Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6526/2024 23.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, Borclu Cavabdeh2 ASC-nin nümayəndəsi X6 iştirakı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3183/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsini izah etməkdən imtina edilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3183/2019 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından borclu Cavabdeh2 ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3183/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" İKB ASC-nin 5 saylı filialı ilə X3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, D13/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-101-41220 nömrəli bank hesabında olan 50.000 ABŞ dolları məbləğində pulun girov qoyulmasına dair ‘‘Nikoyl” İKB ASC ilə X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 15-D-1-0-158-15 saylı əmanətin girov müqaviləsi etibarsız hesab edilmiş, "xxxx" İKB ASCnin 5 saylı filialı ilə X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-110-41220 nömrəli bank hesabında olan 28.500 ABŞ dolları məbləğində pulun girov qoyulmasına dair "xxxx" İKB ASC ilə X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 15-D-2-0180-15 saylı əmanətin girov müqaviləsi etibarsız hesab edilmiş, "xxxx" İKB ASC-nin 5 saylı filialı ilə X3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, D13/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478- 101-41220 nömrəli bank hesabında qoyulmuş 50.000 ABŞ dolları məbləğində əmanətin və onun üzərinə hesablanmış faizlərin və "xxxx" İKB ASCnin 5 saylı filialı ilə X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-110-41220 nömrəli bank hesabında qoyulmuş 28.500 ABŞ dolları məbləğində əmanətin və onun üzərinə hesablanmış faizlərin cavabdeh "xxxx" X7 Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3152/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" İKB ASC-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3183/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər "xxxx" İKB ASC-yə və Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi və pulun tutulması” tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4435/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3152/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1135/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" İKB ASC (sonrakı adı Cavabdeh2 ASC) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3183/2019 saylı qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4994/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-1135/2021 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1140/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" ASC-nin ("xxxx" ASC) apellyasiya şikayəti təmin edilməmiş, mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3183/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5026/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1140/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra borclu Cavabdeh2 ASC ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3183/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə izah verilərək, əmanət müqavilələri üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2017ci il tarixədək əmanətlərə hesablanmış faiz məbləğində vəsaitin müştəri və vəsiyyətnamə üzrə vərəsə İddiaçı tərəfindən nağdlaşdırıldığı və bunun nəticəsində vergi ödənişləri aparılaraq ümumilikdə 17.347,08 ABŞ dolları istifadə edilməsinin nəzərə alınması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3183/2019 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qeyd edilən qərardaddan borclu Cavabdeh2 şikayət verərək, qərardadın ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçıya ödənilməli olan 116.764,17 ABŞ dolları (198.499,09 AZN) vəsait tərəflərindən xx.xx.2022-ci il tarixdə İddiaçı ödənilmiş, həmçinin əmanət müqavilələri üzrə əmanətlərə hesablanmış faiz məbləğindən müxtəlif tarixlərdə 17.347,08 USD məbləğində vəsait müştəri və vəsiyyətnamə üzrə vərəsə İddiaçı tərəfindən istifadə edilmişdir. Bu fakt Bakı Apellyasiya Məhkəməsinin 8(103)-177/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında da öz təsdiqini tapmışdır. Belə ki, həmin qərardadın əsaslandırıcı hisəsində də qeyd edildiyi kimi xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək faizlərdən istifadəyə görə 5.194,50 ABŞ dolları və 311,40 ABŞ dolları məbləğində vergi ödənişləri olmuşdur. Göründüyü kimi, müştəri və İddiaçı tərəfindən əmanətlərə hesablanmış faizlər məxaric edildiyindən qanunvericiliyin tələbinə əsasən vergi tutulmaları da aparılmışdır. Yekun olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-177/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı ödənilməli olan məbləğ 32.724,75 USD (166.836 – 173.47,08 – 116.764,17 = 32.724,75 USD) təşkil etmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin 04 iyul 2024-cü il tarixli icraata başlamaq haqqında qərarı könüllü icra müddətində tərəflərindən icra edilərək əmanət müqavilələri üzrə hesablanmış 32.724,75 USD (55.632,08AZN) qalıq faiz məbləği xx.xx.2024-cü il tarixində Bakı şəhəri Yasamal İcra şöbəsinin depozit hesabına köçürülmüşdür. Lakin buna baxmayaraq, Bakı şəhəri Yasamal rayon İcra şöbəsi xx.xx.2024-cü il tarixli, 208036/2024-53-26-002 nömrəli məktubla Banka müraciət edərək, icra sənədinin tərəflərindən icra olunmadığını və əlavə olaraq 31.191 manat ödəniş etməli olduqlarını bildirmişdir. Yasamal rayon İcra şöbəsinin məktubundan da göründüyü kimi, məhkəmə qətnaməsinin tam icra olunması ilə bağlı mübahisə var. Lakin məhkəmə qərardadının əsaslandırıcı hissəsində məhkəmə qətnamə icra olunduğundan ona izah verilməsinin mümkün olmadığını göstərmişdir. Qeyd edilənlərə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3183/2019 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli və əmanət müqavilələri üzrə müştəri tərəfindən istifadə edilmiş məbləğlər Bankdan təkrar tələb olunduğundan bu məsələyə aydınlıq gətirilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3183/2019 saylı qətnaməsinə izah verilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3183/2019 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-6526/2024 saylı qərardadı ilə şikayətə tərəflərin iştirakı ilə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında borclu Cavabdeh2 ASC-nin nümayəndəsi X8 şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini və qətnaməyə izah verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə digər tərəflər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdilər. Məhkəmə kollegiyası borclu tərəfi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır; 230.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir; 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu da "Məhkəmə qətnaməsi haqqında" xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərmişdir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş məhkəmə qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, izah verilməsi tələb edilən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3183/2019 saylı qətnaməsində hər hansı bir qeyri-müəyyənlilik yaradan və ya ziddiyətli ifadələr mövcud deyil. Həmin qətnamə ilə əmanət müqavilələri üzrə əmanətlərin və onlara hesablanmış faizlərin cavabdeh bank tərəfindən iddiaçıya ödənilməsi qət edilsə də, hazırda cavabdeh izah barədə ərizə ilə hələ məhkəmə mübahisəsi başlamazdan illər əvvəl iddiaçı (tələbkar) və onun vərəsəsi olduğu şəxs tərəfindən çıxarıldığını iddia etdiyi əmanətə hesablanmış faizlərin və həmin faizlərə görə bank tərəfindən ödənilmiş vergi məbləğlərinin nəzərə alınmasını, bir sözlə, icra sənədinin tam icra olunduğunun müəyyən edilməsini tələb edir. Halbuki, qətnamə ilə konkret olaraq əmanət müqavilələri üzrə əmanətlərin və onlara hesablanmış faizlərin cavabdeh bank tərəfindən iddiaçıya ödənilməsi qət edilmiş, iş materiallarından isə hazırda mübahisələndirilən bu məsələnin cavabdeh tərəfindən heç bir məhkəmə instansiyasında mübahisələndirilməməsi müəyyən edilmişdir. Bu baxımdan borclunun ərizəsinin məzmununa uyğun izah verilməsi hüquqi nəticə etibarı ilə qətnamənin məzmununun dəyişdirilməsi ilə nəticələnəcəkdir. Halbuki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iş üzrə müəyyən edilmiş hallarla bağlı yeni bir faktın izah barədə qərardadla müəyyən edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası xüsusilə o halı vurğulayır ki, izah verilməsi tələb edilən qətnamə əsasında verilmiş icra sənədinə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin “İcra icraatına xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı ilə xitam verilmişdir. Belə ki, həmin qərarın məzmununa əsasən icra tədbirləri zamanı borclu Cavabdeh2 ASC tərəfindən günün məzənnəsinə uyğun olaraq 198.499,09 manat borc məbləği ödənilmiş və tələbkar İddiaçı vəsaiti qəbul etmişdir. İcra sənədi üzrə tələb təmin edildiyindən xx.xx.2023-cü il tarixli qərarla iş üzrə icraata xitam verilmişdir. Lakin sonradan tələbkar İddiaçı şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 8(103)-177/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə qeyd edilən icra şöbəsinin həmin qərarı ləğv edilmiş və icra sənədi yenidən icra edilməsi üçün şöbənin icraatına yönəldilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsindəki araşdırma zamanı ekspert rəyi ilə aparılmış hesablama da nəzərə alınmaqla, hər iki əmanət məbləğinin üzərinə hesablanmış faizlərlə birlikdə ödənişin (50.000+57.175+28.500+31.161 = 166.836) 166.836 ABŞ dolları təşkil etdiyi müəyyən edilmişdir. Başqa sözlə, bu qərardadla qeyd edilən məbləğin tam ödənilmədiyi aşkar edilmişdir. Bundan sonra həmin məbləğin tam şəkildə ödənilməsi borclu tərəfindən könüllü olaraq təmin olunmuşdur. Məhz bu hal icra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli qərarın qəbul edilməsi üçün əsas olmuşdur. Bununla belə, izah verilməsi tələb edilən qətnamə artıq borclu tərəfindən tam icra edilmişdir. Belə olan halda isə onun izah edilməsinə yol verilmir. Göstərilənlər öz növbəsində ərizənin rədd edilməsini şərtləndirir. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3183/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə izah verməkdən imtina etmişdir. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 230-cu, 263-264-cü, 397-400-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu Cavabdeh2 ASC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3183/2019 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6526/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6526/2024
23.12.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver