Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6518/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Tərcüməçi X5 qızının İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Cəmilova (Pastuxova) Zera Lemaranovnanın iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(011)-491/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı şəhəri 18 saylı Notariat kontoruna, X18 və Cəmilova (Pastuxova) Zera Lemaranovnaya qarş iddia ərizəsi və üçüncü şəxslərin cavabdeh qismində işə cəlb olunması barədə əlavə ərizə ilə məhkəməyə müraciət edərək 05.04.2005-ci il tarixli 2V-01-34 reyestr nömrəli və 26.08.2018-ci il tarixli 2V-154 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri qismən ləğv edib Bakı şəhəri, Xətai rayonu, X34 küçəsi, ev 12 ünvanda yerləşən 53 saylı mənzilə iddiaçının adına 1/4 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin Bakı şəhəri 18 saylı Notariat kontorunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(011)-491/2021 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mərhum atası Cəmilov Lemaran Bakı şəhəri, Xətai rayonu, X34 küçəsi, ev 12 ünvanda yerləşən 53 saylı mənzilin mülkiyyətçisi olmuşdur. Atası tərəfindən həmin mənzil 02.02.1997-ci il tarixdə özəlləşdirilmişdir. O, atasının nikahdan kənar qızıdır. 18.04.1981-ci il tarixdə Rusiya Federasiyasının Xabarovsk diyarının Xabarovsk rayonun Zaozernoye kəndində anadan olmuşdur. Atası onun anadan olmağını bilməmiş, o, doğulandan sonra anası X1 uşaq evinə vermişdir. 1990-cı ildə atası təsadüfən anası ilə rastlaşanda anası olduğunu demişdir. Bundan sonra atası onu uşaq evindən götürərək, Xabarovsk rayonu X22 İcraiyyə Komitəsinin 19.12.1990-cı il tarixli qərarı ilə onun qəyyumu təyin edilmişdir. 1991-ci ildə atası onu Bakıya gətirmiş və o, atasının arvadı X14 ilə birlikdə onun özünün sonradan özəlləşdirərək, mülkiyyəti olmuş Bakı şəhəri, Xətai rayonu, X34 küçəsi, ev 12 ünvanda yerləşən 53 saylı mənzildə yaşamışdır. X14 və onun övladları X23 və X19 uzun müddət atası tərəfindən atalığın qəbul edilməsinə etiraz etmişlər. Atası 21.04.2003- cü ildə vəfat etdikdən sonra X14 ilə birlikdə həmin mənzildə mehriban yaşamışdır. Lakin 2005-ci ildə Rusiya Federasiyasının Maqadan şəhərində yaşamış və oranın vətəndaşı olan X20 ərindən boşandıqdan sonra Bakıya gəlib, onların evində yaşamışdır, Zera Pastuxova gəldiyi gündən aralarında mübahisələr başlamış və nəhayət 2010-cu ildə o, onlar tərəfindən evdən qovulmuşdur. Atası vəfat etdikdən sonra mübahisəli mənzil 18 saylı DNK-nın 05.04.2005-ci il tarixli 2V01-34 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən atasının arvadı X14 və onun övladları X20 və X15 mülkiyyətinə keçmişdir. X14 2018-ci ilin fevral ayında vəfat etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30.05.2014-cü il tarixli qətnaməsi ilə atalığın müəyyən edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 16.02.2016-cı il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Xətai Rayon Məhkəməsinin 30.05.2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, 21.04.2003-cü ildə 67 yaşında Bakı şəhəri, Xətai rayonunda ölmüş Lemaran Cəmilov iddiaçının atası olmağı müəyyən edilmişdir. Həmin qətnamədən X24 kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin 2(102)-3365/2016 nömrəli, 27.07.2016-cı il tarixli qərarı ilə X10 kassasiya şikayəti təmin edilməmişdir. Atasının vəfatından sonra faktiki olaraq X17, X24, X25 və İddiaçı Lemaranovna onun qanun üzrə vərəsələri olmaqla həmin mənzildən hər birinə ¼ hissədə pay çatır. Lemoran Cəmilov məhkəmə qaydasında iddiaçının atası müəyyən olunana qədər 2005-ci ildə cavabdehlər atasının qanun üzrə vərəsəlik hüququ ilə miras qalmış əmlakı qəbul etmiş, hazırda mübahisəli mənzilin mülkiyyətçiləridirlər. X4 vəfatından sonra 18 saylı NK-nın 26.08.2018-ci il tarixli 2V-154 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən əmlakın bir hissəsi X7 adına qeydiyyatdan keçmişdir. Hazırda mübahisəli mənzil 2/3 hissə ilə X8, 1/3 hissədə X16 mülkiyyətindədir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12.11.2015-ci il tarixli 2(011)- 7745/2015 saylı qətnaməsi ilə o, Bakı şəhəri, Xətai rayonu, X34 küçəsi ev 12, mənzil 53-ə köçürülmüşdür. Lakin cavabdehlər onu mənzilə buraxmırlar. İddia ərizəsinə əlavə olunmuş Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 fevral 2016-cı il tarixli qətnaməsi ilə (iş № 2(103)-432/2016 (hakimlər A.Q.Hüseynov, A.A. Abdullayeva, İ.K.Xəlilov) idiaçının apellyasiya şikayətini təmin edilmiş, Xətai Rayon Məhkəməsinin 30 may 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, 21.04.2003-cü ildə 67 yaşında Bakı şəhəri, Xətai rayonunda ölmüş Lemaran Cəmilov iddiaçının atası olmağı müəyyən edilmişdir. Həmin mülki işdə şahidlər X27, X9 və X11 ifadələri ilə təsdiqlənmişdir ki, iddiaçı atası tərəfindən Rusiyadan gətirilərkən atasının yanında onun ailəsi ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, X34 küçəsi, ev 12, mənzil 53-ə yaşamışdır və onun başqa yaşayış yeri olmamışdır. Bakı şəhəri, Xətai rayonu, X34 küçəsi, ev 12, mənzil 53-də 1991-ci ildən atası, analığı və cavabdehlərlə birlikdə və atasının ölümündən sonra o, həmin mənzildən qovulanadək, yəni 2010cu il də daxil olmaqla orada yaşamağı yuxarıda qeyd olunan məhkəmə qərarları Lütfiyyə Cəmilovanın iştirakını əks etdirən evdə keçirilmiş ad gününün videogörüntü olan DVD diskdə əks olunan hallarla təsdiqlənir. Bunun özü isə atasının ölümündən sonra Mülki Məcəllənin 1243.2-ci maddəsinə müvafiq olaraq Lütfiyyə Cəmilova və üçüncü şəxslər Pastuxova Zera, Cəmilov Zamirlə birlikdə atasından miras qalmış mənzili onlarla bərabər faktiki olaraq qəbul etməyini və idarə etməyi anlamına gəlir. O, dəfələrlə cavabdeh quruma Bakı şəhəri 18 saylı notariat kontoruna ərizə ilə müraciət edib, payına uyğun Bakı şəhəri, Xətai rayonu, X34 küçəsi, ev 12 ünvanda yerləşən 53 saylı mənzilə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Atası Lemoranın vəfatından sonra açılmış vərəsəlik işində onu 18 saylı Dövlət Notariat Kontorunda təmsil etmək üçün “xxxx” Firmasına müraciət etmişdir. Hazırkı məhkəmə araşdırılmasından sonra vəkili Vəkil tərəfindən Dövlət Notariat Arxivinə verilmiş sorğu əsasında Arxivdən alınmış Bakı şəhəri 18 saylı notariat kontorunda 05.04.2005-ci il tarixdə rəsmiləşdirilmiş 2v-01-34 reyestr nömrəli iş üzrə 25 vərəqdən ibarət notariat işinin sənədlərindən məlum olur ki, “xxxx” MMC hüquqlarını etibarnamə əsasında təmsil edərək atası Lemoranın ölümü ilə bağlı olaraq vərəsəlik işini Xətai rayon məhkəməsində mübahisələndirdiyi üçün Lütfiyyə Cəmilovaya vərəsəlik şəhadətnaməsinin verilməsinin dayandırılmasını xahiş etmişdir. Notariat kontoru isə həmin sorğuya cavab olaraq 30.03.2005-ci il tarixli cavab məktubu ilə məhkəmədə vərəsəlik işi mübahisələndirildiyi halda 10 gün müddətinə işin təxirə salınması mümkün olduğu bildirilmişdir. Həmin işdə notariat kontorunun ona ünvanlandığı 02.02.2005-ci il tarixli məktubu da vardır ki, həmin məktubda onun notariat kontoruna gəlməyi və “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnamənin təqdim olunması tələb olunurdu. Düzdür, bu məktubu almasa da, həmin dövrdə atalığın müəyyən edilməsi barədə şəhadətnaməsi olmamışdır. Eyni zamanda təqdim etdiyi poçt bildirişləri arasında Bakı şəhəri 18 saylı notariat kontoruna vərəsəlik şəhadətnaməsinin ona verilməsi barədə 30.11.2018-ci il tarixdə göndərdiyi məktubun poçt qəbzi də mövcuddur. Atalığın məhkəmə qaydasında müəyyən edildikdən və doğum haqqında şəhadətnaməni 2017-ci ildə aldıqdan sonra 2018-ci ilin noyabr ayında ona vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı notariat kontoruna müraciət etmişdir. Lakin notariatda ona bildirdilər ki, vərəsəlik işi 2005-ci ildə açılıb bağlandığına görə vərəsəlik şəhadətnaməsinin verilməsi mümkünsüzdür və vərəsəlik işi ilə bağlı hüququnun bərpası ilə bağlı məhkəməyə müraciət etməlidir. Təkrarən 19.06.2020 tarixdə Bakı şəhəri 18 saylı notariat kontoruna ərizə ilə müraciət edərək 05.04.2005-ci il tarixli 2V-01-34 reyestr nömrəli və 26.08.2018-ci il tarixli 2V-154 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri qismən ləğv edib Bakı şəhəri, Xətai rayonu, X34 küçəsi, ev 12, mənzil 53-ə iddiaçının adına ¼ hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin budəfəki müraciətinə notariat kontorundan cavab belə verilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət edərək atası Lemaran Cəmilovun vərəsəsi olması, ondan miras qalmış mənzilə qanun üzrə vərəsəlik hüququnun müəyyən olunmaqla həmin mənzilə ¼ hissədə payına dair hüququnu tanıtmaq istəyir. Məhkəmənin gəldiyi bu nəticə tamamilə tamamilə əsassızdır, mirasın faktiki olaraq idarəçiləyə qəbul edilməməsi, üzrsüz olaraq mirasın qəbulu edilməsi ilə bağlı notariat orqanına müraciət etmək üçün müəyyən olunmuş 6 aylıq müddətin ötürülməsi mülahizələri məhkəməyə təqdim etdiyi sübutlar, məhkəmədə şahid ifadəsini vermiş şəxslər və onun göstərdiyi hallarla tam təkzib olunur. Məhkəmənin onun tərəfindən miras əmlakına faktiki sahiblik və idarəçilik etdiyi məhkəmədə sübutu yetirilməməsi nəticəsinə gəlməsi tamamilə əsassızdır. Belə ki, iddia ərizəsinə əlavə etdiyi atalığın müəyyən olunması işində (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-432/20l6l6 №-li, 16 fevral 2016-cı il tarixli qətnaməsi) şahidlər X27, X9 və X11 ifadələri ilə təsdiqlənmişdir ki, o, atası tərəfindən Rusiyadan gətirilərkən atasının yanında onun ailəsi ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, X34 küçəsi, ev 12, mənzil 53-ə yaşamış və onun başqa yaşayış yeri olmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 noyabr 2015-ci il tarixli 2(011)-7745/2015 saylı qətnaməsi ilə o, Bakı şəhəri, Xətai rayonu, X34 küçəsi, ev 12 mənzil 53-ə köçürülmüşdür. Qətnamədə onun 2010-cu il tarixdə yaşadığı mənzildən üçüncü şəxslər və analığı tərəfindən qovularaq çıxarılması barədə iddia tələbi əks olunmuşdur. Həmin sənədlər və şahid kimi keçmiş X9, X21 və X3 ifadələri ilə bu fakt təsdiqlənmişdir. Bundan başqa həmin evdə cavabdeh Pastuxova Zeranın anası Lütfıyyə Cəmilova ilə birlikdə atasının ölmündən sonra da 2010-cu ilə qədər həmin mənzildə yaşamağı bu işdə məhkəməyə təqdim etdiyi fotoşəkillər və məhkəmədə şahid kimi ifadə vermiş X12, X27 və X29 tərəfindən təsdiqlənmişdir. Mənzildə yaşamağı və ondan istifadə etməyi halı isə miras qalmış mənzilə faktiki sahiblik etməyi göstərir və Mülki Məcəllənin 1243.2-ci maddəsinə müvafiq olaraq Lütfiyyə Cəmilova və üçüncü şəxslər X31 Zamirlə birlikdə atasından miras qalmış mənzili onlarla bərabər faktiki olaraq qəbul etməyi və idarə etməyi anlamına gəlir. Miras qəbul edilməsi üçün maneələrin aradan qalxmasından sonra altı ay müddətində deyil 1 il 5 aydan sonra notariat kontoruna müraciət etməyinə gəlincə, bu işdə izahat verərək bildirmişdir ki, vərəsəliyin rəsmiləşdirilməsi üçün məhkəmə qərarından sonra ona doğum haqqında yeni şəhadətnamə və yeni şəxsiyyət vəsiqəsi tələb olunduğuna görə, onların qeydiyyat şöbəsi tərəfindən onun uşaqlıqda yaşadığı Xabarovsk vilayətinin VVAQD-yə doğum sənədlərinin qeydə alınmasının tələbi ilə bağlı sorğu verilmişdir. Həmin sənədlər 2018-ci ildə gəldikidən sonra o, yeni doğum haqqında şəhadətnaməni 24 yanvar 2018-ci il tarixdə alıb bundan sonra isə o, şəxsiyyət vəsiqəsini əldə edə bildi və bundan sonra miras əmlakın qəbul edilməsi ilə bağlı Bakı şəhəri 18 saylı notariat kontoruna ərizə ilə müraciət etdi. Tərəfindən mirasın qəbul edilməsi üçün müəyyən olunmuş 6 aylıq müddət buraxılmamışdır. Lakin bununla belə faktiki olaraq miras mənzilə faktiki olaraq sahiblik etməyi faktı, mirası qəbul etməyi kimi dəyərləndirilməli və qeyd olunan müddət buna tədbiq edilməməlidir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirdi ki, Qalina 2010-cu ilədək mübahisəli mənzildə yaşayıb. Atasının ölümündən sonra oradan zorla çıxarılıb. Analığı uzunmüddət sənədləri verməyib, maneçilik törədib. Hazırda xahişi iddiaçının birinci dərəcə vərəsə kimi qəbul edilib hər iki vərəsəlik şəhadətnaməsinin qismən etibarsız hesab edilib ¼ hissədə iddiaçıya da vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin notariusun üzərinə qoyulmasıdır. Məhkəmə iclasında cavabdeh Cəmilova (Pastuxova) Zera Lemaranovna apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, atası mülkiyyətçi olub. Əmlak atası və anasının birgə nikahında alınıb. İddiaçının vərəsə kimi qəbul etmir, evdən ona heç bir pay düşmür. İddiaçı həm də vərəsəliyi qəbul etmə müddətini ötürüb. Mübahisənin barışıqla həll etmə imkanı yoxdur. İşə baxılması vaxtı və yeri haqqında digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq Bakı şəhəri 18 saylı Notariat kontoru nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh X25 məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə onların iştirakı olmadın baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, Lemaran Cəmilov iddiaçı xx xxxxx 1984-cü il təvəllüdlü İddiaçı atası olmuşdur. Bakı şəhəri, Xətai rayonu, X34 küçəsi, ev 12, 53 saylı mənzil 02 fevral 1997-ci il tarixdə Lemaran Cəmilovun adına ilkin qeydiyyatdan keçmiş, atası 19 dekabr 1990-cı il tarixdə iddiaçının qəyyumu təyin edilmişdir. 21 aprel 2003-cü il tarixdə Lemaran Cəmilov vəfat etmişdir. Onun vəfatından sonra 05 may 2005-ci il tarixdə 18 saylı DNK-nın 05 aprel 2005- ci il tarixli 2V01-34 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, sözügedən mənzil Lütfiyyə Cəmilovanın, X15, X7 adlarına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 may 2014-cü il tarixli qətnaməsi ilə iddiaçının cavabdehlər X14 və qeyrilərinə qarşı atalığın müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 fevral 2016cı il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Xətai Rayon Məhkəməsinin 30 may 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, 21 aprel 2003-cü ildə 67 yaşında Bakı şəhəri, Xətai rayonunda ölmüş Lemaran Cəmilovun iddiaçının atası olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27.07.2016-cı il tarixli 2(102)-3365/2016 nömrəli Qərarının surətindən görünür ki, X10 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.02.2016-cı tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7745/2015 saylı, 12 noyabr 2015-ci il tarixli qətnaməsi ilə X2 Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 12 saylı evin 53 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Lütfiyyə Cəmilovanın vəfatından sonra 18 saylı NKnın 26 avqust 2018-ci il tarixli 2V-154 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 12, 53 saylı mənzilin bir hissəsi X7 adına qeydiyyatdan keçmişdir və hazırda həmin mənzil 2/3 hissədə X7, 1/3 hissədə X15 mülkiyyətindədir. İddiaçı olan İddiaçı iş üzrə mübahisələndirilən əmlakın ölmüş mülkiyyətçisinin birinci növbəli vərəsəsidir. İddiaçı Cəmilov Lemaran xx.xx.1984-cu il tarixdən doğulmuş X2 atası hesab edilməsini müəyyən edən akt qeydi 08.02.2017-ci il tarixində aparılmış, və həmin tarixdə İddiaçı atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. İddiaçı mərhum Cəmilov Lemarana məxsus olmuş miras əmlaka dair qanun üzrə vərəsəlik hüququnun tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbi ilə Bakı şəhərinin 18 saylı Notariusa 30.11.2018-ci il tarixdə müraciət etmişdir, yəni yuxarıda qeyd edilmiş “Atalığın müəyyən edilməsi haqqında Şəhadətnamə”nin verildiyi tarixdən 1 il 5 ay sonra müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən həmçinin göstərmişdir ki, İddiaçı X26 uşağı olmaqla onun qanun üzrə 1-ci növbəli vərəsəsi olmuşdur. X26 vəfatından sonra iddiaçının özünün vərəsə kimi tanınması üçün notariat orqanına müraciət etdiyi, miras əmlakına faktiki sahiblik və idarəçilik etdiyi məhkəmədə sübuta yetirilməmişdir. İddiaçı mərhumun onun atası olduğu faktı mərhumun vəfatından sonra məhkəmə qaydasında müəyyən edildiyini dəlil gətirərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin üzrlü səbəbdən buraxdığını bildirsə də, məhkəmə iddiaçının bu dəlilini əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X26 iddiaçının atası olması 08.02.2017-ci il tarixdə rəsmiləşdirilmiş, iddiaçı isə miras əmlakın qəbul edilməsi ilə bağlı notariusa bundan 1 il 5 ay sonra, yəni 30.11.2018-ci il tarixdə müraciət etmişdir. Bununla da o, mirasın qəbul edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyən edilmiş 6 aylıq müddəti ötürmüşdür. Halbuki, mirasın qəbul edilməsi üçün maneə hesab edilən hal aradan qalxdıqdan sonra iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246.1-ci maddəsində müəyyən edilmiş müddəti ötürülməsi üçün hər hansı bir üzrlü səbəbi olmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Belə ki, iddiaçının apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddianın təmin edilməməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə iddiaçının apellyasiya şikayəti üzrə iddianın təmin edilməməsi ilə bağlı yoxlanılır. Hazırki iş üzrə, iddianın faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdur. Əvvəla, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır(MPM. mad. 217.2). Miras qoyan Lemaran Cəmilov 2003-cü ildə ölmüşdür. Demək qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin dövrdə 01 sentyabr 2000-ci ildən qüvvəyə minən Mülki Məcəllə qüvvədə olmuşdur. İddiaçı mərhum atası tərəfindən 1991-ci ildən Bakı şəhərinə gətirildikdən sonra mübahisəli mənzildə yaşamağa başlamış, 1994-cü ildən mübahisəli mənzildə qeydiyyatda olmuş, atası vəfat etdikdən sonra da həmin mənzildən qovulanadək, yəni 2010-cu ilədək miras mənzildə yaşamışdır. Bu işin mübahisələndirilməyən halıdır, yəni işdə olan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə də bu faktı təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, ...əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir... Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Hazırda qüvvədə olan Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən isə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göründüyü kimi, Mülki Məcəllənin tələbinə görə iddiaçının atasının vəfatından keçən 7 il ərzində mübahisəli mənzildə yaşamaqla mirasa yiyələnməsi və onu idarə etməsi iş üzrə müəyyən edildiyindən və qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunduğundan, onun tərəfindən vərəsəlik şəhadətnaməsinin vaxtında rəsmiləşdirilməməsi bu mirasa qarşı hüququn itirilməsi üçün əsas ola bilməz. Miras əmlakın faktiki surətdə qəbul olunması dedikdə, vərəsə tərəfindən miras əmlaka münasibətdə müxtəlif hərəkətlərin məcmusu anlaşılmalıdır. Vərəsənin miras mənzildə yaşaması və başqa yaşayış yerinin olmaması da həmin hərəkətlərdən biri kimi qiymətləndirilir və buna görə də həmin halın mövcud olması şəraitində mirasın faktiki surətdə qəbul edilməməsi yaxud bunun üçün notariusa müraciət edilmədiyi haqqında nəticə əsaslı hesab oluna bilməz. Ancaq birinci instansiya məhkəməsi X26 vəfatından sonra iddiaçının özünün vərəsə kimi tanınması üçün notariat orqanına müraciət etmədiyini, miras əmlakına faktiki sahiblik və idarəçilik etdiyini məhkəmədə sübuta yetirmədiyini, X26 iddiaçının atası olmasının 08.02.2017-ci il tarixdə rəsmiləşdirildiyini, iddiaçının isə miras əmlakın qəbul edilməsi ilə bağlı notariusa bundan 1 il 5 ay sonra, yəni 30.11.2018-ci il tarixdə müraciət etməsini, bununla da mirasın qəbul edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyən edilmiş 6 aylıq müddəti ötürdüyünü, halbuki, mirasın qəbul edilməsi üçün maneə hesab edilən hal aradan qalxdıqdan sonra iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246.1-ci maddəsində müəyyən edilmiş müddəti ötürməsi üçün hər hansı bir üzrlü səbəbi olmadığını göstərsə də, bu qənaət də açıq-aşkar əsassızdır. Əvvəla, iddiaçının mirasın qəbul edilməsi üçün mütləq notariat kontoruna müraciət etməsi kimi mülki qanunvericilikdə məcburi şərt nəzərdə tutulmamışdır. İddiaçının mirasın faktiki qəbul edilməsi barədə məhkəmədə iddia qaldırmaq kimi vəzifəsi də olmamışdır. Yəni, iddiaçı da digər vərəsələr kimi miras açıldığı vaxtdan da uzun illər əvvəldən də miras mənzildə oradan qovulanadək yaşamış, bununla da miras əmlaka faktiki olaraq sahiblik etmiş və miras əmlakı faktiki idarə etmişdi. İşdə olan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri, şahid ifadələri və digər yazılı sübutlarla da bu fakt açıq-aşkar təsdiq olunur. İkincisi, X26 iddiaçının atası olması 08.02.2017-ci il tarixdə rəsmiləşdirilsə də, iddiaçıya doğum haqqında şəhadətnamə 24 yanvar 2018-ci il tarixdə, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi isə daha sonra verilmişdir(bax.i.v.202;203;240). Buna görə də, iddiaçının miras əmlakın qəbul edilməsi ilə bağlı notariusa bundan 1 il 5 ay sonra, yəni 30.11.2018-ci il tarixdə müraciət etməsi də iddianın rədd olunması üçün əsas ola bilməzdi. Çünki, iddiaçı notariusa müraciət etməsə də miras əmlakı faktiki olaraq qəbul etmişdir. Bununla yanaşı, əvəzəedilən əşyadan fərqli olaraq əvəzedilməz əşyanı etibarsız əqd əsasında qarşı tərəf əldə etdiyi halda həmin əşyaya mülkiyyət hüququ ona keçmir. Bu vəziyyətdə əşyaya mülkiyyət hüququ elə mülkiyyətçinin özündə qaldığına görə, o, özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahibdən hər hansı bir müddət daxilində deyil, müddətsiz olaraq öz əşyasını tələb edə bilər. Yəni, etibarsız əqd əsasında edilən icra hərəkətləri nəticəsində verilən əşya mülkiyyət hüququna əsaslanaraq müddətsiz geri tələb edilə bilər. Hazırki iş üzrə də iddiaçının vərəsəlik hüququ əsasında faktiki olaraq qəbul etdiyi miras əmlak olan mübahisəli mənzilin etibarsız əqd əsasında mülkiyyət hüququnun əvvəlcə digər üç vərəsənin adına, daha sonra isə vərəsələrdən biri öldüyü üçün digər iki vərəsənin adına əvəzsiz əqd əsasında qeydə alınması həmin mənzil üzərində onların qeyd olunan həcmdə mülkiyyət hüququnu yaratmadığı üçün bu cür qeydiyyat da əsassızdır. Çünki, qeyd olunduğu kimi iddiaçı vərəsə kimi miras açıldığı vaxtdan sonra uzun illər həmin mənzildə yaşayıb mirasa sahiblik edib onu idarə etməklə faktiki olaraq mülkiyyət hüququ əldə etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh mübahisəli mənzilin atası ilə anasının birgə nikah dövründə əldə edilmiş əmlak olduğunu bildirsə də, işdən görünür ki, mərhum Lütfiyyə Cəmilova həmin mənzilin mərhum əri Lemaran Cəmilovun adına özəlləşdirilməsinə razılıq vermişdir. Demək, miras mənzil onların birgə nikah dövründə əldə edilmiş əmlakı kimi qiymətləndirilə, Zera Lemaranovnanın isə miras payının artırılmasına səbəb ola bilməz. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddia ərizəsinin nəticə hissəsində iddiaçının “05.04.2005-ci il tarixli 2V-01-34 reyestr nömrəli və 26.08.2018-ci il tarixli 2V-154 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri qismən ləğv edib” qeyd olunması iddianın bu hissəsinin, yalnız ona görə ki, “etibarsız hesab edilməsi tələb edilməyib” əsası ilə rədd olunması üçün əsas ola bilməz. Çünki, məhkəmə özü də iddiaçının bu tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilər. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. Mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaların rədd olunması isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir. Apellyasiya baxışı zamanı da iddiaçının həqiqi istəyinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin qismən, yəni həmin şəhadətnamələrdə ona aid miras payının müəyyən edilməməsinə görə etibarsız hesab edilməsinə nail olmaq olduğu müəyyən edilmişdir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(011)-491/2021 nömrəli qətnaməsi ləğv edilməli, iddia təmin edilməli, Bakı şəhəri 18 saylı notariat kontoru(ofisi) tərəfindən Bakı şəhəri, Xətai rayonu, X34 küçəsindəki 12 nömrəli evin 53 nömrəli miras mənzilə dair verilmiş 05.04.2005-ci il tarixli 2V-01-34 reyestr nömrəli və 26.08.2018-ci il tarixli 2V-154 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr qismən ləğv(etibarsız hesab) edilməli, Bakı şəhəri, Xətai rayonu, X34 küçəsindəki 12 nömrəli evin 53 nömrəli mənzilinə İddiaçı adına 1/4 hissədə, X15 adına 1/4 hissədə, X10 adına isə 2/4 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsi Bakı şəhəri 18 saylı Notariat Ofisinin(Kontorunun) üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(011)- 491/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Bakı şəhəri 18 saylı notariat kontoru(ofisi) tərəfindən Bakı şəhəri, Xətai rayonu, X34 küçəsindəki 12 nömrəli evin 53 nömrəli miras mənzilinə dair verilmiş 05.04.2005-ci il tarixli 2V-01- 34 reyestr nömrəli və 26.08.2018-ci il tarixli 2V-154 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr qismən ləğv(etibarsız hesab) edilsin. Bakı şəhəri, Xətai rayonu, X34 küçəsindəki 12 nömrəli evin 53 nömrəli mənzilinə İddiaçı adına 1/4 hissədə, X15 adına 1/4 hissədə, X10 adına isə 2/4 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsi Bakı şəhəri 18 saylı Notariat Ofisinin(Kontorunun) üzərinə qoyulsun. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6518/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6518/2021
30.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver