Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6517/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: təbii qazın təchizatı, təbii qazdan istifadə qaydalarının pozulması, əsassız hesablanmış borc, borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh İB-nə qarşı “aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. ünvan 1 ünvanında yaşayan İddiaçı Cavabdeh abonentidir və ona **********00000 abonent kodu verilmişdir.
2. Həmin evin qaz təchizatı üçün quraşdırılmış qaz sayğacı Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixdə yenisi ilə əvəz edilmiş, bu barədə ******* saylı akt tərtib olunmuşdur.
3. Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş aktda göstərilmişdir ki, ünvan 1 ünvanından çıxarılmış sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmişdir, sayğac istismara yararsızdır.
4. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən həmin akt əsasında itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış, qaz itkisinin 51 840 m3 olması qeyd olunaraq abonentə 6220,80 manat borc hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. İddiaçı (iddiaçı) Cavabdeh İB-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ona məxsus mənzilə yazılmış aktın ləğv edilməsi və akt əsasında hesablanmış 6220,80 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Həmin ev daimi yaşayış yerləri olmadığından qazdan az istifadə edir, lakin istifadə etdiyi qaz sərfiyyatına görə pulunu sayğacın göstəricilərinə uyğun ödəyir. 2021-ci ildə, evdə olmadıqları zaman ona heç bir xəbərdarlıq edilmədən və iştirakı və xəbəri olmadan cavabdehin əməkdaşları qeyri-qanuni olaraq qaz sayğacını söküb aparmış və ondan saygac dəyişməyə görə saygac haqqı kimi savadsızlığından istifadə edərək 355 manat ödəniş tələb etmişlər. Daha sonra isə özləri tərəfindən başqa sayğac gətirilib yenə onun iştirakı olmadan quraşdırılmışdır. Cavabdehin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində yaşadıqları ünvanın qapısına xəbərdartlıq məktubu, saldo və aktın surəti qoyulmuş, xəbərdarlıq məktubunda **********9 saylı sayğacda **********00000 abonent kobuna 6220 manat cərimə yazıldığı və 3 gün ərzində ödəilməyəcəyi təqdirdə qazın verilməsinin dayandırılacağı göstərilmişdir. Daha sonra isə qazın verilməsi qanunsuz və əsassız olaraq dayandırılmışdır. Tərtib edilmiş akt tam qanunsuz və əsassızdır. Onların xəbəri və iştirakı olmadan sayğac dəyişdirilir, laboratoriyada açılması təmin olunur. Bundan başqa, aktda qaz işlədici avadanlıq və paramaterləri kimi (PQ-4) (1/1) qeyd olunmuşdur. Halbuki, yaşadığı evə qaz işçiləri heç vaxt heç bir baxış keçirməmişlər.
7. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz etmiş, təqdim olunan sübutlarla sayğaca müdaxilə edildiyinin təsdiqini tapdığını bildirmişdir.
8. Birinci instansiya məhkəməsinin 23 may 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00000) dair İddiaçı hesablanmış 6220,80 manat məbləğində borcun silinməsi, 82,22 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur.
9. Məhkəmə iş üzrə xüsusi qərardad da çıxarmış və Cavabdeh İB-nin əməkdaşlarının əməllərində cinayət əlamətlərinin olub-olmamasının yoxlanılması məqsədilə xüsusi qərardadı Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərmişdir.
10. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
10.1. Təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. İş materiallarından görünür ki, akt iddiaçının adına tərtib edilmiş, lakin onun tərəfindən imzalanmamışdır. 10.2. Qeyd edilənlərdən göründüyü kimi, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş ******* saylı akt qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edildiyindən ləğv edilməlidir. 10.3. Bundan başqa, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halın sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halın doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmiş, konkret olaraq iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsini sübut edə bilməmişdir. 10.4. Bundan başqa, cavabdeh akt əsasında hesablanmış borcun iddiaçının sayğacdan kənar qanunsuz istifadəsi nəticəsində yarandığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. 10.5. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntuların törədilməsində iddiaçının təqsiri sübut olunmadığından cavabdehin hesabladığı 6220,80 manat borcu iddiaçıdan tələb etməsi əsassızdır.
11. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 6.2-ci və 448.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci və 6.7-ci bəndlərinə istinad etmişdir.
12. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, maddi hüquq normalarını düzgün tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı
14. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış Cavabdeh İB nümayəndəsini məhkəməyə göndərməmiş, iddiaçı da məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
16. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
“Qaz təchizatı” haqqında Qanun
17. Maddə 13 (bənd 8). Qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
18. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.
19. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
20. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
24. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
27. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində “xx.xx.2023-cü il tarixdə tərtib edilmiş ******* saylı akt qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edildiyindən ləğv edilməlidir” qənaətini əks etdirsə də, qətnamənin nəticə hissəsində bu qənaət əks olunmamış, beləliklə də qətnamənin əsaslandırıcı və nəticə hissələri arasında ziddiyyət yaranmışdır.
28. Həm bu xüsusatı, həm də iddiaçının “aktın ləğv edilməsi” tələbinə müvafiq qərardadla xitam verildiyini nəzərə almaqla kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, “borcun silinməsi” tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
29. İşin müəyyən olunan halına görə, iddiaçının evinin təbii qazla təchizatını təmin edən qaz sayğacı yeni sayğacla əvəz olunmuş, bundan sonra cavabdeh təşkilat “sayğacın qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edildiyi”ni əsas göstərməklə akt tərtib edərək iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 6220,80 manat tələb etmişdir.
30. İddiaçıya aid abonent saldosundan aydın olur ki, onun evindəki sayğacın göstəriciləri mütəmadi olaraq oxunmuş, həmin göstəricilər əsasında hesablanmış borc məbləğləri ödənilmişdir.
31. Buna görə də kollegiya hesab edir ki, iddiaçıdan tələb edilən 6220,80 manat borc onun abonent hesabından silinməlidir.
32. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1197/2023 saylı iş üzrə 01 mart 2023-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbi təmin edilsin (“aktın ləğv edilməsi” tələbi üzrə icraata xitam verildiyi nəzərə alınmaqla). Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00000) dair İddiaçı hesablanmış 6220,80 manat məbləğində borc silinsin. Cavabdehndən 82,22 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin; apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdehnə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə