Məhkəmə qərarları › İş №2(103)-6519/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6519/2020

09.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6519/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və xxxxx Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı2 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh 60.000 manat pulun, həmin pulun 283 gün üçün illik 5(beş) faizi, yəni 2.326 manatın və 50.000 manat mənəvi zərər olmaqla, cəmi 112.326 manatın alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini, həmçinin Cavabdeh əməlində Azərbaycan Respublikası CM 178.3 və 32. 312-ci maddələrinin tərkibi mövcud olduğu üçün onun barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Abbasova, iş № 2(001)-885/20) iddia təmin edilməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin qətnamədən apelyasiya şikayəti vermişlər. İşin halları: İddiaçılar öz tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı1 oğlu Vüqar Kazımov aldadılaraq Suriyaya aparılmış, sonradan aldadıldığını bilərək geri qayıtmaq üçün iddiaçılara müraciət etmiş, sonuncularda öz növbələrində bununla bağlı Sumqayıt DTX-ya məlumat veriblər. İddiaçı2 əsgər yoldaşı Şəmsəddinlə, o da öz növbəsində Vüsal adlı tanışı ilə Vüqarın Suriyadan çıxarılması ilə bağlı məsləhətləşiblər. Vüsal bu işdə kömək etməsi üçün 2019- cu ilin fevral ayının əvvəllərində iddiaçıları Cavabdeh ilə tanış edib. İddiaçılar cavabdehlə görüşərkən o, özünü vəkil olaraq təqdim etmiş, əmisinin DTX-da yüksək rütbətli məmur olduğunu və onunla məsləhətləşib məlumat verəcəyini bildirmişdir. Növbəti gün iddiaçılar cavabdehlə yenidən görüşərkən, cavabdeh guya əmisinin tapşırığı ilə bu işlə məşğul olacaq DTX əməkdaşı Elçin və DİN-nin əməkdaşı, polkovnik leytenant rütbəli Əbil adlı şəxslərlə görüşdürüb. Cavabdeh Vüqar Kazımovun həmin əməkdaşların köməyi ilə Suriyadan çıxarılması və Azərbaycana gətirilməsi üçün 60.000 manat pul vermək lazım olduğunu bildirmişdir. İddiaçılar həmin pulu yığaraq cavabdehə verərkən xx.xx.2019-cu il tarixdə təminat olaraq cavabdehə İddiaçı2 60.000 manat borc alması barədə borc müqaviləsi imzalatdırıb və pulu bank vasitəsilə cavabdehə veriblər. Lakin bir neçə ay keçsə də, Vüqar Suriyadan çıxarılmayıb. Bundan sonra İddiaçı1 cavabdehlə görüşərkən cavabdeh Vüqarın gətirilməsi üçün gedəcək adama da 30.000 manat pul lazım olduğunu bildirib. İddiaçı1 cəmi 20.000 manat düzəldib verə biləcəyini söz vermiş, cavabdeh isə 4.000 manat da onun özünün haqqı olduğunu bildirmiş və İddiaçı1 əlavə olaraq 2019-cu ilin iyun 24.000 manat almışdır. X2 gətirilməyib, onun sonrakı taleyi barədə məlumat almaq mümkün olmayıb və alınan 84.000 manat pul geri qaytarılmayıb. Bundan sonra İddiaçı1 Azərbaycan Respublikası Prokurorluğuna şikayət vermiş, şikayət verildikdən sonra cavabdeh məsuliyyətdən qorxaraq 2019-cu ilin avqust ayından bank vasitəsilə 84.000 borcdan 24.000 manatını geri qaytarmış 60.000 manatı isə qaytarılmayıb. İddiaçılar yaxın qohumlarının taleyi ilə oynaması, onların aldadılaraq külli miqdarda pullarının ələ keçirilməsi nəticəsində dərin mənəvi sarsıntı və stres keçiriblər və özlərinə dəyən mənəvi zərəri 50.000 manat qiymətləndiriblər. Qeyd edilənlərə əsasən iddiaçılar müqavilənin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müaricət etməyi zəruri hesab etmişlər. İş materiallarına əlavə edilmiş Cavabdeh iddiaya etiraz ərizəsindən görünür ki, Cavabdeh iddiaçılardan 60.000 manat pulu notarial qaydada İddiaçı2la iş görmək üçün aldığını, hər ay İddiaçı2 1.000 manat qazanc verəcəyini bildirmiş, sonuncu isə razılaşmışdır. Ev alqı-satqısından gələn gəlirdən bir dəfə 2019-cu ilin aprel ayında İddiaçı2 2.000 manat, iyul ayında 5.000 manat pul verdiyini bildirmişdir. Bir müddətdən sonra İddiaçı2 ona bildirmişdir ki, qardaşını Suriyadan gətirmək üçün kimləsə danışıblar, ona görə pul lazımdır. Cavabdeh bu səbəbdən xx.xx.2019-cu il tarixdə isə bank vasitəsilə İddiaçı2 24.000 manat borcunun qaytardığını bildirmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili G.Şəfiyeva iddia tələbini qismən qəbul etdiklərini, pulun kommersiya məqsədi ilə yaşayış evinin tikilməsi üçün alındığını, lakin müqavilənin borc müqaviləsi kimi rəsmiləşdirildiyini, alınan puldan 24.000 manatın qaytarıldığını, hazırda 36.000 manat borcun qaldığını və cavabdehin borcu ödəməyə razı olduğunu bildirmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixdə Sumqayıt şəhərində Notarial qaydada bağlanmış kredit müqaviləsindən görünür ki, İddiaçı2 Cavabdeh 60.000 manat borc vermiş, sonuncu isə öz növbəsində krediti xx.xx.2019-cu il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayətində qətnamənin ləğv olunaraq iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçılar apelyasiya şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.1, 339.2-ci maddələrinin pozulması və düzgün tətbiq olunmaması ilə əsaslandırmışlar. İddiaçılar məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və şikayətin məzmununa uyğun izahat verdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçıların izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Binəqədi Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi iddiaçıların tələbləri aşağıdakılardan ibarətdir: - borc müqaviləsinin etibarsız hesab edilməsi; - cavabdehdən ödədiyi 60 000 manat pulun, həmin pulun 283 gün üçün illik 5 faizi olan 2326 manatın tutulması; - vurulmuş mənəvi zərərin əvəzi olaraq 50000 manat ödənilməsi. Birinci instansiya məhkəməsi sadalalan tələblərdən yalnız “borc müqaviləsinin etibarsız hesab edilməsi” tələbi üzrə araşdırma aparmış, yalnız həmin tələbə qiymət vermiş, borc müqaviləsinin etibarsızlığı üçün əsasların olmadığını düzgün müəyyən etmiş olsa da, digər tələblərə ümumiyyətlə münasibət bildirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bununla Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbini pozmuşdur. Həmin maddəyə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddənin məzmunundan da göründüyü kimi prosessual qanunvericilik iddia tələblərinin hüdudlarının (həcminin) müəyyən edilməsini iddiaçının dispozitiv hüququ kimi nəzərdə tutmuşdur. Bu hüquq iddiaçıya məhkəmə tərəfindən qətnamə çıxarılanadək Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbinə müvafiq olaraq iddia tələbinin həcmini artırmaq və ya azaltmaq imkanı verir. Lakin işdən göründüyü kimi iddiaçı iddia tələbinin həcminin artırılması və ya azaldılması, yaxud iddianın dəyişdirilməsi barədə məhkəməyə müraciət etməmişdir. Birinci instansiya məhkəməsi borc müqaviləsinin etibarsız hesab edilməsi üçün əsasların olmadığını düzgün müəyyən etmiş olsa da, qətnamə yalnız həmin tələb üzrə çıxarıldığından, qətnamənin digər tələblərə aid başqa hissələri olmadığından məhkəmə kollegiyası qətnamənin tamamilə ləğv olunmasını və tələblərin hər birinə ayrılıqda müfəssəl və düzgün hüquqi qiymət verilməsini məqsədəuyğun hesab edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçılardan İddiaçı1 müqavilə tərəfi olmadığından, müqavilə məbləğinin ona məxsus olduğunu, eləcə də hər hansı maddi və mənəvi zərərə məruz qalmasını sübuta yetirə bilmədiyindən onun iddia tələbi tamamilə rədd edilməlidir. xx.xx.2019-cu il tarixli kredit (borc) müqaviləsi İddiaçı2la Cavabdeh arasında bağlandığından və İddiaçı2 hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olduğu müəyyən edildiyindən məhkəmə kollegiyası yalnız onun iddia tələblərinin əsaslı olubolmadığı ilə bağlı ayrıca araşdırma aparılmasını və qiymət verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası apelyasiya qaydasında araşdırma apararkən borc (kredit) müqaviləsinin etibarsız hesab edilməsi üçün Mülki Məcəllənin 337-349-cu maddələrində nəzərdə tutulan əsaslardan hər hansı birinin mövcudluğunu müəyyən etmədi. Borc müqaviləsi forma baxımından mülki qanunvericiliyin tələblərinə əməl edilməklə bağlanmış, müqavilədə borcla bağlı tərəflərin həqiqi iradəsi mövcud olmuş, müqavilənin məzmunu tərəflərin iradəsinə uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Yuxarıda qeyd olunduğu kimi, mübahisələndirilən müqavilə bağlanarkən qanunla müəyyənləşdirilmiş heç bir şərt pozulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. İddiaçı tərəf öz yaxın qohumlarını Suriyadan gətizdirmək faktını pərdələmək üçün müqavilənin bağlanmasına istinad etsə də, məhkəmə bu dəlili əsassız sayır. Belə ki, qanunverici digər əqdi pərdələmək məqsədini nəzərdə tutduğu halda, iddiaçı tərəf heç bir əqdi deyil, məhz hansısa faktı (qohumunun Suriyadan gətirilməsi müqavilə predmeti ola bilməz) pərdələmək məqsədinə istinad edirlər ki, bunun da hansısa qanuni əsası müəyyən edilmir. Həmçinin cavabdeh də 60 000 manat pulu aldığını bildirsə də, bunu digər məqsədlə - iş görmək üçün aldığını və hər ay iddiaçılara fayda verəcəyini göstərmişdir. Göründüyü kimi, müqavilənin hansı məqsədlə bağlanmasına dair tərəflərin izahatları uyğun gəlmir və onlar bununla bağlı istinad etdikləri halları, faktları sübuta yetirə bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına əsasən bu qənaətə gəlir ki, tərəflər arasındakı mübahisənin düzgün hüquqi tövsifini aparmaq üçün istinad olunacaq yeganə hal onlar arasında qanunla müəyyən edilmiş qaydada və formada bağlanmış kredit (borc) müqaviləsidir. Deməli, tərəflər arasında borc münasibətlərinin olduğu qəbul edilməli və mübahisəyə borca dair qaydalar tətbiq olunmalıdır. Mülki Məcəllənin 739.1-ci madəsinin tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1 və 740.2-ci maddələrinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Kredit müqaviləsinin məzmunundan göründüyü kimi, İddiaçı2 Cavabdeh bir ay müddətinə qaytarmaq şərtilə 60 000 manat məbləğində borc vermişdir. 60 000 manat məbləğində pulun İddiaçı2 tərəfindən Cavabdeh verilməsini və sonuncunun da həmin məbləği almasını tərəflər təsdiq edirlər və bu, işin mübahisəsiz halıdır. Lakin iddiaçı 60 000 manatdan əlavə 2019-cu ilin iyun ayında cavabdehə əlavə olaraq heç bir rəsmiləşdirmə aparmadan 24000 manat verdiyini və 2019-cu ilin avqust ayında cavabdehin həmin 24 000 manatı qaytardığını da iddia edir. Cavabdeh isə iddiaçıdan əlavə 24 000 manat almadığını, 24000 manatı borc müqaviləsi üzrə aldığı 60 000 manata görə qaytardığını, eyni zamanda iddiaçıya müxtəlif vaxtlarda 2000 və 5000 manat da qaytardığını göstərmişdir. Apelyasiya baxışı zamanı iddiaçının cavabdehə borc müqaviləsində nəzərdə tutulan 60 000 manatdan əlavə 24000 manat da verməsi, cavabdehin isə müxtəlif vaxtlarda 2000 və 5000 manat pulu iddiaçıya qaytarması öz təsdiqini tapmamış, bununla bağlı heç bir tutarlı sübut (müqavilə, qəbz və sair) məhkəməyə təqdim edilməmişdir. Cavabdeh 2019-cu ilin avqust ayında iddiaçıdan aldığı 60 000 manatın 24 000 manatını qaytardığını göstərmişdir. İddiaçı həmin məbləğin qaytarıldığını etiraf etsə də, bu məbləğin borc müqaviləsində göstərilən 60 000 manata heç bir aidiyyəti olmadığını, onun müqavilədən sonra verdiyi 24 000 manat olduğunu bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 60 000 manatdan əlavə 2019-cu ilin iyun ayında cavabdehə əlavə olaraq heç bir rəsmiləşdirmə aparmadan 24000 manat da verməsi öz təsdiqini tapmadığından cavabdeh tərəfindən ödənilmiş 24 000 manat borc müqaviləsi üzrə verilmiş 60 000 manata aid edilməli və həmin məbləğdən çıxılmalıdır. Beləliklə, 60000 manat borcdan 24000 manatın cavabdeh tərəfindən qaytarılması və qalıq borcun 36000 manat olması məhkəmə iclasında sübuta yetirilmişdir. Cavabdeh tərəf özü də birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında iddianı qismən qəbul edərək 36 000 manat borcu olduğunu etiraf etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən bu qənaətə gəlir ki, 36000 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı2 xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, iddia tələbi 283 gün üçün illik 5 faiz olmaqla 2326 manatın cavabdehdən tutulması hissəsində də qismən təmin olunmalıdır. Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının gecikdirilmiş 283 gün üçün illik 5 faiz olmaqla pul tələbi adı çəkilən maddələrin dispozisiya əlamətlərinə uyğun gəlir və həmin maddələrin təsiri altına düşür. Belə ki, cavabdeh özü izahatlarında fərdi yaşayış evlərinin tikintisi və satışı ilə məşğul olduğunu, iddiaçıdan aldığı 60 000 manat borcu məhz bu məqsədlərə sərf etdiyini və hətta götürdüyü qazancdan iki dəfə 2000 manat və 5000 manat olmaqla iddiaçıya qaytardığını göstərmişdir. Onun iddiaçıya 2000 manat və 5000 manat qaytarması öz təsdiqini tapmasa da, aldığı puldan faydalanması, qazanc götürməsi elə həmin izahatlarla təsdiq olunur və belə olan vəziyyətdə iddiaçı artıq həmin halları sübutetmə yükündən azad olur. İddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı 60 000 manat borcun gecikdirilməsi, vaxtında qaytarılmaması ilə bağlı müqavilənin bağlandığı xx.xx.2019-cu il tarixdən məhkəmədə iddia qaldıldığı xx.xx.2019-cu ildək olan dövrə görə 283 gün üçün illik 5 faiz olmaqla 2326 manatın cavabdehdən tutulmasını tələb edir. Yuxarıda qeyd olunduğu kimi, müqavilə məbləğini təşkil edən 60 000 manatın 24 000 manatı 2019-cu ilin avqust ayında qaytarılmışdır və cavabdehin iddiaçıya olan qalıq borcu 36 000 manatdır. Belə olan vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, müqavilə müddətinin bitdiyi xx.xx.2019-cu ildən 2019-cu ilin avqust ayına qədər 60 000 manatın, 2019-cu ilin avqust ayından iddia qaldırıldığı xx.xx.2019-cu il tarixədək olan dövr üçün isə qalıq borcunu təşkil edən 36 000 manatın gecikdirilməsinə görə illik 5 faiz hesablanmalı və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixədək olan dövr üçün (147 gün) 60 000 manatın x xxxxx 1208,21 manat, xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək olan dövr üçün (115 gün) 36 000 manatın 5 faizi isə 567,12 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd olunanlarla yanaşı iddia tələbini mənəvi zərərə görə 50000 manat ödənilməsi hissəsində iddianı əsassız sayır və hesab edir ki, iddiaçı cavabdehin təqsiri üzündən mənəvi sarsıntı və iztirablar keçirməsini sübuta yetirə bilmədiyindən iddia tələbi həmin hissədə bütünlüklə rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» xx xxxxxx 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən qətnamə ləğv olunmalı və iddia tələbi qismən təmin edilməlidir (MPM-nin 385.1.1 və 385.1.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı2 iddiası qismən təmin edilsin. Ödənilməmiş borca görə 36000 manat məbləğində pul vəsaiti və gecikdirməyə görə illik 5 faiz olmaqla 1775,33 manat (min yeddi yüz yetmiş beş manat otuz üç qəpik) Cavabdeh tutulub İddiaçı2 ödənilsin. İddiaçı2 iddiası qalan hissədə, İddiaçı1 iddiası isə tamamilə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli xxxxx

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar