Məhkəmə qərarları › İş №2(103)-6526/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6526/2022

04.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6526/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (Quba Regional «ASAN xidmət» mərkəzi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: vəsiyyətnamənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi, vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Quba regional «ASAN xidmət» mərkəzi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair» mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, e-2(007)-1586/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 04 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xx.xx.2021-ci il tarixli etibarnamə ilə X1 İradə Murad qızına qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq satmaq, bağışlamaq və digər əqdlər bağlamağı, adından istənilən məzmunlu razılıq ərizələri və digər ərizələri yazmağı və başqa hərəkətlərin yerinə yetirilməsini etibar etmişdir. Etibarnamə xx.xx.2031-ci il tarixədək qüvvədədir, 10 il müddətinə verilmişdir.

2. Quba rayonu “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X11 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Cavabdeh vəsiyyət etmiş, vəsiyyətnamə 2 nüsxədən ibarət tərtib edilərək nüsxənin biri notariat ofisində saxlanılmış, digəri isə vəsiyyət edənə verilmişdir.

3. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli iddia ərizəsinin surətindən görünür ki, X9 və X11 cavabdeh İddiaçı qarşı mənzilin real naturada bölgüsü tələbinə dair məhkəmədə iddia qaldırmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X11 tərəfindən xx.xx.2021-ci il tarixdə Quba regional «ASAN xidmət» Mərkəzində notariat ofisində 2V-1127 nömrə ilə reyestrdə qeydə alınmış Cavabdeh verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, anası X6 vəfat etdikdən sonra vərəsəlik qaydasında ona, X3na və bacısı X5 ünvan 2 ünvanda ümumi sahəsi 58,1 m2 olan mənzildəki miras əmlakdan hər birlərinə bərabər hissədə olmaqla pay düşmüşdür. Həmin əmlaka dair ona 1/3 hissə, X3na 1/3 hissə və bacısı X5 1/3 hissədə mülkiyyət hüququna dair qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarış verilmişdir. Onlara eyni zamanda anaları X4 Quba rayonu Digah kəndində fərdi yaşayış evi də miras qalmışdır. Lakin həmin evə dair heç bir sənəd olmadığı üçün miras əmlak siyahısına daxil edilməmişdir. X3 həmin Quba rayonu Digah kəndində yerləşən fərdi yaşayış evində yaşayırdı. Heç vaxt ailə qurmamış və daima spirtli içki qəbul edirdi. O, 2021-ci ilin təxminən noyabr-dekabr aylarında ata-baba kəndləri olan qardaşı Aydının yaşadığı Quba rayonu Digah kəndində olarkən qonşuları ona bildirdi ki, bacısı İradə Seyidova 2021-ci ilin sentyabr ayında kəndə Aydın Səidovun yanına gəlmişdir. Qardaşı Aydın qonşulara demişdir ki, bacısı X2 gələrək Aydını Quba regional «ASAN xidmət» mərkəzində notariat ofisinə aparmış və orada vəsiyyətnamə vemiş və vəsiyyətnamə verərkən sərxoş olmuşdur. Sonradan bacısının Aydına deməsinə görə əmlakını bacısı qızı Cavabdeh vəsiyyət etmişdir. Vəsiyyətnamənin məzmununda nə yazıldığını bilməmiş və vəsiyyətnamənin verilməsindən peşman olduğunu bildirmişdir. O, bu barədə Aydının özündən soruşanda bildirmişdir ki, o, bacısı İradə Seyidovadan 150 manat borc aldığı üçün bacısının hər sözü ilə razılaşmış və notariat ofisinə gedərkən sərxoş olduğuna görə nə üçün getdiyini bilməmişdir. O, qardaşı Aydına bildirmişdir ki, əgər vəsiyyətnamə onun iradəsilə yazılmamışdırsa o istənilən vaxt onu ləğv edə bilər. Aydın isə ona bildirmişdir ki, bacısı İradə ona demişdir ki, vəsiyyətnaməni ləğv etmək mümkün deyildir. Aydın həmçinin əgər vəsiyyətnaməni ləğv edərsə bacısı ona verdiyi 150 manat pulu istəsə qaytara bilməyəcəyini demişdir. Ona görə də, ondan ona kömək etməyini xahiş etmişdir. Bundan sonra bacısı X9 həm özü, həm də X3nun adından 2022-ci ilin yanvar ayında Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ünvan 3 ünvanda yerləşən paylı mülkiyyət hüququ ilə hər birinə məxsus 1/3 hissədə paylarının naturada bölünməsini tələb etmişlər. İddia ərizəsinə qardaşı Aydının əvəzinə etibarnamə əsasında İradə Seyidova təmsil edərək imza etmişdir. Bu iddia ilə əlaqədar bir neçə dəfə qardaşı Aydn Səidovla danışdıqda o, ümumiyyətlə bacısı İradə Seyidovaya etibarnamənin verilməsindən məlumatsız olduğunu bildirmiş və onun hansı şəraitdə verilməsini xatırlamır. Aydın ondan xahiş etmişdir ki, həm vəsiyyətnamənin, həm də etibarnamənin ləğv edilməsi üçün Quba rayonun Digah kəndinə gələrək onu Quba regional «ASAN xidmət» mərkəzində notariat ofisinə aparsın ki, o həm bacısı X5 verdiyi etibarnaməni, həm də yazılmış vəsiyyətnaməni ləğv etsin. O da ona gələcəyini və nə kömək lazımdırsa edəcəyini bildirmiş, lakin bu danışıqlarından təxminən bir neçə gün keçdikdən sonra X3 heç bir xəstəliyi olmadan xx.xx.2022-ci il tarixdə naməlum şəraitdə 62 yaşında vəfat etmişdir. Payların naturada bölünməsi barədə Nizami Rayon Məhkəməsində olan iş üzrə icraat hüquq varisi müəyyən olunanadək dayandırılmışdır. O, həmçinin qeyd edir ki, qardaşı Aydın əvvəllər anaları sağ olarkən onlarla birlikdə yaşayırdı. Bacıları İradə ilə Aydının arasında münasibətlər pis olmuşdur. Belə ki, İradə qardaşları Aydınla birlikdə qalmamaq üçün onunla münaqişə yaradırdı və Aydına deyirdi ki, getsin rayonda yaşasın. Aydın da heç yerdə işləmədiyi və analarının təqaüdü ilə yaşadığı üçün getmək istəmirdi. X12 həmin dövrdə Aydına bildirirdi ki, bacısı İradə Aydından polisə şikayət etməmiş yaşamaq üçün ata-baba yerləri olan Quba rayonunun Digah kəndinə getsin. Aydın isə rayona getmədiyi üçün bacısı İradə Seyidova 2020-ci ilin mart ayında Aydın tərəfindən döyülməsi barədə polisə şikayət etmişdir. Bundan sonra Aydın yaşamaq üçün ata-baba yerləri olan Quba rayonunun Digah kəndinə getmişdir. Hələ analarının sağlığında anası ona bildirmişdir ki, bacıları İradə ona demişdir ki, yaşadıqları ünvan 2 ünvanda yerləşən mənzili ona vəsiyyət etsin. Hətta anası vəfat etdikdən sonra ona həmin mənzildən qanun üzrə vərəsə kimi ona düşən 1/3 hissə paydan onun xeyrinə imtina etməsini də demişdir. Yəni bacıları İradə Seyidovanın niyyəti həmin vaxtdan məlum idi. Vəsiyyətnamənin yazılması şəxsin istəyi və iradəsinin həyata keçirilməsi ilə bağlıdır. Lakin vəsiyyət edənin iradəsinin nəticəsi qardaş kimi onun hüquq və mənafeyinə toxunduğu üçün, qanunverici vəsiyyət edənin ölümündən sonra, onun iradə ifadəsinin həqiqətən ona mənsub olduğunu, vəsiyyətnamənin şüurlu şəkildə tərtib edildiyini və vəsiyyətin azad, müstəqil tərzdə baş verdiyini müəyyən etməyə imkan verib, onun etibarlılığını mübahisə edilməsinə icazə verir.

6. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, e-2(007)-1586/2022 saylı qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia tələbi təmin edilməmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1, 346.1, 1179.1, 1179.2, 1180.1, 1180.2, 1188, 1225.1, 1225.3-cü maddələrinə, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin 3-cü bəndinə, «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 57, 58 və 72-ci bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair yetərincə sübutların olmasına baxmayaraq birinci instansiya məhkəməsi təqdim edilmiş sübutları və şahid ifadələrini nəzərə almamışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin təmsilçisi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

13. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

14. Maddə 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

15. Maddə 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.

16. Maddə 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.

17. Maddə 1180.1. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər.

18. Maddə 1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır.

19. Maddə 1188. Vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər.

20. Maddə 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır.

21. Maddə 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.

«Notariat haqqında» Azərbaycan Respublikası Qanunu

22. Maddə 35. Bənd 3. Əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılmalıdır.

«Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimat

23. Bənd 57, 58, 72. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsi ilə tərtibinə yol verilmir. Vəsiyyət edən notariusa ərizə verməklə vəsiyyətnaməni dəyişdirə və ya ləğv edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. İddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair yetərincə sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi təqdim edilmiş sübutları və şahid ifadələrini nəzərə almamışdır.

33. Kollegiya qeyd edir ki, iddiaçının həmin dəlili əsassızdır. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən xx.xx.2021-ci il tarixdə Quba regional “ASAN xidmət” Mərkəzində notariat ofisində 2V-1127 nömrə ilə reyestrdə qeydə alınmış vəsiyyətnamə ilə X11 ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Cavabdeh vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə notariat formasında yazılı formada iki şahid ilə birlikdə tərtib edilmişdir. Vəsiyyətnamə qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən həmin vəsiyyətnamənin X7 içkili vəziyyətdə, öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilməsi, X7 vəsiyyətnaməni hədə-qorxu və təsir altında verməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Vəsiyyətnamənin etibarsız hesab edilməsinə hər hansı qanuni əsas mövcud deyildir.

34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1586/2022 saylı iş üzrə 07 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar