Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6522/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1154/2020 saylı 20.04.2021ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli 2(009)- 1154/2020 saylı qətnaməsi ilə İddiaçı “pul tələbinə dair” iddiası Cavabdeh2 münasibətdə rədd edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli 2(009)- 1154/2020 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsi Cavabdeh1 aid hissədə baxılmamış saxlanılmışdır. İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli 2(009)- 1154/2020 saylı qətnaməsindən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1154/2020 saylı 20.04.2021ci il tarixli qərardadı ilə apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi əsası ilə apelyasiya şikayəti onu verən şəxsə geri qaytarılmışdır. İddiaçı hazırda həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsi və apelyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş edərək, göstərmişdir ki, tərəflərindən məhkəməyə edilmiş şifahi və yazılı müraciətlərdə MTK-nın ünvanı Yasamal rayonu, H.Cavid prospekti 46 ünvanı göstərilmişdir. Məhkəməyə müraciət etdikdən sonra 09.03.2021-ci il tarixdə qətnamə poçt vasitəsi ilə MTK-ya göndərilmişdir. Məhkəmənin 19.05.2021-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və şikayətə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işdə olan SS684774180AZ nömrəli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli 2(009)-1154/2020 saylı qətnaməsi iş üzrə İddiaçı ünvanına göndərilmiş və sözügedən qətnamə həmin ünvanda “Əliyeva” soyadlı şəxs tərəfindən 04.11.2020-ci il tarixdə qəbul edilmişdir. Lakin İddiaçı 18.02.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qətnaməni almadıqlarını bildirmiş və həmin qətnamənin onlara təqdim olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli 2(009)-1154/2020 saylı qətnaməsi iş üzrə İddiaçı ünvanına təkrar göndərilmiş və sözügedən qətnamə həmin ünvanda “Qarayev” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Məhkəmə qətnaməsi 04.11.2020-ci il və təkrar olaraq 09.03.2021-ci il tarixlərdə təqdim olunsa da, İddiaçı tərəfindən apelyasiya şikayəti 08.04.2021-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə təqdim olunmuşdur. Bununla da iddiaçı qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində müəyyən edilmiş şikayət vermə müddətini ötürmüş, prossesual müddətin bərpası barədə vəsatət isə məhkəməyə təqdim etməmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti düzgün deyildir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində hüquqi ünvan olaraq ünvan 2 da, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəməyə göndərildiyi poçt zərfinin üzərində MTK-nın ünvanı olaraq Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46 göstərilmişdir. Buna baxmayaraq məhkəmə tərəfindən məhkəmə bildirişləri və məhkəmə qətnaməsi MTK-nın hüquqi ünvanı üzrə göndərilmişdir. Daha sonra iddiaçı məhkəməyə müraciət etdikdən sonra Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46 ünvanı üzrə məhkəmə qətnaməsi göndərilmiş və 09.03.2021-ci il tarixdə poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmiş və apelyasiya şikayəti 08.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə tərəfindən qeyd olunan hallar araşdırılmadan apelyasiya şikayəti geri qaytarılmışdır. Kollegiya hesab edir ki, məhkəmənin qərardadı ləğv edilməli və yuxarıda göstərilən hallar araşdırılaraq, münasibət bildirilməsi və yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1154/2020 saylı 20.04.2021-ci il tarixli qərardad ləğv edilsin və İddiaçı MTK tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə yenidən baxılması üçün iş Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6522/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6522/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver