilə edilərək hər hansı bir məhkəmə qərarı olmadan mənzilin giriş qapısı dəyişdirilərək özbaşınalıq edilmiş və bununla da onun mənzil toxunulmazlığı hüququnu kobud surətdə pozmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1103/2021 saylı, 16 aprel 2021-ci il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 MMC arasında bağlanmış 11/01 saylı, 26 aprel 2007-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış 27 sentyabr 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh3 adına Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində, sahəsi 101.5 kv.metr olan 31 saylı mənzilə dair DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən aparılmış hüquqların qabaqcadan qeydiyyatının ləğv edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, cavabdehlərdən 20 (iyirmi) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 direktoru X3 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1103/2021 saylı, 16 aprel 2021-ci il tarixli qətnaməsi əsassız və qanunsuz olduğundan, həmçinin işin hallarının tam və obyektiv araşdırılmadan qəbul olunduğundan hesab edirik ki, aşağıda qeyd olunanlara əsasən ləğv edilməlidir. Belə ki, Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının 9cu mərtəbəsində, sahəsi 101.5 kv.metr olan 2 otaqlı mənzili qanuni əsaslarla Cavabdeh1 MMC tərəfindən Abbasova Ayidəyə satılmış, bu barədə tərəflər arasında 10.05.2007-ci il tarixdə müqavilə bağlanmışdır. Mənzilin razılaşdırılmış dəyəri Ayidə Abbasova tərəfindən ödənilmişdir. Daha sonra 27.09.2017-ci il tarixdə mənzilin mülkiyyətçisi Ayidə Abbasovanın razılığı ilə onunla bağlınmış 10.05.2007-ci il tarixli müqavilə ləğv edilmiş və həmin mənzilə dair Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında yeni müqavilə bağlanmışdır. Mənzilin tərəflər arasında razılaşdırılmış dəyəri Cavabdeh2 tərəfindən Cavabdeh1 MMC-yə ödənilmişdir. Mənzilin dəyərinin ödənilməsi və mənzilə görə Cavabdeh2 borcunun olmaması barədə Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 maliyyət arayışı verilmişdir. Cavabdeh2 və Cavabdeh1 MMC arasında müqavilə bağlandıqdan və Cavabdeh2 müqavilə öhdəliklərini tam yerinə yetirdikdən sonra, mübahisəli mənzil MMC tərəfindən Cavabdeh2 təhvil verilmişdir. Cavabdeh2 həmin mənzilin dəyərini tam ödəyərək bu əmlaka mülkiyyət hüququ əldə etmiş, əmlaka sahiblik etmiş və hal-hazırda o, həmin mənzilin qanuni sahibi və mülkiyyətçisidir. Göründüyü kimi, mübahisəli mənzilin qanuni mülkiyyətçisi Cavabdeh2 olmasına baxmayaraq, Cavabdeh1 MMC ilə arasında bağlanmış 27.09.2017-ci il tarixli müqaviləni məhkəmə əsassız olaraq etibarsız hesab etmişdir. Bundan başqa, hesab edir ki, mübahisəli mənzilə dair həm Cavabdeh3 və Cavabdeh1 MMC arasında bağlanmış 11/01 №-li, 26 aprel 2007-ci il tarixli müqavilə və maliyyə arayışının, habelə cavabdehlər Cavabdeh2la Cavabdeh1 MMC arasında bağlanmış 27 sentyabr 2017-ci il tarixli müqavilənin etibarlılığını mübahisələndirilməsi müddəti üzürlü səbəb olmadan ötürülmüşdür. Belə ki, iddiaçının özünün iddia ərizəsində göstərilir ki, iddiaçı mənzili aldıqdan bir müddət sonra mənzil üzərində sahiblik və istifadə hüquqları pozulduğuna görə, məhkəmədə iddia irəli sürmüşdür. Göründüyü kimi, iddiaçı onun hüququnun pozulduğunu bildiyi andan 1 il müddətində əqdin etibarsızlığı ilə bağlı mübahisə açmamış və bununla da qanunla müəyyən edilmiş müraciət müddətini ötürmüşdür. Beləliklə də müəyyən edilir ki, işə baxmış Xətai Rayon Məhkəməsi iş üzrə maddi və ya prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, tətbiq etməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1103/2021 saylı, 16 aprel 2021-ci il tarixli qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh1 MMC-nin direktoru X3 verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1103/2021 saylı, 16 aprel 2021-ci il tarixli qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsi və həmin hissədə də iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında iddiaçı Cavabdeh1 direktoru X3 Cavabdeh1 MMC-nin direktoru Adilağa Hüseynov tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, Cavabdeh1 MMCnin direktoru Adilağa Hüseynovun apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1103/2021 saylı, 16 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh1 MMC-nin direktoru Adilağa Hüseynov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək iddianın təmin edilməsi hissəsində qətnamənin ləğv edilməsini və həmin hissədə də iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, Cavabdeh1 MMC-nin direktoru Adilağa Hüseynovun apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbi cavabdehlər Cavabdeh3 və Cavabdeh1 MMC arasında bağlanmış 11/01 saylı, 26 aprel 2007-ci il tarixli müqavilənin və maliyyə arayışının, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış 27 sentyabr 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh3 Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində, sahəsi 101.5 kv.metr olan 31 saylı mənzilə dair DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən aparılmış hüquqların qabaqcadan qeydiyyatının ləğv edilməsi hissəsində təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 101.5 kv.m-dən ibarət olan 2 otaqlı yaşayış sahəsi İddiaçı məxsusdur, həmin mənzil onun sahibliyində və istifadəsindədir, həmin mənzilin pay dəyəri 101.500 ABŞ dolları onun tərəfindən Cavabdeh1 MMC-yə tam olaraq ödənilmişdir. İddiaçı ilə Cavabdeh1 MMC arasında 14 sentyabr 2007-ci il tarixli müqavilə imzalanmışdır. Müqavilə və maliyyə arayışı müəssisənin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış və müəssisənin möhürü ilə təsdiqlənmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 aprel 2019-cu il tarixli 2(103)-3164/2019 saylı qətnaməsi ilə Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında yerləşən 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 101.5 kv.m-dən ibarət olan mənzilin İddiaçı sahiblik və istifadəsinə verilməsi, onun həmin mənzilə köçürülməsi qət edilmişdir. Artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin mənzilin İddiaçı məxsus olması təsdiq olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı mübahisəli mənzili alqı-satqı müqaviləsi əsasında əldə etmiş, məhkəmə qətnaməsi əsasında onun mənzil üzərində olan sahiblik və istifadə hüquqları rəsmiləşdirilmişdir. Həmin mənzil 27 sentyabr 2017-ci il tarixli müqavilə əsasında Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 adına rəsmiləşdirilmiş, sonradan arxa tarixlə 26 aprel 2007-ci il tarixli müqavilə ilə mənzil "xxxx" MMC tərəfindən Cavabdeh3 satılmış və sonuncunun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində 25 dekabr 2017-ci il tarixdə mənzilə dair hüquqların qabaqcadan qeydiyyatı aparılmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 MMC ilə Cavabdeh3 arasında bağlanmış müqavilələrin arxa tarixlə tətbiq edilmiş saxta müqavilə olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı mübahisəli mənzillə bağlı sahiblik və istifadə hüququları məhkəmə qətnaməsi ilə tanındığından, onunla Cavabdeh1 MMC arasında bağlanmış müqavilə qanuna uyğun olaraq bağlanmış müqavilədir. Belə olan halda bir mənzilə dair bir necə şəxsin müqaviləsinin olması qanuni qüvvəsini almış qətnamənin icrası zamanı müəyyən məhdudiyyətlər yarada biləcəyi nəzərə alınaraq digər müqavilələrə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyasi birinci instansiya məhkəməsi bu mövqeyini qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə kollegiyasi hesab edir ki, nə gədər ki, iddiaçının müqaviləsi qanuni müqavilə hesab olunur və onun mənzillə bağlı sahiblik və istifadə hüquqları tanınıb, birinci instansiya məhkəməsi digər iki şəxslə bağlanmış müqavilələrin etibarsız hesab edilməsi ilə bağlı gəldiyi nəticə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məhkəmə kollegiyasi hesab edir ki, 354-cü maddədə nəzərdə tutulan müddətlər iddia müddəti deyil, kəsici müddətlərdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmə və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Ona görə də, Mülki Məcəllənin 354.2-ci maddəsi mülki mübahisəyə tətbiq edilərkən, yalnız iki hal aydınlaşdırılmalıdır: birincisi, maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi; ikincisi həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Eyni zamanda həmin müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqi barədə ərizə verməsi tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. Məhkəmə kollegiyasi qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı qanunla ona müqavilənin etibarsızlığı üçün verilmiş müddəti ötürməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən iddiaçının hüquqlarının pozulması anı kimi 17 dekabr 2019-cu il tarixi qeyd edilməlidir. Çünki tarixdə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-169/19 saylı, 17 dekabr 2019-cu il tarixli qətnaməsi qəbul edilmiş və həmin iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs olan İddiaçı vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, İddiaçı sözügedən mülki işinin gedişatında onun mənzili barədə mübahisənin yaranmasını bilmiş və hüquqlarının pozulması səbəbindən məhkəməyə müraciət etmək hüququnu əldə etmişdir. İddiaçı mübahisə edilən mənzillə bağlı hazırkı iddia tələbi ilə isə 18 noyabr 2020-ci il tarixdə məhkəməyə müraciət etmiş və məhkəmədə iddia tələbi irəli sürmüşdür. Bununla da, o, Mülki Məcəllənin 354-cü maddəsində istinad edilən bir illik müddəti ötürməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası Cavabdeh1 MMC-nin direktoru Adilağa Hüseynovun apelyasiya şikayətinin mübahisəli mənzilə dair həm Cavabdeh3 və Cavabdeh1 MMC arasında bağlanmış 11/01 saylı, 26 aprel 2007-ci il tarixli müqavilənin və maliyyə arayışının, həmçinin cavabdehlər Cavabdeh2la Cavabdeh1 MMC arasında bağlanmış 27 sentyabr 2017-ci il tarixli müqavilənin etibarlılığının mübahisələndirilməsi müddətinin ötürüldüyü barədə dəliləri əsassızdır. Məhkəmə kollegiyasi eyni zamanda qeyd Əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 8 sentyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2017-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə uyğun olaraq, əqd etibarsız hesab olunduqda tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) isə onun dəyərini pulla ödəməlidir. Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin hüquqi statusunun ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Odur ki, məhkəmə baxışı zamanı mübahisə elə həll edilməlidir ki, iştirakçıların subyektiv hüquqlarına və qanuni maraqlarına qanuna zidd təsir göstərilməsin. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əqdin etibarsızlığının nəticələrinin tətbiq edilməsi ilə bağlı hissəyə münasibətdə düzgün olaraq belə nəticəyə gəlmişdir ki, nə qədər ki, digər cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və əqd üzrə hər hansı ödənişlərin həyata keçirilməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişlər, hazırkı iş üzrə tərəflərin əvvəlki vəziyyətə qayıtması hissəsinə qiymət verilməsi hazırkı mərhələdə mümkünsüzdür. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 MMC-nin direktoru Adilağa Hüseynovun apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır və apelyasiya şikayətinin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir. Bundan başqa Cavabdeh1 MMC-nin direktoru Adilağa Hüseynov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh1 MMC-nin direktoru Adilağa Hüseynovun apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1103/2021 saylı, 16 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 direktoru X3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1103/2021 saylı, 16 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar